Əmək müqaviləsi: gələcəyin təminatı
Tarix: 28.05.2014 | Saat: 01:43:00 | E-mail | Çapa göndər


...25 yaşlı Vasif axır ki, istədiyi yerdə özünə iş tapa bildi, hər şey də ürəyincədir, şadlıq evinin rəhbərliyi gündəlik işəmuzd əməkhaqqı verməkdə təkid etsə də, aylıq maaş müqabilində, ən əsası isə əmək müqaviləsi bağlayaraq çalışmaq şərtinin qəbul olunması onu çox rahat edib. Doğrudur, dostları ondan çox maaş aldıqlarını deyirlər, amma onların çoxusunun əmək müqaviləsinin olmadığını yaxşı bilən Vasif indiki qazancından razıdır. Çünki həmin “yolları o çoxdan keçib gəlib”, 7-8 şadlıq evi dəyişsə də, heç birində əmək müqaviləsi barədə danışan belə olmayıb. Hətta bir dəfə iş yoldaşlarından birinin qışda xəstələnib 3 gün işə çıxmadığına görə, şadlıq evinin rəhbəri tərəfindən cəzalandırılmasını heç vaxt unuda bilmir. Rəhbərlik poliklinikanın bülletenin cırıb, “sən elə 3 gün əvvəldən işdən qovulmusan, bu kağız-kuğuz bizdə işləmir” deyib, dostunu xəstələnməyə peşman etmişdi. Yazıq kimə şikayət edəsi idi ki, müqaviləsiz işləyəmək ona baha başa gəlmişdi.…
… Vasif indi anlayır ki, bütün bu problemlərin yaranması əmək müqaviləsinin olmamasıdır. Əgər işçilərin çalışdığı müəssisələrdə müqaviləsi olsa rəhbərlik nə xəstələnəndə, nə xəsarət alanda onları incidə bilməz. Hətta işçi istirahət etmək istədikdə əmək müqaviləsinin tələblərinə uyğun rəhbərliyə müraciət edərək məzuniyyətə də çıxa bilər və qayıtdıqda heç kimə ona qapını göstərməz.

Həm işəgötürən günahkardır, həm də işçi…
Vergi-hüquq məsələləri üzrə ekspert, İqtisadi Maarifçilik Mərkəzinin əməkdaşı Ziya Qurbalının sözlərinə görə, əmək müqaviləsinin bağlanmamasında işəgötürən nə qədər müqavimət göstərməyə çalışsa da, işçinin hüququn imkanlarından istifadə edərək öz tələblərini irəli sürsə müsbət nəticə əldə etmək mümkündür: “Müşahidələr göstərir ki, əmək bazarı ilə bağlı problemlərin yaranmasında hər iki tərəfin günahı var. Bir çox hallarda işçi ilə işəgötürən arasında sadəcə şifahi razılıq olur, əmək müqaviləsi imzalanmır. Bunun bir günahkarı işəgötürəndirsə, digəri də işçidir. Əgər bu halda işəgötürənlə işçi arasında bir narazılıq yaransa və işəgötürən işçiyə ödəmə etməsə, o zaman işçinin məhkəməyə şikayət etməyinin mənası da yoxdur, çünki onun əlində bunu təsdiq edən sənəd olmur”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov də hesab edir ki, belə hallara qarşı bəzi insanlar passiv mövqe nümayiş etdirirlər: «İşçilər bəzən fikirləşirlər ki, məvacibimdən vergi, sosial sığorta haqqı ödəyəndə aylıq gəlirim azalacaq. «Soğan olsun, nağd olsun» prinsipi ilə yaşayanlar var. Bu, çox zərərli vərdişdir, cəmiyyət bu məsələdə fəal olmalıdır».
“New Sphera” şirkətinin əməkdaşı Əlövsət Əliyevin dediyinə görə, qurum bir sıra vergi məsləhətlərinin göstərilməsi və digər iqtisadi-hüquqi biliklərin təbliği ilə məşğul olsalar da, ilk növbədə, əmək müqavilsi imzalamağın vaciblyi haqqında maarifləndirici işləri də yaddan çıxarmırlar. “Hər bir müəssisənin əməkdaşına əmək müqaviləsinin üstünlükləri barədə məlumat veririk. Çünki müəssisədə qanuni əsaslarla çalışan işçilərin hər biri vergi ödəyicisidir. Əməkdaşlıq etdiyimiz iaşə, ticarət və xidmət mərkəzində və digər sahibkarlıq obyektlərində işçilərə əmək və vergi sahəsində baş verən yeniliklər, yeni elektron xidmətlər barədə lazımi izahatlar verir, hüquqi yardım edir, yeni xidmətlərdən istifadə qaydalarını başa salırıq. Bunların mühüm üstünlüklərini hiss edirik. Müşahidələrimizə görə, son bir ildə sahibkarların öz işçiləri ilə əmək müqaviləsi bağlaması halları xeyli artıb”.

Vergilər Nazirliyinin sərt tədbirləri səmərə verir…
Vergilər Nazirliyinin Audit və operativ nəzarət sahələri üzrə müşavir xidməti bölməsinin rəisi Ömər Cəfərovun sözlərinə görə, son illər ölkəmizdə yeni sahibkarlıq subyektlərinin və yeni iş yerlərinin açılması istiqamətində uğurlu nəticələr əldə olunub. Əhalinin həyat səviyyəsinin, eləcə də gəlirlərinin yüksəlməsinə baxmayaraq, bəzi sahibkarlar tərəfindən vergi orqanlarına təqdim olunan muzdlu işlə əlaqədar əmək­haqqından tutulan gəlir vergisi hesabatlarında real vəziyyətə uyğun göstəricilər əks etdirilmir. İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması istiqamətində aparılan təsirli tədbirlər nəticəsində işəgötürənlər arasında sosial məsuliyyətin güclənməsinə baxmayaraq, bəzi işəgötürənlər tərəfindən qanunla müəyyən edilmiş vergi və ödənişlərdən yayınmaq məqsədilə qanunvericiliyin tələblərinin pozulması halları hələ də davam etdirilir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq işəgötürənlər işçilərlə əmək müqavilələri bağlamadan və iş yerlərini rəsmiləşdirmədən vətəndaşları müxtəlif işlərin görülməsinə cəlb edir, nəticə etibarilə qeyri-qanuni məşğulluğu təmin etməklə vergilərdən yayınmaya çalışırlar.
Vergilər Nazirliyinin qəbul etdiyi konsepsiyaya uygun olaraq, bütün vergi orqanlarına əmək müqavilələrinin bağlanmasının təmin olunması ilə davamlı tədbirlər həyata keçirilməkdədir. 18 iyul 2012-ci il tarixli əmri ilə «İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması istiqamətində görüləcək işlərə dair» Tədbirlər Planı təsdiq olunub və bu sahəyə çevik nəzarəti təmin etmək üçün Qərargah yaradılıb. Qanunvericiliyin imkan verdiyi inzibati vasitələrlə yanaşı, maariflənləndirmə tədbirlərindən də geniş iştifadə edilir: əmək müqaviləsinin imzalanmasının zəruriliyi, yaratdığı üstünlüklər, işçilərin pensiya təminatındakı rolu, qanunvericilikdə aparılmış dəyişikliklər və digər mühüm məqamlar insanlara geniş izah olunur. Əmək bazarında vergi uçotunun aparılması, əmək müqavilələrinin bağlanmasına onlayn rejimdə nəzarət üçün Vergilər Nazirliyində məlumat bazası yaradılıb. Hər bir əmək müqaviləsi ilə bağlı məlumatlar bazaya daxil edilir. Əmək müqavilələrinin reyestri digər dövlət orqanlarına da göndərilir ki, bu da müvafiq tədbirlərin görülməsinə, işlərin əlaqələndirilməsinə kömək edir. Əmək müqavilələri bağlandıqdan sonra işçi sayının düzgün göstərilib-göstərilməməsi daim nəzarətdə saxlanılır. Həyata keçirilmiş tədbirlər nəticəsində vergi orqanları tərəfindən 58000 vergi ödəyicisi üzrə 201800-dən çox əmək müqaviləsi barədə məlumat yeni yaradılmış elektron məlumat bazasına daxil edilmişdir.
Vergi ödəyiciləri tərəfindən təqdim olunan bəyannamələrə əsasən hesablanan əməkhaqqı məbləğlərinin ölkə üzrə müəyyən edilən yaşayış minimumu məbləğindən yuxarı qaldırılması və real orta aylıq əmək­haqlarına uyğunluğunun nəzarətdə saxlanılması məqsədilə 2014-cü ilin yanvar ayından kompleks tədbirlərə başlanılmışdır. Nazirlik muzdlu işlə əlaqədar təqdim olunan bəyannamə göstəricilərini təhlil etmiş, 56997 riskli vergi ödəyicisi üzrə müvafiq tədbirlər həyata keçirmişdir. Cari ilin birinci rübü ərzində 31480 vergi ödəyicisi tərəfindən təqdim olunan bəyannamələrə əsasən hesablanan əməkhaqqı məbləğlərinin real əməkhaqlarına uyğun əks etdirilməsinə dair ştat cədvəllərində müvafiq düzəlişlər edilmişdir.

10 min manat cərimə, 3 il azadlıqdan məhrum etmə…

Mütəxəssislərin fikrincə, əmək bazarına nəzarəti gücləndirmək məqsədilə qanunvericiliyə edilmiş son dəyişikliklər mühüm əhəmiyyət kəsb edir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə edilmiş son dəyişikliklərə görə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb olunmasına görə vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək cərimə edilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə edilmiş dəyişikliyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Cinayət Məcəlləsinə edilən son dəyişikliklərə görə isə işçilərlə əmək müqaviləsi bağlamadan onları işə cəlb edənləri 7 min manatdan 10 min manatadək və ya 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hamı elektron sistemdə olacaq…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərovun fikrincə, məşğul əhalinin əmək hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə Əmək Məcəlləsində çox mühüm dəyişikliklər edilib. “Ölkə başçısının 2014-cü il 3 fevral tarixli «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Qanunun tətbiqi barədə fərmanı Azərbaycanda qeyri-leqal məşğulluqla mübarizə, əmək bazarına nəzarətin gücləndirilməsi və işçilərin əmək hüquqlarının etibarlı təminatı baxımından müstəsna əhəmiyyətə malikdir. Fərmanla əmək müqaviləsi bildirişinin formasının və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalarının, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat formasının, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaların bir ay müddətində hazırlanması nəzərdə tutulub. Əsas dəyişikliklərdən biri də əmək qanunvericiliyinə əmək müqaviləsi bildirişi anlayışının daxil edilməsidir.
Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bu dəyişikliklərdən sonra təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər. Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə, bir iş günündən gec olmayaraq, sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilməsi nəzərdə tutulub. Əmək Məcəlləsinə edilmiş dəyişikliklər məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etməyə və qeyri-leqal əmək fəaliyyətinin qarşısını almağa, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud problemləri aradan qaldırmağa yönəldilib. Əmək Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqi barədə ölkə başçısının fərmanına uyğun olaraq, əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranacaq. Bundan sonra təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməli olacaqlar.
Elektron informasiya sisteminin işə salınması işçi hüquqlarının təminatı istiqamətində mühüm addım olmaqla, əmək münasibətlərinin formal olaraq rəsmiləşdirilməsi, yəni bağlanmış əmək müqaviləsinin bir nüsxəsinin işçiyə verilməməsi və yalnız işəgötürəndə olması kimi hallara son qoyacaq. Nəticədə işçilərdən iş yerləri, əməkhaqları və s. barədə arayışlar istənilməyəcək, bu barədə müvafiq məlumatlar elektron informasiya sistemi vasitəsilə əldə ediləcək.
Anar Miriyev
“Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info