“Təhsil aldığım illərdə Bakı hər zaman mənə Təbrizi xatırladırdı”
Tarix: 30.05.2014 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Müsahibimiz Təbriz Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Abraham Cavaddır:

Abraham Cavad Həsən oğlu 1980-ci ildə Güney Azərbaycanın Təbriz şəhərində anadan olub. Təbrizdə musiqi məktəbi olmadığı üçün, təhsilini xüsusi olaraq almaq məcburiyyətində idi. Çətin ictimai vəziyyətdə öyrəndiyi qarmon və piano alətləri, həmçinin, Azərbaycan muğamları və musiqi nəzəriyyəsi onda akademik musiqi həvəsini daha da artırdı. Təbrizdə Azərbaycan musiqi və mədəniyyətini unutdurmağa çalışan bir basqıya qarşı mədəni bir mübariz kimi dirəniş göstərdi və Bakı Musiqi Akademiyasında təhsil almağa qərar verdi. 2007-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsində təhsil almağa başladı.
Ceyhun Allahverdiyev (ixtisas), Arif Məlikov (alətşünaslıq), Aliyə Məmmədova və Aydın Əzimov (polifoniya), Lalə Mehdiyeva (qarmoniya), Arzu Məmmədova (Orkestrasiyon), Gülnarə Məmmədova (Partitur qəraəti) təhsil illərinin müəllimləri oldular. 2012-ci ilin mayında təhsilini “Babək” simfonik poema adlı diplom işi ilə əla qiymətlə yekunlaşdırdı.
2010-cu ildə “Gənc istedadlı bəstəkarlar” adlı kitabda 3 preludu (fortepiano üçün) çap olundu. 2013-cü ildə İran Gənc musiqi festivalında fəxri diploma layiq görülüb. Həmçinin, İran Fəcr beynəlxalq festivalında yaylılar üçün yazdığı kvartet birinci yerə layiq görülüb. Hazırda Təbriz Kamera Orkestrinin banisi və həmçinin dirijoru olaraq fəaliyyət göstərir.
Fortepiano üçün 14 prelud, fortepiano üçün variasiyalar, skripka və fortepiano üçün pyeslər, fortepiano üçün sonata, skripka və fortepiano üçün sonatina, 3 hissəli yaylı kvartet, “Babək” simfonik poema və böyük orkestr üçün rəqs silsiləsi və bir neçə mahnısı var.
-Cavad müəllim Azərbaycan musiqisinə dərindən yiyələnməyinizə səbəb nə oldu?
- Mədəniyyətimizi və ən əsası musiqi mədəniyyətimizi qorumaq boynumuzun borcudur. Musiqimizin ruhundakı dərin izlərə nəzər etsək, o, kökümüzə bağlı olan bir məsələdir.
Məncə, musiqini modernliyə doğru yönəldən əsrimizdə heç bir bəstəkar qloballaşmaq istedadı və həvəsinə dayanaraq, tamamilə öz musiqi köklərindən ayrılmamalıdır. Əgər musiqimizdə nəyəsə nail oluruqsa, bunu əsasən, musiqi kökümüzü qoruyan ölməz bəstəkarlarımıza borcluyuq. Musiqinin kökünü qorumaq bir milləti qorumaq deməkdir.
- “Babək” simfonik poema əsərini yazarkən hansı duyğulardan ilham aldınız?
- Sanki Babəkin apardığı mübarizəni addım-addım yaşayırdım. Hərəkatın dirçəlişi, qəhrəmanlıq zirvəsi və igidlərin son nəfəsinə qədər sürən azadlıq coşqusunu hiss edib, eşidirdim.
Bu əsəri yazmaq üçün Bəzz qalasına getdim. Saatlarla yazmaq istədiyim musiqinin səhnələrini beynimdə canlandırdım. Musiqinin müəmmalı girişində xalqın şübhələri, qorxuları əks olunur. Sanki yüksək bir dağın üfüqündə sehrli bir doğuşu izləyirdilər. Artıq əsərin əsas mövzusunda qaynayan vulkanın hər yerə səpələnən od şəlaləsi heç kimin gözündən yayınmırdı.
-Vətən sevgisi bəstəkar üçün sənətində nə ilə tərənnüm olunur?
- Vətən mənim üçün həsrət deməkdir. Musiqi isə qanad. Buna görə də ikisi bir-birinə sıx bağlıdır. Vətənmi musiqini anladır, yoxsa musiqimi onu? Ayırd etmək olmaz. Sənətkar əslində musiqi dünyası ilə iki qapıdan bağlantı qurur. Bu qapılardan biri xalqa sənətini təqdim etmək, xalqınla ünsiyyət qurmaq yoluna açılır. O biri qapı isə mənəvi dünyanda aydınlığa və daxili aləmində yüksəliş yoluna açılır.
-O taylı , bu taylı Azərbaycana həsr etdiyiniz əsər olsaydı necə adlandırardınız?
- Bu sual heç də bir çox cavaba məxsus sual deyil. Mənim üçün ikiyə bölünmüş Azərbaycanın yalnız bir-birinə olan həsrəti var. Əgər mən Quzey və Güney Azərbaycana olan duyğularımı əsərimdə qeyd edirəmsə, əsərimin adını “Həsrət” qoyardım.
-Bakıda təhsil aldığınız illərdə Təbrizin nəfəsini duya bilirdinizmi?
- Əlbəttə ki! Quzey Azərbaycanın harasında olsam da, Təbrizin, ən əsası Güney Azərbaycanın nəfəsini duyurdum. Təhsil aldığım illərdə Bakı hər zaman mənə Təbrizi xatırladırdı.
- Siz Təbriz Kamera Orkestrinin rəhbəri və baş dirijorusunuz. Bu orkestrin fəaliyyəti Təbrizdə necə qarşılandı? Bu orkestrin fəaliyyəti haqqında söhbət açmağınızı istəyirik.
- Təbriz Kamera Orkestri bir ildir ki, davamlı olaraq fəaliyyət göstərir. Orkestrin yaranması və ilk konserti çox böyük həvəslə qarşılandı. Bu orkestr müstəqildir və onun yaranma məqsədi Azərbaycan və dünya klassik musiqisini Təbrizdə tanıtmaqdır. Təbrizdə akademik musiqi məktəbi olmadığı üçün ifaçılar 2014-cü ilin yanvar ayında səhnələşən ilk konsertdə təqdirəlayiq bir uğura nail oldular.
Allahın köməkliyi ilə Təbriz Kamera Orkestrinin önündə uzun bir yol var. Düşünürəm ki, bizim potensialımız çoxdur, gələcəyimizi aydın görürəm. Mən bir təbrizli olaraq, üstümə düşən mədəni məsuliyyəti bütün gücümlə yerinə yetirməyə çalışacağam. Arzu edirəm Təbriz klassik musiqisi layiq olduğu səviyyəyə çatsın.
- Yaradıcılığınızı başqa hansı istiqamətlərdə görmək istərdiniz?
- Mənim gələcəyimizə böyük ümidlərim var. Ən böyük niyyətlərimdən biri də Təbrizdə musiqi məktəblərinin və Konservatoriyanın açılmasına nail olmaqdır. Bu musiqi ocaqlarında bəstəkarlıq üzrə təhsil alan gənclərin əsərlərinin bizim orkestrdə səslənməsi ən böyük arzularımdan biridir. Son nəfəsimə qədər ictimai xadim kimi mədəniyyətimizə xidmət etməyi və bu yolda irəliləməyi arzu edirəm.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info