“Ölkənin savadlı kadrlarla inkişafı üçün ən qısa yol xaricdə təhsildən keçir”
Tarix: 30.05.2014 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Fərid Xasıyev: “Səhiyyədə sığorta sisteminin tətbiqi bu sahədə dəyişiklik üçün çox böyük addım olacaq”

Savadlı, bacarıqlı və istedadlı gənclərimizin bir qismi Azərbaycanın ali təhsil ocaqlarında uğurla təhsillərini davam etdirsələr də, onların arasında elələri var ki, təhsillərini ölkəmizdən kənarda davam etdirməyi düşünür. Buna nail olanların üzərinə isə böyük məsuliyyət və yük düşür. Belə gənc tələbə artıq həm öz maraqları naminə təhsilini davam etdirmir, həm də ölkəsinin, Vətəninin təmsilçisinə çevrilərək azərbaycanlı kimi xarici ölkələrdə fəxrimiz sayılır. Belə gənclərdən biri isə Fərid Xasıyevdir. Fəridlə olan müsahibəni oxuculara təqdim edirik.
-Fərid, ilk olaraq özünüz barədə oxucularımıza məlumat verərdiniz.
-Mən - Xasıyev Fərid Arif oğlu 3 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuşam. 1994-cü ildə Bakı şəhər Yasamal rayonu 167 saylı orta məktəbə daxil olub, 1998-ci ildə orada 4-cü sinfi bitirmişəm. Eyni ildə testlə olan müsabiqə yolu ilə Türkiyə Diyanet Veqfi Bakı Türk Liseyinə qəbul oldum. Oranı 2005-ci ildə fərqlənmə ilə bitirdim. Eyni ildə 4-cü qrup üzrə TQDK imtahanlarında indiki adı Tibb fakültəsi olan, Müalicə-profilaktika fakültəsinə qəbul oldum. 2011-ci ildə ali məktəbi 4.9 qiymət ortalaması ilə bitirdim. 2011-ci ilin sentyabr ayında Azərbaycanda ilk dəfə keçirilən rezidentura imtahanının iştirakçısı oldum. Milli Onkoloji Mərkəzdə onkologiya ixtisası üzrə rezidenturaya qəbul olmuşam. 1 il orada çalışdığım müddətdə, tələbəlik dönəmimdən etibarən ən böyük arzum olan, Türkiyədə uzmanlıq təhsili üçün öncə ingilis dili, ardından diplom təsdiqi və ən axırda “Tıpta Uzmanlıq Sınavı”nı(TUS) verərək Hacettepe Universiteti Xəstəxanasında nevrologiya ixtisasını qazandım və hazırda təhsilimi burada davam etdirirəm.
-Yəqin xaricdə təhsil almaq seçimində sənə dəstək verənlər də oldu. Ümumiyyətlə, necə oldu ki, belə bir işə həvəslə girişdiniz?
-Yanlış xatırlamıramsa, universitetdə 3-cü kursda oxuyarkən Türkiyədə TUS imtahanını qazanan 2 həmyerlimizin bu imtahanda birinci olduğunu eşitmişdim. Bu, bütün universitetdə ciddi rezonans doğurmuşdu və hər kəs bu imtahan haqqında maraqlanmağa, araşdırmağa və danışmağa başlamışdı. Universitetdə 3-cü kurs daxil olmaqla imtahanlarda rus ədəbiyyatında olan materiallardan istifadə edərək təhsilimi davam etdirirdim. O, vaxt, tələbəlik dönəmindən tanıdığım və hazırda da ünsiyyətimi davam etdirdiyim, yuxarı kurslarda olan yoldaşlar bizlərə Türkiyədə olan uzmanlıq təhsilinə dair müxtəlif məlumatlar verməyə başladılar. Bundan başqa, Azərbaycana Türkiyədən uzmanlığını alaraq gələn həkimlərin xəstəyə yanaşma tərzindən tutmuş, geniş bilgi sahibi olmaqla digərlərindən fərqləndiyi göz önündəydi. Bütün bu amillər məni Türkiyəyə 4-cü kursdan etibarən hazırlaşmağa sövq etdi. Türkiyədə uzmanlıq təhsilinin 2 çox mühüm üstünlüyü var. Birincisi, sənin təhsilində yüksək səviyyədə faydalı ola biləcək həkimlərin, müəllimlərinin olması və onların bu işdəki fədakarlığı, ikincisi, çox xəstə görərək, hər birindən nələrisə öyrənməkdir.
Uzmanlıq təhsilini düşündüyüm, qərara gəldiyim zaman ilk olaraq ailəmlə bu qərarımı paylaşdım. İlk gündən imtahan günü də daxil olmaqla onlardan hər zaman dəstək gördüm. Onlar sadəcə ruhlandırıcı sözlər deməklə deyil, həmçinin bu uzun yolda hər zaman anlayışla və səbirlə qarşılayaraq müsbət münasibətlərini göstəriblər. Bundan daha böyük stimul verən amil ola bilməz. O ki, qaldı dostlarıma, bu yolda ən mühüm yol göstərən bir neçə məndən daha öncə məzun olmuş əziz və dəyərli insanlar var. Onlar həm öz çalışma şəkilləri, çalışmada diqqət edilməsi gərək olan məqamlar, imtahan texnikası daxil olmaqla, çox şey haqqında mənə dəyərli məsləhətlər veriblər. Əlbəttə ki, bu işdə bərabər, çiyin-çiyinə verib bu yolları keçdiyim dostlarımı unutmamaq lazımdır. Bərabər oxuyaraq, bərabər çalışaraq, sadəcə bildiklərimizi paylaşmaqla qalmırdıq. Eyni zamanda bir-birimizə böyük stimul verib dəstək olurduq. Allaha çox şükür ki, həm mənə dəstək olan ailəm, həm bu yolda yol göstərən böyüklərim və bu yolu bərabər sonuna qədər birgə gedəcək dostlarım olub. Gedəcəyim universitetə gəlincə isə bunu yalnız imtahanı verdikdən sonra açılan yerlərə görə qərar vermək mümkün olur. İmtahan öncəsi yerlər açıldıqda və imtahan sonrası yerləri yazdığım zaman, ən böyük məsələ, universitet klinikasını seçməyim idi.
-Bəs oxuduğunuz universitet necə, sizi qane edirmi? Universitetiniz və buradakı tədris haqda da məlumat verərdiniz...
-Hacettepe Universiteti Tibb fakültəsinin əsası 1954-cü ildə prof.dr. İhsan Doğramacı tərəfindən qoyulub. Bu Tibb fakültəsinin Türkiyənin səhiyyəsinin inkişafında əməyi çox böyükdür. Türkiyənin dörd bir yanında tibbin hər ixtisas sahəsində çox önəmli simalar məhz Hacettepe Universitetində tibbi təhsillərini, ya da uzmanlıqlarını alıblar. Türklərdə bir ifadə var –“ekol”. Bəli, “Hacettepe Tibb” sözün həqiqi mənasında “ekol”dur. “Hacettepe Tibb” Türkiyədə brenddir. Bu ölkədə tibbin rezidentura sahəsilə birbaşa əlaqəli olduğum üçün, qeyd edim ki, bu mərhələdə təhsil almaq üçün xarici vətəndaş olaraq, öncə xarici dil, ardınca diplom təsdiqi imtahanını verdikdən sonra, TUS dediyimiz imtahana girməyə haqq qazanırsan. Bu, çətin olsa da, əmək sərf etdikdən sonra, Allahın izni ilə qazanılması mümkün olan yoldur. Hazırda təhsil aldığım yerdə, ən önəmli 2 üstünlüyü - həm nəzəri olaraq bizə dərs saatlarında danışan həkimlərin öz sahəsi üzrə Türkiyədə sayılıb-seçilən olmaları, həm də yetərli sayda xəstə görərək praktiki qabiliyyətlərin artırılma imkanlarını qeyd edə bilərəm. Bu hər iki durumun olması məni birmənalı olaraq qane edir. Bizim ölkədə tibb təhsilinin daha üstün olması sovet dönəmindən qalan zehniyyətin yerini müasir tibbi təhsilin imkanlarından yararlanmış sistemə öz yerini verməsi ilə mümkündür. Bunun üçün isə zaman, fədakarlıqlar və böyük əmək tələb olunur.
Burada təhsilimə başladıqdan bu yana, ilk mərhələdə bütün işlərin intensivliyinin fonunda, kiçik miqyaslı da olsa, elmi işlərə başlaya bilməyim ən böyük nailiyyətimdir. Bizə bir neçə Türkiyədə keçirilən konqresdə apardığımız bəzi çalışmalar və gördüyümüz bəzi maraqlı xəstələri tədqiq etmək nəsib olub. Daha yolun başındayam. Ümidim, inancım və çalışmalarımın hamısı tamamilə bu yöndədir. Hər şey irəlidədir.
İctimai – diaspor işlərində isə o qədər də fəal deyiləm. Açığı, işlərin çoxluğu səbəbi ilə heç cür imkan edə bilmirəm.
-Gələcəyin peşəkar həkimi kimi Azərbaycanın tibb, səhiyyə sisteminin hazırkı durumunu necə dəyərləndirərdiniz?
-Azərbaycandan 1 ildən çox uzaqda olduğum üçün hazırkı durumu dəyərləndirməyim çətin olar. Amma diqqətlə baxıb, analiz etdikdə görünən budur ki, səhiyyə sisteminin dövlət səviyyəsində sığorta sisteminə keçəcəyi zaman çox böyük addım atmış olacağıq. Bunun nəticəsində ölkədə olan hər bir vətəndaş, sosial durumundan asılı olmayaraq əsas tibbi xidmətlərdən asanlıqla istifadə edə biləcək. Belə olan təqdirdə, ölkədə həkimlərə olan münasibət də çox fərqli olacaq.
-Gələcəklə bağlı hansı planlarınız var?
-Bilirsiniz, buraya yeni gələndə, gələcək haqqında çox tez-tez düşünürdüm. Bu bir mənada insanı stress altına salır. Çünki mənim buradakı təhsil müddətim toplam olaraq 4 ildir. Bu səbəbdən, hər günümü ayrı yaşayıb, hər gün ixtisasıma dair nələrisə öyrənməyə, özümü təkmilləşdirməyə imkan daxilində zaman ayırıram. İstənilən halda, burada olduğumuz müddətdə, Azərbaycanı təmsil edirik. Bizim burada güclü olmağımız, burada yaşayanların da insanlarımız haqqında olan düşüncələrini formalaşdırır. İstənilən halda, Azərbaycan mənim Vətənimdir. Hər zaman, hər addımımızda, hər çalışmamızda bunu ağlımda tutaraq davranıram.
-Sonda Türkiyəyə üz tutub, burada təhsil almaq istəyən gənclərimizə hansı məsləhət və tövsiyələriniz var?
-Xaricdə təhsilin həm oğlan, həm qızlarımız üçün gərəkli olduğunu düşünürəm. Hər şeydən əvvəl, xaricdə həyatın sizə, həyatınıza dair baxışlarınıza etdiyi təsir qaçılmazdır. Bu təsir hər zaman müsbət olmaya da bilər. Amma məncə, bunların hamısı istisna hallardır. Bunun xaricində müasir Azərbaycanda hər sahədə daha da irəlidə, dünya standartlarına yaxın olmaq üçün dünya standartlarını Azərbaycana gətirmək gərəklidir. Bununsa ən qısa yolu məhz xaricdə təhsildən keçir. Ölkənin savadlı kadrlarla inkişafı üçün ən qısa yol xaricdə təhsildən keçir.
Məsləhətim budur ki, bu yolda cəsarətli, iradəli olub, maksimum həvəslə və məqsədyönlü çalışıb inansınlar ki, bu onlarda alınacaq. Allah hər birinə yardımçı olsun. Maraqlı suallar və müsahibə imkanı üçün isə sizə təşəkkür edirəm.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info