Gürcüstan gözəli seçilən, 6 dil bilən azərbaycanlı
Tarix: 04.06.2014 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


Aysel Məmmədova: “Gürcüstanın ən məşhur rəqs ansamblının solisti olmuşam və dünyanın 40 rəqsini bilirəm”

Azərbaycan daim istedadlar, qeyri-adi insanlar və dünyaya müxtəlif sahələrdə sözün həqiqi mənasında dahi şəxsiyyətlər bəxş edib. Bunlara minlərlə misallar çəkmək olar. Bu gün isə elə azərbaycanlı gənclər də var ki, dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərərək doğulub yaşadıqları ölkələrə müxtəlif sahələrdə xeyirlər verirlər, öz potensiallarını müxtəlif formada ortaya qoyurlar. Onlar həm də bizim fəxrlərimizdirlər. Belə öncül gənclərimizdən biri də Aysel Məmmədovadır. Aysel xanımın uğurları haqqında çox danışmaq olar. Bu azərbaycanlı xanımla olan maraqlı müsahibəni oxuculara təqdim edirik.
-Aysel xanım, özünüz barədə məlumat verərdiniz.
- Mən - Aysel Məmmədova Gürcüstanın paytaxtı Tiflis şəhərində azərbaycanlı ailəsində anadan olmuşam. Özüm haqda ilk olaraq onu deyə bilərəm ki, 3 yasımdan ingilis dilini öyrənirəm. 6 yaşında isə ailəm məni rus məktəbinə apardı. 5-ci sinfə qədər orada oxudum və sonra isə ingilis kollecində oxudum. Məktəb illərim çox maraqlı və mənim üçün sözün həqiqi mənasında uğurlu keçib. Məktəbdə çox yaxşı oxuyurdum, və humanitar və texniki fənlərə marağım var idi.
- İlk uğurunuz nə zaman olub?
- Bəzi xırda saydığım uğur və nailiyyətləri nəzərə almasam, ilk uğurum 2008-ci ildə olub. Görünüşümə görə ətrafımda olan xanımlardan fərqləndiyim üçün gözəllik yarışmasında iştirak üçün təklif aldım. Düzü, bu müsabiqədə qalib olacağıma heç ümidim yox idi. Çünki düşünürdüm ki, azərbaycanlı soyadı daşıyıram və buna görə, mənim qalib gəlmək şansım xeyli azdır. Amma hər şey düşündüyüm kimi olmadı. Doğrudan da bütün proseslər obyektiv keçdi və mən - bir azərbaycanlı qızı 1-ci yerin qalibi oldum. Bu uğur mənim üçün çox qəribə görünürdü. Bəlkə də ən böyük uğurlarımdan biri olduğu üçün bu belə idi. Bir daha münsiflər heyətinə təşəkkürümü bildirirəm. Bundan başqa 2009-cu ildə “Türkcə Olimpiyatlar” adlanan yarışmada Gürcüstanı təmsil edirdim və yarışda 3-cü yerin sahibi olmuşdum. Bu yarışmadan qayıtdıqdan sonra “Miss Tiflis” gözəllik yarışmasından təklif aldım və düşünmədən bu təklifi qəbul etdim. Bu təklif mənim üçün inanılmaz görünürdü. 16 yaşımda Tiflis gözəli də seçildim. Bu, mənim karyeramda, ümumilikdə ictimai həyatımda da tramplin rolunu oynadı. Bu uğurdan sonra müxtəlif yerlərdən xeyli təkliflər aldım. Müxtəlif fotosessiyalar, film çəkilişləri, səhnə və sair təkliflər bu gün də gəlməkdə davam edir.
- Belə gənc yaşından şöhrətin zirvəsinə qalxmaq sizin üçün “başgicəlləndirici” deyil ki?...
- Adətən erkən yaşdan tanınmaq və şöhrət qazanmaq insanların başını gicəlləndirir və adam bir qədər dəyişir. Amma inanın ki, bu məndə belə olmur. Ümumiyyətlə, bir şeyi qeyd edim ki, mən aktiv olmağı, göz önündə, gündəmdə qalmağı uşaq yaşlarından istəmişəm. Yəni, səhnəni uşaq vaxtlarımdan çox sevirdim. Uşaq yaşlarımdan diqqət mərkəzində olmağı istəmişəm və səhnəyə çıxmağa kompleksim də olmayıb. Hər zaman aktivliyimə sevinirdim.
- Bəlkə sizin uşaqlıqdan incəsənətə, ictimai aktivliyə meyilli olmağınızın özəl səbəbləri var?
-Bəlkə də buna özəl səbəb incəsənət xadimlərinin əhatəsində böyüməyim ola bilər. Yəni incəsənət ailəsində böyümüşəm desəm, yanılmaram. Böyük dayılarım da Gürcüstanda çox tanınmış xanəndələr olublar. Bunlar Ramiz və Telman Rzayevlərdir. Onlardan ilhamlanaraq mən də vokal dərslərə, hazırlığa başladım və bununla bağlı müxtəlif layihələrə qatılırdım. Hətta bu istiqamətdə də festivallarda böyük uğurlar qazandım.
- Bu aktivliyiniz, müxtəlif sahələrdə özünüzü uğurlu şəkildə sınamağınız təqdirəlayiqdir. Bəs Azərbaycanı, azərbaycançılığı necə, unutmursunuz ki?
-Əlbəttə yox. Biz çox istiqanlı millətik və başqa bir diyarda doğulsaq belə, öz milli təəssübkeşliyimizi qoruyub saxlayırıq. Hər zaman festivallarda Azərbaycanın vətənpərvər mahnıları ilə çıxış edirdim. Bu isə mənim üçün çox böyük ikitərəfli fəxrdir. Birincisi ona görə ki, Gürcüstanda Azərbaycan mahnısı ilə çıxış edirdim. İkinci bir tərəfdən isə, azərbaycanlı qız Gürcüstan haqqında vətənpərvər mahnılar ifa edir.
-İncəsənət sahəsindən başqa hansı işlərdə uğur və nailiyyətləriniz olub?
- 2012-ci ildə İYİPO beynəlxalq olimpiadasına qatıldım. Təbii ki, dəqiq fənləri yaxşı oxuduğum üçün fizika üzrə qatılmışdım bu bilik yarışına. Özüm yeni formula yazdım və bu, alternativ enerji mənbələri haqqında idi. Yəni külək və Günəşdən eyni üsullarla elektrik enerjisi almağın üsullarını göstərdim. Yeni bir metod idi. Öncə bu işlə yarışmaya respublika üzrə qatıldım və Gürcüstanda birincilik qazandım. Sonradan isə Gürcüstanı Artix Beynalxalq Alimlər Olimpiadasında təmsil etdim. Burada da qızıl medalın sahibi oldum. Amma bir qəribəliyi də bildirim ki, heç bir zaman fizikaya marağım olmayıb. Amma bilik yarışmasına az vaxt qalmış hazırlaşaraq bəxtimi sınadım. Belə deyək ki, böyük uğurlarla 12 illik məktəbi bitirə bildim. Onu da deyim ki, 50 faiz endirimlə, Beynəlxalq Qara Dəniz Universitetinə qəbul oldum. İxtisasım isə Beynəlxalq Münasibətlər üzrə oldu. Hazırda 3-cü kursda oxuyuram və təhsildən çox razıyam.
-Belə başa düşdüm ki, çoxşaxəli fəaliyyətiniz var. Bəs necə vaxt ayırırsınız bütün bu işlərə?
-Həyatda maksimalistəm. Çalışıram, hər şey 100 faiz olsun. Amma arada olur ki, dediyiniz kimi çatdıra bilmirəm. Çünki çox işlərim olur. Maraq üçün deyim ki, 1 il ingilis dili müəlliməsi kimi də işləmişəm, dil öyrətdiyim tələbələrim də olub. Hətta bir il də rəqs müəlliməsi kimi fəaliyyət göstərmişəm. Məncə digər işlərimdən fərqli olaraq müəllimlik ən çətin işdir. Bu işə çox enerjili və normal əsəb sistemi olan insan gərəkdir. Müəllimə kimi fəaliyyətimdə çox yorulurdum. Onu da qeyd edim ki, Gürcüstanın ən məşhur rəqs ansamblının solisti idim. Hazırda isə dünyanın 40 rəqsini bilirəm. 2013-cü il mənim üçün ən uğurlu il oldu desəm, yanılmaram. Ötən il kinoda baş rolda oynamaq üçün təklif aldım. Kinonun müsəlman və xristian sevgisinə aid olan bir süjeti var. Düzü, bu sahə mənim üçün yeni olsa da, çətinliklər çəkmədim. Düşünürəm ki, baş rolda ifam çox uğurlu alınıb, inşallah, sentyabrda filmi izləyib qiymət verərsiniz.
-Bəs bu il haqqında nələri deyə bilərsiniz?
- Bu il çox xoş və uğurlu başlayıb. Yanvarda Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Dram Teatrından bir təklif aldım və tamaşalarda yer almaq üçün teatr fəaliyyətimi də başlamışam. Əlbəttə, bu seçim mənim üçün çox çətin idi. Amma düşünürəm ki, oynadığım rollar uğurlu alınıb. Bundan əlavə 21 mart Novruz bayramında aparıcı kimi, tamaşaçılar üçün prezidentin tərcüməçisi kimi də çıxış etmişəm. Yəqin bilirsiniz ki, Gürcüstanda gürcü dilini mükəmməl bilən az saylı soydaşımız var. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, 6 dil bilirəm. Əvvəllər, hətta tərcüməçi kimi də işləmişəm. Amma yenə də əsas fəaliyyətimi musiqilər bəstələmək, oxumaq üzərində qurmağa çalışıram. Apreldə yeni mahnılar yazdım. İnşallah, tezliklə bu mahnılara klip də çəkmək istəyirəm. Mayda isə Elvin Abdullayevin klipində çəkilmək təklifi aldım. Bu təklifi qəbul etdim, çünki hər zaman öz soydaşlarımıza dəstək olmağa hazıram.
-Bildiyim qədərilə, həm də televiziya aparıcısısınız. Bu barədə də danışardınız.
- Bəli. 1 ilə yaxındır ki, Gürcüstanın “Stv” televiziyasında “Etnos” verilişinin aparıcısıyam və mövzularımız Gürcüstanda yaşayan müxtəlif millətlərə aid olur. Özəlliklə verilişlərimiz Azərbaycan millətinə həsr olunur. Bizim mədəniyyətimiz, millət barəsində olan müxtəlif ədəbi-elmi məsələlər, problemlər barədə müzakirələr aparırıq.
Ümumiyyətlə, qeyd edim ki, mən millətimizə çox bağlıyam. Bu yaxınlarda Beynəlxalq Mədəniyyət festivalında oldum ki, burada da ilk dəfə Azərbaycanı dəstəkləyirdim və gözəl “Yaşa Azərbaycanım” mahnısını ifa etdim. Həmçinin 26 mayda isə Gürcüstanın müstəqillik günü idi ki, burada da gürcü əsgərlər üçün vətənpərvər mahnılar oxudum. Bu, hərbi geyimdə iki şəhərdə reallaşdı.
-Bəs uğurlarınızı Azərbaycanda davam etdirmək haqqında düşünmüsünüzmü?
- Uğurlarımdan danışdıqdan sonra bir arzum yarandı ki, bu da bütün istedadım və bacarığımı öz Vətənimdə -Azərbaycanda sərgiləməkdir. Təbii ki, istərdim Azərbaycanda fəaliyyət göstərim. Nə qədər Gürcüstanda uğurlu fəaliyyət göstərsəm də, mənim ürəyim Vətənimlədir və hansısa qüvvə məni daim Azərbaycana çəkir. İnşallah, tezliklə Azərbaycana gələrəm və bu, mənim ən böyük arzumdur.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info