“Qonşuluqda yaşayan ermənilərin gözü azərbaycanlıların evindədir”
Tarix: 06.06.2014 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Niyazi Hüseynov: “6 il ərzində küçələrdən bir çox uşaqları idmana cəlb eləmişəm”

“Qarabağ geri qaytarılarsa, ailəmlə birlikdə Xankəndində məskunlaşacağam”

Azərbaycanda yaşayan maraqlı, istedadlı və eləcə də cəmiyyətimiz üçün xeyli müsbət işlər görüb, xeyir verən kifayət qədər insanlar var. Bunlardan biri də Gürcüstanda doğulub, orada böyüyən azərbaycanlı Niyazi Kamil oğlu Hüseynovdur. Niyazi Hüseynov 1964-cü ilin iyunun 2-də Gürcüstanın paytaxtı Tiflisdə anadan olub. Orta təhsili 1970-1981-ci illərdə Tiflisin 73 saylı Mirzə Fətəli Axundov adına Azərbaycan ümumtəhsil məktəbində alan N.Hüseynov 1984-88-ci illər də Tiflisin Bədən Tərbiyəsi İnstitutunu, 1990-94-cü illərdə isə Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetinin Jurnalistika fakültəsini başa vurub. Məktəb illərində Azərbaycan, rus, gürcü və alman dillərini öyrənən Niyazi Hüseynov eləcə də Azərbaycan ədəbiyyatı fənnindən əlaçı olub. Bu maraqlı şəxslə olan müsahibəni oxuculara təqdim edirik.
-Gürcüstanda böyüsəniz də, Azərbaycana bağlı insansınız...
-Bəli. Yəqin bu qənaətə mənim fəaliyyətimlə maraqlandıqdan sonra gəlmisiniz. Ümumiyyətlə, qeyd edim ki, Tiflisdə azərbaycanlıların sayı az olduğundan ətrafımda əksəriyyəti qeyri-azərbaycanlılar idi. Buna baxmayaraq, ailəmizdə ana dilimizi, adət-ənənələmizi qoruyub saxlaya bilmişik. Onu da qeyd edim ki, uşaqlıq və məktəb illərində Tiflisdə yaşadığım Meydan məhəlləsində dahi Fətəlixan Xoyskinin məzarına, eləcə də Mirzə Fətəli Axundovun, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin ev-muzeylərinə tez-tez baş çəkirdim. Mən bundan həzz və müsbət enerji alırdım. Bu hisslər təkcə məndə baş qaldırmırdı. Vətənpərvər uşaqlarımız orada çox idi və onlarla birlikdə “Molla Nəsrəddin” jurnalının ilk çıxdığı zirzəmiyə və dahi müğənnimiz Rəşid Behbudovun yaşadığı evə də tez-tez baş çəkirdik. Onu da qeyd edim ki, hələ məktəb illərində bizim ermənilərlə tez-tez mübahisələrimiz, münaqişəmiz, hətta, əlbəyaxa davalarımız da olurdu. Çünki yaramazlar bir neçə dəfə dahilərimizin ev-muzeylərini və dahilərimizin məzarlarını təhqir etmişdilər.
- İdmançı kimi hansı uğurlarınız olub?
-1979-cu ildə yeniyetmələr arasında ağır atletika üzrə keçirilən yarışmada 1-ci yer tutmuşam. 1981-cı ildə isə Moskvada gənclər arasında keçirilən yarışda 3-cü yerə layiq görüldüm. Hətta həmyaşıdlarımı hələ o vaxtlar individual şəkildə məşq etdirirdim. Elə oldu ki, idmanı buraxası oldum. Çünki hərtərəfli inkişaf etmək istəyim məni jurnalistikaya, aktyorluğa, hətta müğənniliyə daha çox çəkirdi. Biz azərbaycanlılar həmişə musiqiyə, şeirə, yaradıcılığa meyilli olmuşuq. Bunun üçün bizə stimul verən xeyli dahi insanlarımız da var. Dahi müğənnimiz Zeynəb Xanlarova Tiflisə demək olar ki, tez-tez gəlirdi və bu, bizim üçün böyük bayram idi. Görünür, musiqiyə meylim də oradan qaynaqlandı. 1979-cu ilin martında məktəbdə müəllimlərimiz bizə şad xəbər verdilər ki, bəs Tiflisə Azərbaycan Dövlət Teatrının aktyor truppası gəlib və Rustaveli Dram Teatrında “Ölülər” tamaşasını səhnələşdirəcəklər. İnanın ki, sevincimdən bilmirdim nə edim. Bu xəbəri eşidən kimi, bacım və qardaşımla teatra üz tutduq. Həsən Turabovu və Qara Qarayevi görəndə sevincimdən kövrəldim. “Ölülər” tamaşası mükəmməl idi. Tamaşa başa çatandan sonra Həsən Turabov və dahi bəstəkarımız Qara Qarayev böyük alqışlarla qarşılaşdılar. Qısası, bunu demək istəyirəm ki, Tiflisdə azlıqda olmağımıza baxmayaraq qanımızda həmişə azərbaycançılıq olub. Onu da vurğulayım ki, 1990-cı ilin Bakıdakı 20 Yanvar hadisələri və Dağlıq Qarabağ münaqişəsi Tiflisdəki azərbaycanlılara da ciddi təsir etdi. Biz bir qrup gənc başımıza qara lent bağlayaraq günlərlə etiraz aksiyaları keçirdik. Hətta Tiflisdəki ermənilərlə tez-tez münaqişələrimiz də olurdu.
-İkinci ali təhsiliniz Türkiyədə, özü də tamamən fərqli bir sahə ilə bağlı olub. Sonrakı illərdəki fəaliyyətiniz barədə də məlumat verərdiniz?
-Tale elə gətirdi ki, ikinci ali təhsili Türkiyədə almağa başladım və Atatürk Universitetini başa vurduqdan sonra orada “Anadolu Ajansı”nın filialında təcrübə keçdim. 1995-ci ildə “Anadolu Ajansı”nın Gürcüstandakı nümayəndəsi oldum. Bununla yanaşı Tiflisdə həmfikirlərimlə birlikdə “Gürcüstan Azərbaycanlı Gənclər Assosiasiyası”nı yaratdıq. Borçalıda gürcü dili kursları da açdıq. Lakin Borçalının ovaxtkı qubernatoru Levan Mamaladze kursların bağlanmasına göstəriş verdi. Adımızı separatçı qoydular, guya bizim Borçalıda başqa niyyətimiz var idi. Halbuki, məqsədimiz ancaq Borçalı gənclərinin gürcü cəmiyyətinə inteqrasiya olunmasına yönəlmişdi. Bu gün də bu boşluq hiss olunur və hökumət özü də maraqlıdır ki, gənclərimiz dili öyrənsilər. İndiki halda açsaydıq, zənnimcə, belə problemlə üzləşməzdik. Ayrı-ayrı vaxtlarda gürcü mətbuatı yazırdı ki, borçalılar gürcü dilini öyrənmək istəmirlər. Biz də buna cavab olaraq mətbuat vasitəsi ilə bu xəbərin düz olmadığını qeyd edirdik. Qubernatorun bizə qarşı neqativ hərəkətlərini gürcü həmkarlarıma bildirdim. Biz məcbur olaraq gürcü dili kurslarını Tiflisdə açdıq və hər gün gürcü dilini öyrənmək üçün Borçalıdan çoxlu sayda gənclər gəlirdi. Fikrimcə, bizim işimizi Gürcüstan hakimiyyəti görməli və borçalıların gürcü cəmiyyətinə inteqrasiyası üçün hər bir imkandan istifadə etməli idi. Onu da qeyd edim ki, Samtsxe-Cavaxetidə yaşayan ermənilərlə müqayisədə Borçalıdakı azərbaycanlılarımız gürcü dilini öyrənməyə həvəslidirlər. 1999-cu ildə Gürcü və Azərbaycanlı Jurnalistlər İttifaqını təsis etdim və mərkəzi qərargahımızı Tiflisin Jurnalistlər Evində yerləşdirdik. Bununla yanaşı gürcü-Azərbaycan-türk dillərində “Yeni Düşüncə” qəzetini buraxmağa başladım. Bəzi səbəblərə görə, agentliyi tərk etdim və ancaq qəzetlə məşğul olmağa başladım. Gürcüstanda siyasi vəziyyət gərginləşəndən sonra isə Azərbaycanda müvəqqəti yaşamağa qərar verdim. Amma ailəmin bütün üzvləri Tiflisdə qaldı. Çünki şəhərin mərkəzində yaşayırıq və evlərimizi yiyəsiz qoymaq olmazdı. Onsuz da qonşuluqda yaşayan ermənilərin gözü azərbaycanlıların evindədir.
- Bakıya gəldikdən sonra başqa hansı fəaliyyətiniz olub?
-2004-2006-cı illərdə Bakıda Mübariz Əhmədoğlunun rəhbəri olduğu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzində Gürcüstan məsələləri üzrə ekspert işləmişəm. Məhz M.Əhmədoğlunun sayəsində mən ana dilimi tam şəkildə bərpa edə bildm. Çünki Tiflisdə ətrafım qeyri-azərbaycanlılardan ibarət olduğu, ali təhsili gürcücə və türkçə aldığım üçün öz ana dilimin qrammatikasını unutmuşdum. 2007-ci ildən isə Bakıda müstəqil ekspert və gürcü dili mütəxəssisi olaraq çalışıram. Bakıda olduğum müddətdə 96 nəfər əslən Borçalıdan olan xırda ticarətçilərə və sıravi vətəndaşlara gürcü dilini danışmağı öyrətmişəm. İndi Gürcüstanda rahat bizneslə məşğul olurlar, bəziləri isə ölkənin siyasi həyatında aktiv iştirak edtməyə başlayıb. Fikrimcə, düzgün iş görmüşəm. Loru dildə desəm, gürcülərin dilini bildin, canını aldın. Bax belədir. Bilməsən, itib-batacaqsan və ya hüquqların tapdanacaq. Bizim borçalıların 99 faizi gürcü dilini bilmir və buna görə də gürcü cəmiyyətinə inteqrasiya oluna bilmirlər. Onların arasında 2 nəfər olub ki, təkcə gürcü danışığını yox, 8 ay ərzində qrammatikanı da öyrənib. Hətta, burada bir çox məhkəmə proseslərində tərcüməçi olmuşam.
-Yaşınızın çox olmasına baxmayaraq, əla formada qalmısınız. Bəs tələbələriniz necə, varmı?
-Haqlısınız. İdman mənim üçün böyük enerji mənbəyidir. Bəlkə də buna görə formada qalıram. Əsas ixtisasımla yanaşı axşamları Qaraçuxurda yerləşən “Kentavr” trenajor zalında keçirirəm. Həm özüm məşq eləyirəm, həm də öz idman təcrübəmdən istifadə edərək gənclərimizə məşqlər keçirəm. Burada bir məqamı da qeyd etmək istərdim ki, bu işlərdə bizə zalın müdiri Bəbir müəllimin də böyük əməyi olur. Hətta nə qədər ödəniş etmək istəsəm də, məndən pul almırlar. 6 il ərzində küçələrdən bir çox uşaqları idmana cəlb eləmişəm. Çünki uşaqlıqdan mənim beynimə “Azərbaycanlılar sağlam olmalıdır” tezisi yeridilib. Özümlə birlikdə 6 il ərzində məşq elətdirdiyim gəncləri indi tanımaq olmur. Həm fiziki görünüşləri mükəmməldir, həm sağlamdırlar, həm də nə içki içirlər, nə də siqaret çəkib zərərli vərdişlərə meyil edirlər. Ancaq işlə və idmanla məşğuldurlar. İnanın ki, bu da bizim düşmənlər qarşısında üstünlüyümüzdür, gözəgörünməz silahımızdır, deyərdim hətta. Yetişdirdiyim uşaqlardan biri Moskvada fitness-model işləyir. Azərbaycanda fitness-model sahəsi inkişaf etsəydi, daha yaxşı olardı. Yetişdirdiyim uşaqlardan biri isə Ümid Məmmədzadədir və onun hansı formada olmasını gözünüzlə görsəniz, inanmazsınız.
-İdmanın sağlam gənc nəslin yetişdirilməsində böyük rolu olmasına işarə vurdunuz. Bəs bunun üçün ölkəmizdə yaradılan şəraiti necə qiymətləndirərdiniz?
-Prezidentimiz İlham Əliyevin sayəsində Azərbaycan nəinki idman sahəsi üzrə, hər cəhətdən çox inkişaf edib. Bu, mənim üçün sevindirici bir haldır. Azərbaycanın hər yerində müasir idman kompleksləri, tibb mərkəzləri və müxtəlif həyati əhəmiyyət daşıyan obyektlər açılır. Bakının mərkəzində deyil, hər bir rayonunda inkişaf sürətlə gedir. Digər ölkələrlə müqayisədə azərbaycanlı gənclərimizin əksəriyyəti şəraitdən yararlanıb idmana axışırlar. Sadəcə olaraq mənə təsir edən bir məsələ - istər Azərbaycanda olsun, istərsə də başqa ölkələrdəki qüvvələrin, eləcə də, bəzi diplomatların inkişafı, uğurları görməzdən gələrək Azərbaycanı daim tənqid etmələridir. Guya burada insan haqları pozulur və müstəqil mediaya təzyiqlər göstərilir. Halbuki bir neçə aparıcı qəzeti oxuyanda heyrətlənirəm. Elə bilirdim ki, kəskin yazılar ancaq Gürcüstanda və Avropada mövcuddur. Azərbaycan daha nələr etməlidir axı? Mediaya sərbəstlik verilib, yenə də bəzi qüvvələr bunu görməzdən gəlirlər. Son zamanlarda isə daha bir üzücü məqamla rastlaşıram. Bəzi şəxslər yazırlar ki, guya Azərbaycanda peşəkar həkimlər yox səviyyəsindədir, tibb inkişaf etmir və s. Mən dəfələrlə sosial şəbəkələrdə Azərbaycan, gürcü, rus və türk dillərində faktlar əsasında təsdiq etmişəm ki, xeyr, bu belə deyil. Bir çox ölkəni gəzmişəm. MDB ölkələri ilə yanaşı Avropada da olmuşam. Oradakı tibbdən bizim tibb fərqlənmir. Məgər Azərbaycan kimi stabil ölkə var? Xeyr və yenə xeyr. Mən axşamları, gecələri Azərbaycanda rahat gəzə bilirəm. Amma olduğum ölkələrdə, hətta, uzun illər yaşadığım Tiflisdə belə özümü Azərbaycandakı kimi rahat hiss etməmişəm. Qısası, Azərbaycanımızın qədrini bilməliyik və yürüdülən siyasət təqdirəlayiqdir.
-Bəs hansısa həyata keçirə bilmədiyiniz arzunuz varmı?
-Əlbəttə var. Mənim böyük arzum Dağlıq Qarabağın geri qaytarılmasıdır və bu işdə mənim də töhfəmin olmasıdır. “Bu gün sosial şəbəkələr medianın oynadığı rolu oynayır” desəm yanılmaram. Ona görə də sosial şəbəkələrdə də aktivəm və orada dəfələrlə vurğulamışam ki, Qarabağ geri qaytarılarsa, mən - Niyazi Hüseynov ailəmlə birlikdə Xankəndində məskunlaşacağam.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info