Minəvvər Vahabova: “Erməni diasporuna daha yaxın məsafədən təsir etməyə çalışırıq”
Tarix: 11.06.2014 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Azərbaycan diasporu ABŞ-da ermənilərlə necə
mübarizə aparır?


ABŞ, erməni lobbisinin güclü olduğu ölkələrdəndir. Belə bir ölkədə diasporumuzun daha diqqətli və aktiv olması lazımdır. Çünki biz müşahidə edirik ki, ermənilər hər zaman ABŞ-da daha çox Azərbaycana qarşı qara PR aparırlar. Amma onların bu mənfur əməli cavabsız qalmır. ABŞ-dakı diasporumuz nə qədər gənc olsa da ermənilərin adekvat cavabını verir. Müsahibimiz Minəvvər Vahabova da ermənilərə qarşı bu cür mübarizə aparan diaspor üzvlərimizdəndir. Nyu-York Azərbaycan-Amerika Qadın Assosiasiyasının (NYAAQA) prezidenti olan M. Vahabova artıq yeddi ildir ki, ABŞ-da yaşayır. Qeyd edək ki, Minəvvər xanım Azərbaycanın gözəl guşələrindən biri olan Şəki şəhərində doğulub boya-başa çatıb. Ailəlidir, iki övladı var.
- Siz hazırda ABŞ-da hansı sahədə çalışırsınız?
- Rus dili və Azərbaycan dili müəllimiyəm. Nyu-Yorka 2007-ci ildə Yaşıl Kart qazanaraq gəlmişəm. Gəldiyim ilk gündən burada yaşayan azərbaycanlılarla sıx əlaqə saxlayaraq, diaspor fəaliyyətinə başlamışam. İlk illərdə ANA cəmiyyətinin məsul katibi olmuşam. İllər keçdikdən sonra burada yaşayan azəri qadınların gücünə və bacarığına güvənərək bir qadın təşkilatı yaratmaq qərarına gəldim və bu arzumu 2013-cü ildə həyata keçirdim. Mənim rəhbərlik etdiyim təşkilat Amerika qanunlarına əsasən rəsmi qeydiyyatdan keçib.
Diaspor fəaliyyəti ilə yanaşı buradakı tələbləri nəzərə alaraq, təhsil almağı da unutmadım. Artıq Amerikada ali təhsil almışam. Hazırda magistraturada (Master dərəcəsi) təhsil alıram. Yenə də təhsil sahəsinə müraciət etmişəm və ibtidai sinif müəllimi işləyirəm.
- Yaşadığınız ölkədə Azərbaycanın tanınması istiqamətində hansı işlər görürsünüz?
- Hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq Vətənimizin dünyada tanınması üçün əlindən gələni etməlidir. Biz də ABŞ kimi beynəlmiləl, müxtəlif xalqların yaşadığı bir ölkədə Vətənimizin tanınması üçün çalışırıq. Keçirdiyimiz tədbirlərə müxtəlif xalqların nümayəndələrini dəvət edir, onlara mümkün qədər ətraflı məlumat verməyə çalışırıq. Oxuduğumuz təhsil ocaqlarında, uşaqlarımızın təhsil aldıqları məktəblərdə əlimizdən gəldiyi qədər Vətənin təbliği ilə məşğul olmağa çalışırıq.
Təəssüflər olsun ki, Vətənin başının üzərini alan qara buludlar bizi daha çox Azərbaycana aid olan həqiqətləri bütün insanlara çatdırmaq yolunda fəaliyyətə sövq edir. Biz 26 fevral Xocalı faciəsinin hər ildönümündə BMT və Ermənistan nümayəndəliyi önündə etiraz aksiyaları keçiririk. 20 Yanvar faciəsini həmvətənlərimiz, digər xalqların nümayəndələri, şəhər rəhbərləri, konqresmenlərin iştirakı ilə yad edirik. Bütün bunları mediada yaymağa çalışırıq.
Bununla bərabər, inkişaf və çiçəklənmə yolunda böyük və inamlı addımlar atan Azərbaycanı dünyaya təqdim etməkdən də şərəf hissi duyuruq.
İnsanların, əsasən də Amerikada böyüyüb təhsil alan uşaqların Vətənin tarixini, adət-ənənələrini unutmaması və yaşatması üçün bayramların və əlamətdar günlərin də qeyd edilməsini unutmuruq.
-Bu yaxınlarda yola saldığımız 28 May Respublika Günü ilə bağlı hər hansı tədbir keçirmisiniz?
- Mayın 26-da Nyu-York şəhərində yerləşən “Oqni Baku” (Bakının işıqları) restoranında 28 May Respublika Gününü qeyd etdik. Gecədə iştirak edən dağ yəhudiləri, türk, türkmən, tacik və özbək xalqlarının da nümayəndələri bizimlə birlikdə cümhuriyyətimizin 96-cı ildönümünü qeyd etdilər. Gecə, Azərbaycan və Amerika himnlərinin səsləndirilməsi ilə başladı. Ardından Şərqdə ilk demokratik dövlətin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 1953-cü ildə “Amerikanın səsi” radiosunda etdiyi çıxışı dinlənildi .
Sonra mən çıxış edərək, tədbir iştirakçılarını Respublika Günü münasibətilə təbrik etdim və doğma Azərbaycanımıza, bütün Azərbaycan xalqına inkişaf və çiçəklənmə yolunda böyük uğurlar arzuladım. Tədbir keçirilən zal Azərbaycanın bayraqları, bayrağımızın rəmzi olan üçrəngli şarlarla bəzədilmişdi. Azərbaycan musiqisi və Azərbaycan mətbəxi gecəyə xüsusi ab-hava gətirirdi.
Yerli musiqiçilərlə yanaşı, gecənin çox önəmli və dəyərli qonaqları da var idi. Azərbaycanın Xalq artisti Brilliant xanım Dadaşova və Azərbaycanın tanınmış televiziya və radio aparıcısı Səxavət Nur da bu bayram gecəsində bizlərlə birlikdə oldular və qürbətdə yaşayan həmvətənlərinin sevincini bölüşdülər.
- Digər diaspor təşkilatları ilə hansı formada əməkdaşlıq edirsiniz?
- Digər ölkələrin diaspor təşkilatları ilə sıx əməkdaşlıq edirik. Türk, türkmən, özbək, Krım tatarları, uyğur, yəhudi diasporları ilə əməkdaşlıq fəaliyyətimiz daha da möhkəmdir.
- Ermənilərə qarşı necə mübarizə aparırsınız?
- Bilirsinizmi, xaricdə yaşayan azərbaycanlılar bir növ açıq savaşın arxa cəbhəsini mənə xatırladır. Biz yaşadığımız ölkələrdə baş verən hadisələri daha yaxından görür və onlara daha tez və daha güclü cavab verə bilirik.
Sizə bir misal gətirim. Keçən il konsert zallarından birinin qarşısında asılmış bir afişa gördüm. Postsovet ölkələrinin bayraqlarının şəkilləri vardı, o cümlədən Azərbaycanın. Hər bayrağın altında müğənnilərin adları yazılmışdı. Azərbaycanımın bayrağının altında kimin adı var, deyə maraqlandım və bir erməni adını gördüm. O anda mənim üçün sanki həyat dayandı. Bu məsələni təbii ki, belə qoymaq olmazdı. Zalın rəhbərliyi ilə danışdım, konsertin təşkilatçısını tapdım və çox danışıqlardan sonra həmin bayram konsertində Azərbaycanı iki həmvətənlimiz təmsil etdi.
Yerli mediada onların verdikləri yalan məlumatlara hər zaman təkzib veririk. Bir sözlə, erməni diasporuna daha yaxın məsafədən təsir etməyə çalışırıq.
- Ermənilərin güclü olduğu bu ölkədə onlara qarşı mübarizə aparmaq çətin deyil ki?
- Bəli, erməni lobbisi Amerikada illərdən bəri formalaşıb və onların gücünü təkzib etmək mümkün deyil. Ancaq Azərbaycan diasporu gənc olsa da, daha əzmkardır və daha vətənpərvərdir.
- Azərbaycanla əlaqəniz varmı? Burada baş verənlər sizi maraqlandırırmı?
- Azərbaycanla təbii ki, əlaqələrimiz var. Hər səhər öncə Vətən haqqında olan xəbərlərlə sonra isə Amerikadakı hadisələrlə tanış oluruq. Vətənlə olan bağlarımızı heç zaman qırmayacağıq. Yetişən gənc nəslə də hər zaman bunu tövsiyə edirik: ana dilimizi, adət-ənənələrimizi unutmasınlar, tariximizi, keçmişimizi və bu günümüzü qoruyub-yaşatsınlar.
Mən uzun müddət burada yaşayan balalarımıza həftə sonları Azərbaycan dili, tarixi və ədəbiyyatı dərsi vermişəm. Hazırda müəyyən səbəblərdən bu dərslər müvəqqəti olaraq keçirilmir, ancaq mən bu dərsləri yaxın gələcəkdə davam etdirməyi planlaşdırıram.
2013-cü il iyun ayının 21-də Bakıda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin diaspor təşkilatları liderlərinin Forumuna dəvət almışdım. Bu forum mənə bütün dünyada yaşayan diaspor təşkilatı liderləri ilə tanış olmaq imkanı verdi. Hazırda onlarla da sıx əlaqə saxlayıram və gələcəkdə həyata keçirəcəyimiz böyük planların arzusu ilə yaşayıram.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info