“Bütün enerjimi, bacarığımı və fəaliyyətimi dövlətimə sərf etmək istəyirəm”
Tarix: 11.06.2014 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Jalə Orucova: “Gənclər siyasəti sağlam və intellektual nəslin formalaşmasına xidmət edir”

Bir çox gənclərimiz xüsusi bacarıq, istedad və savada malik olurlar. Bu səbəbdəndir ki, onlar ölkəmizdə orta və ali təhsili başa vurduqdan sonra daha geniş məkana çıxmağı düşünürlər-dünyanın müxtəlif ölkələrində ali təhsillərini davam etdirirlər. Bu gələcəyin perspektivli kadrları olacaq gənclərin demək olar ki hamısı sonda öz Vətənlərinə dönürlər. Onlar bilik və bacarıqlarını elə ölkəmizdə tətbiq edirlər. Belə gənclərdən biri də Jalə Orucovadır. Jalə xanım, Azərbaycanın ilk ensiklopedik saytının yaradıcısı və rəhbəridir. O, həmçinin bir müddət öncə “Avropanın Ən Gənc Ensiklopediyaçısı” da seçilib. Bu maraqlı gənc xanımla olan müsahibəni oxuculara təqdim edirik.
-Özünüz barədə məlumat verərdiniz.
- 1991-ci ildə doğulmuşam və doğum günüm xüsusi bir günə təsadüf edir - 2 fevral. Bildiyiniz kimi, bu tarix Gənclər Günü kimi qeyd edilir və 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilib. Uşaqlığım Bakı və Tiflis şəhərlərində keçib. Fikrimcə, bu iki şəhəri birləşdirən çox amil var. Orta təhsilimi Bakıda, ali təhsilimi Tiflis şəhərində almışam.
-Azərbaycana yaxın olan bir ölkənin paytaxtında- Tiflisdə təhsil almaq sizə nə verdi?
-Tiflisdə təhsil almaq mənim üçün doğma ölkədə təhsil almaq demək idi. Bitirdiyim Tbilisi Caucasus University bir çox xalqı, milləti özündə birləşdirən universitetdir. Bildiyiniz kimi, Tiflis tarixən Qafqazın mədəniyyət ocağı hesab olunub. Elə indi də bu şəhər həmin adı özündə qoruyub saxlayır. Bir çox ictimai xadimlərimiz, dahi şəxsiyyətlərimiz məhz Tiflisdə yaşayıb yaradıblar. Təbii ki, bu cür şəhərdə təhsil almaq bir sıra gənclərin xəyalı ola bilər. Gürcü təhsil sistemi bir az qarışıqdır. Azərbaycanda təhsil alan şəxs oranın təhsil sistemində çətinlik çəkə bilər. Azərbaycan təhsili olduqca zəngindir. Gənclərimiz dünyanın ən inkişaf etmiş və ən öncül universitetlərində təhsil alırlar. Bu sevindirici haldır, artıq istənilən ölkədə xeyli sayda azərbaycanlı gəncə rast gəlmək mümkündür. Çox istərdim, Gürcüstanın bölgələrində yaşayan azərbaycanlı soydaşlarımız da mükəmməl təhsil alsınlar. Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsillə bağlıdır. Sualınıza cavabımı tamamlayaraq deyim ki, mən xaricdə yalnız akademik biliklər almadım, dünyagörüşüm artdı, fərqli mədəniyyətlərlə tanış oldum, dost qazandım, yalnız özümə güvənərək yaşamağı öyrəndim. Xarici ölkədə təhsil almaq fərqli düşünməni təmin edir. Hazırda isə magistr təhsilimi digər xarici dövlətdə almaq niyyətindəyəm.
-Bildiyiniz kimi, son illərdə gənclərimiz ictimai işlərdə aktivlik göstərirlər. Siz necə, ictimai həyatda fəalsınızmı?
- Bəli, həqiqətən də bu belədir. Sevindirici haldır ki, bizim gənclik aktivdir, ictimai işlərdə fəallığı ilbəil artır. Şəxsən mən heç bir təşkilata üzv deyiləm, fəaliyyətimi sərbəst şəkildə davam etdirirəm. Bacardığım qədər fəal olmağa çalışıram, müxtəlif forum və konfranslarda iştirak edirəm. Bəzən hər hansı bir önəmli tədbirə çağırılmadıqda diqqətdən kənarda qaldığımı düşünürəm və bu məni üzür. Düzdür, belə hal çox nadir hallarda baş verir. Amma olur ki, gənclərlə bağlı dövlət tədbirləri keçirilir və mən hərzamankı kimi bura dəvətli olmuram. Mən bütün enerjimi, bacarığımı və fəaliyyətimi dövlətimə sərf etmək istəyirəm. İctimai işlər mənə zövq verir, işlərimə mane olmur, əksinə bundan mənəvi rahatlıq tapıram.
- Siz, həm də bu gənc yaşınızda önəmli bir ilkə də imza atmısınız, ilk ensiklopedik saytı yaratmısınız. Bir qədər də bu barədə söz açardınız.
- Bir ilkə imza atmağı hər kəs istər, yetər ki, onu etmək üçün səy göstərəsən. Mən də belə şəxslərdənəm. Bu ilkə imza atmaq üçün var-gücümlə çalışdım, nəticədə, Azərbaycanda ilk ensiklopedik saytı yaratdıq. Layihəni geniş formada Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatına verdim və 2012-ci ildə sayt ictimaiyyətə təqdim olundu. Hazırda saytda 1000-ə yaxın müxtəlif mövzulu məlumatlar var. Saytın oxucu kütləsi dünyanın 29 ölkəsini əhatə edir.
- “Avropanın Ən Gənc Ensiklopediyaçısı" adını da qazandınız. Bu haqda da məlumat verərdiniz.
- Bəli, bir neçə ay bundan öncə "Avropanın Ən Gənc Ensiklopediyaçısı" adına layiq görüldüm. Amma bütün müsahibələrimdə bunu qeyd edirəm -"Bu yalnız mənim deyil, Azərbaycanın uğurudur". Azərbaycanın Avropada adının qalxması və yaşaması mənim əsas prinsiplərimdəndir. Bəzən insanlar düşünürlər ki, bu ad mənə yalnız şöhrət verdi. Amma belə deyil, ad mənə daha çox məsuliyyət bəxş etdi. Artıq tələblər artır, müəyyən yeniliklər etmək vaxtıdır. Mən hazırda neft sektorunda çalışıram və işdən əlavə vaxtlarımı sayta sərf edirəm.
- Gənclərimizin yeniliklərə, ilklərə imza atmaları üçün hansı məsləhətləri verərdiniz?
-Azərbaycan gəncləri hər zaman bütün proseslərdə aktiv olub. İstər Qarabağ döyüşlərində, istər hazırkı siyasi, istərsə də ictimai məsələlərdə. Azərbaycan gəncliyi XXI əsrin tələblərinə uyğun olaraq beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil edir. Müasir Azərbaycan gəncini 15 il əvvəlki Azərbaycan gənci ilə müqayisə etsək, birinci növbədə onu qeyd edərdim ki, müasir gəncimiz daha çox informasiyaya malikdir. Bu heç də təsadüfi deyil. Bu gün ölkəmizdə əhalinin 60%-dən çoxunu gənclər təşkil edir. Təbii ki, hər bir yerdə olduğu kimi gənclər ən aktiv təbəqə sayılır. Azərbaycanda da bu, artıq həqiqətdir. Çünki bütün sahələrdə, hara baxsaq, hər yerdə məhz gənclər hansısa prosesin başında gedir. İstərdim Azərbaycan gəncləri yüksək mədəniyyətə sahib olan, daha yüksək təhsilli, işində peşəkar və ölkəsini qoruyan gənclər olsunlar və mən bu gəncliyi bu gün Azərbaycanda görürəm. Belə gənclik daim yeniliklərə imza atacaq.
- Gənclərin inkişafından danışdınız. Dövlətin gənclərə göstərdiyi qayğının burada hansı rolu var?
-Azərbaycanda gənclərə dövlət qayğısı, gənclərin inkişafı, gənclərin sağlam həyat tərzinin təşkili daim dövlətin diqqət mərkəzindədir. Gənclərin Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində tam iştirakı təmin olunub. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət isə öz növbəsində sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Gənclərə qayğıdan söz açarkən, burada qadınlara diqqəti də unutmamaq lazımdır. Bu gün Azərbaycanda ictimai və siyasi sferada xeyli sayda aktiv qadınlara rast gəlmək mümkündür. Son illər qadınların siyasi və ictimai qərar qəbuletmə səviyyəsində, iqtisadi sferada iştirakı nəzərəçarpacaq dərəcədə artım var. Bu gün Azərbaycan hökuməti qadınların iqtisadi sferada öz potensiallarını artırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görür. Bütün bunları görməzdən gəlmək haqsızlıq olardı.
-Xanımlara müxtəlif sahələr qapıların açıq olduğunu xüsusi vurğuladınız. Bəs özünüzün yaxın gələcək üçün hansı planlarınız var?
- Gələcək üçün o qədər planlarım var ki, onu bir müsahibəyə yerləşdirmək çətindir. Amma arzum Azərbaycanı müxtəlif layihələrlə dünyada tanıtmaqdır. Bir sözlə, Azərbaycan tarixini, mədəniyyətini və incəsənətini dünyaya göstərməyi planlaşdırıram. Düzü qarşımda bir sıra maneələr, əlimin çatmadığı insanlar var. Bu layihələri həyata keçirmək üçün ilk öncə həmin şəxslərlə görüş imkanı əldə etməliyəm. Bilirəm, çox müəmmalı danışdım, amma layihə göründüyü kimi qısa deyil və dövlətimizi dünyaya tanıtmaq üçün əla imkandır. Hər kəs gələcək haqda düşünür, bu günə isə önəm verən azdır. Anlamaq lazımdır ki, gələcəyin təməlini bu gün qoyuruq. Biz gələcək haqqında yalnız keçmiş əsasında mühakimə yürüdə bilərik. Gələcəyi satın ala biləcək yeganə şey bu gündür. Gənclərə və özümə uğurlu gələcək arzulayıram.
-Son dövrlərdə ölkəmizdə beynəlxalq tədbirlərin sayı artıb. Bunun gənclərimizin inkişafında hansı rolunu görürsünüz?
–Ümumiyyətlə, bir məsələni qeyd edim ki, ictimai aktivlik həmişə cəmiyyətə müsbət təsir edir. Demək olar ki, hər gün Azərbaycanın adı müxtəlif beynəlxalq tədbirlərdə hallanır. Müstəqillik illərində idmanın inkişafı və olimpiya hərəkatının dəstəklənməsi sahəsində bir çox işlər görülüb. Biz Azərbaycanda çoxsaylı beynəlxalq yarışları, o cümlədən dünya və Avropa çempionatlarını təşkil etmişik. Bizim idmançılarımız beynəlxalq arenada yaxşı nəticələr əldə ediblər. Bunun nəticəsidir ki, 2015-ci ildə Azərbaycan ilk Avropa Olimpiya Oyunlarına sahiblik edəcək. Təbii ki, bütün bu uğurlar gənclərimiz üçün də stimul olur. Mən özüm peşəkar olaraq bədii gimnastika ilə məşğul olmuşam. "Zabitlər evi" bizim məşq məkanımız idi. Daha sonra universitet və tələbəlik həyatı məni gimnastikadan uzaqlaşmağa vadar etdi. Mehriban xanım Əliyevanın 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə ölkəmizdə həqiqətən də bu idman növünün yeni inkişaf mərhələsi başladı. Əvvəllər gimnastikanın inkişafı üçün çox şey tələb olunurdu. Məşqçilər, xoreoqraflar, həkimlər, menecerlər, ən nəhayət, idman obyektləri və məşq bazaları lazım idi. Bütün bunlar böyük təşkilati işlər, kreativ düşüncə tələb edirdi. Ən əsası isə incə zövqə və gözəllik duyğusuna malik olmaq lazım idi. Axı gimnastika, xüsusilə də bədii gimnastika təkcə idman texnikası demək deyil, həm də musiqi və xoreoqrafiya, idmanın baxımlı, gözəl və əsl estetik növüdür. Bizim ölkəmiz bir neçə dəfə nüfuzlu beynəlxalq yarışları qəbul edib. Azərbaycan lazımi infrastruktura, iqtisadi potensiala malikdir. Buna görə də dünya idman federasiyaları əhəmiyyətli yarışları keçirmək üçün daim Bakını seçirlər. Bu, tamamilə gimnastikaya da aiddir. Qeyd edildiyi kimi, bir neçə gün sonra biz bədii gimnastika üzrə Avropa çempionatının, 2019-cu ildə isə dünya çempionatının iştirakçılarını və qonaqlarını gözləyirik.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info