Günəşi qarşılayanlar
Tarix: 11.06.2014 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Qloballaşma və texnologiya, sürətli tərəqqi əsri ilə ayaqlaşmağa çalışan Naxçıvan Dövlət Universitetində son iyirmi ildə dünyaya inteqrasiya, tədrisdə ən müasir texnologiyaların tətbiqi, distant təhsilə keçid, elektron universitet qurulması istiqamətində mühüm işlər görülüb. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə həyata keçirilən, “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi də bu prioritet vəzifələrin həllinə xidmət edir. 2012-ci ildə tərəflər arasında layihə ilə bağlı müqavilə imzalandıqdan sonra KOICA-nın Azərbaycandakı rezident nümayəndəsi xanım Kim Eun-sukun başçılığı ilə koreyalı mütəxəssislərdən ibarət qrup müxtəlif vaxtlarda Naxçıvan Dövlət Universitetinə ezam olunub. Universitetin rektoru, professor Saleh Məhərrəmovun iştirakı ilə sistemin ilkin təqdimatı keçirilib, müzakirələr aparılıb, yerli mütəxəssislər məlumatlandırılıb. 2013-2015-ci illəri əhatə edəcək layihənin həyata keçirilməsinə KOİCA tərəfindən 3 500 000 ABŞ dolları həcmində vəsait ayrılıb. Layihənin davamı olaraq universitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surənin rəhbərliyi ilə bir qrup nümayəndə on beş gün müddətinə Cənubi Koreyanın paytaxtı Seul şəhərinə ezam olunub, layihə ilə bağlı təlim keçiblər.
Rəsmi qəbul zamanı KOİCA-nın Orta Şərq və Mərkəzi Asiya üzrə proqram meneceri Kim Na Youngın Cənubi Koreya və KOİCA ilə bağlı təqdimat xarakterli çıxışı bizi ətraflı məlumatlandırdı. Qeyd etmək yerinə düşər ki, KOICA-nın tərəfdaşlıq etdiyi ölkələrdə 43 nümayəndəliyi mövcuddur. Bu şirkət Azərbaycanda da qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirməkdədir. Azərbaycan Texniki Universitetində həyata keçirilən, informasiya texnologiyaları ilə bağlı layihə təhsil sahəsindəki uğurlu layihələrdəndir. Seul Milli Universitetinin rektoru, professor Kim Seong-Kon ölkənin tarixi, mədəniyyəti, dövlət idarəçiliyi, sosial-iqtisadi inkişafı haqqında geniş məruzə etdi. Slaydlar şəklində hazırlanmış bu məruzə nəinki bizim Koreya haqqında ilkin, hətta mən deyərdim ki, bəsit təsəvvürümüzü zənginləşdirdi, eyni zamanda səfər boyu tarixi-mədəniyyət abidələrinə ekskursiyalar, Seul, Busan və Kimçonq şəhərləri ilə, şəhərsalma mədəniyyəti, yerli əhalinin sosial-həyat tərzi ilə tanışlıq zamanı ən yaxşı bələdçimiz oldu...
Şərqi-Asiyada, Koreya yarımadasının cənub hissəsində yerləşən Cənubi Koreya qərbdən Çin Xalq Respublikası, şərqdən Yaponiya, şimaldan Şimali Koreya, cənubdan Şərqi-Çin dənizi və Tayvan ilə həmsərhəddir. Əhalisi 50 milyondan çox olan ölkənin paytaxtının 10 milyon nəfərdən çox sakini var. Cənubi Koreya on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasında dayanan bu ölkə güclü iqtisadiyyatına görə dünyanın 20 ölkəsindən biri olmaqla Asiya dövlətləri arasında dördüncü yeri tutur.
Bugünkü sosial-iqtisadi inkişaf Koreyaya heç də asanlıqla başa gəlməyib. 1910-45-ci illərdə Yaponiyanın müstəmləkəsi olmuş Koreyada İkinci Dünya müharibəsinin ardınca, 1950-53-cü illərdə ağır vətəndaş müharibəsi baş verib. Sovet və ABŞ-ın hərbi qüvvələrinin işğalından sonra ölkə Şimali Koreya və Cənubi Koreyaya bölünüb. 1980-ci illərə kimi bir neçə hərbi diktatura hakimiyyətini sinaqdan keçirmiş Cənubi Koreya Respublikası, hazırda müvəffəqiyyətlə liberal demokratiyanı inkişaf etdirməkdədir və 200-ə yaxın ölkə ilə diplomatik əlaqə saxlayır. Cənubi Koreyanın sənaye və iqtisadiyyatı 1990-cı ildən sonra daha da inkşaf edib. Dünyada gəmiqayırma, polad emalı, avtomobil, eloktron və eloktrotexnika istehsalına görə əsas yerlərdən birini tutur. Dünyada ən sürətli internet Cənubi Koreyadadır.
Təhsil, elm və texnologiya sahəsində əldə olunmuş tərəqqi ahənginin qorunub saxlanılması dövlətin inkişaf strategiyasının əsasını təşkil edir. Burada elm və texnologiyanın inkişafı vasitəsilə sənaye, elm və dövlət tədqiqat təşkilatları arasındakı əməkdaşlıq gücləndirilib, rəqabətin yüksəldirilməsi üçün balanslaşdırılmış innovasiya sistemi qurulub.
Maraqlıdır ki, ötən əsrin ikinci yarısına qədər ölkədə sənayenin inkişafı üçün texnologiya və mütəxəssis baxımından xeyli çatışmazlıqlar hökm sürüb. Bütün bunların aradan qaldırılmasında və ölkənin sənaye ehtiyaclarının ödənilməsində 1966-cı ildə yaradılmış Koreya Elm və Texnologiya İnstitutunun və çoxsaylı digər ixtisaslaşmış tədqiqat institutlarının böyük rolu var. 1982-ci ildən fəaliyyət göstərən Koreya Milli Tədqiqat və İnkişaf Proqramı texnoloji qabiliyyət və rəqabətin gücləndirilməsinə xidmət etməklə iqtisadi inkişafa və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə əvəzsiz töhfələr verir. Ümumiyyətlə, eyni coğrafi paraleldə yerləşən Cənubi Koreya ilə Azərbaycanın tale oxşarlıqları çoxdur. Müstəmləkə məşəqqəti, müstəqillik uğrunda mübarizə, müharibələrin törətdiyi faciə və dəhşətlər, ikiyə bölünmə, yüksək milli mədəniyyət və heysiyyət, texnologiyaya olan maraq, sülhsevərlik, hər iki dövlətin böyük sıçrayışlara səbəb olan müasir inkişaf strategiyası. Zənnimcə, Naxçıvan Muxtar Respublikası və Naxçıvan Dövlət Universiteti ilə bağlı təqdimat ilə biz də doğma Azərbaycanımız və onun əsas siyasi strateji zonası olan Naxçıvanın qədim tarixi və müasir inkişafı, universitetimizin strukturu və fəaliyyəti, beynəlxalq əlaqələri haqqında kifayət qədər təsəvvür yarada bildik.
Növbəti günlərdə layihənin icraçı şirkəti “Donqvon CNS”-nin tanınmış mütəxəssisləri tərəfindən keçilən təlimlərə start verildi. Təlimlərdə sistemin fəalyyəti, əsas funksiyaları, bu sahədə Koreya Respublikasının qabaqcıl təcrübəsi əsasında informasiya sistemi ilə bağlı mühazirələr dinlədik. Təlimlərdə tələbələrə onlayn təhsil xidməti göstərilməsi üçün portal, distant təhsil, akademik işlər və s. ibarət elektron təhsil şəbəkəsinin yaradılması, yüksək keyfiyyətli təhsil, rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsi üçün nəzərdə tutulan sistem haqqında, ali məktəbin idarəetmə sistemini təkmilləşdirəcək müasir texnologiyalar haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, təhsil informasiya sistemi Naxçıvan Dövlət Universitetinin cari iş prosesi və gələcək planlarına uyğun şəkildə yaradılacaq. Təlimlərdə təhsil idarəetmə sistemi, elektron təhsil, veb-portal, layihə komponentləri barədə müzakirələr apardıq, mütəxəssislər suallarımızı cavablandıraraq bəzi məsələlərə aydınlıq gətirdilər. Həmkarlarımın israrlı təkidi ilə daha mükəmməl və yeni nəsil texnologiya seçildi, alınacaq avadanlıqlar bir daha dəqiqləşdirildi. Koreyalı mütəxəssislər Naxçıvan Dövlət Universitetinin timsalında Azərbaycanda nümunəvi informasiyalaşdırılmış universitet modelinin yaradılması üçün bilik və bacarıqlarını, zəngin təcrübələrini məmnuniyyətlə bölüşdülər. “Donqvon CNS” şirkətinin rəhbəri Mun-seo Park heyətimizin rəhbəri, tədris işləri üzrə prorektor, dosent Seyid Surəni qəbul edərək təlimlərin Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsinin qurulması, onlayn təhsilin təşkili baxımından faydalı olacağına əminliyini bildirdi, gələcək əməkdaşlıq məsələləri müzakirə olundu. Təlimin yekun tədbirində iştirakçılara sertifikatlar təqdim olundu. “Donqvon CNS” şirkətinin vitse-prezidenti Jae-ki Jang, Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, dosent Seyid Surə, İKT şöbəsinin müdiri Xaliq Babayev və bu sətirlərin müəllifi layihənin uğurla gerçəkləşməsi, əməkdaşlığımızın davamlı olması ilə bağlı arzularını, minnətdarlıq dolu xoş və səmimi duyğularını çatdırdı.
Müxtəlif universitetlərə səfərlər, akademik heyətlə görüşlər zamanı buradakı ali təhsil strukturu, tədris prosesi, pedaqoji heyət, tələbə kontingenti barədə zəngin məlumat aldıq. Cənubi Koreyada 400-dən artıq universitet və müxtəlif ali məktəb fəaliyyət göstərir. Ali təhsilin əsas məqsədi dərin nəzəri təhsil vermək, nəzəri biliklərin tətbiqini təmin etmək, kamil mütəxəssis yetişdirməkdən ibarətdir. Ölkədə ali təhsil müddəti 4-6 ildir. Hökumət, universitetlərin müstəqilliyinin artırılması, dövlət təhsil sisteminin tənzimlənməsi, özəl tədris xərclərinin azaldılması məsələlərinə nəzarət edir, tələbələrin seçim proseduru ilə bağlı əsas minimum tələbləri müəyyənləşdirir. Universitetlər təlim nəticələrini, qabiliyyət imtahanlarında toplanmış balları, sertifikatları, tövsiyə məktublarını əsas götürərək tələbə qəbulu aparır. Tərcüməçimiz, Sogang Universitetinin Koreya linqivistikası ixtisası üzrə II kurs magistri Könül Mustafayeva və 200-dən çox azərbaycanlının Koreyada ali təhsil alması qəlbimizi milli qürur hissi ilə doldurdu.
Naxçıvan Dövlət Universitetinin Cənubi Koreya ilə elm, təhsil sahəsində əlaqələri Asiya ilə əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlığın on ildən artıq tarixçəsi bu gün Naxçıvan Dövlət Universitetindəki Cənubi Koreya dostluq parkındakı gülgarlıq qədər təravətli, rəngarəng və bəhrəli bir xoş mənzərə ilə göz oxşayır. Bu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ölkələrarası müstəvidə universitetlərin əlaqələrinin daha da genişlənməsinə göstərdiyi qayğının təzahürüdür. Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirliyi, universitetin o zamankı rektoru, akademik İsa Həbibbəyli isə bütün səylərini bu əlaqələrin inkişafına yönəldib.
2010-cu ilin aprel ayında Kimçonq Universitetinin nümayəndə heyətinin Naxçıvan Dövlət Universitetinə səfəri zamanı universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb. 2011-ci ilin sentyabr ayında akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Cənubi Koreyanın Kimçonq və Kyumqsunq universitetlərində görüşlər keçiriblər. Kimçonq Universiteti ilə əsaslı tanışlıqdan sonra bu ali təhsil ocağı ilə Naxçıvan Dövlət Universitetində mikrobiologiya, otelçilik və turizm ixtisası üzrə əməkdaşlıq imkanları sahəsində razılaşma əldə edilib, universitet əməkdaşlarının elmi əsərlərinin qarşılıqlı nəşr edilməsi qərara alınıb. Busan Kyumqsunq Universiteti ilə tanışlıq da universitetlər arasındakı əməkdaşlığın imkanlarının müəyyənləşməsində əhəmiyyətli olub. Naxçıvan Dövlət Universiteti ilə Kyumqsunq Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Kyumqsunq Universiteti ilə Naxçıvan Dövlət Universiteti daha çox iqtisadiyyat, tarix, qayaüstü rəsmlərin birgə tədqiqi və incəsənət sahələrində əməkdaşlığa üstünlük verilməsi qərara alınıb. Əməkdaşlığın davamı olaraq 2011-ci ilin noyabr ayında Kimçonq Universitetinin rektoru xanım Sunq Ae Kanq və bir qrup nümayəndə Naxçıvan Dövlət Universitetinə səfər edib. Elə həmin il Naxçıvan Dövlət Universitetində Cənubi Koreya mədəniyyət və dil tədrisi mərkəzləri fəaliyyətə başlayıb. Bu gün hər iki universitet arasında elmi təcrübə və tələbə mübadiləsi, elə bizim bu səfərimiz qarşılıqlı əlaqələr sahəsində aparılan səmərəli işin uğurlu davamıdır.
(ardı var)

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info