Görkəmli alimlərimizi unutmayaq
Tarix: 12.06.2014 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Azərbaycanın müxtəlif sahələrlə bağlı görkəmli, məhsuldar alimləri çoxdur. Bu cür alimlərdən biri də professor Məmməd Vəliyev idi. Qeyd edək ki, professor Məmməd Vəliyev bu ilin fevral ayında vəfat edib. Professorun elm sahəsindəki xidmətləri böyükdür. Bu baxımdan onunla bağlı bir xatırlatma yazısı verməyi lazım bildik.
Vəliyev Məmməd Hüseynəli oğlu, 15 iyun 1943-cü ildə Naxcıvan Muxtar Respublikasının Şərur rayonunun Qarxun kəndində anadan olub. 1960-cı ildə Şərur rayonunun Yengicə kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1968-ci ildə həmin institutu “Əsas üzvi və neft kimya sintezinin texnologiyası” ixtisası üzrə bitirib. 1969-cu ildən Azərbaycan MEA Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (hazırda Polimer Materialları İnstitutu adlanır) kiçik elmi işçi vəzifəsində işləməyə başlayıb və 1971-ci ildə institutun aspiranturasına daxil olub. 1974-cü ildə Azərbaycan MEA Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib və 1977-ci ilə qədər kiçik elmi işçi vəzifəsində işləyib. Müsabiqə yolu ilə 1977-ci ildə böyük elmi işçi, 1982-ci ildə isə laboratoriya müdiri vəzifəsinə seçilib və 2014-cü ilə qədər bu vəzifədə çalışıb.1987-ci ildə D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiya Universitetində doktorluq dissertasiyasını müdafiə edib və 1991-ci ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvi seçilib.
Professor M.H.Vəliyevin həyat və elmi fəaliyyəti haqqında məlumatlar 2004-2006-cı illərdə ABŞ-ın "Markiz" nəşriyyatında çap olunan "Elm və texnikada kim kimdir" və "Dünyada kim kimdir" bioqrafik məlumatlar toplusuna daxil edilmişdir. K.e.d., professor M.H.Vəliyev üzvi kimya sahəsində tanınmış mütəxəssis olub, bütün elmi fəaliyyətini Azərbaycanda kimya elminin, o cümlədən üzvi kimyanın inkişafına həsr etmişdir. Onun rəhbərliyi altında aparılan fundamental elmi-tədqiqat işlərinin nəticələri M.H.Vəliyevə yüksək doymamışlığa malik polifunksional birləşmələr kimyası üzrə məktəb yaratmağa imkan vermişdir.Professor M.H.Vəliyevin rəhbərliyi ilə respublikada mövcud olan neft emalı və neft-kimya məhsulları (tsiklopentadien, 1,2,3-trixlorpropan, 2,3-dixlorpropen, 1,3-dixlorpropen, allilxlorid, epixlorhidrin, etilenxlorhidrin və s.) əsasında tərkibində heteroatom saxlayan yüksək doymamışlığa malik norbornen, norbornadien, vinilasetilen, allilasetilen, diasetilen, vinilallen, polien və s. birləşmələrin effektli alınma üsulları işlənməklə bərabər onların üzvi sintezin inkişafı üçün yeni perspektiv yollar açdığı müəyyən olunmuşdur.M.H.Vəliyev tərəfindən tsiklik dienlər və yüksək doymamışlığa malik aktivləşməyən dienofillər arasında [4+2] - tsiklobirləşmə reaksiyasının elmi əsasları yaradılmış, o cümlədən reaksiyaya daxil olan reagentlərin təbiəti və quruluşundan asılı olaraq reaksiyaların ümumi qanunauyğunluqları, mexanizmi, stereokimyası öyrənilmişdir. Həmçinin, kvant-kimyəvi hesablamalar (“Həyəcanlanmış molekulyar orbital” nöqteyi-nəzərindən) üsulu ilə konyuqə olunmuş və olunmamış yüksək doymamışlığa malik karbohidrogenlərin (butadien, heksatrien, oktatetraen, pentadien, allen, vinilallen, vinilasetilen, allilasetilen, diasetilen və s.) alifatik və tsiklik dienlərlə (butadien, tsiklopentadien və onun xlorlu törəmələri) reaksiyayagirmə qabiliyyətləri müqayisəli şəkildə öyrənilmiş və alınan nəzəri nəticələrin təcrübi qiymətlərlə uzlaşdığı aşkar edilmişdir. Əldə olunan elmi nəticələr M.H.Vəliyevə [4+2] - tsiklobirləşmə reaksiyasının mexanizmi haqqında yeni fikir yürütməyə imkan vermişdir. İlk dəfə olaraq M.H.Vəliyev tərəfindən 1,3- və 1,4-enin sıralı birləşmələrin fazalararası kataliz şəraitində generasiya olunmuş dihalogenkarbenlərlə qarşılıqlı təsir reaksiyaları müqayisəli halda öyrənilmiş və [2+1] - tsiklobirləşmə reaksiyalarının qanunauyğunluqları müəyyən olunmuşdur. Eyni zamanda metalkompleks katalizatorların iştirakı ilə yüksək çıxımla silisium-, bor-, fosfor-, halogentərkibli doymamış birləşmələrin alınma üsulları işlənmiş və onların üzvi və neft-kimya sintezində məqsədyönlü tədbiq sahələri göstərilmişdir. Sistematik olaraq tsiklik və polixlortsiklik sıralı asetilen və allen birləşmələrin müxtəlif reaksiya mərkəzlərindən kimyəvi çevrilmələri öyrənilmiş və göstərilmişdir ki, onlar neft kimyası sintezində məqsədli–praktiki cəhətdən əlverişli birləşmələr almaq üçün geniş istifadə oluna bilərlər.
M.H.Vəliyevin rəhbərliyi altında aparılan tədqiqatlar nəticəsində neft-kimya sənayesinin məhsulları əsasında yüzlərlə polifunksional birləşmələr və onların silisium və halogentərkibli törəmələri alınmış, identifikasiya olunmuş, əmələgəlmə qanunauyğunluqları və kimyası öyrənilməklə bərabər, onların arasında yüksək keyfiyyətli plastifikatorlar, modifikatorlar, monomerlər, inhibitorlar, antipirenlər, bioloji- və səthi- aktiv maddələr və s. olması müəyyənləşdirilmişdir. Tetraxlorbitsiklik spirtin dəri antiseptiki xassəsinə malik olması sınaqdan keçirilib və onun əsasında bakterisid-funqisid polimer kompozisiyası alınmışdır. Sintez olunmuş maddələrə bir çox elmi mərkəzlər və təşkilatlar (Almaniya, Rusiya, İsveç, Türkiyə, Latviya) maraq göstərir və bu laboratoriya ilə əməkdaşlıq edirlər. Professor M.H.Vəliyevin elmi fəaliyyətinin böyük əhəmiyyət kəsb edən bir istiqaməti də neft məhsullarından aşağı və yüksək molekullu naften turşularının effektiv ayrılma üsullarını işləməklə bərabər, onların və fərdi naften turşularının əsasında etilen və asetilen sıra efirlərin və vinilketonların alınmasının qanunauyğunluqlarının öyrənilməsidir. Yuxarıda sadalanan işlərlə yanaşı M.H.Vəliyevin elmi fəaliyyətinin bir hissəsini təşkil edən sahə də mikroorqanizmlər iştirakı iləüzvi sintezin, o cümlədən zərif üzvi sintezin inkişaf etdirilməsidir. Belə ki, onun Bakı neftləri və neft karbohidrogenlərinin biodeqradasiyası və biotransformasiyasısahəsində apardığı tədqiqat işləri nəticəsində göstərilmişdir ki, bu zaman əsasən mikrobioloji oksidləşmə prosesi gedərək müvafiq karbon turşularıəmələ gəlir. Eyni zamanda model reaksiyalarıəsasında müəyyən olunmuşdur ki, aromatik fraksiyada oksidləşmə prosesi iki istiqamətdə - aromatik həlqənin parçalaması ilə və həmçinin, yan zəncirdən də gedir. Aparılan tədqiqat işləri neft kimyası, mikrobioloji kimya və zərif üzvi sintezlə bərabər ekoloji cəhətdən də maraq doğurur. Üzvi kimya, neft kimyası və mikrobioloji kimya sahələrində M.H.Vəliyevin apardığı sistematik və çoxillik elmi-tədqiqat işlərinin nəticələri “Elm” nəşriyyatında 1987, 2011 və 2013-cü illərdə nəşr edilmiş monoqrafiyalarda (“Кумулены”, “Биодеструкция и биотрансформация в органическом синетезе” və “Mikroorqanizmlərin iştirakı ilə deqradasiya və trasformasiya”), xarici ölkələrdə və respublikada nəşr olunan jurnallarda (“Изв. АН СССР сер. химическая”, “Защита металлов”, “Журнал прикладной химии”, “Пластические массы”, “Журнал Органической химии”, “Журнал общей химии”, “Tetrahedron” , “Synthesis”, “İnternational Journal of Organic Chemistry”, “Нефт и газ”, “Азербайджанское нефтяное хозяйство”, “Процессы нефтехимии и нефтепереработки” jurnalı, “Химия гетероциклических соединений”,“Азербайджанский химический журнал” və s.) dərc olunub. Ümumiyyətlə, onun elmi və pedaqoji fəaliyyətinin nəticələri dərc olunmuş 500-ə yaxın elmi əsərdə, o cümlədən 76 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapıb.
Tanınmış beynəlxalq jurnallarda və nüfuzlu elmi nəşrlərdə M.H.Vəliyevin dərc olunmuş əsərlərinə olunan istinadlar və elmi əsərlərinə bir çox elmi mərkəzlərin, o cümlədən Türkiyə, Bolqarıstan, Kanada, Belçika, ABŞ, Fransa, Hindistan, Latviya, Rusiya, Avstriya, Polşa, İtaliya və s. alimləri tərəfindən göstərilən maraq onun yaratdığı elmi istiqamətin perspektivliyini bir daha sübut edir. Yuxarıda sadalanan elmi-tədqiqat işlərinin nəticələrinin bəziləri mühüm elmi nəticələr kimi Azərbaycan MEA-nın illik məruzələr toplusuna daxil edilmişdir.M.H.Vəliyev dəfələrlə bir sıra Beynəlxalq Konqres və Simpoziumlarda iştirak etmiş və məruzələrlə çıxış edib. O, 1984-1985-ci illərdə Moskva şəhərində N.D.Zelinski adına Üzvi Kimya İnstitutunda, 1991-ci ildə Hindistanda, 2004-2006, 2008-2011-ci illərdə isə Türkiyədə müxtəlif Universitetlərdə elmi ezamiyyətlərdə olmuş və konfranslarda məruzələrlə çıxış edib. Professor M.H.Vəliyev elmi- tədqiqat işləri ilə yanaşı 1991-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasında “Neft və qazın emalı kimyası və texnologiyası” kafedrasının professoru kimi də pedoqoji fəaliyyətgöstərərək yüksək ixtisaslı kadrların hazırlanmasında iştirak edib. O, 1987-ci ildən etibarən müxtəlif İxtisaslaşdırılmış Elmi Şuraların, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komisiyasının kimya elmləri üzrə Ekspert Şurasının və AMEA-nın Mikrobiologiya İnstitutunun nəzdində olan İxtisaslaşdırılmış Elmi Şuranın üzvü olub. M.H.Vəliyevin rəhbərliyi ilə 12 namizədlik və bir doktorluq dissertasiyası müdafiə olunub. Həmçinin, aparılan tədqiqat işləri əsasında M.H.Vəliyev 5 qrant layihəsinin (2005-2007-ci illərdə İNTAS, 2010-2012-ci illərdə Ukrayna Elmi Texnoloji Mərkəzi- 2 layihə, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondu) rəhbəri və iştirakçısı olub.
Gəlin, belə alimlərimizi unutmayaq və daim onlarla fəxr edək.
Məhruzə Şatirova
Kimya elmləri namizədi, aparıcı elmi işçi, dosent
AMEA-nın Polimer Materialları İnstitutu





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
Monqolustan Azərbaycan peykinin imkanlarından istifadə edə bilər - YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”
24.09.2018
Əli Əhmədov: “Kənd təsərrüfatı ixrac potensialının daha da yüksəlməsinə öz töhfəsini verəcək”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info