Gələn tədris ilində dərslər sentyabrın 15-də başlanacaq
Tarix: 13.06.2014 | Saat: 02:12:00 | E-mail | Çapa göndər


Nazir Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat mətbuat konfransı keçirib. Nazir Azərbaycanda dərs ili müddətinin artırılması məsələsinə növbəti dəfə aydınlıq gətirib. O deyib ki, gələn tədris ilində Azərbaycanda dərslər sentyabrın 15-də başlanacaq və növbəti tədris ilinin bitmə tarixini elan etməyə hələlik hazır deyil: “Hazırda nazirlikdə növbəti dərs ilinin tədris planı və təqvimi ilə bağlı bir neçə variant hazırlanıb. Tədris ilinin uzadılması barədə qərar və bunun səbəbləri bir neçə dəfə diqqətə çatdırılıb”.

Müəllimlərin Sınaq Qiymətləndirilməsi bölgələrdə də
tətbiq ediləcək


Nazir onu bildirib ki, Azərbaycanın müstəqilliyi bərpa edilən gündən təhsil sahəsində fəaliyyət göstərən müəllimlərin bilikləri, metodik və kommunikativ yanaşma bilikləri barədə sistemli məlumat yoxdur. Belə bir diaqnostik qiymətləndirmə heç vaxt keçirilməyib. Hazırda Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsinin həyata keçirilməsi mövcud potensialın müəyyən edilməsindən ibarətdir. Onun sözlərinə görə, sınaq qiymətləndirilmə təhsil sistemində qəbul olunmuş və geniş istifadə edilən alətdir. Nazir qeyd edib ki, bu sahədə qəbul olunan istənilən qərarın düzgün məlumata əsaslandırılması vacibdir: “Bakıda fəaliyyət göstərən məktəblərin sınaq qiymətləndirməsi 30 minə yaxın müəllimi əhatə edir. Növbəti mərhələdə Müəllimlərin Sınaq Qiymətləndirilməsi bütün ölkə ərazisində tətbiq ediləcək”. Nazir qeyd edib ki, Azərbaycanın təhsil sisteminin idarəetməsində dəyişikliklər baş verib. Onun sözlərinə görə, idarəedənlərin nəzərinə ali, orta, peşə təhsili sistemində tələbkarlıq, müasir idarəetmə bilikləri, təhsil sisteminin əmək bazarındakı rolunun nədən ibarət olması çatdırılıb. M.Cabbarov bildirib ki, yeni idarəedici nəslin hazırlanması istiqamətində işlər aparılır: “Pilot layihə olaraq Bakı şəhərində fəaliyyət göstərən məktəb direktorlarının 5 aylıq hazırlıq kursları başa çatıb və müvafiq namizədlər imtahan veriblər. Ümid edirik ki, həmin uğurla imtahanı verən gələcək məktəb direktorları və təhsil müəssisələrinin fəaliyyətində yeni yanaşmaların şahidi olacağıq. Buna Azərbaycan təhsilinin dərin köklərinə, keçmiş nailiyyətlərinə əsaslanaraq və müasirlik əlavə edilərək nail olunacaq”.

Bir sıra məktəblərə olan tələbat oradakı yerlərin sayı ilə
üst-üstə düşmür


Nazir onu da qeyd edib ki, bu gün Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin əhatə dairəsi ümumi tələbatın 20 faizə qədərini ödəyə bilir.
Məktəbəqədər təhsil müəssisələrinin infrastrukturu və burada uşaq yerlərinin sayı təxminən 100 uşaqdan 20 uşaq üçün nəzərdə tutulub. Onun sözlərinə görə, məktəbəqədər təhsilin imkanlarının artırılması üçün cəmiyyət, valideynlər tərəfindən bu sahə ilə bağlı qərarlar daha düşünülmüş şəkildə verilməlidir: “İstənilən halda məktəbəqədər təhsil infrastrukturunda olan problemlər üzərində dövlət işləyir. Uşaq bağçaları tikilir, özəl uşaq bağçaları yaradılır. 2014-cü ilin yanvarından Vergi Məcəlləsində ciddi dəyişiklər edilib və bu sahədə yeni mexanizmlər tətbiq edilib ki, məktəbəqədər təhsil sahəsinin əhatə dairəsi mümkün qədər genişlənsin”. Təhsil naziri orta məktəblərdəki vəziyyət barədə də məlumat verib. O qeyd edib ki, bu gün bir sıra məktəblərə olan tələbat oradakı yerlərin sayı ilə üst-üstə düşmür. Dövlətin bu problemlin aradan qaldırılması üçün konkret addımlar atdığını deyən nazirin fikrincə, hər il ümumtəhsil sistemində yeni məktəblər tikilir: “Məqsədli şəkildə çalışırıq ki, məktəblərdə təhsil səviyyəsi eyni səviyyədə saxlanılsın. Amma burada təhsil sistemi ilə bağlı olmayan məsələlər də var. Nazirlik olaraq hər zaman ictimaiyyət üçün istənilən müzakirəyə açığıq. Təhsildəki problemlərin həlli ilə bağlı daha ədalətli, məntiqli, düzgün fikirləri dinləməyə hazırıq. Problem ondan ibarətdir ki, bir çox hallarda verilən təkliflər mövcud olan məlumata əsaslanmır. Belə olduğu halda biz qərarın verilməsini real məlumata əsaslanaraq veririk”.

“Bir çox məktəblərdə
vakansiyaların sayı çoxdur və bu vəziyyət bizi narahat edir”


M.Cabbarov qeyd edib ki, Azərbaycanda pedaqoji ixtisaslar üzrə təhsil alanlar üçün təyinatların bərpası nəzərdə tutulmayıb”. Nazir bildirib ki, təyinat sisteminin olması istənilən bir seçilmiş sahədə tətbiq oluna bilməz. Onun sözlərinə görə, bu, sosial-iqtisadi kontekstdən asılı olan bir məsələdir: “Təyinatlar mərkəzləşdirilmiş və planlı yanaşma olduğu təqdirdə həyata keçirilə bilər. XXI əsrdə Azərbaycan gənclərini özlərinin seçdiyi deyil, təyinatla dövlətin seçdiyi rayonda, şəhərdə fəaliyyət göstərməyə göndərə bilmərik. Gəncləri regionlarda işləməyə cəlbə etmək üçün stimullaşdırıcı tədbirlər görülür. Bu tədbirlərin təyinatdan fərqi odur ki, onlar könüllü şəkildə verilən qərarın nəticəsidir. Qərar Təhsil Nazirliyi tərəfindən dəstəklənir və nazirlik tərəfindən stimullaşdırıcı tədbirlər həyata keçirilir”. Təhsil naziri qeyd edib ki, amma görülən bu tədbirlər də kifayət etmir. Onun sözlərinə görə, bu gün bir çox rayon və kənd məktəblərində vakansiyaların sayı çoxdur: “Bu vəziyyət bizi narahat edir. Hazırda nəzərdən, keçirdiyimiz çıxış yollarından biri odur ki, ali məktəblərdə pedaqoji ixtisaslar üzrə təhsil alan gənclər sonuncu kurslarda iş təcrübələrini məktəblərdəki vakant yerlərdə həyata keçirsinlər. Hesab edirik ki, bu, müəllim hazırlığına müsbət təsir göstərəcək. Bu həm də regionlarda və kəndlərdə müəllim çatışmazlığı problemini daha sivil şəkildə aradan qaldırmaq üçün istifadə oluna bilər”.

“Bütün təhsil sistemində əsas meyar bilik səviyyəsi
olmalıdır və belə də olacaq”

Nazir bildirib ki, tədris sistemi, təhsil mühitinin dəyişdirilməsi, sağlamlaşdırılması istiqamətində addımlar atılıb. O deyib ki, təhsil mühiti dedikdə bir çox faktorları nəzərdə tutur: “Bu gün artıq təhsil sistemində bərqərar olunan mühit ondan ibarətdir ki, təhsil alanlar, təhsil verənlər biliyinin qiymətləndirilməsinin hansı meyarlara əsasən həyata keçirildiyini bilir. Bütün təhsil sistemində əsas meyar bilik səviyyəsi olmalıdır və belə də olacaq. Mənfi hallarla mübarizə, atılan addımlardan biri olub. 1-2 il əvvəl bu sahədə olan keyfiyyət və kəmiyyət dərinliyinə görə problemlərin sayını bu gün baş verən dinamika ilə müqayisə etdikdə fərqi görmək olar. Bu sahədə məqsədimiz uzun müddətli fundamental bazaya əsaslanan dəyişiklərə nail olmaqdır. Nəticələrin olması vacib və mühümdür. Bu nəticələrin bəziləri barədə məlumat veririk. Bizim əsas məqsədimiz qısa müddətli nəticələr deyil, uzunmüddətli nəticələr əldə etmək olub. İstəklər və lazım olan tədbirlərin istiqaməti bu sahədə ana sənədi olan Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb”.

Kolleclərdə müəllim hazırlığının sayı
kəskin şəkildə azaldılıb


Nazir çıxışı zamanı deyib ki, kolleclərdə müəllim hazırlığının sayı kəskin şəkildə azaldılıb. Onun sözlərinə görə, bu məsələdə məqsəd müəllim hazırlığında saya deyil, onların hazırlıq səviyyəsinə, biliyin artırılmasına önəm və diqqətin verilməsidir. Nazir qeyd edib ki, müəllimlərin hazırlığı bir neçə ixtisaslaşmış pedaqoji məktəbdə saxlanılıb. Bundan əlavə, müəllim hazırlığı yalnız müvafiq ali məktəblərdə həyata keçiriləcək: “Formal şəkildə bu qərarın qəbul edilməsi ilə dayanmaq fikrində deyilik. Növbəti addım müəllim hazırlığı ilə məşğul olan ali məktəblərin tədris etdiyi məzmunun optimallaşdırılması və bilik səviyyəsinin artırılmasından ibarət olacaq. Ali məktəblərə qəbul olanlar keyfiyyətli təhsilə yiyələnməli, müəyyən müddətdən sonra mütəxəssis olmalı, sonra təhsil sisteminə öz töhfələrini verməlidirlər”. M.Cabbarov qeyd edib ki, son bir ildə ölkədə müəllimlərin işə qəbulu, iş yerlərinin dəyişdirilməsi, dərs yükünün optimallaşdırılması istiqamətində islahatlar həyata keçirilib. Onun fikrincə, bu sahədə şəffaflığın təmin olunması, xüsusilə müəllimlərin işə qəbulu və yerdəyişməsində proseslərin elektronlaşdırılması şəffaflıq üçün imkanları genişləndirib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info