Günəşi qarşılayanlar
Tarix: 13.06.2014 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


(əvvəli ötən sayımızda)

Kimçonq Universitetinin Beynəlxalq Təhsil Mərkəzinin direktoru, Hava yolları, otelçilik və turizm idarəçiliyi fakültəsinin professoru Hee Cun Lee heyətimizi universitetlə yaxından tanış etdi. Universitet 2007-ci ildə 1978-ci ildən fəaliyyət göstərən Kimçonq Biznes kollecinin əsasında yaradılıb. Ailə idarəçiliyi prinsipinə əsaslanan bu ali məktəbdə 20-dən artıq fakültə fəaliyyət göstərir. Universitetdə ingilis dili, tibb, beynəlxalq turizm və otelçilik, incəsənət sahəsi üzrə tədris yüksək səviyyədədir. «Dünyanı sevgi yolu ilə qazanaq!» ideyasını rəhbər tutan bu ali məktəbdə dünyanın dörd qitəsindən təhsil alanlar var. Naxçıvan Dövlət Universitetindən tərcümə (ingilis dili- Azərbaycan dili), hüquqşünaslıq, stomotologiya ixtisası üzrə 3 nəfər birinci kurs tələbəsi də 2012-2013-cü tədris ilinin ikinci semestrində tələbə mobilliyinə əsasən ali təhsillərini Koreyanın Kimçonq Universitetində davam etdirib.
Universitetdə xüsusi səliqə-səhman, ağappaq, gül-çiçəklə bəzədilmiş, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar göz oxşayır. Burada Hava yolları, otelçilik və turizm fakültəsində restoran xidmətinın əyani şəkildə öyrədilməsinin şahidi olduq. Hava yolları xidmətinin əyani şəkildə öyrədilməsi üçün nəzərdə tutulan, təyyarənin sərnişin salonunun maketi şəklində olan auditoriyaya daxil olduqda istər-istəməz qayıdarkən təyyarə ilə qət edəcəyimiz uzaq məsafənin çətinliyini xatırladıq, Vətən üçün nə qədər qəribsədiyimizi hiss etdik. Stamotologiya və diş texnikliyi, ali təhsilli tibb bacıları hazırlanan fakültələrdə auditoriyalardakı müasir tibb avadanlıqları, mulyajlar, xüsusi stamotoloji kabinələr, laboratoriyalar, insanı heyran qoyur. Qida sənayesinin tədris olunduğu fakültədə şərabçılıq, meyvələrin çeşidlənib xüsusi soyuducu anbarda saxlanılması, şərab istehsalı prosesi, burada hazırlanan, yüksək keyfiyyətli, müxtəlif çeşidli şərabların nümayiş olunduğu sərgi ilə tanış olduq. Universitet müxtəlif istehsal sahələri ilə məşğul olmaqla təkcə tələbələrin təhsil haqqı hesabına deyil, ixrac etdiyi yüksək keyfiyyətli məhsulların satışı hesabına da maliyyələşir. Bu, həm də müxtəlif ixtisaslarda təhsil alan tələbələrin istehsalatda çalışmaqla peşə tərübəsi qazanmalarına imkan verir.
Səfərimiz universitetdə təhsil alan xarici tələbələrlə görüşə təsadüf etdiyindən məmnuniyyətlə bu görüşdə iştirak edib rektorun xarici tələbələrə böyük həssaslıqla, ana qayğısı ilə yanaşdığını müşahidə etdik. Heyətimizin rəhbəri, tədris işləri üzrə prorektor, dosent Seyid Surə görüşdə çıxış edərək Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmovun salamlarını çatdırdı, ölkələrarası əlaqələrin inkişafında elm, təhsil sahəsində tərəfdaşlığın rolundan danışdı, Naxçıvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlığında dost, tərəfdaş universitet olan Kimçonq Universitetinin ayrıca yeri olduğunu bildirdi.
Rəsmi görüş zamanı tanıtım filmi vasitəsilə Kimçonq Universitetinə yaxından bələd olduq, digər fakültələrə də virtual səyahət etmək imkanı qazandıq. Rektor, xanım Sunq Ae Kanq Kimçonq Universiteti haqqında ətraflı məlumat verdikdən sonra tədris işləri üzrə prorektor, dosent Seyid Surə əməkdaşlığın gələcək inkişafının başlıca istiqamətlərindən, təcrübə mübadiləsi, tələbə mobilliyi sahəsində qarşıda duran vəzifələrdən danışdı. Görüşdə naxçıvanlı həkim-müəllimlərimizin Kimçonq Universitetində təkmilləşdirmə kurslarında olması, Azərbaycan dili kurslarının açılması, Azərbaycan ədəbiyyatını, mədənyyətini təbliğ edəcək mərkəzin yaradılması ilə bağlı təkliflər səsləndirildi. Dilimiz, dinimiz ayrı olsa da, ideyalarımızın birləşdirdiyi həmkarlarımızdan səmimiyyətlə ayrıldıq.
Koreya Kiber Universitetində universitetin rektoru, professor Choong Soon Kim heyətimizi qəbul edərkən dünyada ilk kiber universitet olan bu ali təhsil ocağının Koreya Chungang Təhsil Vəqfi ( KCEF ) altında Koreya Universiteti ilə birlikdə fəaliyyət göstərdiyini, Koreya ali məktəbləri sırasında birinci onluğa daxil olduğunu bildirdi. Bir çox xarici universitetlə əməkdaşlığa malik olan universitet Koreya tarixinin və mədəniyyətinin təbliği məqsədilə rəsmi səfərlərin təşkili ilə məşğul olan Koreya fondu ilə əlaqəli fəalyyət göstərir, 2013-cü ildən etibarən Koreya dilinin pulsuz və sürətli onlayn tədrisini həyata keçirən "Korean Quick" proqramını uğurla həyata keçirir. Tədris işləri üzrə prorektor, dosent Seyid Surə məlumat verdi ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elektron hökumət və elektron universitet quruculuğu, elm və təhsilin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Elektron təhsil şəbəkəsi, elektron kitabxana yaradılması, semestr imtahanlarının elektron test üsulu ilə aparılması, virtual əməkdaşlığın genişlənməsi, beynəlxalq videokonfransların təşkili buna əyani sübutdur. Koreya Kiber Universitetinin rektoru Naxçıvan Dövlət Universitetində Cənubi Koreya mədəniyyət və dil tədrisi mərkəzlərinin fəaliyyəti, “Koreyaşünaslıq” seçmə fənninin, Koreya dilinin tədrisi, 7 nəfər koreyalı tələbənin təhsil alması ilə bağlı məlumatları məmnunluq hissi ilə qarşılayaraq Koreya dilinin və mədəniyyətinin tədrisi üçün lazımi köməkliklər göstərməyə hazır olduğunu vurğuladı. Görüşdə universitetlərarası əməkdaşlığın inkişafı, gələcəkdə əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı təkliflər səsləndirildi.
Universitetin rəhbərliyi ilə keçirilən görüşdə universitetin tanıtım filminin nümayişindən sonra məlumat verildi ki, qəbul planı 2500 nəfər olan, 5 fakültədə 19 ixtisas üzrə bakalavr və magistratura təhsil pilləsi üzrə ali təhsil verən bu universitet “tələbəsiz universitet” və “işləyə-işləyə təhsil” modelinin ilk unikal nümunəsidir. Burada müxtəlif ixtisaslar üzrə ikinci ali təhsil də almaq mümkündür. 2001-ci ldən 970 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 39 ölkənin də vətəndaşları daxıl olmaqla 11 000 tələbə onlayn təhsil alır. Görüşdə onlayn təhsil, imtahan prosesi və qiymətləndirmə ilə bağlı suallar cavablandırıldı. Onlayn imtahanlarda şəffaflığın qoruması üçün identifikasıyanın, elektron imzanın tətbiq edilməsi ilə bağlı məlumat Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsinin nümunəvi qurulmasında bizim də yararlanacağımız məlumatlar idi.
Koreya Kiber Universitetində onlayn təhsil üçün kontentlərin hazırlandığı studiyalarla tanışlıq universitetimizin multimedia infrastrukturunun nümayəndələri üçün maraqlı oldu. Burada mühazirələr müasir texnologiyaların köməyi ilə ekranlaşdırılıb montaj edildikdən sonra video, slayd və mətn, hər üç üsuldan paralel istifadə etməklə müxtəlif növ kontentlər hazırlanır.
Səfər zamanı ökənin tarixi-memarlıq komplekslərini, görməli yerlərini də gəzməyə fürsət tapdıq. Min iki yüz illik tarixi olan, Cənubi Koreyanın ən məşhur buddist məbədi Bongeunsada epiqrafik yazılar, tarixi abidələr qorunub saxlanılır. Əvvəllər Gyeonseongsa məbədi adlanan bu məbəd 794-cu ildə inşa edilib. 1498-ci ildə hakimiyyətdə olan xanım Jeonghyeon, Kral Seongjongun məzarının şərqində olan Gyeonseongsa məbədini yeniləyərək Bongeunsa adlandırıb. 1498-ci ildə məbəd əsaslı təmir edilib. Burada Kim Jeong- heenin də işləri daxil olmaqla 3479 ədəd buddist yazı nümunələri qorunub saxlanılır. 1960-cı illərdən fəaliyyətə başlayan Dongguk Tərcümə Mərkəzi bu yazıların tədqiqi ilə məşğul olur. Yapon istilası və Koreya müharibəsi zamanı dağıntılara məruz qalan məbəd yenidən bərpa edilərək Koreya Buddizm Mərkəzinə, ölkənin əsas turizm məkanına çevrilib. Bongeunsada Maitreya Buddaya ucaldılmış 23 metr hündürlüyündə abidəyə və müxtəlif dövrləri əks etdirən digər memarlıq nümunələrinə böyük maraqla tamaşa etdik.
Seulun Şimalında yerləşən, Gyeongbokgung adlanan kral sarayı da tarixiliyi və milli arxitekturası ilə seçilir. Gyeongbok “cənnət tərəfindən hifz edilən saray” deməkdir. Saray 1395-ci ildə tikilib, yandıqdan sonra tərk edilib, təxminən 3 əsr baxımsız qalıb. 1867-ci ildə isə yenidən bərpa edilib. Bu saray Joseon sülaləsinin hakimiyyəti dövründə tikilmiş “Beş möhtəşəm saray”dan (Changdeokgung, Changgyeonggung, Deoksugung, Gyeongbokgung və Gyeonghuigung) ən genişi və önəmlisidir. Saray həyətində orta əsrlərdəki saray həyatını, idarəetməni, saray ordusunu əks etdirən kütləvi səhnələrə maraqla tamaşa etdik.
Seulun düz mərkəzində, ən yüksək nöqtəsində, Namsan dağında yerləşən, məşhur Seul qülləsi şəhərin simvoludur. 236, 7 m hündürlüyündə olan, kanat yolu ilə qalxdığımız qüllədən şəhər ovuc içi kimi, olduqca gözəl görünür. 2,5 milyon ABŞ dollarına başa gələn, tikintisi 1969-cu idən 1971-ci ilin sonlarına qədər çəkən bu qüllə 1980-ci ildə istifadəyə verilib. Qüllənin təmir və bərpasına isə 15 milyard von (Koreya pulu) vəsait xərclənib. 2005-ci ildən qüllənin adına əlavə edilən “N” hərfi “yeni”, “Namsan” və “təbiət” sözlərini ifadə edir.
Cənubi Koreyanın ən cənub bölgəsində yerləşən, Seuldan sonra ikinci böyük şəhəri olan Busandakı dəniz gəzintisi əyləncəli keçdi. Busan həm də ölkənin ən böyük, dünyanın beşinci böyük liman şəhəridir. 2007-ci ilin sonlarında istifadəyə verilən, APEC (Asiya və Sakit okeanı hövzəsi ölkələri) Liderlər Yığıncağını əks etdirən APEC Memoriala, “Samsunq” şirkətinin satış-sərgi mərkəzinə və digər turistik ərazilərə ekskursiyamız da maraqlı oldu. Səfər müasir texnologiyalar, elektron təhsil şəbəkəsi ilə bağlı bilik və təcrübəmizi artırdı, eyni zamanda özünəməxsus tarixə və mədəniyyətə, inkişaf yoluna malik bir ölkə haqqında bizdə zəgin təəssüratlar yaratdı.
Günəş, kainatı ilk dəfə burada salamlayır. İnsanlar hər sabah Günəşi erkən qarşılmaqla onun zərrin şəfəqlərindən nur, ziya, enerji alırlar. Koreyanı, texnologiyanın dili ilə desək, “smartlar Vətəni” də adlandırmaq olar. Təbii sərvətə malik olmayan bu ölkənin yeganə və ən böyük varidatı, ağıl, idrak, təşəbbüskarlıq və zəhmətkeşlikdir. Bu, əsrlər boyu imperiyaların, müharibələrin, milyardların qazana bilmədiklərini qazandıran, yeganə tərəqqi və rifah yolu olan, heç vaxt tükənməyən, dəyərini itirməyən, möcüzələr yaradan bir varidatdır. Biz də öyrəndiklərimizi, təcrübəmizi tətbiq etmək, paylaşmaq həvəsi və enerjisi ilə Vətənə döndük. İnanırıq ki, universitetin rektoru, professor Saleh Məhərrəmovun da səfərdən qayıdan heyətimizlə görüşündə qeyd etdiyi kimi, keçdiyimiz təlimlər müasir texnologiyaların öyrənilməsi və tədrisdə tətbiqi, layihənin uğurla reallaşdırılması baxımından əhəmiyyətli olacaq.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri
Filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Jurnalistlər Birliyinin üzvü




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info