Ruslara Qarabağ mövzusunda məqalə yazdıran diaspor jurnalisti
Tarix: 14.06.2014 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


İlahə Ələkbərova: “Tək Rusiyada yox, bütün dünyada mədəniyyətimizi, tariximizi və ədəbiyyatımızı tanıdacağam”
Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılmasında diaspor jurnalistlərinin böyük rolu var. Belə jurnalistlər Azərbaycanın xaricdəki səsidir. Müsahibimiz İlahə Ələkbərova da diaspor jurnalisti olaraq Rusiya Federasiyasında Azərbaycanın haqq səsi uğrunda mücadilə edir. Xatırladaq ki, İlahə xanım, 1994-cü ildə Gədəbəy rayonunun Novo-İvanovka kəndində dünyaya gəlib. Sonra isə valideynləri Moskva şəhərinə köçüblər. Deyir ki, özünü tanıyandan burada yaşayır. Hazırda Moskva Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Beynəlxalq jurnalistika fakültəsində ( III kurs) oxuyur. Eyni zamanda Ümumrusiya Azərbaycan Konqresində jurnalist kimi çalışır.

-Sizdə jurnalistikaya maraq haradandır?
- 10 yaşımdan jurnalistika ilə məşğulam. Hər şey məktəb qəzetindən başladı və belə də marağım artdı və həmin yaşımda dəqiq bilirdim ki, mən gələcəkdə jurnalist olacağam. 12 yaşımda Beynəlxalq Gənc Jurnalistlər festivalında qələbəni əldə edəndən sonra bu peşədə mənə yol açıldı. Öncə “Pionerskaya Pravda” qəzetində çalışmışam.Burada qohumlarımız çoxdur, yəni azərbaycanlıların ətrafında böyümüşəm. Mən həmişə istəmişəm ki, ən azından işim Azərbaycanla bağlı olsun. Gec-tez arzum yerinə yetdi. İndi mənim işim sırf həmyerlilərimizlə bağlıdır. Mən bizim həmvətənləri Rusiya cəmiyyətinə tanıtmaq üzərində çalışıram.
- Rusiyadakı gənclərimizin ictimai-siyasi aktivliyi hansı səviyyədədir?
- Bu gün əminliklə demək olar ki, bizim Rusiyada yaşayan gənclərimiz buranın cəmiyyətinə, mədəniyyətinə, təhsilinə tamamilə inteqrasiya ediblər. Bunda da Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) böyük rol oynayır. Məsələn, 10 il bundan əvvəl buradakı gənclərimiz indiki kimi sıx əlaqədə olmurdular. Lakin indi bayramlarımızda, tədbirlərdə biz birlikdə oluruq. Ruslar demiş “qəmgin gündə də, şən gündə də birlikdə”. Öz mədəniyyətimizi ruslara tanıtmaqdan başqa, gənclər buranın ictimaiyyətində də aktiv fəaliyyət göstərirlər. Bunun sübutu, onların yerli müsabiqələrdə, festivallarda iştirak etmələridir.
-ÜAK gənclərimizin ictimai-siyasi aktivliyi üçün hansı addımlar atır?
- ÜAK-ın yarandığı gündən ən əsas məqsədlərindən biri gənclərlə işləməkdir. Çünki heç kimə sirr deyil ki, gənclər gələcəyimiz deməkdir. Bunu başa düşərək ÜAK çalışır ki, bütün işlərinə gəncləri cəlb etsin. Gələcəyimizdə diaspor üzvlərinin yenilənməsi gənclərsiz mümkün deyil, ona görə bu gün biz əlimizdən gələni eləməliyik ki, hər bir gənc uzaqda da olsa, Vətənimizin uğuru üçün işləsin və mədəniyyətimizi qoruyub başqalarına çatdırsın.
ÜAK Azərbaycan Təhsil Nazirliyi ilə birlikdə Rusiyada yaşayan gənclərimizin burada pulsuz oxumaları üçün bütün şəraiti yaradır. Hər il təxminən 50 tələbə Rusiyanın ən prestijli universitetlərinə daxil olurlar. Hər bir universitetdə də Azərbaycan gənclər birliyi yaranır, biz hər belə birliklə sıx əlaqə saxlayırıq və hər cəhətdən də onları dəstəkləyirik.
Onu da qeyd etmək istərdim ki, bu ildən bizim sahəmizdə (dərslər altıncı və bazar günlər olur) məktəb açılıb, orada peşəkar müəllimlər dərs deyir. Azərbaycan dili, tarixi və ədəbiyyatı, ingilis və rus dilləri, Azərbaycan milli musiqisi və rəqsi - bunlar hamısı pulsuzdur, yəni hər bir gənc problemsiz bu dərslərə qatıla bilər. Bu məktəblə birgə virtual dərslər də var. Həvəsi olanlar “Skype” vasitəsi ilə istədiyi fənləri öyrənə bilər.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı ilə gördüyümüz işlərdən də danışmaq istərdim. Məsələn, keçən il Moskvada Tofiq Bəhramov adına futbol turniri keçirdik. Çox böyük uğurla keçən yarışmada 100-dən artıq gənc iştirak etdi, bu da gənclərimizin irəli addım atmalarına bir köməkdir. Demək olar hər gün ÜAK-a bizim gənclərimiz təhsil, şəxsi təhlükəsizlik və s. məsələlərlə bağlı müraciət edirlər. Bunun üçün hüquqşünaslarımız hər bir kömək etməyə hazırdırlar.
ÜAK mədəniyyət, təhsil, idmana da çox böyük yer ayırır. Yəni bu mövzu ilə bağlı saatlarla danışsaq da qurtarmaz. Sadəcə onu demək istəyirəm ki, Vətəndən uzaqda olan gənclərimiz, burada özlərini tək hiss etmirlər, onların sərbəst və təhlükəsizlik yaşamalarında ÜAK-ın çox böyük rolu var.
- Rusiyada jurnalist işləməyin hansı özəlliyi var?
- Mən jurnalist yolumu burada başlamışam deyə, bu suala cavab verməkdə bir az çətinlik çəkirəm. Lakin onu qeyd etmək olar ki, Rusiyada Azərbaycan diasporu böyükdür, hər gün nəsə baş verir, bunu deyəndə pis tərəfləri nəzərdə tutmuram. Rusiyanın hər bölgəsində bizim ziyalılarımız, istedadlı gənclərimiz, tanınmış müğənnilərimiz, rəssamlarımız var. Bunlardan yazmaqdan mən böyük zövq alıram. Demək olar hər gün mən yeni insanlarla tanış oluram, onların həyatlarının maraqlı anlarını öyrənirəm və bunun da təbii ki, özəlliyi var.
Hər yeni iş günüm dünənki günə bənzəmir. Mənim işim mənim üçün sadəcə iş deyil, işim mənim həyat tərzimdir. Bu həyat tərzi mənim çox xoşuma gəlir.
-Xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əməkdaşlıq edirsizmi?
- Sözün açığı, xaricdəki jurnalistlərlə çox az əlaqədə oluram. Tez-tez əlaqədə olduğum jurnalistlər Azərbaycan mediasının buradakı nümayəndələridir. Onlarla demək olar bütün tədbirlərdə birlikdə oluruq, bir-birimizə çox böyük dəstək göstəririk. Başqa əməkdaşlıq etdiyim jurnalistlər Rusiyanın TV və qəzetlərinin əməkdaşlarıdır. Çox vaxt yerli qəzetlərdə Azərbaycan haqda məqalələrim çap olunur.
- Siz əsasən diaspor mövzusunda yazılarla çıxış edirsiz. Diaspor jurnalistlərinin indiki vəziyyətini necə qiymətləndirirsiz?
- Bilirsiniz, mən ümumiyyətlə, çalışıram ki, indi heç nəyə və heç kimə qiymət verməyəm. Sadəcə hələ bu səviyyəyə çatmamışam. Amma onu deyə bilərəm ki, mən bildiyimə görə bizim ölkənin burada jurnalist nümayəndələri digər ölkələrin jurnalistlərindən daha çoxdur. Və bu da o deməkdir ki, burada bütün baş verən hadisələr yetərincə çox tez sizlərə çatdırılır.
- Ölkəmizdəki gənclərlə əlaqələriniz varmı?
- Əlbəttə. Baxmayaraq ki, Rusiyada yaşayıram, mənim 80 faiz dostlarım Azərbaycanda yaşayan gənclərimizdir. Bir neçə il öncə mən Azərbaycan dilində çox zəif danışırdım, nəsə demək istəyəndə öncə çox fikirləşirdim ki, necə deyim mənə gülməsinlər. Amma indi ədəbi dilimizdə danışa bilməsəm də, sərbəst fikrimi çatdıra bilirəm. Bu uğurumda mənə Azərbaycanda yaşayan dostlarım kömək etdi. Mən onlarla yalnız öz dilimizdə danışırdım, onlar mənə maraqlı kitablar tövsiyə edirdilər. Bakıya gələndə bir neçə universitetlərin leksiyalarında iştirak etdim, bunlar həqiqətən mənim inkişafımda çox böyük kömək oldu. İndi mən mədəniyyətimizi, incəsənətimizi, musiqimizi, ədəbiyyatımızı çox yaxşı bilirəm. Onu demək istəyirəm ki, bu nəticə mənim oradakı gənclərlə sıx əlaqədə olmağımın əməyidir.
- Ümumiyyətlə, Vətənlə əlaqələriniz hansı formadadır?
- Mənim qohumlarımın çoxu Azərbaycanda yaşayır. Onların həyatındakı ən böyük dəyişikliklərdən xəbərim olur. Ən azından mən də bəzi hadisələrdə iştirak edirəm. Burada yaşadığıma baxmayaraq, Vətənlə olan əlaqəm çox sıxdır və getdikcə də bu əlaqə daha da möhkəmlənir. Hər dəfə Azərbaycana gələndə sözlə deyiləsi mümkün olmayan hisslər keçirirəm, həqiqətən Vətənimi çox sevirəm. Bu gün mənim ən böyük arzum Gədəbəyə köçməkdir. Orada rusdilli məktəbi var. O məktəbin çox istedadlı məzunları var və həmin o məktəbdə mən dərs demək istərdim. Ümid edirəm ki, bu arzum çin olar.
-Sonuncu dəfə Azərbaycanda nə vaxt olubsunuz?
- Təəssüf ki, istədiyim qədər çox ola bilmirəm. Amma ildə bir-iki dəfə oluram, həm doğmalarımı görürəm, həm də istirahət edirəm. Axırıncı dəfə Azərbaycanda bu ilin əvvəlində olmuşam, işlə bağlı gəlmişdim. Amma çox gəzə bilmədim. Ümid edirəm avqustda Vətənlə bağlı bütün planlarımı həyata keçirəcəm. Şəki və Qobustana getmək istərdim. Bir neçə yeni layihəm də var, alınsa, çox maraqlı olacaq.
- Siz demək olar ki, Azərbaycanda yaşamamısız. Vətəndən uzaqda milli-mənəvi dəyərlərimizi ruhən necə yaşada bilirsiz?
- Baxmayaraq ki, rusların ətrafında böyümüşəm, mən doğma mədəniyyətimi, adətlərimizi unutmamışam. Universitetdə və şəhərdə rus dilində danışsam da, evdə yalnız öz dilimizdən istifadə edirəm. Bu mənim prinsipimdir. Öz mədəniyyətimizi qoruyub tanışlarıma çatdırıram. Bir misal deyəcəm, hər il keçirilən Beynəlxalq Gənc Jurnalistlər festivalında iştirak edirəm, amma bu il mən iştirakçı kimi yox, jüri kimi dəvət olunmuşdum və bundan istifadə edərək “Dağlıq Qarabağ münaqişəsi haqda nə bilirəm?” adlı nominasiya elan etdim. Nəzərinizə çatdırmaq istərdim ki, bu mövzuda ruslar yazırdı. Bilirsiniz, gənc jurnalistlər necə də maraqlı məqalələr yazmışdılar. Axırda ÜAK-ın adından üç qalibə hədiyyə verdik, onların məqalələri bizim qəzetdə və saytda çap olunmuşdu. Mən, bunu ən azından rus aləminə çatdırmaq məqsədi ilə etdim. Yəni bu indiyə kimi etdiyim ən böyük layihələrdən biridir. Universitetimizdə tez-tez bayramlar keçiririk. Keçən il Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş bir tədbir keçirdik. Orada rusların tələbələri də bir neçə şeir söylədilər. Mən imkan daxilində bizim mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı tək Rusiyada yox, bütün dünyada tanıdacağam.
-Ümumiyyətlə, Azərbaycandan kənarda azərbaycanlı olmaq nə dərəcədə asandır?
- Bu sualla siz mənim yaralı yerimə toxundunuz. Heç də asan deyil burda yaşamaq. Azərbaycanda yaşayanların əksəriyyəti elə bilirlər ki, buradakı həyat Azərbaycandan yaxşıdır, amma yox, elə deyil. Kənardan elə görünə bilər. Bəli, burada oxumağımız üçün çox gözəl şərait yaradılıb, amma Azərbaycanda bu şərait iki qat üstündür. Mənim heç vaxt yerli vətəndaşlarla millətimə görə problem yaranmayıb. Mənim rus dostlarım da var və onlar həmişə çox böyük maraqla bizim ölkəmiz haqda biliklərini bölüşürlər. Baxmayaraq ki, həyatımın çoxunu burada yaşamışam, amma Moskva mənim üçün doğma şəhər ola bilmədi. Mən hələ də burada özümü qonaq kimi hiss edirəm. Mən hər səhər Vətənə birdəfəlik qayıtmaq arzusu ilə yuxudan oyanıram. Çox təəssüf ki, bu arzum həyata keçmir. Bəlkə də nəsə dəyişər, amma yaxın zamanda olduğuna inanmıram. Amma bir gün mən qayıdacağam, özü də birdəfəlik.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info