Səlim Müslümov: “Dünya üzrə gənclərin işsizlik səviyyəsi 12.6 faiz, İƏT ölkələri üzrə 15.6 faiz olub”
Tarix: 17.06.2014 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitənin ilk iclası öz işinə başlayıb. İki gün davam edəcək iclasda Komitəyə üzv ölkələrin (Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, Liviya və Malayziya) aidiyyəti dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri, İƏT-in Katibliyi və tabe təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak edir. Tədbirə başlanmazdan öncə “Qurani-Kərim”dən ayələr oxunub. İclası giriş sözü ilə açan Rəhbər Komitənin sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirilən bu tədbirin İƏT Katibliyinin və üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafına dayanıqlı və sistemli münasibətinin təzahürü olduğunu qeyd edib. “Rəhbər Komitənin bu ilk iclasının məqsədi Çərçivə sənədinin icrasının qiymətləndirilməsi, İƏT-in əmək nazirlərinin 2015-ci ildə İndoneziyada keçiriləcək növbəti Konfransına müvafiq hesabatın təqdim edilməsi, eləcə də ortaq maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparmaqdır. Çərçivə sənədinin əhatə etdiyi məsələləri, o cümlədən məşğulluğun səviyyəsinin yüksəldilməsi, yoxsulluğun azaldılması və əmək məhsuldarlığının artırılmasını İƏT-ə üzv dövlətlər üçün ortaq maraq kəsb edən məsələlər hesab etmək olar”.
S.Müslümov son illərin qlobal iqtisadi-maliyyə böhranının İƏT-ə üzv dövlətlərin əmək bazarına təsirsiz ötüşmədiyini, bir sıra dövlətlərdə çoxsaylı iş yerlərinin bağlanmasına səbəb olduğunu bildirib. “Reallıq budur ki, hazırda dünyanın digər inkişaf etmiş regionları ilə müqayisədə İƏT regionunda ümumi və ayrı-ayrı əhali qrupları üzrə məşğulluq səviyyəsi aşağı olaraq qalır. Məsələn, 2012-ci ildə dünya üzrə gənclərin işsizlik səviyyəsi 12.6 faiz olduğu halda, İƏT ölkələri üzrə orta göstərici 15.6 faiz olub”.
Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin dinamik sosial-iqtisadi tərəqqisini stimullaşdıran uğurlu siyasəti qeyri-neft sektorunun və regionların inkişafı şəraitində yeni iş yerlərinin açılması, səmərəli məşğulluğun təminatı və əhalinin sosial müdafiənin gücləndirilməsi, işsizliyin və yoxsulluğun azaldılması sahələrində də mühüm nailiyyətlərə səbəb olub. “Son 10 ildə ölkəmizin ümumdaxili məhsulu 3.4 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,6 dəfə artmış, iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 132 milyard dollar təşkil etmiş, strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb. Habelə, 1 milyon 200 mindən çox yeni iş yeri yaradılmış, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 45 faizdən 5.3 faizə enmiş, əhalinin gəlirləri 6.5 dəfə çoxalıb. Qazanılan iqtisadi uğurlara nüfuzlu beynəlxalq institutlar və reytinq təşkilatları tərəfindən də yüksək qiymət verilir. Bunun daha bir ifadəsi kimi, 2013-cü ildə “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə olmuş və bu hesabatda ölkəmiz 7 pillə irəliləyərək 148 ölkə arasında 39-cu yerə yüksəlib”.
Bununla belə, Ermənistanın Azərbaycana hərbi təcavüzünün ölkəmizin iqtisadi-sosial inkişafında böyük maneə olduğunu vurğulayan S.Müslümov bu təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. “Eyni zamanda, ölkə iqtisadiyyatına 60 milyard dollardan çox ziyan dəymiş, minlərlə infrastruktur obyekti dağıdılıb, iqtisadiyyatın inkişafı üçün həlledici rol oynayan əmək ehtiyatları ciddi şəkildə azalıb. Biz məmnunuq ki, İslam Əməkdaşlıq Təşkilatı və üzv dövlətlər dəfələrlə Ermənistanın işğalçı siyasətinə qarşı sərt bəyanatlar səsləndirib və birmənalı mövqe nümayiş etdiriblər”.
S.Müslümov Azərbaycanın İƏT çərçivəsində, digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişafına səy göstərdiyini bildirib. “Bu mövqe İƏT-in əmək nazirlərinin ötən ilki konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir daha bəyan edilmişdir. Görüşdə cənab Prezident mərkəzi qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etmiş və Azərbaycanda işsizliyin aradan qaldırılması sahəsində qazanılan təcrübənin digər dövlətlər üçün maraqlı olacağını qeyd etmişdir. Azərbaycan Prezidenti İƏT-in Bakıda bir qurumunun yaradılmasının bizim birliyimizi daha da möhkəmləndirə biləcəyini vurğulayıb”.
Təşəbbüsün konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirildiyini qeyd edən S.Müslümov bildirib ki, həmin konfransın Yekun Bəyannaməsində İƏT Katibliyinə Əmək Mərkəzinin yaradılması ilə bağlı müvafiq araşdırmaların aparılması tapşırılıb. “Artıq İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması ilə bağlı Konsepsiya Sənədi və Mərkəzin Nizamnaməsinin layihəsi hazırlanmış və baxılması üçün üzv dövlətlərə təqdim edilib. Hesab edirik ki, belə bir Mərkəzin yaradılması üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə məsələlərinin inkişafı sahəsində regional əməkdaşlığı gücləndirəcək, eləcə də üzv dövlətlər arasında qabaqcıl innovativ və sosial inteqrasiya təcrübələri və beynəlxalq standartların mübadiləsini sürətləndirəcək”. Nazir İƏT-in əmək nazirlərinin 2015-ci ildə İndoneziyada keçiriləcək növbəti konfransında sözügedən Əmək Mərkəzinin yaradılması ilə bağlı qərar qəbul ediləcəyinə əminliyini bildirib və iclasın işinə uğurlar arzulayıb.
İƏT-in Baş Katibinin iqtisadi məsələlər üzrə yardımçısı səfir Hameed A.Opeloyeru bu tədbirin İƏT çərçivəsində əmək, məşğulluq və sosial müdafiə kimi aktual bir sahədə də əməkdaşlığın güclənməsinin bariz ifadəsi olduğunu vurğulayıb. H.A.Opeloyeru bu əməkdaşlığın İƏT-ə üzv ölkələrin müvafiq fəaliyyət sahələrində inkişaf meyllərinə dəstək rolu oynayacağına və iclasın öz qarşısında duran məsələləri uğurla yerinə yetirəcəyinə əminliyini bildirib. Daha sonra iclasın gündəliyi və iş proqramı qəbul edilib.
İclasın işçi sessiyasında Rəhbər Komitənin üzvləri tərəfindən əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı nəzərdə tutan Çərçivə sənədinin icrası məqsədilə hazırlanmış Fəaliyyət Planının müzakirəsinə başlanılıb. İclas çərçivəsində Dövlət Məşğulluq Xidmətləri üzrə Şəbəkəyə dair müzakirələr də aparılacaq, İƏT-in Əmək Nazirlərinin növbəti konfransına təqdim olunmaq üçün hesabat və İcra Proqramının layihəsi nəzərdən keçirilərək qəbul olunacaq. Xatırladaq ki, İƏT-in əmək nazirlərinin ötən il Azərbaycanda keçirilən ikinci konfransında qəbul olunan Əmək, məşğulluq və sosial müdafiə məsələləri üzrə Çərçivə Sənədi Təşkilata üzv ölkələr arasında həmin sahələrdə uzunmüddətli əməkdaşlıq prioritetlərini əhatə edir. Sənədin icrası işlərinin əlaqələndirilməsi məqsədilə yaradılmış Rəhbər Komitəyə Azərbaycan da daxil olmaqla İƏT-in üzvü olan 9 ölkə daxildir. İƏT-in əmək nazirlərinin gələn il keçiriləcək növbəti konfransına qədər Rəhbər Komitəyə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sədrlik edir.
İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info