Ən gənc doktorant xaricdə təhsil almağa yollanır
Tarix: 17.06.2014 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Fatma Qurbanzadə: “Elmimizin necə gənc dühalara sahib olduğunu başqa xalqlara da göstərəcəyəm”

Son illərdə Azərbaycanda yürüdülən gənclər siyasəti artıq öz bəhrəsini verməkdədir. Perspektiv vəd edən gənclər ayrı-ayrı dövlət qurumlarında irəli çəkilir, hətta, bir sıra aktiv gənclər idarəetmə, biznes işlərində aparıcı rol da oynamağa başlayıblar. Bütün bunlar ölkədə gənclərə verilən önəmin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Belə amillərin bol olması isə ölkədəki ictimai həyatda aktiv olmağa can atan gənclərimiz üçün də stimul olur. Belə gənclərdən biri də Fatma Qurbanzadədir. Bu gənc xanım bir tədris proqramının, 10-dan çox elmi məqalənin müəllifidir, Dillər Universitetinin Təlimdə innovasiyalar təhsil kafedrasının müəllimi, həmçinin Pedaqoji fakültədə tədris işləri üzrə dekan müavini vəzifəsində çalışır. Fatma Qurbanzadə ilə olan müsahibəni oxuculara təqdim edirik.
- Aktiv gənc kimi ölkədə aparılan gənclər siyasətini necə dəyərləndirərdiniz?
- Gənclər siyasəti ilə bağlı çox danışmaq olar. Təkcə bir əsas məqamı qeyd edim ki, bu gün respublikada möhtərəm Prezident İlham Əliyevin verdiyi sərəncama uyğun olaraq “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çox uğurlu şəkildə müxtəlif sferalarda öz əksini tapır. Məlum olduğu kimi, proqramın əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənc mütəxəssislərin işlə təmin olunması və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Bu istiqamətdə də gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi, gənclərin inkişafında yerli icra strukturlarının və bələdiyyələrin iştirakının artırılması, yerlərdə gənclərə diqqətin gücləndirilməsi işləri aparılır.
- Ali təhsil ocağında çalışırsınız. Ali məktəblərin gənclərimizin aktiv həyatda rolunun artırılmasında hansı rolunu görürsünüz?
- Təbii ki ali məktəblərin burada rolu böyükdür. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı da yeniləşən Azərbaycanın dövlət quruculuğunda əsas sütuna çevrilmiş gənclər siyasətinin uğurla həyata keçirilməsində əsas baza rolunu oynayır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda bir sıra ali təhsil məktəbləri Avropanın ən öncül ali məktəbləri ilə qarşılıqlı mübadilə proqramı əsasında müqavilələr bağlayır, tələbələrin təhsillərini xarici universitetlərdə davam etdirmək və daha da peşəkar nailiyyətlər əldə etmək kimi şansını artırırlar. Belə təhsil ocaqlarından biri də məhz məzunu olduğum Azərbaycan Dillər Universitetidir. Avropa ölkələrinin maliyyə dəstəyi ilə təşkil olunmuş Erasmus proqramı Azərbaycanın bir neçə sayılıb seçilən təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Artıq bir neçə ildir ki, koordinator vəzifəsini daşıyan Azərbaycan Dillər Universiteti bu missiyanın öhdəsindən layiqincə gəlir. Nəticə olaraq, 2013-2014-cü Tədris ili müddətində Erasmus proqramı üzrə Avropanın müxtəlif universitetlərində Azərbaycan Dillər Universitetinin 22 nəfər tələbə-müəllim heyəti təhsil alacaq. Eyni zamanda həmin layihə çərçivəsində Azərbaycan Dillər Universitetinə Avropadan 4 nəfər bakalavr və 1 magistr gələcək. Hazırda Erasmus proqramı çərçivəsində Azərbaycan Dillər Universitetinin 50-dən artıq magistri, tələbə-müəllimi Fransa, Almaniya, İtaliya, İspaniya, Çexiya, Polşa və bir sıra ölkələrdə təhsil alır. Proqram çərçivəsində 40 nəfər təhsilini başa vuraraq geri qayıdıb. Müxtəlif proqramlar üzrə isə Azərbaycan Dillər Universitetinin 42 tələbə-müəllim heyəti Türkiyə, İsrail, İtaliya, Polşa, Fransa, Almaniya, Koreya, İndoneziya və Hindistanda təhsil alıb. Təbii ki, bütün bu proseslər ölkədə gənclərin aktivliyinə müsbət təsir edir, tələbələrimiz üçün stimul olacaq uğurlu gənclərə yeni-yeni yollar açır.
- Universitetinizdən söz açdınız. Bəs Dillər Universitetində tələbələriniz üçün hansı diqqət çəkən, maraqlı tədbirlər keçirilir?
- Tədbirlər demək olar ki, mütəmadi olaraq keçirilir və müxtəlif istiqamətlərdə baş tutan bu toplantılarda tələbələrimiz də aktiv iştirak edirlər. Təbii ki universitet rəhbərliyinin bu tədbirlərdə birbaşa iştirakı da tələbələrimiz üçün bəzi imkanlar açır. Onlar tez-tez rəhbərliklə ünsiyyətdə olub müzakirələr də aça bilirlər. Sonuncu belə tədbirlərdən biri 11 iyun 2014-cü ildə Azərbaycan Dillər Universitetində xaricdə təhsil alacaq tələbə və müəllim heyəti ilə görüş oldu. Mən də bu görüşdə iştirak etdim və bu heyət arasında xaricdə təhsil alacaq ən gənc doktorant seçildim, bunun üçün xüsusi mükafata layiq görüldüm. Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov çıxış edərək Azərbaycan Dillər Universitetinin tələbələrinin xaricdə təhsil almalarının artıq ənənəyə çevrildiyini bildirdi. Həmçinin, Milli Məclisin deputatı Asim Mollazadə və Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə aparıcı mütəxəssisi İlham Hümbətov da bu tədbirə qatılmışdılar və onlar universitetin beynəlxalq əlaqələrindən və qazandığı uğurlardan danışdılar. Natiqlər xaricdə təhsil alacaq tələbələrə uğurlar arzuladılar.
- Bildiyim qədərilə, siz də universitetin ictimai həyatında aktiv iştirak edirsiniz, yeni-yeni uğurlar qazanırsınız. Sonuncu uğurunuz nə olub?
-Bəli, çalışıram, mən də ictimai fəallığımı qoruyub saxlayım, elmi fəaliyyətlərdə uğurları sıralayım. Çox sevindirici haldır ki, mən də Avropa Birliyi ölkələrinin (The European Union`s scholarships and academic cooperation) dəstəklədiyi qrant müsabiqəsinin doktorantura pilləsi üzrə (Doctoral degree) qalibi olmuşam. Doğma universitetim olan Azərbaycan Dillər Universitetində başladığım bu şərəfli yola artıq PHD dərəcəsi üzrə təhsil alan ilk azərbaycanlı tələbə olaraq İspaniyanın Euskal Herriko Unibertsitatea (Universidad Del País Vasco) universitetində davam etdirəcəyəm.
- Bir ilkə imza atdınız. Bu uğura yəqin ki böyük əmək sərf olunub...
- Əlbəttə. Yuxusuz açılan səhərlərin, ağır zəhmətin, gərgin əməyin, ən əsası isə tükənməyən səbrin, sınmayan qətiyyətin, əlçatmaz arzulara inamın, fərqli məqsədlərin, güclü ambisiyanın, möhkəm əzmin və qeyri-adi xəyal gücünün nəticəsidir bu uğur. Çox sevinirəm! Ona görə yox ki, Avropada təhsilimi davam etdirmək şansı əldə etmişəm, sevincimin əsas səbəbi odur ki, müstəqil Azərbaycanımızı, doğma xalqımızı, uğrunda neçə-neçə canlar fəda olan üçrəngli bayrağımızı təmsil edəcəm. "Mən Azərbaycanlıyam!" adının fəxarət və qürur hissini yaşayıb, müasir Azərbaycan elminin necə gənc dühalara sahib olduğunu başqa xalqlara da göstərəcəyəm. Bu yolda məni tək qoymayan, öz mənəvi dəstəklərini məndən əsirgəməyən hər kəsə- ailəmə, dostlarıma, müəllimlərimə dərin minnətdarlıq hissi duyuram. Əminəm ki, Azərbaycanın gələcəyi əmin əllərdədir!
-Biz də sizə uğurlar arzu edirik və ümid edirik ki, növbəti müsahibələrdə yeni-yeni uğurlarınızdan ağız dolusu söz açacaqsınız, nailiyyətləri sıralayacaqsınız.
- Təşəkkür edirəm. İnanın ki, bizim uğurlarımızda medianın da böyük rolu olur. Yəni, əgər sizlər, mətbuat biz aktiv gəncləri arayıb, tapıb ortaya çıxarıb, cəmiyyətə tanıtmasanız, bəlkə də bir çoxumuz ruhdan düşər, uğurlarımız yarıda qalar. Buna görə də qəzetinizə dərin minnətdarlığımı bildirirəm. Gənclərə verilən böyük önəmə görə rəhbərliyinizə də ayrıca təşəkkürümü bildirirəm. İnşallah, yaxın vaxtlarda yeni-yeni uğurlar qazanaram və bu uğurları da sizlərlə məmnuniyyətlə bölüşərəm.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info