Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi qeyd edilib
Tarix: 19.06.2014 | Saat: 02:04:00 | E-mail | Çapa göndər


Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) 80 illik yubileyi keçirilib. Mərasimdə dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrdən gəlmiş qonaqlar və AYB-nin çoxsaylı üzvləri iştirak ediblər.
Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi münasibətilə təbrik məktubunu oxuyub. Prezident məktubunda qeyd edib ki, tarix boyu Azərbaycan xalqı əcdadlarımızdan qalmış ənənəyə sadiq olaraq qələm əhlinə böyük ehtiram bəsləyib, şeiri, sənəti yüksək qiymətləndirib: “Yazıçı və şairlərimiz ictimai fikrin formalaşdırılmasında daim həlledici rol oynayan söz sahibi kimi cəmiyyətimizdə böyük nüfuza malikdirlər. Müstəqilliyimizin əldə olunmasında və möhkəmləndirilməsində onların xidmətləri danılmazdır. Xalqın şüurunda azadlıq hisslərinin yaşadılmasında, daha da dirçəldilməsində yazıçı və şairlərimizin yaradıcılığının gücü ölçüyə gəlməzdir. Onlar heç kəsin dilinə belə gətirməyə cürət etmədiyi bir vaxtda müstəqillik və azadlıq ideyalarının carçısı olmaqla dərin məhəbbət və rəğbət qazanmışlar. Tariximizin bütün dövrlərində, hətta repressiyaların tüğyan etdiyi zamanda yazıçılarımız öz əsərləri, mətbu orqanları, ictimai fəaliyyətləri və şəxsiyyətləri ilə azərbaycançılıq məfkurəsinin bərqərar olmasında, milli ruhun qorunmasında heç nədən çəkinmədən, əsl vətəndaşlıq mövqeyi tutaraq ən yüksək ideallara sadiq qalmışlar. Azərbaycan dilinin saflığının saxlanılması və inkişafında da yazıçıların rolu təqdirə layiqdir. Qloballaşma şəraitində Azərbaycan ədəbiyyatı qarşısında duran problemlər olduqca mürəkkəb və genişmiqyaslıdır. Əminəm ki, onların öhdəsindən siz layiqincə gələcəksiniz. İlk növbədə ona görə ki, sizin başlıca amalınız ölkəmizin çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir dövlətə çevrilməsidir. Ümidvaram ki, müstəqilliyimizi göz bəbəyi kimi qoruyan, özünü vətənin azadlığı və ərazi bütövlüyü naminə fəda etməyə hər an hazır olan, müasir təfəkkür tərzinə malik sağlam əqidəli nəslin yetişdirilməsi daim sizin əsərlərinizin əsas qayəsi olacaq”. Mərasimdə çıxış edən Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar təşkilatın keçdiyi tarixi yola nəzər salıb. Azərbaycan Yazıçılar Birliyinin tarixindəki qara səhifələrdən söz açan Xalq yazıçısı vurğulayıb ki, ötən əsrin 37-ci ilində Azərbaycanın bir çox dəyərli yazıçıları, çox istedadlı sənətkarları repressiya qurbanları olublar.
İkinci Dünya müharibəsi illərində Azərbaycan yazıçılarının sözləri cəbhədə döyüşən əsgərləri ruhlandırmış, yazıçılar onlarla görüşüb mənəvi dəstək veriblər.
Qarabağ məsələsi ortaya atılan gündən bu ədalətsizliyə qarşı ilk etiraz səsini qaldıran ictimai təşkilat məhz AYB olub. Xalq yazıçısı bildirib ki, elmə, ədəbiyyata, ölkənin mədəni yüksəlişinə, ədəbiyyat və incəsənət xadimlərinə xüsusi qayğı göstərən ümummilli liderimiz Heydər Əliyev AYB-nin bir çox qurultaylarında çıxış edib. Ümummilli liderin strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qələm sahibləri daim dəstəklənir, onların yaradıcılığına geniş imkanlar yaradılır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu gün ədəbiyyatın və mədəniyyətin bayramıdır. AYB-nin 80 illiyini qeyd etməklə Azərbaycan ədəbiyyatının əbədiyaşarlığı bir daha təsdiqlənmiş olur: “Azərbaycan mədəniyyəti həmişə öndə gedib, daim xalqın qayğısı və düşüncəsi ilə bir addımlayıb. Çətin tarixi yol keçən xalqımızın yenidən müstəqilliyə qovuşmasında ədəbiyyat xadimlərimizin də danılmaz zəhmətləri olub”. Tədbirdə dünyada tanınmış söz adamları- qardaş Türkiyədən Yahya Agenkin, İmdat Afşar, Seyfəddin Altaylı, Qırğızıstandan Omar Sultanov, Rusiyadan Yevgeni Reyn, Mixail Sinelnikov, Qazaxıstandan Tolen Abdikuli, İrandan Ruqaya Kabiri, ABŞ-dan Aleksandr Qriç, Özbəkistandan Babaxan-Mohammed Şarif, Estoniyadan Xaqani Qayıblı, Almaniyadan Orxan Araz, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya çıxış edərək yubiley münasibətilə AYB-i və onun çoxsaylı üzvlərini təbrik ediblər.
Natiqlər yazıçı missiyasından, onların əsərlərinin insanların formalaşmasındakı rolundan, qələm adamlarının müqəddəsliyindən, ömrü sözlə bölüşməyin çətin və məşəqqətli bir iş olmasından, müasir dünyada maraq doğuran ədəbi nümunələrdən və bugünkü oxucunun tələblərinə cavab verə biləcək əsərlərin yazılmasının zəruriliyindən söz açıblar. Bildirilib ki, ötən müddətdə Azərbaycan yazıçıları həm keçmiş SSRİ ərazisində, həm də dünyada böyük nüfuz qazanıblar. Onların ölməz sənət inciləri xalqlar arasında sülhə, həmrəyliyə, insanlarda məhəbbət və ədalət hissinin daha da möhkəmləndirilməsinə xidmət edib. Mərasimdə, həmçinin beynəlxalq təşkilatların, xarici ölkələrin yazıçılar birlik və təşkilatlarının təbrik teleqramları oxunub.
AYB sədri Azərbaycan ədəbiyyatının tanıdılması istiqamətində fəaliyyət göstərən, ədəbi nümunələrimizin başqa dillərə tərcümə edilərək yayılmasını reallaşdıran insanlara təşəkkür edib.
AYB-nin yubiley tədbirində İraqda baş vermiş terror hadisələri ilə bağlı Azərbaycan yazıçılarının XII qurultayında təklif edilmiş bəyanatın mətni oxunub. Yubiley tədbiri konsert proqramı ilə davam etdirilib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info