“Gələcəyimizin çox gözəl bəstəkarları olacaq”
Tarix: 19.06.2014 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


İlahə Ənvərqızı: “Atam və anam ixtisasca musiqiçi olmasalar da, məni gələcəkdə savadlı bir musiqiçi görmək arzusunda olublar”

Müsahibimiz Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, gənc bəstəkar İlahə Ənvərqızıdır:

- İlahə xanım, musiqi dolu həyata addım atmağa səbəb nə oldu?
- Mənim bu sənəti seçməyimə valideynlərim təşəbbüs göstərdi. Hələ uşaq yaşlarımdan valideynlərim məni Nazim Nağıyevin piano dərslərinə apardı. Atam və anam ixtisasca musiqiçi olmasalar da məni gələcəkdə savadlı bir musiqiçi görmək arzusunda olublar. 1990-cı ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin Skripka şöbəsinə qəbul oldum. Pianoya marağım daha çox olduğundan III sinifdən piano ixtisasını seçdim. Fortepianonun sirlərini Sona xanım İbrahimovadan aldım. Məktəbdə oxuduğum illərdə bəstəkarlıq üzrə İlham Abdullayevdən dərs alırdım. XI sinifi fortepiano ixtisası üzrə Əməkdar müəllimə Dilarə Mirzəquliyevanın sinfini bitirdim. Bülbül adına orta ixtisas musiqi məktəbində oxuduğum illərdə bir çox respublika müsabiqələrində iştirak etmişəm və diplomlara layiq görülmüşəm.
2001-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Pianoçuluq fakültəsinə daxil oldum. Burada isə fortepiano təhsilimi Əməkdar müəllimə Nərgiz Əliyarovadan almışam.
Bəstəkarlığa həvəs məndə uşaqlıqdan yaranıb. Artıq ikinci kursdan başlayaraq əsərlər yazmağa başladım. Səməd Vurğunun, həyat yoldaşı Xavər xanıma ithaf etdiyi “Xavərə” şeirinə romans bəstələdim. Sonra isə “Anam dəniz”, “Payızım” mahnılarını yazdım. Altı il bundan öncə ulu öndər Heydər Əliyevə həsr etdiyim himn və olimpiya himnini bəstələdim. Bütün bu əsərlər mənə sifarişlə təklif olundu. Olimpiya himnimə görə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən diploma layiq görüldüm. Bu himn İdman kanalının açılış mərasimində səsləndirildi. Bu gün də səsləndirilməkdədir. Hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fortepiano müəlliməsi vəzifəsində çalışıram.
- Yaradıcılığınızda hansı musiqi janrına daha çox üstünlük verirsiniz?
- Lirika janrına daha çox üstünlük verirəm. Ancaq mahnılarımda ritmik üsluba da müraciət edirəm. “Aktyorlar himni”, “İdmançılar nəğməsi”, “Bayram nəğməsi”, “Azərbaycanım mənim” və digər mahnılarımı ritmik üslubda yazmışam.
- Bu gün respublikamızda bir çox beynəlxalq musiqi festivalları və müsabiqələr keçirilir. Bu müsabiqələrdə iştirak etmək üçün təkliflər alırsınızmı?
- Bəli. Bir çox təkliflər alıram. Pedaqoji fəaliyyətimlə əlaqədar olaraq təklif olunan müsabiqələrdə iştirak etməyə zaman ayıra bilmirəm. Hazırda pedaqoji fəaliyyətimə daha çox üstünlük verdiyim üçün yaradıcılığım ikinci plandadır. Bir nüansı da qeyd edim ki, 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bülbül adına orta ixtisas musiqi məktəbinin birgə layihəsi olan Kövkəb Səfər Əliyevanın 100 illik yubileyinə həsr olunmuş, “Gənc ifaçıların V festivalı” nda sözləri Sevinc İsmayıla aid olan “Payızım” adlı musiqi kompozisiyamı gənc ifaçı Bəyimxanım Vəliyeva, sözləri Rəna Mirzəyevaya aid olan “Analı dünyamın həsrətindəyəm” kompozisiyamı Mətin Rzazadə ifa etdilər. Festivalda yaradıcı uğurlarıma görə diplomla təltif olundum.
Daha sonra 2007-ci ildə Olimpiya və İdman mövzusunda keçirilən beynəlxalq mahnı müsabiqəsinin milli mərhələsində “Vətənpərvər” devizi altında himn ilə iştirak etdim. Bu müsabiqədə də diplomla təltif edildim.
Mənim yaradıcılığımda bir çox görkəmli musiqiçilər əsərlərimi ifa ediblər. Respublikanın Əməkdar artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, Lalə Məmmədova, Gülüstan Əliyeva, Aygün Bəylər, Xalq artistləri Yalçın Rzazadə, Samir Cəfərov, mərhum sənətkar Xalq artisti Elxan Əhədzadə, müğənnilər Elton Hüseynəliyev, Manana, Amil Həsənoğlu, Bəyimxanım Vəliyeva və başqaları ifa ediblər. Yaradıcılığımda bir çox şairlərin şeirlərinə müraciət etmişəm. Səməd Vurğunun, Baba Vəziroğlunun, Rəna Mirzəyevanın, Sevinc İsmayılın, Xanımana Əlibəylinin sözlərinə mahnılar bəstələmişəm.
- Bəstəkarlıq sənəti həyatınızda nəyi dəyişdi?
- Bu gün hər kəsə bəstəkar deyilir. Ancaq professional bəstəkar olmaq üçün ilk növbədə təhsilin olmalıdır. Güclü və korifey sənətkarlarımızdan dərs almaq vacibdir. Lakin bu gün elə gənc bəstəkarlarımız yetişir ki, buna görə də gələcəyimizin çox gözəl bəstəkarları olacaq.
- Gənc bəstəkarların arasında kimlərin yaradıcılığı diqqətinizi çəkir?
- Sənətdə birgə addımladığımız bir çox gənc bəstəkarlarımız var ki, sənətlərini yüksək qiymətləndirirəm. Onlardan Pikə Axundovanın, Kəmalə Əlizadənin, Tural Məmmədlinin, Ceyhun Allahverdiyevin adını çəkə bilərəm.
Mən özümü bəstəkar deyil, mahnılarımın müəllifi sayıram.
- Piano sənətində maraqlı yeniliklər görürsünüzmü?
- Piano sənətində istedadlı tələbələrimiz çoxdur. Bizim təhsil aldığımız illərdə də istedadlı və maraqlı gənclər çox idi. Bu gün də yetişir. İstedadlı və güclü pianoçular hər zaman yetişir. Çünki bizim torpaq, istedadlar məskənidir. Prezident təqaüdçüsü Ülviyyə Dadaşova, Nərmin Nəcəfli, gənc pianoçulardan İsfar Sarabski, Emil Məmmədov kimi pianoçularımız uğurlu gələcəyimizin davamçılarıdırlar.
- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tədris prosesi və orada təhsil alan gənclər haqqında nə deyə bilərsiniz?
- Hazırda çalışdığım Bakı Musiqi Akademiyasında çox istedadlı tələbələrimiz yetişir və təhsil alır. Vokal ifaçılarımız, piano ifaçılarımız, skripka və nəfəs alətləri ifaçılarımız yüksək səviyyədə təhsil alıb, böyük uğurlar qazanırlar. Başda Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli olmaqla, bütün müəllim heyəti böyük səy göstərib, tələbələrin yaxşı inkişafı üçün çalışırlar. Onu da qeyd edim ki, Fərhad müəllimin səyi nəticəsində akademiyamızda savadlı müəllimlər çalışır. Oktay Abasquliyev, Yeganə Axundova, Zəhra Quliyeva, Zəhra Qarayeva, Xuraman Qasımova, Həcər Babayeva, Arif Məlikov kimi güclü müəllim kadrlarımız var.
- İlahə xanım, ailə və sənət həyatınızda hansı anlamı ifadə edir?
- Ailə, insanın həyatının elə bir pilləsində dayanır ki, birinci ailə, sonra sənət olmalıdır. Mən həyatımda ailəmə daha çox zaman ayırıram. Ancaq sənətimə də biganə yanaşmıram. Çünki ailəm sənətimdə mənə ilham verir. Hər ikisi mənim üçün böyük anlam daşıyır.
- Sənət yolunda arzularınız...
- Sənət yolumda hər zaman valideynlərim mənim ən böyük dayağım olublar. Mən hər zaman onlardan stimul almışam. Həyat yoldaşım da həmişə yaradıcılığıma hörmətlə yanaşıb. Allah onları mənə çox görməsin! O mənə birinci gündən dəstək oldu. Sənətimdən uzaqlaşmağa qoymadılar. Ən böyük arzum budur ki, sənətimin uğurlarında hər zaman ailəm yanımda olsun. Bir də gələcək nəsillər arasında bəstəkarlıq sənəti daha da yüksəklərə qalxsın.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info