Kəbutər Haqverdi: “İstanbulda ilk işim milli dərnəkləri birləşdirmək oldu”
Tarix: 20.06.2014 | Saat: 02:31:00 | E-mail | Çapa göndər


Müsahibimiz Kəbutər Haqverdi Türkiyədə yaşayan həmkarlarımızdandır. O, sözün əsl mənasında qollarını çırmalayaraq Vətəndən kənarda Azərbaycan həqiqətlərinin təbliğini aparır. Əsasən də Qarabağ həqiqətləri, Xocalı soyqırımının Türkiyə ictimaiyyətinə tanıdılması yolunda cəfakeşcəsinə fəaliyyət göstərir. Bir diaspor jurnalisti olaraq bütün bu işləri tam fərqli, hədəfə vuracaq şəkildə edir. Nəzərə çatdıraq ki, Kəbutər xanım Biləsuvar rayonunda doğulub. İlk jurnalist fəaliyyətinə 1989-cu ildən başlayıb. Azərbaycandakı son iş yeri “Yeni Azərbaycan” qəzeti olub. Bu müddət ərzində həm də hekayəçi kimi özünü təsdiq edib. Bir qızı, bir oğlu var. Ailə vəziyyəti ilə bağlı 2011-ci ildən İstanbulda yaşayır.
-Hazırda Türkiyədə hansı istiqamətlərdə fəaliyyət göstərirsiz?
- Türkiyədə daha çox Xocalı soyqırımının tanınması istiqamətində fəaliyyət göstərirəm. 2012-ci ildə Xocalı hadisəsində sağlamlığını itirən əsir düşmüş 6 qadını İstanbula dəvət etdim. İstanbul, Adana, Ankara və İzmirdə təşkil olunmuş toplantılarda bu qadınların çıxışlarını təşkil etdim.
Bundan başqa Xocalı arxivini yaratmışam. Qarabağ hadisələrində zərər çəkən sıravi vətəndaşlar haqqında məlumatlar, əsir və girovlarımızın yaxınları və ailə üzvlərinin sənədləri, Xocalı faciəsində baş verənlər, eləcə də canlı şahidlərin videoya köçürülmüş söhbətləri toplanır.
Eyni zamanda şəriki olduğum yayım evi var və Azərbaycan ədəbiyyatından seçmələrlə Türkiyə oxucularını tanış etmək istəyirəm. Bu il aprelin 18-i İstanbul Böyük Şəhər bələdiyyəsinin və Azərbaycanın İstanbuldakı Konsulluğunun təşkilatçılığı ilə Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş tədbir keçirdim. Tədbir qısa vaxtda hazırlansa da, çox bəyənildi və biz İstanbul Böyük Şəhər bələdiyyəsindən müxtəlif təkliflər aldıq.
- Bu vaxta kimi hansı kitablarınız nəşr olunub?
- Türkiyədə 2 kitabım nəşr olunub. 2012-ci ildə “Qar qan rəngi idi o gecə” kitabını yazdım. Bu sənədli roman yuxarıda qeyd etdiyim qadınların ifadələri əsasında qələmə alınıb. 2-ci kitab redaktoru olduğum “Hocalı 92” kitabıdır ki, Oqtay Hacımusalının təqdimatı və “Azərsun Holding”in maliyyə dəstəyi ilə işıq üzü gördü.
Bu il “Cənnətdən sürgün” adlı daha bir romanım işıq üzü görüb. Bu, bir az avtobioqrafik romandır. Söhbət Qarabağ hadisələrindən, Azərbaycandakı kənd həyatından gedir. 90-cı illərin dəhşətini yaşayan bir azərbaycanlı qadının xoşbəxtlik axtarışları və İstanbula gəlişi, orada qarşılaşdığı çətinliklər və sair.
- Daha hansı kitab üzərində işləyirsiz?
- Növbəti romanım məhəbbət üzərində qurulmuş tarixi bir əsərdir. Haqqında danışmayım. Yazıb bitirmişəm. Gələn ili gözləyirəm. Bundan başqa Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası sədrinin yardımçısı Metim Özərlə birlikdə “Azərbaycan və türk ədəbiyyatının izahlı lüğəti” ni hazırlayırıq. Mənim redaktorluğumla Məhsətinin qəzəlləri hazırlanır. Bilirsiniz ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev Məhsətinin 900 illik yubileyi ilə bağlı silsilə tədbirlərin həyata keçirilməsi üçün qərar verdi. Məncə, bu kitabın işıq üzü görməsi həmin çərçivədə görülən ən böyük işlərdən biri olacaq.
- Türkiyədəki milli dərnəklərimiz arasında vahid koordinasiya əlaqələri varmı, yoxsa hər biri ayrı-ayrılıqda fəaliyyət göstərməyə üstünlük verirlər?
- Bu sual mənim yaralı yerimdir. Kənardan nə qədər böyük və təmtəraqlı görünsə də bu dərnəklərin heç biri öz ətrafında 50-dən artıq adamı birləşdirmir. Türkiyədə 50-dən artıq Azərbaycan dərnəyi var. Amma baxın görün, hansının bir KİV orqanı var. Üstəlik bu 50 adam da birinci yer uğrunda öndə getmək üstündə daim savaşdadırlar. Hətta mənə elə gəlir ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası belə, sadəcə adı olan bir qurumdur. Gördüyü iş hanı? Hesabatda rəqəmləri yan-yana düzmək başqa, reallıq başqa. Üstünə-üstlük özünü müxalifətçi kimi qələmə verib, Azərbaycan hökumətinə düşmənçilik mövqeyi sərgiləyib xalq qəhrəmanı olmağa çalışanlar da ümumi işə ciddi zərbə vurur. Xocalı faciəsi kimi ağır bir problemimiz belə, bizi Türkiyədə vahid güc kimi birləşdirə bilmədi. Bununla belə, bir neçə dərnək var ki, böyük işlərə imza atmaqdadır. Bunlardan biri İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İST-TAD), digəri Əsgişəhir ƏSAZDƏR-dir (Cavid Əliyev). Amma erməni diasporunun çox güclü və gizli fəaliyyət göstərdiyi Türkiyədə bu, çox azdır. Necə deyərlər, bir güllə bahar olmaz.
İstanbula gəldikdən 3 ay sonra ictimai fəaliyyətə başladım və ilk işim hərəsi bir evdə məskunlaşıb, 6-7 heyətlə fəaliyyət göstərən dərnəkləri birləşdirmək üçün qollarımı çırmalamaq oldu. Amma elə bir reaksiya və əks-təsirlə üzləşdim ki, bunun heç zaman mümkün olmayacağını anladım. Proqramsız, ideologiya olmadan, ayda bir dəfə toplanıb çalıb-oynamağı, çay içib söhbət etməyi dərnək fəaliyyəti sanan soydaşlarıma yaşadıqlarımızı, problemlərimizi anlatmaq bir yana dursun, vəzifələrimizin nədən ibarət olduğunu belə, anlada bilmədim. O dərnəklərdə hər kəs siyasətçi, hər kəs yazar, hər kəs tarixçi və hər kəs də Milli qəhrəmandır. Burada özlərini Qarabağ qazisi kimi qələmə verib Xocalı soyqırımının ildönümlərində konfranslar verən, cibində Azərbaycanın vətəndaşlıq sənədini daşıyanlarla rastlaşdım. Amma o adamların Qarabağın doğru-dürüst harada yerləşməsindən belə, xəbəri yoxdur. Bir nəfər mənə “qatıldığı döyüşləri” belə anlatdı: “Mən komandir idim və CİP maşınımla döyüş bölgəsinə getdim. Məqsədim cəbhədən qaçan əsgərləri bir yerə yığmaq idi, çünki simsiz rabitə ilə xəbər vermişdilər ki, Füzuli rayonuna ermənilər hücum edib və əsgərlərimiz də qaçır. Amma məni cəbhə bölgəsində görəndə geri qayıtdılar. Sonra komandir əmr verdi, mənə quzu kəsdilər və kabab bişirdilər”. Bunu danışan adam indi bütün tədbirlərin başında oturub, sinəsinə döyür ki, Qarabağ qazisidir. O gecə mən sabaha qədər ağladım.
- Diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi? Onların işinə hansı formada köməklik göstərə bilirsiniz?
- Konkret İST-TAD sədri Səfər Karakoyunlu ilə çalışıram. Ona Xocalı arxivi yaratmaq istədiyimi, amma otaq tutmaq imkanında olmadığımı deyən kimi dərnəyin yerləşdiyi binanın zirzəmi qatını bütünlüklə mənim ixtiyarıma verdi. İndi ən azından əlimizin altında Qarabağla olmasa da, Xocalı ilə bağlı bir xeyli sənədlər var və bizə bir TV və ya qəzet müraciət edəndə, müxtəlif tədbirlərdə ortaya sənədlər, filmlər və kitablar qoya bilirik.
- Ermənilər dünyanı qondarma erməni soyqırımının tanınmasına cəlb edir. Bəzən elə hiss olunur ki, Türkiyə buna susqun yanaşır. Sizcə, bunun səbəbi nədir?
- Əvvəla, onu deyim ki, Ermənistan dövlətinin yaranma tarixini həmişə nəzərimizdə saxlamalıyıq. Yanlış düşüncə var ki, Ermənistan, ermənilərin “dənizdən dənizə” arzusunu reallaşdırmaq üçün yaranıb. Elə deyil. Bu cırtdan dövləti böyük türk dövlətlərini parçalayıb bir-birindən ayrı salmaq üçün yaratdılar... Tam bir əsrdir ki, bu cırtdan dövlət çıxıb oturub ABŞ kimi bir dövlətin boynunda və zəli kimi sümürməklə məşğuldur. 90-cı illərdə əgər Azərbaycanın Ermənistan deyə bir dərdi olmasaydı belə, milli münaqişə yolu ilə müharibə ocaqları yaradacaqdılar. Amma ən yaxşı onlara sərf edən variant ermənilər olduğu üçün bu kartı ortaya atdılar. ABŞ iqtisadiyyatının yavaş-yavaş gerilədiyi məlumdur. Rusiya isə heç vaxt ermənilərin “Allahdan buyruq, ağzıma quyruq” prinsipini dəstəkləməz. Bunu son vaxtlar rus siyasilərinin aqressiv açıqlamalarından da görmək mümkündür. O zaman yerdə qalır Türkiyə. O Türkiyə ki, ermənilər həmişə özlərini bu ölkədə suda balıq kimi hiss ediblər. İlk kilsələrini də bu ölkədə qurublar. Birinci Dünya müharibəsindəki durumdan istifadə edib yerli xalqa hücum edib və əsl soyqırımı törədiblər. Amma bu etdiklərinə baxmayaraq, Türkiyənin qurtuluş günəşi Atatürk belə, yaradılmış Türk Dil Qurumuna rəhbər kimi Akop Dilaçarı təyin edib. Bu Dilaçar türk dilinin başına bir oyun gətirib ki, yaranmış problemləri hələ həll edib qurtara bilməyiblər. Türkiyə belə Türkiyədir. Və ağrılısı da odur ki, kimliklərini kürd kimi yazdıran, adını, familiyasını dəyişən türk vətəndaşı olan ermənilər ölkənin çox önəmli postlarında vəzifələr tuturlar. Apardıqları təbliğat nəticəsində də toplumu soyqırımını qəbul etməyə hazırlayırlar. Avropa ölkələri, Amerika və Rusiya həmişəki kimi soyqırımı Türkiyəyə əl birliyi ilə tanıdıb təzminatı reallaşdıracaq və bir əsrdir bəslədiyi Ermənistanı Türkiyənin üstünə atacaq. Əsas məsələ budur. Türkiyə səssiz qalınca da, biz-Türkiyədəki Azərbaycan toplumu bu proseslərə seyrçi qalmırıq. Artıq ABŞ senatına ingilis və türk dillərində müraciət hazırlamışıq. Qapı-qapı gəzib imza toplayırıq. Məqsədimiz 5 milyon imzanı Xocalı soyqırımını əks etdirən sənədlərlə birlikdə ABŞ senatına göndərməkdir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info