Son bir ildə Ədəbiyyat İnstitutunda mühüm irəliləyişlərə nail olunub
Tarix: 20.06.2014 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda elmi-tədqiqat müəssisəsinin bir illik fəaliyyəti ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq elmi-tədqiqat müəssisəsində bir il ərzində görülən işlər barədə ətraflı məlumat verib. Azərbaycanda müasir dövrün tələblərindən irəli gələn islahatlar çərçivəsində Akademiyada da 2013-cü ilin ortalarından bəri köklü dəyişikliklərin baş tutduğunu qeyd edən institut rəhbəri bu gün AMEA-nın prezidenti, akademik Akif Əlizadənin bilavasitə təşkilatçılığı ilə həyata keçirilən islahatların artıq böyük səmərə verdiyini xüsusi vurğulayıb. Akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyəti strukturunun təkmilləşdirilməsi, yeni elmi-tədqiqat institutlarının, elmi təşkilatların yaradılmasını, bəzi elmi qurumların adlarının dəyişdirilərək müasir tələblərə uyğunlaşdırılmasını, yeni şəraitlə səsləşən şöbə və laboratoriyaların fəaliyyətə başlamasını, struktur islahatları zamanı istedadlı mütəxəssislərə, xüsusən də gənclərə diqqət göstərilməsini akademiyanın yeni rəhbərliyi tərəfindən prioritet fəaliyyət istiqamətləri kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb. İslahatlar və yeniləşmə dövrü kimi səciyyələndirilən son bir ildə Ədəbiyyat İnstitutunda da mühüm irəliləyişlərə nail olunub. Belə ki, bir neçə yeni şöbə və yardımçı təsisatlar qurulmuş, bir-birindən fərqli tamamilə yeni istiqamətli elmi nəşrlər meydana gəlmiş, institutda nəşr olunan elmi məcmuənin sonuncu nömrəsi bütünlüklə gənc elmi işçilərin məqalələrini əhatə edib ki, bu da akademiya tarixində ilk hadisə kimi əhəmiyyətlidir. Həmçinin institutun 80 illik yubileyi təntənə ilə qeyd edilərək 100-dən çox ədəbiyyatşünas alim və digər mütəxəssislər müxtəlif səviyyələrdə mükafatlandırılıblar. Ölkə Prezidentinin müvafiq sərəncamları əsasında beynəlxalq səviyyəli tədbirlər, kütləvi surətdə bir sıra elmi sessiya və konfranslar, eləcə də Azərbaycan ədəbiyyatşünaslığı tarixində böyük ədəbi hadisəyə çevrilmiş “Ədəbi proses-2013” tədbiri keçirilib. Elmi-tədqiqat müəssisəsinin beynəlxalq əlaqələrinə uğurlu start verilib ki, nəticədə Türkiyə, Rusiya, Qazaxıstan, Almaniyanın elmi qurumları ilə qarşılıqlı əməkdaşlıq haqqında sazişlər imzalanıb. AMEA Rəyasət Heyəti tərəfindən bu günlərdə verilmiş qərar əsasında institutun yeni strukturunun təsdiq edilməsini xatırladan akademik İsa Həbibbəyli yeni yaradılmış Mətbuat tarixi və informasiya şöbəsinin təqdimatını da keçirib. İnstitut rəhbəri şöbənin müasir dövrdəki elmi-tədqiqat fəaliyyətinin çoxcəhətli istiqamətləri barədə məlumat verdikdən sonra istedadlı alim və publisist Şərəf Süleymanovanı (Cəlilli) şöbə müdirliyinə təqdim edib. Akademik İsa Həbibbəyli ilkin olaraq “Molla Nəsrəddin” jurnalının cildlərini və institutda son bir ildə nəşr edilmiş elmi nəşr nümunələrini şöbəyə bağışlayıb, “Əkinçi”dən başlanan ənənələrin elmi-tədqiqat çərçivəsində araşdırılması işində şöbəyə uğurlar arzulayıb.
Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli çıxış edərək institut rəhbərliyinin etimadını doğruldacağına, yeni yaradılan şöbənin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına səy göstərəcəyinə söz verib.
Tədbirdə filologiya üzrə elmlər doktorları – institutun elmi katibi Bədirxan Əhmədov, həmkarlar təşkilatının sədri Asif Rüstəmli və Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmməd çıxış edərək institutun bir illik fəaliyyətini müzakirə ediblər.
Sonda tədbir iştirakçıları Ədəbiyyat İnstitutunun yeni yaradılan konfrans zalına baxıblar. Qeyd edilib ki, burada son texnologiyadan istifadə olunaraq eyni zamanda altı ölkənin alimləri ilə birgə virtual tədbirlər keçirilməsi üçün yüksək şərait yaradılacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info