Orta məktəblərdə 3000-dək vakant müəllim yeri var
Tarix: 25.06.2014 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Azərbaycanda növbəti tədris ili üçün orta məktəb və peşə liseylərində 3 000-dək vakant müəllim yerinə işə qəbul elan ediləcək. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, vakant müəllim yerləri barədə məlumatlar iyulun 1-də açıqlanacaq. Növbəti tədris ili üzrə 1149 nəfər müəllim iş yerlərini dəyişmək üçün elektron ərizə ilə nazirliyə müraciət edib. Onlardan 742 nəfərin ərizəsi təsdiq olunub və müsabiqəyə buraxılıb. İş yerlərini dəyişmək istəyən müəllimlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, riyaziyyat və tarix müəllimləri üstünlük təşkil edir. Müraciətlərin əksəriyyəti Bakı şəhərinə yerdəyişmə üçün edilib. Bununla yanaşı, iş yerinin bir rayondan digərinə dəyişdirilməsi ilə bağlı müraciətlər də kifayət qədər olub.

I-X siniflər üzrə şagirdlərin məktəblərə qəbulu
qaydaları açıqlanıb


Azərbaycanda şagirdlərin məktəblərə qəbulu qaydaları açıqlanıb. Təhsil Nazirliyinin məlumatına görə, təhsil nazirinin əmri ilə təsdiq olunan “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən məktəblərə şagirdlərin kütləvi qəbulu I və X siniflər üzrə aparılır. Şagirdlərin I sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiya müvafiq dərs ilinin ikinci yarımilindən etibarən fəaliyyətə başlayır. Ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 (altı) yaşı tamam olan uşaqlar qəbul edilirlər. Ümumtəhsil məktəbinin direktoru yerli icra hakimiyyətinin nümayəndələri ilə birgə ərazi üzrə məktəb yaşına çatmış bütün uşaqların təhsilə cəlb olunması ilə bağlı zəruri tədbirləri həyata keçirir. Məktəbin I sinfinə, ilk növbədə, məktəbin bilavasitə xidməti ərazisində yaşayan uşaqlar qəbul olunurlar. Üzrlü səbəb olduğu halda (xəstəliklə bağlı müalicə, fövqəladə hadisə, xidməti ezamiyyə ilə əlaqədar valideynlərin (digər qanuni nümayəndələrin) başqa yerdə olması), dərs məşğələlərinin başlandığı tarixdən 1 ay müddətində uşağın I sinfə qəbuluna icazə verilir. Həmin müddətdən sonra I sinfə uşaq qəbulu aparılmır. Uşağın I sinfə qəbulu barədə valideynin ərizəsi müvafiq dərs ilinin ikinci yarımilindən etibarən növbəti dərs ili başlananadək məktəbdə qeydiyyata alınır. Uşağın məktəbə hazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbuluna təsir etmir. Məktəbə hazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə komplektləşdirilirlər. I sinfə qəbul olunmuş, lakin uzun surən xəstəlik və digər üzrlü səbəblərdən məktəbə gəlmədiyi üçün biliyi qiymətləndirilməmiş şagirdin təkrar I sinifdə oxumasına yol verilir. I sinfi bitirmiş şagirdin təkrar I sinifdə oxuması yolverilməzdir. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq qaydalara uyğun aparılır. Məktəbin X sinfinə qəbul şagirdin ərizəsi və ümumi orta təhsil haqqında şəhadətnaməsi əsasında həyata keçirilir. Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu zamanı onun əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dil mütləq nəzərə alınır. Şagird digər xarici dil tədris olunan məktəbin X sinfinə bu ərazidə əvvəl öyrəndiyi xarici dil tədris edilən başqa bir tam orta məktəb olmadığı halda qəbul edilir. Ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra ilk peşə və ya orta ixtisas təhsili müəssisəsinə sənəd verib daxil ola bilməyən şagirdlərin X sinfə qəbulu yalnız sentyabr ayı ərzində aparılır. Məcburi köçkün olmayan şagirdlərin məcburi köçkün məktəblərinə qəbuluna yalnız həmin ərazidə yerli məktəb olmadığı halda, Təhsil Nazirliyinin icazəsi ilə yol verilir. Xüsusi tədris proqramları tətbiq edilən məktəb, gimnaziya və liseylərə, özəl məktəblərə uşaqların qəbulu həmin təhsil müəssisələrinin nizamnamələrinə uyğun aparılır.

Şagirdlərin xaricə və ya
xarici ölkələrdən Azərbaycan məktəblərinə yerdəyişməsi müəyyən qaydalarda həyata keçiriləcək

Azərbaycandan xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin ərizəsi əsasında verilməlidir. Qaydalara əsasən, məktəbin rəhbərliyini rəsmi qaydada xəbərdarlıq etmədən şagirdin ölkədən xaricə getməsi məktəb direktorunun, sinif rəhbərinin və yerli icra hakimiyyətinin nümayəndəsinin iştirakı ilə tərtib edilən müvafiq aktla rəsmiləşdirilir, şagirdin şəxsi işi məktəbdə saxlanılmaqla onun kontingentdən xaric edilməsi barədə əmr verilir.
Azərbaycandan kənarda yaşayan şəxslər ölkəyə gəldikdə onların rus və ya gürcü dillərində təhsil alan övladlarının köçdükləri ərazidə məktəbə qəbulu müəyyən qaydada həyata keçirilir. I - IX sinif şagirdinin valideyni (digər qanuni nümayəndə) övladının təhsilini davam etdirməsi üçün seçdiyi məktəbin direktoruna ərizə ilə müraciət edir. Nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü həmin şagirdin qəbuluna imkan verdiyi halda, o, məktəbin müvafiq sinfinə qəbul olunur. Azərbaycan Respublikasına gələnədək ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagird həmin sənəd və valideynin ərizəsi əsasında nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü şagirdin qəbuluna imkan verdiyi halda, məktəbin X sinfinə qəbul edilir.
Azərbaycan dilini tədris dili səviyyəsində bildikləri halda, I - V sinif şagirdləri tədris Azərbaycan dilində olan siniflərə qəbul edilə bilərlər. Həmin şagirdlərin tədris dilini dəyişməsinə valideynin ərizəsinə əsasən məktəbdə baxılır.

I - IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsinin qaydaları açıqlanıb

Azərbaycanda I - IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi müvafiq qaydada həyata keçirilir. “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydaları”na əsasən, övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir, ərizəyə şagirdin qiymət cədvəli də əlavə olunur. Qeyd olunub ki, məktəb direktoru nəzərdə tutulan sinifdə şagird sayı və ya sinif otağının ölçüsü şagird qəbuluna imkan verdiyi halda, onun bu məktəbdə müvafiq sinfə qəbul olunduğu və bununla əlaqədar şəxsi işinin göndərilməsi haqqında valideynə şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir. Həmin arayış əsasında valideyn övladının indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir və bunun əsasında şagirdin kontingentə daxil olması barədə əmr verilir. Xüsusi tədris proqramları tətbiq edilən məktəb, lisey və gimnaziyalara, məktəb liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, habelə həmin təhsil müəssisələrindən ümumtəhsil məktəblərinə şagirdlərin yerdəyişməsi bu qaydalar əsas tutulmaqla həmin müəssisələrin nizamnamələrinə uyğun həyata keçirilir. Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün olmayan şagirdlər yalnız yerli məktəblərə keçirilə bilər. Yerli məktəblərdə təhsil alan məcburi köçkün şagirdlərin məcburi köçkün məktəblərinə yerdəyişməsinə icazə verilir. Məcburi köçkün məktəblərində təhsil alan məcburi köçkün şagirdlərin digər məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilir.
Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil alan şagirdlərin yerdəyişməsinə valideynin ərizəsi əsasında dəyişmək istədiyi məktəbin yerləşdiyi rayon (şəhər) üzrə yerli təhsili idarəetmə orqanında baxılıb aşağıdakı hallarda razılıq verilir: yaşayış yeri ərazisində yerləşən digər məktəbə keçdikdə, ailəsi ilə birlikdə yaşayış yerinin dəyişməsi rəsmi sənədlərlə təsdiqləndikdə, valideynlərin uzun müddətə xaricə getməsi və ya digər səbəblərdən şagirdin valideyn nəzarətindən kənarda qalması rəsmi sənədlərlə təsdiq edildikdə və müxtəlif səbəblərdən xüsusi tədris proqramları tətbiq edilən lisey və gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində təhsilini davam etdirməsi mümkün olmadıqda.
Qaydalara əsasən, dərs ilinin ikinci yarım ilində XI sinif şagirdlərinin digər rayon və şəhərlərin məktəblərinə yerdəyişməsinə Təhsil Nazirliyində baxılır. Tabeliyindən asılı olmayaraq, ixtisaslaşdırılmış məktəblərdən şagirdlərin ümumtəhsil məktəblərinə və ya əksinə yerdəyişməsinə valideynin müraciətinə əsasən, Təhsil Nazirliyində baxılıb müvafiq qərar qəbul edilir. Ümumi orta təhsil icbari hesab edildiyindən bu təhsil səviyyəsindən ilk peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş şagirdlərin ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsinə yerdəyişməsinə icazə verilmir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info