“Cəlil Məmmədquluzadə həmişə müasir və aktualdır”
Tarix: 25.06.2014 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Pərixanım Mahmudqızı:“Mən bu gün qürur hiss duyuram ki, həyatımı muzey işinə həsr etdim”

Müsahibimiz Cəlil Məmmədquluzadənin ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Pərixanım Mahmudqızıdır:
- Pəri xanım, Cəlil Məmmədquluzadənin ev muzeyinin fəaliyyəti haqqında sizin fikirləriniz.
- Bu gün Cəlil Məmmədquluzadənin ev muzeyinin yerləşdiyi bina tarixi binadır. XX əsrin əvvəllərində azərbaycanlı neft milyonçusu Şəmsi Əsədullayev tərəfindən inşa etdirilib. Bakı şəhərinin tarixi yerlərindən olan “Sovetski” adlanan məhəllədə yerləşən bu bina həm mədəniyyət, həm də tarixi memarlıq abidəsi kimi çox qiymətlidir. Yeni nəslin Azərbaycan milyonçularının xeyriyyəçilik fəaliyyəti haqqında çox az məlumatı var. Buna görə də belə bir tarixi məkanda yerləşən bu binanın qorunub saxlanılması zəruridir. Ümid edirəm ki, Cəlil Məmmədquluzadənin ev muzeyinin bu binadakı fəaliyyəti hər zaman davam edəcək. Bir faktı da qeyd etmək istəyirəm ki, Cəlil Məmmədquluzadə Təbrizdə ikən, Bakı Xalq Komissarları Sovetinin dəvəti ilə Bakıya dönüb və ailəsi ilə birlikdə bu ünvanda yaşayıb-yaradıb (1922-1932). “Molla Nəsrəddin” jurnalının bu dövrdə nəşr olunmuş nömrələri də həmin ünvanda - Süleyman Tağızadə küçəsi 56 (tarixən Köhnə Poçt küçəsi 64), çapa hazırlanıb və mətbəəyə göndərilib. 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev Respublikada muzeyçilik işinin inkişafında mühüm rol oynayıb. Azərbaycanda muzeylərin bütövlükdə mədəniyyət sahəsinin inkişaf etdirilməsinə böyük diqqət verən Heydər Əliyev regionlarda diyarşünaslıq muzeylərinin və bununla bərabər, Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinin və tarixi şəxsiyyətlərinin xatirə muzeylərinin açılması haqqında sərəncamlar imzalayıb. Bu işin icrasını da şəxsi nəzarətində saxlayıb. Azərbaycanda muzey işinin nə qədər zəruri olduğunu böyük uzaqgörənliklə hiss etmiş ulu öndər respublikada bu işin səmərəliliyini artırmaq məqsədilə ilk növbədə Mədəniyyət Nazirliyi nəzdində bir sıra qurumların yaradılmasını zəruri hesab etdi və həmin illərdə Muzey işi şöbəsi, Muzey İşi Üzrə Elmi-Metodiki Komitə, Muzey Ekspozisiyasının Bədii tərtibatı idarəsi, Muzey əşyalarının elmi-bərpa idarəsinin yaradılması haqqında sərəncamlar verdi. 1976-cı ildə “Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin ev-muzeylərinin yaradılması haqqında” sərəncamla bir sıra muzeylərlə yanaşı C. Məmmədquluzadənin ev-muzeyinin yaradılması üçün də hazırlıq işləri başlandı. Şübhəsiz ki, ilk növbədə bu mənzilin sakinlərini yaşayışla təmin etmək, C. Məmmədquluzadəyə aid materialları toplamaq, onları elmi şəkildə tədqiq etmək və muzey ekspozisiyasının “Mövzu-ekspozisiya planı” nı hazırlamaq və yalnız bundan sonra muzeydə tərtibat işlərinə başlamaq olardı. Bunun üçün də muzey üçün ayrılmış sahədə bərpa-təmir işlərinə başlandı. Bu gün biz fəxrlə deyə bilərik ki, C. Məmmədquluzadənin ömrünün 25 ilini həsr etdiyi tarixi “Molla Nəsrəddin” məcmuəsinin 80 faizə qədəri muzey əməkdaşlarının böyük zəhməti sayəsində əhalidən toplanıb və muzeyin əsas fondunda mühafizə olunur. Hazırda muzeyin fondlarında 5000-dən bir qədər yuxarı sayda muzey sərvətləri mühafizə olunur. Bir faktı da qeyd etmək istəyirəm. AMEA-nın “Molla Nəsrəddin” jurnalının latın qrafikası ilə nəşr olunan 8 cildliyinin 8-ci cildinə 1931-ci ildə nəşr olunan tarixi “Molla Nəsrəddin” in 2-ci nömrəsi muzeyimizin fondundan təqdim olunub. Bu bizi çox sevindirir. Çünki bu vaxta qədərki tədqiqat materiallarında həmin ildə jurnalın yalnız 1-ci nömrəsinin çapdan çıxması haqqında məlumatlar gedirdi. İndi isə məlum oldu ki, jurnalın 2-ci nömrəsi də mövcuddur və o unikal bir sərvət kimi bizim muzeyimizdə saxlanılır. Mən həyatımın çox hissəsini Cəlil Məmmədquluzadənin ev muzeyinə həsr etdim. Mən muzey işi təcrübəmi, muzey işi, Azərbaycan tarixi haqqında biliklərimi Şirvanşahlar Sarayında çalışmaqla öyrəndimsə, artıq C. Məmmədquluzadənin ev muzeyində sırf muzey yaradıcısı olaraq fəaliyyətə başladım. Böyük gərginliklə bu iş baş tutsa da, hər gördüyüm işdən böyük zövq alırdım. Bu gün də gördüyüm işi çox sevir və bundan böyük zövq alıram, həmçinin işimə məsuliyyətlə yanaşıram. Bu da xarakterdən irəli gələn bir yanaşmadır.
- Cəlil Məmmədquluzadənin ev muzeyinin cəmiyyətimiz üçün zərurətini nədə görürsünüz?
- Cəlil Məmmədquluzadə bizim aktual klassikimizdir. Bütün zamanlarda onun yaradıcılığından nümunələr göstərmək olar. Həm də ulu öndər Heydər Əliyevin dediyi kimi, Cəlil Məmmədquluzadə bu gün də bizimlədir. Öz yaradıcılığı ilə bizim sıralarımızdadır. Azərbaycanın müstəqilliyi, demokratik yolla inkişafı uğrunda bizə yol göstərir. Cəlil Məmmədquluzadə həmişə müasirdir və aktualdır. Xalqın yaşam tərzi onu həmişə maraqlandırıb. Əgər Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının səhifələrini açsanız, bunun şahidi olarsınız. Biz hər dəfə bu səhifələri oxuyanda onun yaradıcılığı haqqında yeni bir məlumat əldə edirik. “Molla Nəsrəddin” jurnalı böyük bir xəzinədir. Cəlil Məmmədquluzadənin ev muzeyinin yaradılması zərurəti də buradan doğur. Gənc nəslin milli vətənpərvərlik, Vətən sevgisi ruhunda tərbiyəsində ədibin həyat və fəaliyyətinin mənimsənilməsinin əhəmiyyəti böyükdür. Muzey əməkdaşları bunun üçün bilik və bacarıqlarını sərf edirlər.
-Azərbaycanda muzey işinin vüsət almasını necə izah edərdiniz?
- Mən xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanda muzeyçilik işinin inkişafı, muzeylərin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 70-ci illərə qədər paytaxt Bakıda və regionlarımızda barmaqla sayılacaq qədər az muzeylər fəaliyyət göstərirdi. Lakin muzey işinin əhəmiyyətini çox gözəl görən və bilən ulu öndər hakimiyyətə gəldikdən sonra onun ilk işlərindən biri muzeylərin vəziyyəti ilə tanış olmaq idi. Hər şey bundan sonra başladı. Mən deyərdim ki, respublikada muzey işinin vüsət alması Heydər Əliyevin adı ilə bağlıdır. Bu mənim xatirimdə çox gözəl qalıb. Regionlarda, xüsusilə diyarşünaslıq muzeylərinin yaradılmasında digər muzeylərin əməkdaşları kimi mən də iştirak etdim. Hətta bu işimə görə keçmiş Sovetlər Birliyinin Mədəniyyət Nazirliyi və Həmkarlar İttifaqı tərəfindən mükafatlandırılmışam. Amma biz yəqin ki, bu işin nə qədər vacib və gərəkli olduğunu daha sonralar dərk etməyə başladıq.
-Bu gün muzey işi haqqında nə deyə bilərsiniz?
- Bu gün muzey işinə dövlət tərəfindən böyük qiymət verilir. Respublikamızda fəaliyyət göstərən bütün muzeylər dövlətin diqqət mərkəzindədir. Çünki muzey işi həqiqətən də çox əhəmiyyətli bir işdir.
Mən bir faktı qeyd etmək istəyirəm ki, Heydər Əliyev öz böyük dühası ilə bəyan etdi ki, Azərbaycanın milli, mənəvi sərvətlərini muzeylərə toplamaq, onları tətbiq və təbliğ etmək lazımdır. Ən əsası bu sərvətlər mühafizə edilməlidir. Həqiqətən də müasir şəraitdə bunun nə qədər əhəmiyyətli iş olduğunu daha dərindən dərk edə bilirik. Biz zamanında milli, mənəvi sərvətlərimizi muzeylərə toplaya bilməsəydik, dünya ictimaiyyəti qarşısında danışmaq bizim üçün çox çətin olardı.
Bilirsiniz ki, respublikamızın hər bölgəsində çoxlu sayda muzeylər fəaliyyət göstərir. Bu da öz növbəsində Azərbaycanın zəngin mədəniyyətinin daha səmərəli və effektiv tədqiqi və təbliği üçün geniş imkanlar yaradıb.
Muzey işi çoxşaxəlidir. Burada həm tədqiqat işi, həm ideoloji iş, həm də təbliğat işi var. Bəzən cəmiyyətdə belə bir fikir yaranır ki, muzey adi bir sərgidir. Amma bu çox yanlış bir fikirdir. Çünki muzey işinin pərdəarxası çox böyük məqamları var. Məhz bu işlər haqqında cəmiyyətimizin məlumatı yoxdur. Muzey işində əsas olan bir də xalqın zəngin tarixi, ədəbiyyat və incəsənətinə aid sərvətləri bu məkanda toplayıb mühafizə etmək, gələcək nəsillərə çatdırmaqdır.
-Azərbaycanın bölgələrində muzey işinin fəaliyyətləri hansı səviyyədədir?
- Şübhəsiz ki, bu gün inkişaf edən ölkəmizdə mədəniyyət sahəsi yüksək səviyyədə təbliğ olunur. Ən əsası da muzey işi. Hələ 70-ci illərdən muzey işçilərinin bölgələrə səfəri və orada muzey işinin təşkilinə diqqət yetirilirdi. Bu gün isə müstəqil Azərbaycanın həyatında muzey işi həm bölgələrimizdə, həm də paytaxtımızda dövlət tərəfindən böyük diqqət altındadır. Mən də hələ gənc yaşlarımdan muzeyçilik fəaliyyətimlə bağlı Azərbaycanın bir çox bölgələrinə səfər etmişəm. Bir çox rayonlarımızda metodiki, bilavasitə, praktiki fəaliyyətimlə muzey yaradıcılığı işlərində bilik və bacarığımı əsirgəmədim. Mən bu gün həyatımı muzey işinə həsr etdiyim üçün qürur hissi keçirirəm. Azərbaycanın bölgələrində muzey işi fəaliyyətimə görə sovet dövründə Mədəniyyət Nazirliyi və Həmkarlar Komitəsi tərəfindən “Kənddə mədəni işin əlaçısı” nişanı ilə təltif edildim. Bu bəlkə kiçik bir hədiyyə hesab edilə bilər. Ancaq əməyə verilən qiymət kimi dəyərlidir. Çünki o zaman Azərbaycanın rayonları bugünkü kimi yüksək şəraitə malik deyildi. Muzey işi haqqında insanların məlumatı çox məhdud idi. Biz, gənc muzey işçilərinin əsas vəzifəsi də o dövrdə bölgə əhalisini muzey işi haqqında agah etmək idi. Belə səfərimizdən biri də Masallının Hüşgədərə kəndində olub. Mən bu səfərimizi çox gözəl xatırlayıram.
- Pəri xanım, sənət yolunuzda arzularınız...
- Sənət yolumda məqsədim, Cəlil Məmmədquluzadənin ev muzeyində çalışmağımla onu hər zaman cəmiyyətdə layiqincə tanıtmaq və təbliğ etməkdir. Mənə verilmiş bu imkandan istifadə edərək ədibin və həmkarlarının həyat və yaradıcılıq irsini toplamaq, tədqiq etmək, gələcək nəsillərə ötürməkdir. Bir muzeyçi olaraq ədəbiyyatımızın, tariximizin dəyərli insanları olan Mirzə Cəlil və digər “Molla Nəsrədin”çilər Ö. F. Nemanzadə, Ə. Qəmküsar, Ə. Haqverdiyev, M. S. Ordubadi, Ə. Əzimzadə, Ə. Nəzmi və başqalarının ruhu qarşısında borcumu ləyaqətlə yerinə yetirim.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info