“Dövlət dilinə hörmətlə yanaşmayanlar var”
Tarix: 28.06.2014 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan dili milli həmrəyliyin göstəricisidir və dünyada 50 milyon azərbaycanlı bu dildə danışır: “Dünyada 5 minə yaxın dil var, dialektlərlə birlikdə onların sayı 10 minə çatır. Məsələn, Meksikada, Kubda ispan dili rəsmi dildir. 50 milyon insan isə Azərbaycan dilində danışır, biz xoşbəxtik ki, Azərbaycan dili bizim dövlət dilimizdir. Bu dil folklorun dilidir”.
Ə.Amaşov deyib ki, müstəqillikdən sonra Azərbaycan dilinin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib, sənədlər qəbul olunub: “Əsas məsələlərdən biri qloballaşan dünyada dilin saflığını qorumaqdır. Azərbaycan dilinin mətbuat orqanlarında düzgün işlədilməsinə nəzarət Mətbuat Şurasının daim diqqət mərkəzindədir və hesab edirəm ki, bu cür tədbirlərin keçirilməsi bu sahədə olan problemlərin aradan qalxmasına kömək edəcək”.
Daha sonra çıxış edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli qeyd edib ki, 1978-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dili rəsmi dövlət dili olub: “ Bu sahədə ümummilli lider Heydər Əliyevin xidməti olub. Müstəqilik əldə edildikdən sonra 1995-ci ildə qəbul edilmiş Konstitusiyada da Azərbaycan dili dövlət dili kimi göstərilib. Həmçinin, Fərman və Sərəncamlar qəbul edilib. Bunların içərisində 2012-ci ilin aprelin 9-da “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi mühüm hadisə idi. Əvvəllər televiziyalarda Azərbaycan dili ilə yanaşı, digər dillərdə də verilişlər aparılırdı. Sonra teleradio efirində dövlət dilinin həcminin 75% həddində olması tələbi qoyuldu. Bu tələb yerinə yetirilsə də, indi bəzi istisnalar da var. Bu qərarın qəbul edilməsində MTRŞ iştirak etdiyi üçün fəxr edirəm. 2013-cü ildə televiziyalarda bədii şuraların yaradılması haqqında qanun qəbul edildi”.
N.Məhərrəmli qeyd edib ki, rəhbərlik etdiyi qurum Dövlət Proqramının icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirib: “Şura olaraq biz televiziya kanallarında bir sıra monitorinqlər keçirmişik və nəticələri ictimaiyyətə açıqlamışıq. Telekanallarda Bədii Şuralar ilkin olaraq öz müsbət nəticəsini göstərdi və hesab edirəm ki, bu tədbirlər davam etdirilməlidir. Azərbaycan dilinin düzgün inkişafı ilə bağlı məsələ təkcə bizim qurumun məsələsi olmamalıdır. Bu işdə bizə Təhsil Nazirliyi də köməklik göstərməlidir”.
O deyib ki, Azərbaycan dilinin zənginləşdirilməsi ciddi məsələdir: “Buna görə də KİVDF-yə, QHT-lərə, vətəndaş cəmiyyəti institutlarına müraciət edirəm, monitorinqlərin aparılması prosesində dəstək olsunlar. Bu iş tək MTRŞ-in üzərində qalmasın. İnternet dili artıq insanlar tərəfindən beynəlxalq dil kimi qəbul edilib. Lakin milli özünü müdafiə amili də nəzər alınmalıdır”. Onun sözlərinə görə Azərbaycanın bir sıra mədəniyyət mərkəzlərində, elm sahəsində, hətta dövlət qurumlarının yuxarı mərtəbələrində işləyənlərin çoxu öz ana dillərini tam bilmirlər: “İstər ziyalı, istərsə də digər təbəqələrdə dövlət dilinə hörmətlə yanaşmayanlar həddindən artıq çoxdur: “Həmin adamları televiziya kanallarına dəvət edəndə, öz fikirlərini tam dəqiq ifadə edə bilmirlər. Bu ciddi faktdır. Bəzən bizə deyirlər ki, televiziyalarda Azərbaycan dilinin məcburi istifadəsi ilə bağlı tədbirlər həyata keçiriləndən sonra bəzi insanlar məcbur olub Azərbaycan dilini öyrəndilər. Digər dilləri bilmək böyük üstünlükdür, amma insan ilk növbədə ana dilini bilməlidir”.
N.Məhərrəmli əlavə edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Ana dili” ilə bağlı açıqladığı sonuncu statistika təəssüf doğurur: “Sonuncu buraxılış imtahanında XI sinif şagirdlərindən bir çoxu ana dilindən qiymət ala bilməyib. Şagirdlərin "2" qiyməti alması gələcəkdə ana dilimizin ziyanına ola bilər. Hesab edirəm ki, bu istiqamətdə tədbirlərin görülməsi vacibdir”.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, Mətbuat Şurasının Monitorinq şöbəsinin əməkdaşı İlham Abbasov və başqaları Azərbaycan dilinin KİV-də istifadəsi haqqında fikirlərini bildiriblər, mövcud olan problemlərə toxunublar. V.Səfərli qeyd edib ki, rəhbərlik etdiyi fond monitorinqlərin keçirilməsinə bundan sonra da dəstək olacaq və nəticələr ilin axırında yenidən ictimaiyyətin diqqətinə çatdırılacaq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
25.09.2018
Lökbatanda salınmış abad məhəllədə əhali ilə görüş
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info