Prezidentin çıxışı xaricdə təhsil alan gənclərimizə stimul olub
Tarix: 30.06.2014 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Ümüd Səlimzadə: “Bu çıxış əlamətdar bir hadisə kimi yadımda qaldı”

Natiq Xəlilov: “Bu çıxış Azərbaycanın beynəlxalq siyasi arenada qazandığı növbəti uğurudur”

Elmar İskəndərov: “Prezident mahir diplomatiyası ilə Azərbaycan əleyhinə olan qərəzli sualları zərərsizləşdirərək, onların öz əleyhinə çevirə bildi”

Nail Məmmədzadə:
“Bu, ölkə başçısının Qarabağ münaqişəsi ilə bağlı dünya birliyinə verdiyi aydın mesaj idi”

Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasındakı çıxışı bir sıra məqamları ilə yadda qaldı. Avropa mediasının da diqqətində olan bu çıxışda ölkə başçısı qətiyyətini ortaya qoyaraq əsl siyasi lider olduğunu bir daha göstərmiş oldu. Dövlət başçısı müstəqillik illərində Azərbaycanın inkişaf yolu, həyata keçirilən siyasi və iqtisadi islahatlar, güclü iqtisadiyyat, müasir, demokratik cəmiyyət quruculuğu sahəsində əldə olunmuş mühüm uğurlar, Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan nəhəng transmilli enerji layihələri, dövlətimizin daxili və xarici siyasətinin prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə danışaraq ölkəmizin inkişaf yoluna nəzər salıb. O, həmçinin AŞPA deputatlarının suallarını da cavablandırıb. Prezidentin qlobal düşüncə tərzi, Azərbaycanda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında məlumatlılıq səviyyəsi, sistemli təhlili, dəmir iradəsi və məntiqi, müstəqil və analitik mühakimə qabiliyyəti, prinsipiallığı, qətiyyəti AŞPA deputatları, ekspertlər, şərhçilər, yerli və xarici KİV-lər, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. Hər zaman xarici ölkələrdə öz uğurlu təhsilləri ilə Azərbaycanı layiqincə təmsil etmiş tələbələrimiz də Prezidentin sessiyadakı çıxışını yüksək qiymətləndirərək dövlət başçısı ilə fəxr etdiklərini bildirirlər.
Almaniyada ali təhsilini davam etdirən həkim-rezident Ümüd Səlimzadə Prezidentin çıxışında vacib məqamlara toxunduğunu söylədi: “Dəyişiklik ağrısız olmur. Әgər ağrı hiss etmirsənsə, deməli heç nə dəyişməyib." Ölkə başçısının Strasburqda olan çıxışı mənə məşhur bir filmdən yadımda qalan bu cümləni xatırlatdı. Həmin gün müstəqilliyinin gənclik və intibah dövrünü yaşayan respublika üçün və bu gəncliyi, yenilənməni, inkişafı gözü götürməyənlər üçün əlamətdar bir hadisə kimi yadımda qaldı. Son 20 ildə yaradılan xarüqələrin bəzi qonşularımıza yaratdığı narahatlıq əlbəttə, başadüşüləndir. Hansısa bizi sevməyən güclərin birləşərək, torpaqlarımızın 20%-dən çoxunu işğal altında saxlaması, insanlarımızın isə bir milyon iki yüz mindən çoxunu yurdsuz-yuvasız saxlaması da inkişafımıza yönəlmiş birbaşa zərbədir. Dünyada qaçqınlarla və məcburi köçkünlərlə bağlı son statistikaya nəzər salsaq, görərik ki, bütün dünya üzrə qaçqınların və məcburi köçkünlərin 2,5 %-i Azərbaycan kimi balaca bir dövlətin payına düşür. Lakin bu çətinliklərə rəğmən, inkişafı təmin edən az ölkə olar ki, onlardan biri də mənim Vətənimdir. Vətəndaş müharibəsi və ən böyük zərbə olan torpaqların itirilməsi kimi ağır məqamları yaşayan bir xalqın “Avroviziya” və Yay Olimpiya oyunlarına ev sahibliyi qazanması, əlbəttə dünya mediasında və gündəmində birmənalı qarşılanmayacaqdı. Ona görə cənab Prezidentin çıxışından sonra ona ünvanlanan suallar zamanı provakativ məqamların əks olunması gözlənilən idi”.
Ümüd Səlimzadə deyir ki, 20 il öncə dünyada bəlkə də yalnız siyasətçilərin və coğrafiya müəllimlərinin tanıdığı Azərbaycanı əgər bu gün bütün dünya tanımağa başlayırsa, bu işdə ölkənin xaricə təhsil almağa göndərdiyi tələbələrin də rolu böyükdür: “Cənab Prezident öz çıxışında bu məqamı belə vurğuladı ki, cəmiyyətimiz gəncdir, çox dinamikdir və yaxşı təhsilə malikdir: Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Aydın şəkildə anlayırıq ki, yalnız yaxşı təhsil səviyyəsinə malik olan cəmiyyət uğurlu inkişafın qarantıdır. Bu, radikalizm və fundamentalizmə qarşı qarantiya ola bilər. Bu səbəbdən, təhsil hökumətimiz üçün ən yüksək prioritetlərdən biridir. Son on ildə Azərbaycanda üç yüzdən artıq yeni məktəb binası tikilib. Təhsilin keyfiyyəti də yaxşılaşır. Eyni zamanda, biz dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq proqramlarını həyata keçiririk. Gənc tələbələrimizi iqtisadi potensialımıza uyğun intellektual potensiala da malik olmaları üçün təhsil məqsədilə xaricə göndəririk. Bu, sədrliyimiz zamanı diqqət yetirəcəyimiz əsas prioritetlər olacaqdır". Prezident bir məqamı da çox düzgün vurğuladı ki, "Ermənistanın əvvəlki prezidenti burada, demokratiya sarayında çıxış edərkən bildirib ki, ermənilər ilə azərbaycanlılar arasında milli uyğunsuzluq var. Onun davamçısı, Ermənistanın indiki rəhbəri münaqişəyə dini don geyindirir. Bu, tamamilə qəbuledilməz yanaşmadır. Ondan başlayaq ki, azərbaycanlıların heç bir digər millətlə uyğunsuzluğu yoxdur. Bəlkə ermənilərdə bu meyar vardır". Bunu təbabətlə məşğul olan əksər insanlar bilir ki, dünya tarixində ermənilər yeganə millətlərdəndir ki, onların özlərinə məxsus və irsən keçən "erməni xəstəliyi" vardır. Bu xəstəlik çox cavan yaşlardan başlayır və əksər hallarda da ölümlə nəticələnir. Ümumdünya Səhiyyə Təşkilatı "sağlam bədəndə sağlam ruh" strategiyasını həyata keçirəndə, yəqin ki ermənilərin özünün də çox gözəl bildikləri "erməni xəstəliyi" prinsipinə əsaslanaraq, onları, dünya millətlərinə uyğun gəlməmələrilə əlaqədar "milli uyğunsuz" adlandırması heç də pis olmazdı. Dünyada 3500-ə yaxın xalq, qəbilə, tayfa var. Bunlardan yalnız 230-nun müstəqil dövləti var və bu dövlətlərdən yalnız 192-si BMT-nin üzvüdür. Azərbaycan da həmçinin BMT-nin tam hüquqlu üzvüdür. Bu həqiqətən də böyük nemətdir. Çox şükür, biz buna sahibik. Hindistanda əhalisi 130 milyona qədər olan xalqlar var ki, heç bir dövləti yoxdur. Amma bizim müstəqil dövlətimiz var. Sonda fikrimi ən birinci yazdığım cümlənin açıqlaması ilə tamamlamaq istərdim. “Dəyişiklik ağrısız olmur. Әgər ağrı hiss etmirsənsə, deməli heç nə dəyişməyib”. Biz bu müstəqilliyi minlərlə şəhid qanı hesabına qazanmışıq. Şübhəsiz ki, bu, hər bir “azərbaycanlıyam” deyənin ürəyində ağrılı-acılıdır. Gəlin, bu müstəqilliyi daha da möhkəmləndirək - bir-birimizə dəstək olmaqla!”
Çin Xalq Respublikasının Renmin Universitetinin Hüquqşünaslıq fakültəsində təhsil alan Natiq Xəlilov Prezidentin çıxışını diqqətlə izlədiyini söylədi: “İlham Əliyevin AŞPA sessiyasındakı çıxışını çox yüksək dəyərləndirirəm. Prezidentimiz öz çıxışında bir neçə vacib məqama toxunmaqla yanaşı, həmçinin ölkəmiz üçün böyük önəm kəsb edən həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. Prezident öncə tolerantlıq mövzusuna toxunmaqla hazırda dünya ölkələrinin ən çox əziyyət çəkdiyi bu mövzuda ölkəmizin nümunə olduğuna işarə vurdu. Bildiyiniz kimi, Bakı Sovet İttifaqı dövründə həmişə beynəlmiləl şəhər kimi tanınıb, burada müxtəlif millətlər uzun illər dostluq və əmin-amanlıq içində yaşayıb, heç vaxt yerli millətin pis münasibətinə və qərəzinə rast gəlməyib. Azərbaycan millətinin tolerantlığına dair iki misal gətirmək istərdim. Hazırda, dünyada İsraildən kənarda demək olar ki yəhudilərin sıx yaşadığı bir bölgə yoxdur. Lakin Azərbaycanda Qırmızı Qəsəbə deyilən bir yer var ki, burda yəhudilər yüzilliklər boyu rahat yaşayıb və heç zaman antisemitizmlə üzləşməyiblər. Bunu mən əminliklə deyirəm. Çünki özüm dəfələrlə dağ yəhudiləri ilə bu barədə söhbət etmişəm və onlar da həmişə Azərbaycan millətinin tolerantlığı haqqında ağızdolusu danışıblar. Daha bir misal İsmayıllı rayonunda yerləşən və rusların kompakt yaşadığı İvanovka kəndidir. Sovet İttifaqı dağılandan sonra Azərbaycanda bütün kolxozlar ləğv edildi, lakin ümummilli liderimiz Heydər Əliyev İvanovka kəndinin kolxozunu ləğv etmədi. Çünki kolxoz sistemi İvanovka kəndinin sakinlərinin həyat tərzi idi. Bu, millətimizin tolerantlığını açıq-aşkar nümayiş etdirən digər bir misaldır. Belə misalları çox çəkmək olar. Prezidentimiz qeyd etdiyi kimi, millətimizin tolerantlığı regionda sabitliyin qorunmasına yardım edir və bir çox regional layihələrin uğurla həyata keçirilməsində əvəzolunmaz rol oynayır. İlham Əliyevin toxunduğu ikinci məqam Azərbaycanın sürətli inkişafı və gələcək dövr üçün prioritetləri haqqındadır. 20-ci əsrin 90-cı illərində başımıza gələn faciələrə baxmayaraq, ölkəmiz son illər dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində sürətli inkişafa nail olub, Qafqaz regionunun liderinə çevrilib”.
Natiq Xəlilov deyir ki, son zamanlar ölkəmizdə uğurla keçirilən mötəbər yarış və turnirlər Azərbaycanın Avropaya inteqrasiyasında vacib rol oynayıb. Ölkəmiz tərəfindən reallaşan nəhəng enerji layihələri isə iqtisadiyyatımızın dinamik inkişafına gətirib: “Prezident öz çıxışında qeyd etdi ki, Azərbaycanın gələcək dövr üçün əsas prioritetləri tam demokratik, multimədəniyyətli cəmiyyət qurmaqla yanaşı, rüşvətxorluğa, radikalizmə qarşı mübarizə aparmaqdı. Bundan sonra Prezidentimiz son zamanlar ölkədə aparılan bir çox demokratik islahatlar haqqında da ətraflı məlumat verdi. Sonda Prezident tutarlı faktlarla müasir Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ və işğal edilmiş rayonlar haqqında danışdı. O, Ermənistanın beynəlxalq hüquq prinsiplərini pozması və regionda apardığı destruktiv siyasət barəsində sessiyanın iştirakçılarına ətraflı məlumat verdi. Bundan əlavə, İlham Əliyev iştirakçılara Dağlıq Qarabağ probleminin həlli yolları haqqında hərtərəfli danışdı. Fikrimcə, Prezidentin AŞPA-nın sessiyasındakı çıxışı bir daha onu sübut etdi ki, ölkəmiz çox güclü və uzaqgörən rəhbərə malikdir. Prezidentin çıxışını Azərbaycanın beynəlxalq siyasi arenada qazandığı növbəti uğuru kimi qiymətləndirirəm. Son zamanlar beynəlxalq arenada qazandığımız uğurlar məni ümidləndirir və inanıram ki, yaxın zamanlarda biz Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizi geri qaytaracağıq. Sonda qeyd edim ki, bu məsələlərdə bizim, yəni xaricdə yaşayan azərbaycanlıların üzərinə də öhdəliklər düşür. Biz hər birimiz xaricdəki fəaliyyətimizlə ölkəmizə layiqli olub, xeyir verməliyik”.
İndoneziyanın Xarici İşlər və Təhsil Nazirliyinin Beynəlxalq münasibətlər və Siyasi elmlər üzrə dövlət təqaüdçüsü, İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti Elmar İskəndərov isə bu cür qətiyyətli çıxışların onlar üçün də müəyyən stimul olduğunu deyir: “Prezidentin Avropanın diqqətində olan Strasburqdakı sessiyada çıxışı zamanı Azərbaycan xalqı bir daha əmin oldu ki, maraqlarını dünya arenasında, beynəlxalq münasibətlər sistemində yüksək səviyyədə qoruyan liderə malikdir. Prezident dünyanın bütün aparıcı beynəlxalq təşkilatlarının konfrans və forumlarında hər zaman Azərbaycanın milli maraqlarını əsas tutaraq ölkənin xarici siyasət xəttini, inkişaf konsepsiyasını, üzləşdiyi problemləri, Dağlıq Qarabağın işğalı faktını, Ermənistanın aqressiv siyasətini və regional sülhə təhdidlər yaratdığını danılmaz faktlarla dünya siyasilərinə və ictimaiyyətinə göstərərək xalqımıza qarşı ədalətsizliyə son qoyulmasını tələb edib. Prezidentin budəfəki çıxışı zamanı da ortaya qoyduğu qətiyyətli mövqeyi, siyasi manevrləri, diplomatik davranışı və əmin-arxayın manerası onu ilk növbədə müstəqil və praqmatik dövlət başçısı kimi yenidən diqqət mərkəzinə çıxardı. O, heç bir böyük dövlətdən asılı olmadığını, yalnız Azərbaycan xalqının mövqeyini ortaya qoyduğunu bir daha göstərdi. Faktlarla bildirdi ki, Azərbaycanda əsrlər boyu tolerantlıq mühiti qorunub saxlanır. Ölkədə bütün dini icmalar və millətlər sülh şəraitində yaşayır. Dünyanın heç bir müsəlman ölkəsində yəhudi icması müsəlman xalqı ilə Azərbaycandakı kimi sülh şəraitində yaşamır. Bakı dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınır. Bu gün böyük tarixi, zəngin mədəniyyəti olan Azərbaycan bütün dünya ölkələri üçün dini və etnik tolerantlıq nümunəsidir. Bununla bərabər, artıq Azərbaycan beynəlxalq münasibətlər sistemində regional və beynəlxalq layihələri ilə regionda davamlı sülhün yaradılmasında başlıca rolu olan faktora çevrilib. Azərbaycanın həyata keçirdiyi regional və beynəlxalq layihələr regionda sabitləşdirici rol oynamaqla yanaşı, təkcə Azərbaycanın deyil, həm də region ölkələrinin inkişafına şərait yaradır”.
Elmar İskəndərov deyir ki, Prezident çıxışı zamanı Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk gündən bu günə kimi keçdiyi yolu və əsas tarixi hadisələri, müstəqilliyin ilk illərindəki faciəvi durumu, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, sonrakı dövrdə ölkədə həyata keçirilən demokratik islahatlar, ölkənin beynəlxalq aləmə inteqrasiyası, nəhəng enerji layihələrinin həyata keçirilməsi, ölkənin dinamik inkişaf yoluna qədəm qoymasını sistemli təhlil edərək, çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı duruma, Ermənistanın aqressiv və işğalçı siyasətini ifşa edən faktlara da böyük yer ayırdı: “Bu gün Azərbaycan o dərəcədə güclənib ki, Krım hadisələrindən sonra belə çəkinmədən ərazi bütövlüyü prinsipi barədə bəyanat verir və eyni zamanda AŞPA-da, Avropa Birliyi tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əslində işğalçı bir dövlət olan Ermənistana qarşı da tətbiq edilməli olduğuna işarə vura bilir və Prezident AŞPA-nın yay sessiyasında son çıxışı zamanı bunu AŞPA-ya, aparıcı dövlətlərə edilən tələb kimi irəli sürdü. O bildirdi ki, təcavüzkarlara qarşı müəyyən sanksiyaların tətbiq edilməsi bir neçə saat ərzində həyata keçirilsə də, Ermənistan ordusunun Azərbaycanın işğal altında olan torpaqlarını qeyd-şərtsiz tərk etmələri və işğal altında olan torpaqların Azərbaycana qaytarılması haqqında BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi 20 ildən artıq müddətdir ki, həyata keçirilmir və Ermənistan tərəfindən də məhəl qoyulmur. Dövlət başçısı beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin tətbiqi mexanizminin yaradılması təklifi ilə çıxış etdi. Mövcud ikili standartlara son qoyulmasını, ədalətin bərqərar olunmasını tələb etdi. Prezident ölkəmizin AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə bu ikili standartlara qarşı mübarizə aparacağını açıq şəkildə bildirdi.
Çox halda şahidi olmuşuq ki, beynəlxalq konfrans və forumlarda Prezident erməni lobbisi və Azərbaycanı sevməyən, inkişafını gözü götürməyən qüvvələr tərəfindən sifarişli və qərəzli suallarla qarşılaşır. Misal olaraq, Davos dünya iqtisadi forumu zamanı Misirdəki hadisələri Azərbaycanda görmək istəyən qüvvələrə Prezidentin qətiyyətli cavabını və bu ilin aprel ayında İlham Əliyevin Avropa İttifaqının Praqada keçirilən “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitində Sarkisyanın absurd fikirlərinə və provakasiya xarakterli nitqinə tutarlı cavabını göstərmək olar. Ən əsası isə budur ki, məhz Azərbaycan liderinin çıxışı fonunda Ermənistan başçısının başçı olmadığı, qeyri-ciddi, diplomatiyadan uzaq biri olması, sifarişlərlə hərəkət etməsi ortaya çıxıb. Maraqlıdır ki, niyə ölkəsi səfalət içində olan və bütün insan hüquq və azadlıqlarını boğan, beynəlxalq hüququn konvensiyalarına, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayan, aqressiv-işğalçı siyasət yürüdən Ermənistan başçısına bu cür suallar verilmir və heç nə tələb edilmir?!
Bütün beynəlxalq konfrans və forumlarda olduğu kimi, bu dəfə də AŞPA-nın sonuncu yay sessiyasında da Azərbaycan Prezidenti qərəzli və sifarişli suallarla qarşılaşdı. Lakin, cənab İlham Əliyev öz siyasi iradəsi və mahir diplomatiyası ilə Azərbaycan əleyhinə olan qərəzli sualları zərərsizləşdirərək onların öz əleyhinə çevirə bildi və Azərbaycanın haqqın və ədalətin tərəfində olan işğala məruz qalmış ölkə olduğunu, lakin ədalətin bərqərar olunması üçün də çox gözləməyəcəyinə işarə vurdu. Belə ciddi siyasi bəyanat Prezident İlham Əliyevin öz ölkəsinin haqlı mövqeyinə və xalqın dəstəyinə arxalanmasından doğur. Azərbaycan Prezidenti ona böyük dövlətlərin nə deyə biləcəyinin fərqinə varmadan hər zaman öz müstəqil sözünü deyib, ölkəsinin başlıca probleminin nədən ibarət olduğuna diqqət çəkməyi bacarıb. Prezidentin bu çıxışı növbəti siyasi uğur, diplomatik məharət, Ermənistan siyasətinin və erməni lobbisinin isə növbəti iflası və məğlubiyyəti idi”.
Polşada ali təhsilini davam etdirən Nail Məmmədzadə siyasətlə maraqlanan əcnəbi tələbələrin də AŞPA-nın bu sessiyasında Prezidentin çıxışının diqqətlərini cəlb etdiyini deyir: “Ölkədə gedən siyasi və ictimai prosesləri yaxından izləyən və xaricdə təhsil alan gənc kimi ölkə Prezidentinin AŞPA-nın sessiyasındakı çıxışı mənim üçün olduqca maraqlı idi. Bu baxımdan da çıxışı bütünlüklə dinlədim. Prezident Azərbaycanın daxili və xarici siyasətinin prioritetləri və gələcək hədəfləri ilə bağlı vacib məqamlara toxundu. Mənim üçün isə əsas məqam Dağlıq Qarabağ konfliktinin Avropa Birliyi ölkələrinə daha qabarıq şəkildə çatdırılması idi ki, Prezidentimiz bunu mükəmməl şəkildə həyata keçirə bildi. Dövlət başçısı qeyd etdi ki, münaqişə bütün regionu təhdid altında saxlayır, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, onlar hələ də icra olunmur. Halbuki istədikləri halda belə, qətnamələr bir neçə saat ərzində həyata keçirilir. Bu, cənab Prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya birliyinə verdiyi olduqca aydın mesaj idi. Prezidentin geniş məzmunlu çıxışı, suallara verdiyi olduqca konkret və faktoloji cavablar, prinsipiallığı və qətiyyəti avropalı deputatlar, beynəlxalq ekspertlər, yerli və xarici media tərəfindən olduqca yüksək dəyərləndirildi. Buna əminəm”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info