“Astraxanda güclü diasporumuz var”
Tarix: 01.07.2014 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Elvin Allahverdizadə:“Təhsil aldığım universitetdə oxuyan xarici tələbələr Bakıya gəlmək istəyir”

“Palitra”nın xaricdə təhsil alan tələbələrlə bağlı layihəsi çərçivəsində növbəti müsahibi Astraxan Dövlət Universitetinin tələbəsi Elvin Allahverdizadədir:

- Mən 1995-ci ildə Bakıda anadan olmuşam. 2000-ci ildə orta məktəbə daxil olmuşam. Məktəbi bitirdikdən sonra Rusiyada fəaliyyət göstərən Astraxan Dövlət Universitetinə qəbul olmuşam. Hər il təhsil aldığım məktəbə gəlib yaxşı təhsil alan 5 şagird seçirdilər. Mən də xarici ölkələrdə təhsillə bağlı keçirilən qəbul imtahanında iştirak etdim və imtahandan keçərək qəbul olunanlardan birincisi oldum. Beləliklə, 2012-ci ildə Astraxan Dövlət Universitetinin Tarix fakültəsinin xarici regionşünaşlıq ixtisasına daxil oldum. Təhsil aldığım ali təhsil müəssisəsində hər şey xoşuma gəlir. Təhsil sistemi Azərbaycandakı kimidir. İmtahan prosesi test üsulu ilə deyil, bilet sistemi ilə həyata keçirilir. Dərs prosesi ilə bağlı elə bir çətinlik yoxdur. Oxuyan insan üçün problem deyil. Əsas xarici dili bilməkdir. Xarici dil kimi ingilis, alman dillərini bilirəm. Bizim ailə Rusiyada yaşayıb və ona görə rus dilini yaxşı bilirəm. Oranı seçməyimin səbəbi də rus dilini yaxşı bilməyimdir, həmçinin şəraitlə tanış olduğuma görə oranı seçdim. Valideynlərimin də razılığı oldu.
-Universitetdə təhsil alan digər tələbələrlə münasibətləriniz necədir?
- Digər uşaqlarla əlaqələrimiz də yaxşıdır. Universitetdə müxtəlif ölkələrdən, o cümlədən Koreya, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Türkiyə və digər ölkələrdən tələbələr təhsil alır. Əsasən türkdilli ölkələrdən olan gənclər olduğuna görə, dilimizin uyğun olması bizim rahat anlaşmamıza imkan verir.
-Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Əvvəllər idmanla məşğul olmuşam. Hazırda yenidən başlamaq istəyirəm. Əsasən qol güləşi növü ilə məşğul olmaq istəyirəm. Mən stolüstü tennis növü ilə də məşğul olmuşam. RAGT tərəfindən müxtəlif tədbirlər təşkil olunur. Son tədbirlərimizdən biri Xocalı soyqırımı, Novruz bayramı ilə bağlı oldu. Tədbirlər adətən RAGT-nin ofisində təşkil olunur, tələbələr oraya toplaşır. Fikirlərimizi bölüşürük. Başqa millətlərə də ölkəmizlə bağlı reallıqları, mədəniyyətimizi göstəririk. Məsələn, Novruz bayramında təşkil olunan tədbirdə iştirak etdik, hamının xoşuna gəldi.

“Ermənilərə elmimizlə, təhsillə qalib gəlməliyik”

İstərdim ki, bütün tələbələr dərslərdən yayınmasınlar. Boş vaxtlarında insan hər şey edə bilər. Saat 6-dan sonra boş vaxt olur. Tələbələr bəzən fikirləşir ki, imtahandan başqa “yollar”la keçə bilərəm. Amma sonda elə olur ki, universitetdən qovulurlar. Biz əvvəllər universitetin yataqxanasında qalırdıq ki, bu yataqxana Rusiyada reytinqinə görə, 2-ci yerdədir. Ancaq indi uşaqlarla ev tutmuşuq. Boş vaxtlarda gəzməyə çıxırıq. Oğlanlar üçün ev işləri görmək çətin olsa da çalışırıq ki, növbə ilə öhdəsindən gələk. O çətinlik var ki, valideynlər yanımızda olmur. Çalışırıq ki, bütün problemlərin öhdəsindən gələk. Ümumiyyətlə, universitetdə 20-25 nəfər azərbaycanlı tələbə təhsil alır.
- Universitetdə təhsil alan erməni tələbələrlə münasibətiniz necədir?
-Universitetdə erməni tələbələr də var. Bizə münasibətlərinə gəldikdə isə bizlə danışırlar, amma əksəriyyəti özlərini elə aparır ki, guya baş verən hadisələrdən xəbərləri yoxdur. Biz universitetə yeni gedəndə emosional idik. Sonra fikirləşdik ki, erməniyə görə məktəbdən xaric edilməyək. Çalışırıq ki, onlara elmimizlə, təhsillə qalib gələk. Onlarda bir az qorxu var.
- Oradakı azərbaycanlıların diaspor fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanda diplomatiya yaxşı inkişaf edib. Bizə diplomatiya lazımdır. Diasporumuzu inkişaf etdirməliyik. Gənc kadrlar çox olmalıdır. Astraxanda diasporumuz yaxşı inkişaf edib. RAGT-nin sədri Leyla Əliyeva gəlib orada təşkil olunan tədbirlərdə iştirak edir. Gənclərimiz fəallıq göstərirlər. Eyni zamanda şəhər özü balaca olsa da insanların da xüsusiyyəti yaxşıdır. Burada müxtəlif millətlər yaşayır. Ümumiyyətlə, biz az deyilik. Orada həm yerli, həm gəlmə azərbaycanlılar var. Yerli azərbaycanlılar köhnə adət-ənənələrimizi hələ də yaşadırlar. Yerli əhali isə azərbaycanlılara öyrəşiblər. Ümumiyyətlə, orada Qafqaz milləti çoxdur.
- Bu ali təhsil ocağındakı təhsilin hansı üstünlükləri var?
- Oradakı təhsil sistemi çox xoşuma gəlir. Orada oxumayan tələbəni də oxutdururlar. Boloniya sistemi tətbiq olunur. Seminarda tək tələbə deyil, qrup şəklində cavab verirlər. İki illik təhsilimi yaxşı qiymətləndirirəm. Təhsil ödənişlidir. Qiyməti 2 min dollardır. Orta məktəbdə o qədər yüksək səviyyədə oxumasam da hazırda orada yaxşı oxuyuram. Orada elə bir sistemdir ki, oxumaq özümün də xoşuma gəlir. Fənlərin əksəriyyətini sevirəm. İstərdim ki, gənclər həmişə oxusun, çünki lazımdır. Həm iş üçün zəmin yaradır, həm insanın düşüncəsi dəyişir.
Universitetdə azərbaycanlı uşaqlardan ibarət Şən və Hazırcavablar Klubumuz var. Hər bir şəhərin liqası var. Böyük nailiyyətlərimiz var. Şəhər liqasında 3-cü yer tutmuşduq. Bizə uğurumuzun nəticəsində diplom verdilər. Çalışırıq ki, daha da uğurlar qazanaq.
- Xarici tələbələrin Azərbaycanla bağlı təsəvvürləri necədir?
- Xarici tələbələrin Azərbaycanı tanımaları isə “Eurovizion” mahnı müsabiqəsi ilə daha çox bağlı oldu. Hamısı deyir ki, Bakı çox gözəldir, hamı Bakıya gəlmək, tanımaq istəyirik. Biz də dəvət edirik. Bir dağıstanlı dostum gəlmişdi. Bakını gəzdik, valideynlərinin də çox xoşuna gəldi. Digər uşaqları da dəvət edirik.
-Gələcəkdə təhsilinizi harada davam etdirmək istəyirsiniz?
- Təhsilimi Almaniyada davam etdirmək istəyirəm. Çünki bizim universitetin göndərişi də Almaniyayadır. 3-cü kursda praktikaya Almaniyaya gedəcəyəm. Sonra da magistraturanı da orada oxumaq istəyirəm. Ümumiyyətlə, praktikaya gəldikdə bizim ali təhsil ocağında xarici vətəndaşların ilk növbədə əsasən öz vətənlərində praktika keçmələrinə üstünlük verilir. Biz də azərbaycanlı tələbələr olaraq Leyla Əliyevanın rəhbəri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatından (RAGT) Azərbaycanda praktika keçmək üçün göndəriş götürürük. RAGT-də bizi başa salırlar və səfirlikdə, yaxud qəzetdə praktika keçməyi özümüz seçirik. Mən hazırda Bakıda praktika keçirəm. Təhsilimi başa vurduqdan sonra ixtisasım üzrə Bakıda iş tapmaq istəyirəm.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İsmayıl Kazımov: “Dildə məcburiliyə köklənən qaydalar mütləq gözlənilməlidir”
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info