“Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb”
Tarix: 02.07.2014 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Vüsal Həsənov: “Gənclər siyasəti nəticəsində hər bir azərbaycanlı gəncin xaricdə ölkəmizi təmsil etmək üçün kifayət qədər resursları var”

Azərbaycan gəncliyi bu gün on, iyirmi il əvvəlki gəncliyin rastlaşdığı problemlərdən uzaqdır və gənclərimizin inkişafı əvvəlki illərlə müqayisədə daha sürətli şəkildə gedir. Bütün bunlar isə ölkədə yaradılan münbit və sağlam şəraitin nəticəsidir. Gənclərimizin özünü təsdiq etməsi, liderlik qabiliyyətini hələ gənc yaşlarından ortaya qoyması üçün ən müxtəlif formada şəraitlər yaradılır. Gənclərin daha çox toplaşdığı, təmsil olunduğu qurumlar isə təhsil ocaqlarıdır. Buradan başlanan siyasət və görülən işlər də göz qabağındadır. Budəfəki müsahibimiz məhz ölkənin aparıcı ali təhsil ocaqlarından birində aktiv fəaliyyət göstərən, həmyaşıdlarını öz ardı ilə aparmağı bacaran bir gənc - Vüsal Həsənovdur. Vüsal Həsənov Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri olmaqla yanaşı digər ictimai işlərdə də aktiv gəncdir. Bu öncül gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.
-Özünüz barədə məlumat verərdiniz.
- Mən Həsənov - Vüsal Eldəniz oğlu 25 sentyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşam. Nəsimi rayonu 14 saylı orta məktəbi əla qiymətlərlə bitirmişəm və elə həmin ildə Azərbaycan Kooperasiya Universitetinə daxil olub, Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alıram. Təhsil və ictimai fəaliyyətdə fəallığım elə məktəb illərindən başlayıb. Şagird olduğum dönəmdə məktəbdaxili və məktəblərarası bilik yarışmalarının, mədəni-kütləvi tədbirlərin iştirakçısı və təşkilatçısı olmuşam. Təhsildə və ictimai fəaliyyətdə fərqləndiyim üçün müxtəlif zamanlarda məktəb rəhbərliyi tərəfindən bir çox sertifikat, diplom və təşəkkürnamələrə layiq görülmüşəm.
- Aktiv gənclərdən olduğunuzu söylədiniz. Gənclər siyasəti, ümumiyyətlə, ölkədə gənclərimiz, tələbələr üçün yaradılan şərait sizi qane edirmi?
-Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. O, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər və İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Gənclər Günü elan edilməsi, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük diqqət və qayğısı idi. Məhz bu diqqət və qayğı gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi. Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.
-Oxuduğunuz ali məktəb barədə də söz açardınız. Təhsil, tədrisin səviyyəsi sizi qane edirmi?
- Azərbaycan Kooperasiya Universitetinin əsası 1964-cü ildə qoyulub. Kooperasiya Universiteti yaradıldıqdan sonra onun maddi-texniki bazasının möhkəmləndirilməsi, professor-müəllim heyətinin tərkibinin yaxşılaşdırılması, tədris edilən ixtisasların genişləndirilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılıb. Universitetimizin 7 fakültəsində tələbələr 19 ixtisas üzrə azərbaycan və rus dillərində əyani və qiyabi formada təhsil alırlar. Universitetdə 25 kafedra, 50-dən artıq laboratoriya və fənn kabinetləri, 4 kompyuter laboratoriyası, 23 min nüsxədən artıq kitab fonduna malik olan kitabxana və oxu zalı, mətbəə, tibb məntəqəsi, idman zalı, iaşə müəssisəsi, kooperasiya muzeyi fəaliyyət göstərir. Deyərdim ki, universitetimizin təhsil sistemi, professor və müəllim heyətinin yetərincə təcrübəli olması, fənlərin yüksək səviyyədə tədrisi məni qane edir.
-Universitetinizin tələbələri necə, təhsil, ictimai işlərdə istənilən səviyyədə aktivlik göstərirlərmi?
-Universitetimizin inkişafında tələbə-gənclərin rolu da az deyil. Tələbələrimiz təhsilləri ilə yanaşı universitetin ictimai həyatında daha yaxından iştirak edirlər. Universitetimizin əlaçı və ictimai işlərdə fərqlənən tələbələrinin illik təhsil haqqında güzəştlər edilməsi ilə yanaşı, ictimai fəaliyyətində fərqləndiyinə və nümunəvi davranışına görə tələbələrə aylıq təqaüdlər də təyin olunur. Tələbələrin bu cür aktiv, təşəbbüskar, yaradıcı, savadlı olmalarına səbəb məhz universitet rəhbərliyi tərəfindən belə aktiv gənclərə göstərilən diqqət və qayğının nəticəsidir.
-Universitetinizin tələbə-gənclər təşkilatının sədrisiniz. Bu barədə də danışardınız.
-2012-ci ildə universitetin tələbə-gənclər təşkilatında müavin kimi fəaliyyətə başlamışam. 7 oktyabr 2013-cü ildən başlayaraq Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri olaraq fəaliyyət göstərirəm. Qeyd etmək istərdim ki, Azərbaycan Kooperasiya Universiteti Tələbə-Gənclər Təşkilatı respublika əhəmiyyətli mədəni-kütləvi tədbirlərdə yaxından iştirak etməklə yanaşı, universitetdaxili və xarici -bilik, intellektual, çoxsaylı idman və vətənpərvərlik yarışları, gəncləri maraqlandıran müxtəlif mövzularda seminarlar və təlimlər, xarici dil biliklərinin artırılması məqsədi ilə danışıq klubları, bayram konsertləri, dövlət əhəmiyyətli və tarixi günlərdə dəyirmi masa və konfranslar və s. tədbirlər, layihələr həyata keçirir ki, bu da tələbə-gənclərə, öz bilik və bacarıqlarını, təbii potensiallarını artırmasına və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsinə şərait yaradır. Sözsüz ki, Tələbə-Gənclər Təşkilatı olaraq tələbə gənclərin öz bilik və bacarıqlarının, təbii potensiallarının və s. artırılması məqsədi ilə keçirilən tədbirlər, layihələrlə yanaşı tələbələrin problemləri ilə də yaxından maraqlanır və həmin problemlərin həll olunmasına çalışırıq.
-Digər universitetlərlə, tələbə-gənclər təşkilatları ilə sıx əməkdaşlıqlar olurmu? Bu istiqamətdə aktivliyin artırılması üçün hansısa təklifləriniz varmı?
-Hər birimizə məlumdur ki, universitetlərdə fəaliyyət göstərən tələbə-gənclər təşkilatları 2009-cu ildən etibarən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ətrafında birləşmiş və müvafiq olaraq fəaliyyət göstərməyə başlayıb. Deyərdim ki , ATGTİ-nin təsis olunması Bakı və Sumqayıt şəhərlərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gənclər təşkilatları ilə daha rahat şəkildə qarşılıqlı əməkdaşlıq etməyimizə, birgə tədbirlər və layihələr həyata keçirməyimizə şərait yaradıb. İl ərzində ATGTİ , Nərimanov rayon Gənclər və İdman idarəsi, YAP Gənclər Birliyi və s. təşkilatlar tərəfindən bir çox layihələr həyata keçirilir və bu layihələrin demək olar ki, əksəriyyəti bütün universitetlərin tələbələrini əhatə etməklə yanaşı müxtəlif universitet tələbələrinin qarşılıqlı aktiv fəaliyyətinə şərait yaradır.
- Bəs ümumilikdə gənclərlə sıx təmasda olan biri kimi Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
-Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib. Göründüyü kimi, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları biz gənclərin inkişafı üçün müvafiq şərait yaradır. İndi əsas vəzifə biz gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafımızı təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmaqdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir.
-Son illərdə ali təhsil ocaqlarında oxuyan tələbələrimizin xarici ölkələrdə təhsillərini davam etdirməsi halları çoxalıb. Bununla bağlı dövlət proqramları da həyata keçirilir. Bunu necə dəyərləndirərdiniz?
-Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. İndi bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında təhsil alır. Hər bir Azərbaycan gənci xaricdə təhsil aldığı zaman təhsili ilə yanaşı dövlətimizi, millətimizi lazımı formada təmsil edir. Son zamanlar bu sahədə ciddi şəkildə aktivlik hiss olunur. Bu gün əminliklə deyə bilərik ki, gənclər siyasəti nəticəsində hər bir azərbaycanlı gəncin xaricdə ölkəmizi təmsil etmək üçün kifayət qədər resursları var.
- Gələcəkdə ictimai aktivliyinizi başqa sahələrdə də davam etdirməyi planlaşdırırsınızmı?
- Əlbəttə. Ümumiyyətlə, qeyd edim ki, Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri olaraq fəaliyyət göstərməklə yanaşı Gənclər və İdman Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti, Nərimanov rayon Gənclər və İdman idarəsi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Tələbə-Gənclər Təşkilatının həyata keçirdiyi bütün tədbirlərində fəal iştirak edir və aktivlik göstərirəm. Fərəh hissi ilə deyə bilərəm ki, yaradıcısı ulu öndərimiz, hazırkı sədri cənab Prezidentimiz olan Yeni Azərbaycan Partiyasının üzvüyəm. Demək olar ki, YAP GB-nin və Nərimanov rayon YAP GB-nin həyata keçirdiyi bütün tədbirlərdə fəal iştirak edirəm.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info