“Öz ölkəni yad ölkədə təmsil etmək ən məsuliyyətli vəzifələrdən biridir”
Tarix: 04.07.2014 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Səbinə Əsədova: Yaxın aylar ərzində İtaliyada festival keçirməyi planlaşdırırıq”

Azərbaycanda öz ictimai fəallığı ilə seçilən bir çox gənclərimiz xaricdə təhsil alarkən də bu aktivliklərini davam etdirirlər. Müsahibimiz Səbinə Əsədova da belə gənclərimizdəndir. Qeyd edək ki, Səbinə xanım 2007-ci ildə Azərbaycanda ilk dəfə yaranan Respublika Uşaq Parlamentinə Nəsimi rayon təmsilçisi olaraq deputat seçilib. 2010-cu ildə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatına (AGAT) qoşulub və qısa bir müddətdən sonra təşkilatın idarə heyətinin üzvü olub. AGAT-da fəaliyyəti müddətində bir sıra yerli və beynəlxalq layihələrə rəhbərlik edib. Daha sonra 2012-ci ildə ABŞ-ın Alabama Universitetində "Vətəndaş cəmiyyəti və Liderlik" sahəsi üzrə qısamüddətli təhsil alıb. 2013-cü ildən İtaliyanın Piza Universitetində iqtisadiyyat üzrə magistr təhsili alır, eyni zamanda digər tələbələrlə birgə ölkə təqdimatı ilə bağlı bir sıra tədbirlər və aksiyalar təşkil edir.
- Biz sizi hələ AGAT-dan ictimai fəal olaraq tanıyırıq. Azərbaycanda gənclərin ictimai fəaliyyəti üçün yaradılan şəraiti İtaliyada görmək mümkündürmü?
- AGAT-da fəaliyyətim müddətində bir çox Avropa ölkələrində işgüzar səfərlərdə olmuşam və buna əsaslanaraq deyə bilərəm ki, İtaliyada digər Avropa ölkələri ilə müqayisədə gənclərə bütün sahələr üzrə daha çox üstünlük verilir. Bu daha çox özünü iş-biznes sferasında göstərir. Lakin ictimai-aktiv və innovativ gənclərin sosiallaşması istiqamətində görülən işlərdə bəzi boşluqların olması da aşkardır. Azərbaycanın bu sahə üzrə nəticələrinin daha yüksək olduğunu düşünürəm. Azərbaycanda gənclərin inkişafı üçün hər bir şərait yaradılıb, yetər ki, gənc aktiv olsun və bu imkanlardan yararlansın. Prezident yanında Gənclər Fondunun, QHT-lərə Dövlət Dəstəyi Şurasının və bu kimi digər dövlət strukturlarının gənclərə və gənclər təşkilatlarına hər il ayırdığı qrantlar bu şəraitin göstəricilərindən biridir. Keçən il mənim özümün yazdığım bir layihə Gənclər Fondu tərəfindən innovativ sayıldı və maliyyələşdirildi. Eləcə də yüzlərlə gəncin fərdi layihəsi müsabiqədən uğurla keçdi. Lakin indi düşünsək ki, İtaliya gənciyəm və eyni layihəni həyata keçirmək istəyirəm artıq bir az tərəddüd edəcəm, çünki birbaşa müraciət edə biləcəyim qurum yoxdur. Böyük fondlar fərdi layihələrə qrant ayırmır və ya çox az məbləğdə maliyyə ayırır. Ali məktəblər hər semestr qrant müsabiqəsi elan edirlər, lakin burada da məbləğ yalnız aksiya və yığıncaq tipli layihələrin keçirilməsi üçün nəzərdə tutulub. Qalır özəl şirkətlərə müraciət etmək, bu da daha çox zaman, resurs və əmək tələb edir. Bütün bunlar deməyə imkan verir ki, Azərbaycanda bir gəncin ideyasını reallaşdırması üçün daha rahat və əlverişli mühit yaradılıb. Elə hər şeyin təməli də buradan qoyulur. Gənclərin azad və hüdudsuz düşünməsi üçün onları həvəsləndirmək, bunun üçün şərait yaratmaq gələcəyi etibarlı əllərə təslim etmək deməkdir. Bir gənc kimi mən bu uzaqgörən siyasəti alqışlayıram və dəstəkləyirəm.
- Məsuliyyət və potensial baxımdan italiyalı gənclər azərbaycanlı gənclərlə nə dərəcədə müqayisə oluna bilər?
- İtaliya gənclərini yerləşdikləri coğrafi məkan baxımından daha şanslı sayıram. Biz Azərbaycan gənclərinin Avropaya inteqrasiya yolu seçdiyi bir dövrdə onlar artıq Avropanın bir hissəsidirlər. Təhsil və potensial baxımdan bizdən daha öndə olmalarının da səbəbi məhz budur. Təbii ki, mən çoxluğu nəzərdə tuturam, yoxsa istisnalar hər zaman mövcuddur. Məsuliyyət baxımından isə Azərbaycan gənclərinin daha məsuliyyətli olduğunu düşünürəm. Çünki Azərbaycan gənci daim axtarışdadır. Yeni nəsə öyrənmək, yüksək nailiyyətlər əldə etmək üçün daim önə doğru, sürətlə addımlayır. Avropa və hətta Amerika təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, Azərbaycan gəncində olan bu həvəs və motivasiya Qərb gəncliyində yoxdur. Bizim gənclər ali məktəbə daxil olduqdan sonra tək dərs oxumaqla kifayətlənmirlər. Əlavə nəsə öyrənmək, yeni bacarıqlara yiyələnmək üçün gənclər təşkilatlarına üz tuturlar. AGAT-da çalışdığım ilk günlərdən mən bunun şahidi olmuşdum. Eyni məsələyə İtaliya- Avropa tərəfindən baxsaq, gənclərin passiv münasibətini görmüş olarıq. Təsəvvür edin, yaşadığım şəhərdə Avropanın çox nüfuzlu bir təşkilatı fəaliyyət göstərir. Və təşkilat ən azı həftədə bir dəfə gənclər üçün kütləvi tədbirlər təşkil edir. Pizaya ilk gəldiyim vaxtlar təşkilatla bağlı ətrafımdakı yerli gənclərdən maraqlanmağa başladım. Məni təəccübləndirən isə onların təşkilatın bu şəhərdəki fəaliyyəti haqqında məlumatsızlıqları yox, ümumiyyətlə belə bir təşkilatın varlığından xəbərsiz olmaları oldu. Lakin bu təəccübüm çox çəkmədi. Həmin təşkilatın ofisinə gedəndə öyrəndim ki, ən gənc üzvlərinin 25 yaşı var və mən üzvlüyə qəbul olunduqdan sonra avtomatik olaraq ən gənc üzv 22 yaşında olan mən sayıldım. Bu da təşkilatlara aktivliyə, yeniliyə və birgə fəaliyyətə gənclərin önəmsiz və passiv yanaşma tərzinin göstəricisidir.
Qeyd edim ki, bu təşkilatla çox sıx şəkildə əməkdaşlıq etməkdəyəm. Bildiyiniz kimi Pizada say baxımından azərbaycanlılar azlıq təşkil edirlər. Bu səbəbdən keçirdiyimiz tədbirlərdə təşkilati işlər üçün insan resurslarına ehtiyac olur. Bu təşkilatın üzvləri könüllü olaraq hər zaman köməklərin əsirgəmirlər. İşdən əlavə dostluq əlaqələrimiz də mövcuddur. Hətta bu il üzvlərin bir neçəsi Azərbaycana gəlməyi planlaşdırır. Düşünürəm bu, əməkdaşlığın genişlənməsi və daha inkişaf etməsi üçün uğurlu addımdır.
- İtaliyadakı azərbaycanlı gənclərin həmrəyliyi varmı?
- Demək olar ki, İtaliyanın hər bir yerində azərbaycanlı tələbələri görmək mümkündür. Hələ mən burada yaşayan, işləyən azərbaycanlıları demirəm. Mərkəzi şəhərlərdə təbii ki, sıxlıq daha çoxdur. Məhz bu səbəbdən də kütləvi yığıncaqlar, görüşlər bu şəhərlərdə olur. Azərbaycan üçün önəmli günlərdə isə istər səfirliyin təşkilatçılığı, istərsə də müstəqil təşəbbüslə müxtəlif şəhərlərdə yaşayan azərbaycanlılar bir araya gəlirik. Bundan da əlavə uzaq məsafələri nəzərə alaraq hər kəslə daha effektiv əlaqə saxlamaq üçün “Facebook”da qrupumuz mövcuddur. Burada İtaliyada yaşayan bütün azərbaycanlılar bir-birimiz haqda daha çox məlumatlı oluruq, kiminsə nəyəsə ehtiyacı olanda və yaxud hər hansı bir problemlə üzləşəndə daha tez reaksiya verilir, hər kəs bacardığı köməkliyi göstərməyə çalışır. Məncə, bu, bariz həmrəylik nümunəsidir.
- İtaliya və Azərbaycan təhsil sistemlərinin hansı oxşar və fərqli cəhətləri var?
- Təhsil sahəsində aparılan islahatlar, görülən işlər göz qabağındadır. Lakin əfsuslar olsun ki, Azərbaycan təhsil sistemi hələ də arzuolunan səviyyədə inkişaf etməyib. Müstəqilliyimizin ilk illərindən Azərbaycanın təhsil sisteminə yetərincə ciddi zərbələr dəyib və demək olar ki, bu sahədə arzuolunmaz məqamlar hökm sürüb. İl-ildən baş verən müsbət dəyişiklikləri görməmək mümkün deyil. Təhsilin inkişafına yönəlmiş ən əsas addımlardan biri elə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”dır. Bu proqram sayəsində 2612 nəfər dünyanın ən nüfuzlu universitetlərində təhsil alır. Düşünün, həmin tələbələr ölkəyə qayıtdıqdan sonra öz biliklərini ötürməklə təhsil sistemimizə necə böyük töhfə verə bilərlər.
İtaliya təhsil sistemi ilə oxşar və fərqli cəhətlərə gəldikdə isə onu deyə bilərəm ki, eynilə Azərbaycanda olduğu kimi orta təhsil İtaliyada da icbaridir. Ali təhsil müəssisələri isə yenə Azərbaycanda olduğu kimi özəl və dövlət universitetlərinə bölünüb. Çoxluğu dövlət universitetləri təşkil edir. İtaliya ali məktəbləri dünyanın ən qədim ali məktəblərindən hesab olunur. Adicə mənim təhsil aldığım Piza Universiteti 1810-cu ildə yaradılıb və çox da qədim hesab olunmur, çünki ondan əvvəl 1088-ci ildə yaradılan universitetlər var. Bu da İtaliya təhsil sisteminin dərin kökləri olduğunun göstəricisidir. İtaliyada bakalavr təhsili 3 illikdir, bəzi ixtisaslardan asılı olaraq 4 il də ola bilər. 5 illik ixtisaslar da var, bu artıq eyni ixtisası əlavə qəbul almadan magistr dərəcəsi ilə bitirmək deməkdir. Ayrılıqda magistr dərəcəsi üçün müddət bizdə olduğu kimi 2 ildir. Bildiyiniz kimi Bolonya prosesi də ilk dəfə İtaliyada qəbul olunub və illərdir ki, icra olunmaqdadır. Azərbaycan isə daha yeni qoşulduğundan bu sahə üzrə də fərqlər çoxdur. Burada dərslərdə iştirak tələbənin öz seçiminə buraxılıb, məcburi deyil. Mühazirədən sonra keçilən materiallar tələbənin elektron ünvanına göndərilir. Əsas tələbənin imtahandan keçməyidir. Bütün illərin imtahanlarına hazırlaşıb bir ildə vermək və ya təhsil müddətini artırmaq tələbənin öz əlindədir.
- Azərbaycanın İtaliyada tanınması istiqamətində hansı işlər görürsünüz?
- Öz ölkəni yad bir ölkədə təmsil etmək ən məsuliyyətli vəzifələrdən biridir. Bu yalnız xüsusi günlərdə deyil, gündəlik həyat tərzində, davranışda və fəaliyyətdə özünü göstərməlidir. Təbii ki, bu istiqamətdə mən də xaricdə təhsil alan azərbaycanlı tələbə və aktiv gənc kimi öz töhfəmi verməyə çalışıram. Təhsilə başladığım bu bir il ərzində bir neçə tədbirlərimiz, aksiyalarımız olub. Lakin indi iki böyükmiqyaslı tədbiri vurğulamaq istərdim. Bu tədbirlərdən biri Xocalı soyqırımının ildönümü ərəfəsində məlumatlandırıcı xarakter daşıyan aksiyadır. Belə ki, tədbir zamanı dünyanın ən məşhur abidələrindən sayılan Piza qülləsinin ətrafında yerli əhaliyə və turistlərə Xocalı soyqırımı ilə bağlı məlumatları əks etdirən bukletlər paylanıldı və insanların suallarına ətraflı cavab verildi. Anlatdıqlarımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən məlumatsız olan insanların təəccübünə səbəb oldu və onları məlumatlandırdığımız üçün təşəkkür edənlər belə, var idi. Bu tip tədbirlər təşkil etdikcə, bu aksiyaların nə dərəcədə önəmli xarakter daşıdığını bir daha anlayıram. Xüsusi ilə bu kimi həssas mövzularda təbliğat-təşviqat işləri nə qədər çox aparılsa dünya bizi daha yaxından tanıyar.İkinci tədbirimiz daha fərqli üslubda və bayram əhval-ruhiyyəsində keçirildi. Novruz bayramı ərəfəsində Azərbaycan gecəsi təşkil etdik və eyni zamanda bayram əhval-ruhiyyəsi yaratmağa nail olduq. Ən maraqlısı isə tədbir 80 nəfərin iştirakı üçün nəzərdə tutulsa da tədbirdə 120-dən çox insan iştirak edirdi. Bu bizi müsbət mənada çox təəccübləndirdi və sevindirdi. Düzdür, şirniyyat və hədiyyələr hər kəs üçün çatmasa da bayram çox yüksək əhval-ruhiyyədə keçdi. Fikrimcə, qonaqların sayının gözlədiyimizdən artıq olmasının səbəbi italyanların Azərbaycana olan marağından irəli gəlir. Gələcəkdə bu kimi tədbirlərin sayını artırmağı düşünürük. Və bu işdə Azərbaycanın İtaliyadakı səfirliyi hər zaman bizə dəstəkdir. Dövlətinin dəstəyini üzərində hiss etmək bir vətəndaş kimi məni daha da ruhlandırır və özümə güvən hissi yaşadır.
- İtaliyadakı soydaşlarımız öz diaspor kimliyini ortaya qoya biliblərmi?
- Düşünürəm ki, bəli, kifayət qədər diaspor kimliyi nümayiş etdirə bilirlər. Burada tanıdığım bütün azərbaycanlılar ölkənin milli koloritini üzərində daşıyır. Bunu həm yaşam tərzlərindən, həm də fəaliyyətlərindən görmək mümkündür. Ən əsası isə ölkə ilə bağlı bütün məsələlərdə yüksək həssaslıq nümayiş etdirirlər. Adicə bir misal göstərim. Bu yaxınlarda İtaliya saytlarının birində ermənipərəst bir şəxs Azərbaycanla bağlı qeyri-obyektiv bir müsahibə dərc etmişdi. Bir nəfər həmyerlimiz bu xəbəri görüb “Facebook” qrupumuzda hər kəslə paylaşdı. İnandırım sizi ki, artıq yarım saat sonra həmin xəbərə yüzlərlə şərh yazılmışdı. Hər kəs aktiv şəkildə mövqe nümayiş etdirdi və biganə yanaşmadı. Eləcə də digər fəaliyyətlərində bu həssaslığı görmək mümkündür.Ümumiyyətlə, digər ölkədə yaşayan həmvətənlərimizlə müqayisədə İtaliyada yaşayan azərbaycanlıların yaşadıqları ölkənin sosial həyatına daha tez və dərin adaptasiya olduqlarını düşünürəm. Əminliklə deyə bilərəm ki, hər kəsin kifayət qədər geniş italiyalı çevrəsi və müəyyən əlavə fəaliyyət sahəsi var. Xarici görünüş, tərz və dünyagörüşü baxımından da həmyerlilərimiz heç də yerli əhalidən geri qalmır, hətta demək olar daha irəli gedib. Belə olduğu halda cəmiyyət tərəfindən də tez və rahat qəbul olunurlar. Bu həm də diaspor işinin aparılmasına öz müsbət təsirlərini göstərir. Millət olaraq cəmiyyət tərəfindən nə qədər tez qəbul olunsaq, gördüyümüz işlər daha uğurlu, təbliğatımız isə daha məhsuldar olacaq.
- Gözlənilən hansı tədbirləriniz var?
- Yuxarıda qeyd etdiyim tədbirlərin davamı olaraq yaxın aylar ərzində festival keçirməyi planlaşdırırıq. Lakin bu, böyük həcmli tədbir olduğundan uzunmüddətli hazırlıq işləri tələb edir. Novruz bayramı ərəfəsində keçirdiyimiz tədbirdən sonra düşünürük ki, bu dəfə festival xarakterli daha geniş kütlə üçün Azərbaycan günü təşkil edək. İndidən tədbirin planlaşdırma işlərinə başlamışıq. Ola bilsin ki, Azərbaycandan da könüllü qrupu cəlb etdik. Təşkilati işlər yekunlaşdıqdan sonra məlumatları mətbuatda işıqlandırmağı düşünürük.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info