Rza Bayramov: “Təəssüf ki, indiki gənclər arasında Niyazini tanımayanlar var”
Tarix: 04.07.2014 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Müsahibimiz Niyazinin mənzil muzeyinin direktoru Rza Bayramovdur:

-Rza müəllim, Niyazinin mənzil muzeyinin fəaliyyəti haqda nə deyə bilərsiniz?
- Niyazinin mənzil muzeyi 1994-cü il sentyabr ayının 18-də təntənəli surətdə açılıb. Həmin açılışda ulu öndər Heydər Əliyev şəxsən iştirak edib. Ulu öndər açılışda Niyazinin yaradıcılığından ətraflı çıxış edərək, öz ürək sözlərini muzeyimizin qonaqlar kitabına qeyd edib. Həmin yazı da muzeyimizin ekspozisiyasında nümayiş olunur. Niyazinin mənzil muzeyi 5 otaqdan ibarətdir. Bunlar əsasən Niyazinin iş otağı, yemək otağı, yataq otağı, ekspozisiya zalı və qonaq otağıdır. Yemək otağı, iş otağı və yataq otağı memorial otaqlar sayılır. Yəni ki, Niyazinin yaşadığı dövrdə olduğu kimi qorunub saxlanılır. Digər otaqlarda yəni, qonaq otağında muzeyimizdə keçirilən tədbirlər təşkil olunur. Musiqi həyatında baş vermiş əlamətdar hadisələrə həsr olunmuş tədbirləri də bu otaqda qeyd edirik.
Muzeyimiz yarananda Niyaziyə aid materialların sayı 4700 ədəd idi, hazırkı sayı 6500-ə yaxındır. Eksponatların əsasını Niyazinin not əlyazmaları, şəxsi əşyaları və konsertlərinin afişaları təşkil edir. Eksponatların arasında Niyazinin 2000 dən artıq fotoşəkilləri fondumuzda qorunub saxlanılır. Əlbəttə ki, Niyazinin şəxsi not əlyazmaları əsas yer tutur.
Maestro Niyazi 1958-ci ildən ömrünün sonuna kimi yəni, 1984-cü ilə kimi bu mənzildə yaşayıb. Bu mənzil Maestro Niyazinin yaşadığı dövrlərin ilk illərində 3 otaqdan ibarət olub. 10 ildən sonra 1968-ci ildə qonşu mənzil boşaldıqdan sonra 2 otaqlı ev Maestroya hədiyyə verilib.
Muzeyimizin əsas fəaliyyəti ilk növbədə Niyazinin həyat və yaradıcılığını əks etdirən eksponatlar vasitəsilə Azərbaycan xalqının yüksək mədəniyyətə, zəngin tarixə məxsus olduğunu ziyarətçilərə çatdıraq. Onu da qeyd edim ki, muzeyin əsas vəzifəsi tarixi və mədəni abidələrin yığımı, nümayişi, qorunması və tədqiqi ilə məşğul olur. Yığım işindən danışdıqda qeyd etdiyim kimi, muzey yarandıqda 4700 ədəd eksponat var idisə, hazırda 6500-ə yaxın eksponat var. Onlar müxtəlif illərdə, müxtəlif təşkilatlardan, Niyazinin dostlarından əldə etdiyimiz materiallardır.
2012-ci ildə Maestro Niyazinin 100 illik yubileyi təntənəli surətdə qeyd edildi. Məhz həmin illərdə muzeyimiz materiallarla daha da zənginləşib.
Bu ilin sentyabr ayının 18-də Maestro Niyazinin mənzil muzeyinin yaranmasının 20 ili tamam olur. Bu yubiley münasibətilə tədbirlər planı təsdiq olunub. Biz əsasən Niyazinin əsərlərindən ibarət disk hazırlamağı düşünürük. Daha sonra Niyazi haqqında film çəkilir. Onun təqdimatını keçirməyi düşünürük. Tədbirlər planında Niyazinin yaradıcılığına aid muzeydə və müxtəlif müəssisələrdə fotosərgilər təşkil ediləcək.
Sentyabrın 18-i Milli Musiqi Günü ilə əlaqədar təntənəli tədbirimiz olacaq. Eyni zamanda avqustun 2-i Niyazinin vəfatından 30 il keçir. Həmin gün Niyazi Fəxri xiyabanda ziyarət olunacaq və anım günü tədbirimiz keçiriləcək.
Niyazi irsinin təbliği ilə əlaqədar qeyd edim ki, 2008-ci ildən muzeyimizdə klassik musiqi həvəskarları fəaliyyət göstərir. Klubun əsas məqsədi Azərbaycanda klassik musiqini təbliğ etməkdir. Bu tədbirimiz hər ayın birinci çərşənbəsi muzeyimizdə keçirilir. Hər tədbir günündə mövzuları iştirakçılar özləri seçirlər. Tədbirin sonunda anketlər paylanılır, növbəti tədbirin nəyə həsr olunmasını sorğu anketində yazırlar. Bu sorğu əsasında biz növbəti tədbirimizi təşkil edirik. Bu günə kimi 70-ə yaxın tədbirimiz keçirilib. Tədbirimizdə bugünkü bəstəkarlarımızla görüş, musiqinin müxtəlif janrlarına balet musiqisinə, opera musiqisinə həsr edilən gün, Qəbələ Musiqi Festivalının iştirakçıları ilə görüşlər təşkil edirik.
- Gənc musiqişünaslar tərəfindən Niyazinin yaradıcılığı ilə bağlı tədqiqat işləri və elmi işlər aparılırmı?
- Tədqiqat işlərindən danışdıqda deyə bilərəm ki, BMA, AMK, ADMİU-dən tələbələr elmi işləri ilə əlaqədar muzeyimizə müraciət edirlər. Biz onlara Niyazinin arxivindən istifadə etməyə yaxından köməklik edirik. Niyazinin fonda saxlanılan not əlyazmalarından ibarət piano üçün pyeslərini nəşr etdik. Həmin pyeslər müxtəlif təşkilatlara, kitabxanalara, musiqi məktəblərinə hədiyyə olunub. Əsas məqsədimiz odur ki, Niyazi irsinin təbliğində gənc musiqişünaslar yaxından iştirak etsinlər.
- Niyazinin hər hansı bir əsərinin xüsusi tədqiqatı aparılıb?
- Niyazinin “Çitra” baletinin tədqiqatı, “Rast” Simfonik Muğamı dissertasiya işində, Niyazinin xarici səfərləri haqqında kitab nəşr edilib.
- Niyazinin üzə çıxarılmayan əsəri arxivdən tapılıb?
- Biz “Piano üçün pyeslər” not kitabını nəşr etdik. Bu kitaba daxil olan əsərlər haqqında heç kəsin məlumatı olmayıb. Arxivdə çalışdığımız zaman əsərlər əldə edildi.
- Rza müəllim, ziyalı olaraq gənclərin Niyazi yaradıcılığına müraciəti necə görürsünüz?
- Düzünü deyim qane etmir. Son dövrlərdə muzeyə gələnlərin sayı da azalıb. 10 ildən artıqdır ki, burada çalışıram. Əvvəlki dövrlərdə məktəblərdə müəllimlərin təşəbbüsü valideynlərin xüsusi marağı ilə uşaqlar Niyazi yaradıcılığı biganə deyildi. Son dövrlərdə isə bunun şahidi olmuruq. Təəssüf ki, cəmiyyətdə indiki gənclərin arasında Niyazini tanıyan belə yoxdur.
Xaricdən Bakıya səfər edən musiqiçilər mütləq muzeyimizi ziyarət edib Niyazini xatırlayırlar. Əsasən də, Türkiyə və Rusiyadan tez-tez qonaqlarımız olur.
- Niyazinin adına Beynəlxalq Müsabiqənin hazırlanması nəzərdə tutulur?
- Bəli. Bu mövzu ətrafında biz dəyirmi masa keçirdik. Arif Məlikovun, Yalçın Adıgözəlovun, Fəxrəddin Kərimovun və bir çox görkəmli musiqiçilərimizin iştirakı ilə bu mövzu ətrafında müzakirə aparıldı. Müzakirə də belə bir təklif irəli sürüldü ki, Niyazi adına dirijorların Beynəlxalq Müsabiqəsi hər il keçirilsin. Təklif olundu ki, Niyazinin “Xosrov və Şirin” operası yenidən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulsun. Deyərdim ki, mövzu ilə bağlı işlər aparılır.
-Niyazi yaradıcılığı ölkə hüdudlarından kənarda təbliğ olunur?
- Xaricdə desək Türkiyədə Niyazi yaradıcılığı daha yaxşı tanınır. Türkiyənin məşhur pianoçusu İdil Biret keçən il Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etdiyi zaman Niyazinin mənzil muzeyini də ziyarət etdi. İdil Biret vaxtilə 1960-cı ildə Bakıda Niyazi ilə birgə konsert proqramında çıxış ediblər. İdil Biret özündə olan Niyazi ilə bağlı materialları bizə-muzeyə hədiyyə göndərdi. Hədiyyələr arasında Niyazi haqqında nəşr olunan kitabın nüsxəsi də var idi. Çoxlu sayda fotoşəkillər göndərdi. Niyazi Türkiyədə çox məşhurdur. O cümlədən Rusiyada da. Niyazi sovet dövründə ilk musiqiçi olub ki, Türkiyə ilə mədəni əlaqələri yaradıb.
1963-cü ildən başlayaraq həm Bakıda türk bəstəkarların yaradıcılıq gecəsi, həm də Türkiyədə Azərbaycan bəstəkarlarının yaradıcılıq gecəsi təşkil olunurdu. 1975-ci ilə qədər Niyazi Türkiyədə qastrol səfərlərində olub.
-Siz, gənc dirijorlar arasında Niyazi məktəbinin yolunu davam etdirənləri görürsünüz?
- Gənc və ən əsası istedadlı dirijorlar arasında ilk növbədə Eyyub Quliyevin adını çəkə bilərəm. Gənc dirijorların dirijorluq sənətinə marağını qənaətbəxş hesab etmək olar. Gənclər dirijorluq sənətini oxuyurlar. Ancaq sonrakı fəaliyyətləri göz önündə olmur.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info