İKT-nin tədrisdə istifadəsinə həsr olunmuş beynəlxalq simpozium
Tarix: 04.07.2014 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-9: İnformasiya-kommunikasiya texnologiyaları və tədris” mövzusunda beynəlxalq simpozium keçirilib. Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları, təhsil nazirlərinin, türkiyəli qonaqların iştirak etdiyi beynəlxalq simpoziumdan əvvəl elektronika, memarlıq və rəsm sərgilərinə baxış keçirilib, elektronika sərgisində nümayiş olunan, universitetin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası tələbələrinin hazırladıqları, elektronika və robototexnikanın inkişafı, reklam və afişaların hazırlanması, əl əməyinin avtomatlaşdırılması baxımından əhəmiyyət kəsb edən nümunələrlə tanışlıq olub. Müəllim və tələbələrin əl işlərindən ibarət rəsm əsərləri və dekorativ-tətbiqi sənət nümunələrinin nümayiş olunduğu sərgi də maraqla qarşılanıb.
Beynəlxalq simpoziumu giriş sözü ilə universitetin rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkənin İKT-nin inkişafına görə ön sırada olması, dünya informasiya məkanına uğurla inteqrasiya etməsi, bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü və qayğısı ilə regionda qazanılan uğurlar barədə məlumat verib. Vurğulanıb ki, Naxçıvan Dövlət Universitetində elektron universitet quruculuğu, elm və təhsilin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Elektron təhsil şəbəkəsi, elektron kitabxana yaradılması, semestr imtahanlarının elektron test üsulu ilə aparılması, virtual əməkdaşlığın genişlənməsi, beynəlxalq videokonfransların təşkili bu mühüm məqsədə xidmət edir. Rektor ölkə rəhbərliyi tərəfindən tədrisdə İKT-nin tətbiqi məsələsinin daim diqqət mərkəzində saxlanmasından, Ali Məclisin Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli sərəncamının əhəmiyyətindən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra Universitet Televiziyasının hazırladığı “Elektron Naxçıvan” sənədli filmi nümayiş etdirilib.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu və Nizami adına Ədəbiyyat İnstitutu canlı bağlantı vasitəsilə beynəlxalq simpoziuma qoşularaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xüsusi dəstəyi və bilavasitə rəhbərliyi ilə 2005-ci ildən həyata keçirilən ənənəvi “Elektron Naxçıvan” layihəsinin reallaşmasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Təhsil Nazirliyinin rolundan, layihənin əhəmiyyətindən danışıblar.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin və çoxsaylı kollektivin simpozium iştirakçılarına salamlarını çatdırıb. Akademik İsa Həbibbəyli məruzəsində “Elektron Naxçıvan” hərəkatını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun milli düşüncə, dövlətçilik təfəkkürü, humanitar və informasiya texnologiyaları siyasətinin vəhdətindən ibarət, müstəqil ölkənin inkişafına xidmət edən siyasi modelinin bəhrəsi kimi dəyərləndirib. AMEA-nın vitse-prezidenti son bir il ərzində Azərbaycan Milli Elmlər Akademiyasında İKT-nin inkişafı, müasir texnologiyaların tətbiqi istiqamətində əhəmiyyətli addımlar atıldığını bildirərək “Elektron Naxçıvan” hərəkatının humanitar-siyasi əhəmiyyətindən də danışıb. Qeyd olunub ki, humanitar siyasətlə texniki düşüncənin vəhdəti XXI əsrin yeni təfəkkürlü, müasir insanının formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Akademik İsa Həbibbəyli humanitaryönlü bir institutun –AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun ilk dəfə bugünkü beynəlxalq simpoziuma canlı bağlantı vasitəsilə qoşulmasını “Elektron Naxçıvan” hərəkatının humanitar siyasətinin mühüm uğuru kimi qiymətləndirib.
Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Rövşən Məmmədov ümummilli lider Heydər Əliyevin ölkədə informasiya-kommunikasiya texnologiyalarının prioritet sahə kimi inkişaf etdirilməsi istiqamətindəki xidmətlərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin informasiya cəmiyyətinin inkişafı, elektron hökumətin yaradılması məqsədilə apardığı məqsədyönlü siyasətin uğurlarını simpozium iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan Respublikasının İKT sahəsindəki nəticələri nəzərə alınıb, 2013-cü ilin hesabatında “İKT-yə dəstəkdə hökumətin uğurları” və “Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət” indekslərinə görə ölkəmiz dünya üzrə ilk onluqda yer alıb. Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2014-cü il tarixli sərəncamı ilə qəbul olunan “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” bu sahədə qarşıda duran vəzifələrin həlli, daha genişmiqyaslı işlərin görülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Son on ildə muxtar respublikada yeni texnologiyaların tətbiqi və informasiya texnologiyaları sahəsində həyata keçirilən layihələrdən bəhs edən nazir bildirib ki, bu gün muxtar respublikanın telekommunikasiya sisteminin 60%-ini NGN texnologiyasına əsaslanan Yeni Nəsil Telekommunikasiya sistemləri təşkil edir. Hazırda yaşayış ərazilərinin 92%-ində genişzolaqlı internet, 80%-ində simsiz internet xidmətləri göstərilir. “Naxtel” simsiz telekommunikasiya sistemi 27 baza stansiyası vasitəsilə muxtar respublikanın 85% ərazisini əhatə edir. Naxçıvanda “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın icrası məqsədilə orta ümumtəhsil məktəblərində hər 13 şagirdə 1 kompyuter dəsti olmaqla 3409 kompyuter, 551 elektron lövhə quraşdırılıb. Naxçıvan Muxtar Respublikasında “Elektron hökumət” portalı qurulub, 34 dövlət orqanının xidmətləri portala inteqrasiya edilib. Yüksək sürətli informasiya mübadiləsini təmin etmək məqsədilə fiber-optik telekommunikasiya şəbəkəsinin genişləndirilməsi davam etdirilib, muxtar respublikanın optik şəbəkəsi Trans-Asiy-Avropa beynəlxalq fiber-optik magistralına qoşulub. Ali Məclisin Sədrinin tapşırıq və dəstəyi ilə muxtar respublikada sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi informasiya-kommunikasiya texnologiyalarının inkişafı bundan sonra da uğurla davam etdiriləcək.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Zahid Mehdiyev məruzəsində Azərbaycanda İKT-nin inkişaf göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, bu gün ölkəmizdə əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 20 ədədə, internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir. Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir. Mobil sektor sürətlə inkişaf edir, yeni xidmətlər, o cümlədən 3G və 4G xidmətləri göstərilir. Hazırda, ölkə üzrə hər 100 nəfərə 110 abunəçi düşür. Rəqəmsal televiziyanın tətbiqi genişlənir və hazırda ölkə əhalisinin 95%-inin yaşadığı ərazini əhatə edir. İlk telekommunikasiya peykinin xidmətlərindən uğurla istifadə olunur. Ölkədə e-xidmətlərin tətbiqi genişlənir, e-hökumət portal fəaliyyət göstərir, e-imzanın tətbiqi gündən-günə artır. Məruzəçi blokada şəraitində olmasına, magistral informasiya kanallarına çıxış imkanlarının məhdud olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında İKT sektorunun sürətlə inkişaf etdirilməsindən, bu inkişafın region ölkələr üçün nümunə olmasından da danışıb.
Türkiyə Cümhuriyyətinin İqdır Universitetinin prorektoru, professor Mehmet Farik Yılmaz iki qardaş ölkənin ali məktəbləri arasında İKT sahəsində bilik və təcrübə mübadiləsinin əhəmiyyəti, təmsil etdiyi universitetdə müasir texnologiyalardan istifadə imkanları barədə məlumat vermib.
Beynəlxalq simpoziumda Naxçıvan Dövlət Universitetinin tərəfdaşlıq etdiyi, ən müxtəlif ölkələrinin elm və təhsil müəssisələri ilə videobağlantı yaradılıbr. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımovun təqdimatı ilə Cənubi Koreya Respublikasının Kiber Universitetinin professoru, LİX proqramının rəhbəri Skot Jeong, İspaniyanın Malaqa Universitetinin əməkdaşı, Erasmus Mundus layihələrinin koordinatoru Xuan Antonio Martin-Checa, Rusiya Federasiyasının Uxta Dövlət Texniki Universitetinin prorektoru Emin Yaqubov, Beynəlxalq informasiya üzrə əməkdaşlıq və layihələr şöbəsinin müdiri Daniil Yuryev, İnformasiya hesablama Mərkəzinin direktoru Maksim Barabanov beynəlxalq simpoziuma qoşulub, virtual əlaqələrin inkişafı, İKT-nin geniş imkanlarından birlikdə faydalanmaq barədə konkret təkliflərlə çıxış ediblər. “Elektron Naxçıvan – 9: İnformasiya-kommunikasiya texnologiyaları və tədris” beynəlxalq simpoziumu İncəsənət fakültəsinin müəllim və tələbələrinin konsert proqramı ilə başa çatıb.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info