Vüqar Qurbanov: “Dünyada keçirilən bütün tibbi əməliyyatları icra edə bilirik”
Tarix: 07.07.2014 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Azərbaycanın inkişafında heç şübhəsiz ki, gənc potensiallı kadrların böyük rolu var. Ümumiyyətlə isə gəncliyin daha da irəli getməsi, əvvəlki illərlə nisbətdə öz üzərində çalışan, xaricdə təhsil alan, idarəetmə və digər sahələrdə aktiv iştirak edən gənclərimizin çoxalması ürəkaçandır. Bu da sirr deyil ki, ölkəmizin inkişafında təkcə maddi resursların çoxluğu və onlardan səmərəli istifadə deyil, insan amili də böyük rol oynayır. Bu gün dövlət siyasətində insan amilinə daha çox yer verilməsi isə təqdirəlayiq haldır. Bu məsələdə gənclərə daha çox üstünlük verilməsi və onların öz perspektivlərini ortaya qoymaları üçün şəraitlərin yaradılması göz önündədir. Bu münbit şəraitdən istifadə edən bacarıqlı və savadlı gənclərimizdən biri isə Vüqar Qurbanovdur. Bu istedadlı və sözün həqiqi mənasında öz işini yaxşı bilən gəncimizlə olan müsahibəni sizə təqdim edirik.
-Özünüz barədə məlumat verərdiniz.
-Mən - Qurbanov Vüqar Asif oğlu, 1986-cı ildə Gəncə şəhərində anadan olmuşam. Orta məktəbi 2004-cü ildə fərqlənmə attestatı ilə bitirib, elə həmin il Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul oldum. 2009-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, ağız və üz-çənə cərrahiyyəsi ixtisasının sirlərinə yiyələndim. Universiteti bitirdikdən sonra Türkiyənin bir neçə nüfuzlu universitetlərində ixtisasartırma kurslarında da olmuşam. 2012-ci ildən ATU-nın üz-çənə cərrahiyyə kafedrasında doktorantura pilləsi üzrə təhsilimi davam etdirəm.
-Tibb elminə, həkimliyə gedən yol haradan başladı?
-Tibb sahəsinə marağım uşaq yaşlarımdan başlayıb. Bu da təbii hal idi. Çünki atam bu gün respublikanın əməkdar həkimidir, anam da artıq 25 ildir ki, həkimlik fəaliyyəti ilə məşğul olur. Ailəmizin digər iki övladı başqa peşələri seçsə də, ata və anamın sənətini mən davam etdirirəm və heç də peşman deyiləm. Əksinə, atam kimi məşhur və tanınmış həkim olmaq üçün bu gün gecə-gündüz çalışıram. Zənnimcə, bu işin öhdəsindən layiqincə gələ bilirəm. Çünki bu gün xəstələrimin çoxu gələndə fəxrlə deyirlər ki, atanızın yolunu layiqli davam etdirirsiniz. Bu da mənim üçün ikiqat məsuliyyət deməkdir.
- Həkimlik məsuliyyəti həqiqətən də ən böyük məsuliyyətdir. İnsan taleyini həll edən bir peşənin sahibindən xəstələr razı qalırlarmı?
- Bu sualın cavabını xəstələrim daha dəqiq verə bilər. Həkimlərin işini özləri yox, müalicə etdiyi xəstələr qiymətləndirə bilər. Amma peşəkar olmaq üçün hər gün öz üzərimdə çalışıram.
-Bəs yaxşı həkim olmağın sirləri nələrdir?
-Yaxşı həkim olmağın bir neçə sirri var. Bunlardan birincisi arzu, 2-ci istək, 3-cü bacarıq, 4-cü savaddır. Bu 4 göstərici bir arada olsa, peşəkar həkim ola bilərsən. Yaxşı həkim öz üzərində daim işləməlidir. Hər gün yenilik axtarmalı, xəstələrlə daimi çalışmalıdır. Cərrahiyyə elə bir sənətdir ki, bu sənətdə bir qədər cəsarətli və soyuqqanlı olmağı bacarmalısan. Bu sənəti seçən insanlar həyatın bütün çətinliklərinə hazır olmalıdır. Peşəkar olmaq istəyirsənsə sağlam, düzgün, ağıllı, rəqabət aparmağı bacarmalısan. Peşəkar həkimliyin ən böyük sirlərindən biri xəstələr ilə səbirli olmaq, xəstələri öz davranışı ilə də sağaltmağı bacarmaqdır. Hazırda son iki xüsusiyyəti özümdə toplaya bilsəm, özümü əsl peşəkar hesab edərdim.
-Azərbaycanda tibbin hazırkı durumu necə, sizi qane edirmi?
-Tibb sahəsində digər sahələrdə olduğu kimi, son dövrlərdə əsaslı islahatlar aparılır. Lakin problemlər yenə də qalmaqdadır. Bu suala çox qısa cavab vermək olmur. Bu gün məni ən çox narahat edən məsələ tibbi sığorta sisteminin ölkəmizdə fəaliyyət göstərməməsidir. Qonşu ölkələrə nəzər salsaq, artıq bu sistem həmin ölkələrdə uzun müddətdir ki, işlədilir və səhiyyə ancaq bu yolla inkişaf etdirilə bilər. Tibb sahəsinin ən böyük problemlərindən biri tibbi kadr hazırlığı və rayonlarda, periferiyalarda kadr çatışmazlıqlarıdır. Çox təəssüflə qeyd edirəm ki, bu gün tibb kadrlarının hazırlanmasında çox ciddi çatışmazlıqlar var. Lakin son illərdə əvvəlki illərlə müqayisədə, bu çatışmazlıqlar xeyli aradan qalxıb. Çox istərdim, xaricdə oxumuş, xüsusi təhsil almış, çalışmış mütəxəssisləri universitetlərə cəlb etsinlər və onların potensialından lazımınca istifadə olunsun. Digər problemlərdən biri insanlar arasında tibbi maarifləndirmənin çox aşağı səviyyədə olmasıdır. İnsanlar arasında tibbi təbliğat çox aşağı səviyyədədir. Xüsusən də əyalətdə, rayonlarda xəstələr bizə gəlib çatana qədər çox gec olur. Bu da sonrakı xoşagəlməz halların yaranmasına səbəb olur.
-Bəs sırf öz ixtisasınız, sahəniz üzrə nə deyərdiniz?
-Bizim sahənin problemləri digər sahələrin problemləri ilə müqayisədə çox azdır. Bunun obyektiv və subyektiv səbəbləri var. Sevindirici haldır ki, ATU-nun üz-çənə cərrahiyyə kafedrasında dünyada icra olunan bütün növ əməliyyatları icra edə bilirik. Bu bir nəfərin uğuru deyil. Burada arxamızı söykəyə biləcəyimiz professorlarımız, müəllimlərimiz, tibbi personalımız var. Kafedramızın elmi potensialı çox yüksək səviyyədə təşkil olunub. Hazırda ATU-nun cərrahi klinikasında ən müasir üz-çənə cərrahiyyə əməliyyatlarını yerinə yetirmək üçün hər cür şəraitimiz var. Professor Rəhimov və elmi rəhbər - professor Yusubov bu gün üz-çənə cərrahiyyəsinin inkişafında əvəzedilməz mütəxəssislərdir.
- Öz sahəniz üzrə nümunə göstəriləcək gəncsiniz. Azərbaycan gəncliyini, gənclərimizin hazırkı durumunu necə qiymətləndirərdiniz?
- Gənclərin qarşısında həmişə problemlər olub. Bütün cəmiyyətlərdə bu hal var. Lakin bunu normal qarşılayıb öz yolunda mübarizə aparıb, inamlı sabaha doğru addımlamalısan. Bu gün gənclərin ən böyük problemi ailə -məişət problemləridir. Digər sahələrdən fərqli olaraq həkimlik elə bir sahədir ki, bu sahəni seçən gənclərin problemləri daha çox özünü büruzə verir. Ölkəmizdə özəl sektorun inkişafı ilə əlaqədar həkimlərin böyük əksəriyyəti öz fəaliyyətini özəl klinikalarda davam etdirir. Lakin bu düzgün yanaşma sayılmır. Bu gün dövlət öz gəncinə, həkiminə tam şəkildə sahib çıxmalı, sosial problemləri tam ödənilməlidir. Zənnimcə, bu belə də olacaq. Gənc alimin aylıq məvacibi aşağı vəziyyətdədirsə, ondan qeyri-adi nəticə gözləməyə heç kimin haqqı çatmır. Bu gün xaricdə təhsilini başa vurub ölkəmizə qayıdan gənc həkimlərimizi səhiyyə nazirliyi, təhsil nazirliyi nəzarətdə saxlamalı, lazım gələrsə, onları yüksək maaşla təmin etməli və onlardan, elmi potensialından istifadə etməlidirlər. Bütün bunlarla yanaşı, biz gənclərin inkişafı üçün ölkədə son dövrlərdə islahatlar da aparılır. Gənclərin bu gün qarşısında əsas hədəf yaradılan bütün imkanlardır və onlar bundan maksimum istifadə etməlidirlər.
-Bildiyim qədərilə tez-tez xarici ölkələrdə olur, elmi konfranslarda iştirak edirsiniz. Həkim üçün bunun əhəmiyyətindən danışardınız.
-Bəli, çox düzgün qeyd etdiniz. Tez-tez xarici ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlara dəvət alıram. Elə bu yaxınlarda Türkiyədə keçirilən 8-ci Beynəlxalq üz-çənə cərrahların konfransından qayıtmışam. Dünyanın bir çox ölkələrində-Türkiyə, İspaniya, Ukrayna, Rusiya, BƏƏ, Makedoniya və sair ölkələrdə keçirilən konfranslarda elmi məruzələrim və posterlərim çapdan çıxıb. Bununla belə sevindirici haldır ki, artıq Azərbaycan da bir çox beynəlxalq tibb konfranslarına ev sahibliyi edir. Bu konfransların əhəmiyyəti olduqca böyükdür. İlk növbədə hər bir konfransda öyrənəcəyimiz, götürə biləcəyimiz yeni məlumatlar olur, fikir mübadilələr aparırıq. Bununla belə, mən hər il qatıldığım konqreslərdə ölkə bayrağımı, onun atributlarını ön plana çıxarıram. Apardığımız əməliyyatlarla yanaşı ölkə həqiqətlərini bu yolla bir çox hallarda xaricdə təbliğ edirik. Hər bir şəxs kimi, biz həkimlər də Azərbaycan həqiqətlərini, Qarabağ problemlərini həmişə diqqət mərkəzində saxlamalıyıq. Bəli, Azərbaycan təhsilindən uzaqlaşmıram, ona görə ki, ən böyük arzum və istəyim bu konfrans və konqreslərdə, kurslarda qazandığım bilikləri təhsilimiz üçün istifadə etməkdir, gənc həkimlərə, tələbələrə elmin ən son yeniliklərini çatdırmaqdır.
-Universitetdə müəllim, praktik həkim və elmi fəaliyyət. Çətin deyil ki?
-Bu üç ağır yükü daşımaq, zaman olaraq çatdırmaq çox da asan deyil, məncə. Bəli, amma bu 3 fəaliyyət bir-birilə əlaqəlidir. Universitetdə müəllim olaraq fəaliyyətimdə ancaq öz istəyimlə bəzən professorların dərs saatına kömək edirəm. İnanın, bu fəaliyyətim digər iki fəaliyyətimdən daha zövqverici, daha da maraqlıdır. Tələbələrim də, etiraf edər ki, daim çalışıram ki, onlara faydam olsun. Çünki elm və sevgi paylaşanda artır. Praktik həkim olaraq çalışmasam, deyərdim ki, yaşaya bilməzdim. Çox sevinirəm və qürurla qeyd edirəm ki, bu gün öz fəaliyyətimlə, həkimliyim ilə bir çox insanların ailəsinə, övladına sevinc bəxş edə bilmişəm. Elmi fəaliyyətim isə çalışdığım ATU-nun üz-çənə cərrahiyyə kafedrasında qurulub və məncə fəaliyyətdə olan həkim mütləq özünü elm yolunda göstərməlidir. Bəli bu yol çətindir, amma çox şərəflidir, çox maraqlıdır.
- Uğur formulunuzu həkim olmaq istəyən gənclərimizə necə izah edərdiniz?
-Uğur formulu deyilən anlayış yoxdur. Sadəcə hər bir gəncə tövsiyəm boş vaxtdan səmərəli istifadə etmələridir. Daim öz üzərlərində işləsinlər, ruhdan düşməsinlər, çətinliklərdən qorxmasınlar. Səmimi deyirəm ki, bu gün Azərbaycan tələbəsi, Azərbaycanın gənci qədər istedadlı bacarıqlı, savadlı tələbə, dünyanın heç bir ölkəsində yoxdur. Sadəcə tələbələrdə olan tənbəllik arzuolunmaz “arxayınlıq” onların inkişafına mane olur. İnanın, bu gün işlərimi yekunlaşdırmaq üçün 24 saat bəzən mənə çatmır. Lakin bu gərgin işin arxasında uğurlarımı görəndə işimə olan həvəs, elmə olan həvəsim daha da artır. Gənc həkimlərə ən böyük tövsiyəm savadlı və işgüzar olsunlar. Kitabı sevsinlər, sənətlərini sevsinlər, bu zaman uğur fomulu onlar üçündə əla olacaq.
-Bəs son zamanlarda xəstələrimizin başqa ölkələrə üz tutmalarına münasibətiniz necədir? Orada tibbi müayinədən keçib, məsləhətlər, dərman reseptləri alıb ölkəyə qayıdan xəstələrimiz sonrakı mərhələlərdə çətinlik çəkmirlərmi?
-Ən ağrılı sual bu oldu. Çox təəssüf edirəm ki, bu gün, bu reallıqdır ki, azərbaycanlı xəstələr dünyanın bir çox ölkələrinə müalicə üçün gedirlər. Lakin bunun səbəblərini axtarsaq, çox maraqlı hallarla qarşılaşarıq. Əvvəla, dünyanın ən inkişaf etmiş ölkələrində də xəstələr imkan daxilində digər ölkəyə müalicə üçün gedirlər. Məsələnin acınacaqlı tərəfi budur ki, statistikaya baxsaq, görərik ki, bu xəstələrin neçə faizi sağalıb və ya düzgün müalicə alıb. Əminliklə deyirəm ki, bu gün ölkəmizdə bütün növ xəstəlikləri müalicə edən, əməliyyat edə bilən yüksək səviyyəli mütəxəssislərimiz var. Bəs necə olur, bu insanlar xaricə gedir?! Səbəbi çox sadədir. Belə ki, xəstələr arasında maarifləndirmənin zəif olması, rayon xəstəxanalarının və həkimlərinin xəstələri düzgün yönləndirə bilməməsi və hardasa həkimlərə qarşı yaranan inamsızlıq bu cür halların baş verməsinə səbəb olur. Bir çox hallarda xaricdə müalicə alıb gələn xəstələr mənə müraciət edirlər və ətraflı danışıqdan sonra özləri etiraf edirlər ki, bəs niyə demədilər ki, bu patologiya ilə sizlər məşğul olursunuz. Bu cür hallarla çox rastlaşırıq. Xəstə ilə həkim daim əlaqədə olmalıdır. Lakin qeyd etdiyiniz kimi xarici həkimlər və ya xaricdən gələn həkimlər bizim xəstələrə cəmi bir neçə dəfə baxıb bütün əlaqələri kəsirlər. Bütün bunlar sonradan xoşagəlməz halların meydana çıxmasına səbəb olur.
-Gələcək planlarınız barədə də söz açardınız.
- Ən böyük planım üzərində çalışdığım elmi işimi yekunlaşdırıb tibb üzrə fəlsəfə doktoru (PHD) adını almaqdır. Bundan sonra isə elmi- pedaqoji, həkimlik fəaliyyətimi ATU-nun üz-çənə cərrahiyyə kafedrasında davam etdirməkdir. Hazırda qarşıda duran işlərimizdən biri də ölkəmizdə üz-çənə cərrahları birliyini yaratmaq və ilk simpoziumu keçirməkdir. Sizə də təşəkkürümü bildirirəm. Çox sağ olun ki, biz gənc həkimləri, alimləri unutmursunuz. Sizə işlərinizdə arzu edirəm. Çalışın, xəstələnməyin və həkimləri ancaq bu cür məsələlərdə axtarın.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info