“Gəncliyi yüksəkliyə aparan yol kitabdır”
Tarix: 08.07.2014 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Ülviyyə İmanova:“Tələbələrin kitab oxumamaları və mütaliə etməmələri məni çox narahat edir”
Müsahibimiz Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, BMA-nın professoru, musiqişünas Ülviyyə
İmanovadır
:


-Ülviyyə xanım, BMA-nın Musiqi tarixi kafedrasının fəaliyyətindən hansı nüansları qeyd edə bilərsiniz?
- Musiqi tarixi kafedrası Bakı Musiqi Akademiyasının tədris prosesində aparıcı kafedralardan biridir. Çünki akademiyamızda təhsil alan bütün tələbələrlə biz təmasda oluruq. Burada təhsil alan tələbələr hər zaman bizim kafedraya müraciət edirlər. Musiqi tarixi kafedrası dedikdə, üç mədəniyyət daxilində kurs keçirilir. Bunlar Avropa musiqi mədəniyyəti tarixi, rus musiqi mədəniyyəti tarixi və əlbəttə ki, Azərbaycan musiqi mədəniyyəti tarixi kafedramızda geniş şəkildə tədris olunur. Ardıcıl olaraq, təhsil alan gənclər həm bakalavr, həm də magistratura təhsili aldıqda müəllimlərimizlə təmasda olurlar. Bununla da akademiyanın fəaliyyətində bilavasitə daima çalışan kafedra fəaliyyət göstərir. Onu da qeyd edim ki, akademiyamızda çalışan müəllimlərimiz təhsil ocağımızın yetirmələridir. Odur ki, tələbəlik illərindən bu təhsil ocağına bağlı olan insanlar akademiyamızın dəyərini çox gözəl anlayırlar və məsuliyyətlə çalışırlar. Burada çalışanlar vaxtilə təhsil ocağımızın ən yaxşı tələbələri olublar. Onların həm müəllimlik fəaliyyəti, həm də elmi fəaliyyətləri bir-biri ilə sıx əlaqədə olub. Ona görə də tələbələrlə ünsiyyət çox yaxşı alınır.
-Təhsil alan tələbələrin inkişafı hansı mərhələdədir?
- Tələbələrin səviyyəsindən söz açdıqda onu deyə bilərəm ki, bizim çox istedadlı tələbələrimiz var. Sadəcə tələbələrimizin sayını artırmaq istəyirik. Həmçinin, bura qəbul olan tələbələrin yüksək şəkildə hazırlıqlı olmasını arzu edirik. Əlbəttə ki, hazırlıqlı tələbələrlə çalışmaq, onlarla iş birliyi etmək daha asandır. Çox heyf ki, bu cür tələbələrin sayı xeyli azalır. Bunun nə ilə bağlı olduğunu mən deyə bilmərəm. Tələbələrin tədris illərinin ən çətin dövrü I kurs olur. Adətən I kursun I semestri bitdikdən sonra tələbələrdə müsbət dəyişikliyi görmək olur. Son illər bu proses çətinləşib. Orta təhsildən bura qəbul olmaq müəyyən mənada I semestrdə bir çox çətinliklər yaradır. Çünki ali məktəbin tələbləri başqadır. Məsələn, musiqi tarixi ilə olan proqramın I semestrdə mənimsənilməsi böyük çətinliklərlə bağlıdır. Qədim dövr, orta əsrin musiqi mədəniyyəti ilə məşğul oluruq. Bu mövzulara məktəb səviyyəsində qətiyyən toxunulmur və onların heç bir təsəvvürü belə yoxdur.
Qədim dövr dedikdə ən böyük mövzu kimi Qədim Yunanıstan və Qədim Roma araşdırılır. O dövrə yaxın olmaq tələbələrə bir o qədər asan deyil. Onların bu dövrlə tanışlığı demək olar ki, yox dərəcəsindədir. Ancaq müəyyən vaxtdan sonra tarixi zaman yaxınlaşdıqca, söhbət daha səmərəli səviyyəyə qalxır. Çünki onların musiqi ilə müəyyən tanışlığı var. Tanışlıq olduğu zaman ünsiyyət daha da yaxınlaşır.
Biz müəllim heyətini narahat edən bir nüans da var ki, tələbələrimiz oxumurlar. Onlarda kitab oxumaq anlayışı sanki yox dərəcəsindədir. Bu gün Azərbaycan ədəbiyyatı yüksək nəşrlərlə çap olunur. Onları alıb oxumaq, mütaliə etmək gəncliyin ən vacib şərtlərindən biridir. Gəncliyi yüksəkliyə aparan yol kitabdır.
Bəzən gənclər arasında orta səviyyədən qəbul olan tələbələr çox zaman məşğul olduqları peşədən xəbərsiz olurlar. Builki tələbələrdə mən bunun şahidi oldum. Mən hər il I kursdan tələbələrdə ciddi irəliləyiş görürdüm. Ancaq bu il gözə çarpmadı. Tələbələrin kitab oxumamaları və mütaliə etməmələri məni çox narahat edir. Həmçinin, dar çərçivədə təhsil almaqları gələcəyimizə böyük zərbədir. Çünki, gənclər bu gün hər bir işlərini internet vasitəsilə görürlər. Hər bir nüansa etinasız yanaşırlar. İnternet vasitəsilə aldıqları məlumatla kifayətlənirlər. Mən bunun qəti əleyhinəyəm. Kitabdan alınan məlumatın zənginliyi heç bir var-dövlətlə ölçülə bilməz.
-Azərbaycan musiqi tarixi araşdırıldığı zaman hansı nüanslara daha çox üstünlük verilir?
- Bəli. Azərbaycan musiqi tarixi geniş şəkildə araşdırılır. Burada heç bir şübhə yoxdur. Bizim amalımız milli mədəniyyətimizin inkişafı ilə bağlıdır. Bizim musiqimizin zənginliyi müxtəlif insanların yaradıcılığı ilə bağlıdır ki, elmi tədqiqat işlərində müxtəlif tərəfləri, imkanları görmək olar.
Məsələn, Xəyyam Mirzəzadə kimi bir bəstəkarın çox maraqlı yaradıcılıq üslubu var. Onun yaradıcılığında kino musiqisi janrına nəzər yetirdikdə, çox aydın bir üslub dinləyirsən. Ancaq o, simfonik yaradıcılığa tam başqa bir tərzlə yanaşır. Ona görə ki, o, hər bir musiqi sahəsini çox gözəl hiss edir. Xəyyam Mirzəzadə “Yeddi oğul istərəm” filminə bəstələdiyi musiqi əsərini dramaturgiyanı zənginləşdirən vacib komponent kimi vurğulayıb. Bu bəstəkarın yaradıcılığına nəzər salmamaq, onu tədqiq etməmək mümkün deyil. Çünki bu kimi bəstəkarların yaradıcılığı Azərbaycan musiqi tarixinin müasir dövrdə ən parlaq səhifələrindəndir. Əlbəttə ki, həmin yaradıcılıq daxilində bir çox nüanslar öyrənilə bilər.
Onu deyə bilərəm ki, bizim tələbələrimizin arasında, xüsusən də musiqişünasların arasında çox bacarıqlı tələbələr var. Onlar o qədər istedadlıdır ki, musiqinin dərinliyini hiss etməyə çalışırlar. Hətta tarixi əhəmiyyətli elmi konfranslarda tələbələrimiz iştirak etməyə imkan qazanırlar. Yaxud, tələbələr üçün yazılı elmi iş müsabiqələri keçirilir. Tələbələr bu imkanlardan yararlana bilirlər. Bir çox tələbələr bu işə cəlb olunur. Fakültativ şəkildə digər ixtisas üzrə təhsil alan tələbələr də müsiqişünaslıqla məşğul olurlar. Yaxud, müasir musiqi üzrə dərslər hazırlanır. Fakültativ şəkildə belə dərslər də aparılır. Demək istəyirəm ki, oxuyan, maraq göstərən tələbə olub və olacaq.
Bizim bir tələbəmiz bu il bakalavrı bitirdi. Sənədlərini magistratura üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına verdi. Çünki onun rəssamlığa çox böyük həvəsi var idi. Hətta binamızın foyelərində açıq sərgisi təşkil olunurdu. Bu da gəncliyimizin bir uğurudur.
-Siz musiqi tariximizi araşdırdığınız zaman hansı dövrə üstünlük verirsiniz?
- Əlbəttə ki, XX əsr musiqisinə üstünlük verirəm. Xüsusən də bəstəkarlıq musiqisinə. Biz kafedranın adını nəzərə alıb, müəllim heyəti olaraq irihəcmli mövzulara müraciət edirik. Müəyyən bəstəkarın yaradıcılığını araşdıranda tam şəkildə üstünlük veririk. Hər hansı bir sənətkarın yaradıcılığına nəzər saldıqda o dövrün musiqi hadisələri və zamanın mədəniyyət təkamülünü anlamağa çalışırsan. Bütövlükdə Azərbaycan musiqisinin inkişafını gələcəyimiz üçün üzə çıxartmaqdır. Mən belə düşünürəm ki, musiqi dünyamız üçün bu vacib məsələlərdən biridir. Biz artıq bir fikri xüsusi qeyd edirik ki, XX əsr musiqisi bizim tariximiz və keçmişimizdir. O dövrdə əbədi məna kəsb edən adlar var.
Biz təhsil alan dövrlərdə Üzeyir bəy artıq tarixi ad idi. Ancaq bu gün isə o siyahı yenilənib. Qara Qarayev, Fikrət Əmirov, müasir dövrümüzdə Arif Məlikov, Xəyyam Mirzəzadə və bir çox bəstəkarların adları sadalana bilər. Biz bu sözləri tarixin dərinliklərini hiss edərək tam məsuliyyətli şəkildə deyə bilirik. Əlbəttə ki, tarixin qarşısında müxtəlif anları, tarixin möhtəşəmliyi və gözəlliyini duyursan.
Musiqi sənəti nə qədər böyükdürsə, burada müəyyən mədəniyyətləri birləşdirən amillər var. Çünki Azərbaycan musiqisi ümumdünya musiqinin bir hissəsidir. Bu gün musiqimizin bütün dünyada qəbul olunması, həm milli musiqimizin zənginliyi, həm də bəstəkar musiqilərimizin gözəlliyi hər kəsə bəyandır.
Əsas məqsədimiz musiqimizin ardıcıl inkişafını araşdırmaq və incəliklərinə xüsusi diqqət yetirməkdir. Hər bir incəliyin arxasında da böyük zəhmət durur.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info