“Ordubadi Azərbaycan ədəbiyyatının təməl daşlarından biridir”
Tarix: 11.07.2014 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


İradə Vəliyeva: “İkinci ixtisasım psixoloq olsa da, muzey işini və Ordubadinin yaradıcılığını çox sevdiyim üçün bu işimdən uzaqlaşa bilmədim”

Müsahibimiz Məmməd Səid Ordubadinin xatirə muzeyinin elmi işçisi İradə Vəliyevadır:

- İradə xanım, muzey fəaliyyətinizin məqsədi nə ilə bağlıdır?
- Muzeyimiz 1979-cu ildə yaradılıb. 1990-cı il 15 may tarixindən açıq fəaliyyətdədir. Muzey ədibin yaşayıb-yaratdığı mənzildə yerləşir. Bura elmi-tədqiqat müəssisəsi olmaqla yanaşı, həm də ədibin yaradıcılıq yadigarlarının mühafizəçisidir. Muzeyimizdə Ordubadinin həyat və yaradıcılığını əks etdirən 3000-ə yaxın materiallar toplanıb. 1938-50-ci illər də M. S. Ordubadi bu mənzildə yaşayıb və yaradıb.
Mənim bu muzeydə fəaliyyətim 1984-cü ilin martın 1-dən başlayıb. Bu il artıq fəaliyyətimin 30 ili tamam oldu. Mən bu muzeydə ilk fəaliyyətimi muzey bələdçisi kimi başladım. Hal-hazırda elmi işçi vəzifəsini aparıram. Elmi işçi kimi məqsədim M. S. Ordubadinin irsini araşdırmaq, ona məxsus olan əşyaları, əlyazmalarını toplayıb, gələcək nəsillərə çatdırmaqdır. Ordubadini yad etmək, həyat və yaradıcılığını təbliğ etmək üçün müntəzəm olaraq muzeydə anım günləri keçiririk. M. S. Ordubadi 1872-ci ilin mart ayında dünyaya gəlib, 1950-ci ilin may ayında isə dünyasını dəyişib. Bu günləri muzeydə xüsusi olaraq qeyd edirik.
İkinci ixtisasım psixoloq olsa da, muzey işini və M. S. Ordubadinin yaradıcılığını çox sevdiyim üçün bu işimdən uzaqlaşa bilmədim. Bundan sonrakı iş fəaliyyətimi də muzeydən kənarda təsəvvür etmirəm.
- Görkəmli ədibin nəşr olunmayan əsərləri qalıb?
- Bizim muzeydə elə əlyazma tapılmaz ki, o çap olunmasın. Salman Mümtaz adına Əlyazmalar Fondunda da Ordubadinin yaradıcılığı və əlyazmaları qorunub saxlanılır. Demək olar ki, bütün əlyazmalar nəşr olunub. “Qılınc və qələm”, “Dumanlı Təbriz”, “Döyüşən şəhər” və onlarla bu kimi əsərləri işıq üzü görüb. M. S. Ordubadi çox məhsuldar yazıçıdır. Azərbaycan ədəbiyyatında elə bir janr yoxdur ki, onda Ordubadi öz qələmini sınamasın. O həm şair, həm yazıçı, həm də ictimai xadim kimi fəaliyyət göstərib. Ədibin Azərbaycan xalqının maariflənməsi uğrunda çox böyük xidmətləri olub. Maarifçilik ideyalarının açıq təbliği ilə səciyyələnən ilk kitabı 1906-cı ildə “Qəflət”, 1907-ci ildə “Vətən və hürriyyət” adı altında nəşr edilib.

“Təəssüflər olsun ki, Ordubadinin əsərləri dərsliklərdən çıxarılıb”

Bu kitabların nəşrindən sonra Ordubadinin həyatında ağır anlar başladı. Böyük təqiblərə, əziyyətlərə məruz qalırdı. O, siyasi əqidəsinə görə, təqiblərdən yaxa qurtarmaq üçün 1908-ci ildə Ordubaddan Culfaya köçməyə məcbur olur. 1908-1913-cü illər Ordubadinin yaradıcılığında Culfa dövrü adlanır. Bu illər Ordubadi yaradıcılığının və ictimai fəaliyyətinin ilk qızğın yüksəliş dövrü olub. Ədib Culfa Əliqulu Qəmküsar, Nəsrulla Şeyxov, Baxşalı Ağa Şaxtaxtlı və başqa tərəqqipərvər həmvətənləri ilə birlikdə siyasi, ictimai işlərdə iştirak edirdi. Burada gizli fəaliyyət göstərən “Hümmət” bolşevik təşkilatının üzvü kimi ədib Cənubi Azərbaycana gedir və Azadlıq hərəkatının liderləri olan Səttar xan və Bağır xanla çiyin-çiyinə inqilabi hərəkatda iştirak edir. Ordubadi hətta Culfada jurnalistik fəaliyyəti üçün də əlverişli imkan tapır. O, Bakıda nəşr olunan qəzet və jurnallara, Tiflisdə çıxan “Molla Nəsrəddin” jurnalına yazılar göndərir. Onu da xüsusi qeyd edim ki, ədib “Molla Nəsrəddin” jurnalının IV nömrəsindən başlayaraq 25 ilə yaxın bir müddətdə müxtəlif imzalarla felyetonlar çap etdirib.
Bu illərdə onun yaradıcılığında cənubi Azərbaycan mövzusu xüsusi yer tutur. 1908-ci ildə Culfada olarkən ilk romanını “İki cocuğun Avropaya səyahəti”ni yazır. Bu roman “Təzə həyat” qəzetində dərc olunub.
Onu da qeyd etmək lazımdır ki, M. S. Ordubadinin atası Hacı Ağa Fəqir də müəllim və şair idi. Hacı Ağa Fəqirin “Ağlar qələm əlimdə” bir kitabı bizə gəlib çatıb. Ordubadi demək olar ki, ilk təhsilini də atasından alıb.
- M. S. Ordubadinin yaradıcılığı ədəbiyyata hansı yeniliklər gətirdi?
- Qeyd etdiyimiz kimi, ədib Cənubi Azərbaycan azadlıq hərəkatında iştirak edərkən topladığı materiallara əsaslanaraq tarixi roman janrında yazdığı “Dumanlı Təbriz” əsərini yaradıb. Bu əsərlə də Azərbaycan ədəbiyyatında tarixi roman janrının təməlini qoyub.
1914-1917-ci illər isə Ordubadinin həyatında sürgün illəridir. Onun sonralar yazdığı “Həyatım və mühitim” adlı kitabında həyatının ağrılı və acılı anları xüsusi qeyd edib. Ordubadi sürgündə olduğu illərdə inqilabi fəaliyyətə başlayır. Burada onun inqilabçı dostunu və ailəsini qətlə yetirirlər. Onların 16 yaşında Taisiya adlı bir qızı qalır. Ordubadi bu qızı himayəsinə götürür və sürgün illərində bu qızla evlənir. Onların Şəfiqə adlı bir qızı dünyaya gəlir və o illərdə dünyasını dəyişir.
Ordubadi sürgündə olduğu illərdə də müntəzəm olaraq Bakıda çıxan bir sıra qəzet və jurnallara yazılar göndərib. Yəni yaradıcılığını, inqilabi fəaliyyətini dayandırmayıb.
1917-ci ilin inqilabı başladıqdan sonra Ordubadini sürgündən azad edirlər. Dağıstana göndərilir. Burada poliqrafiya bazasının yaranmasında Ordubadinin xidmətləri çox böyük olur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Ordubadi öz xahişi ilə Bakıya göndərilir.
Ədib Bakıda “Yeni yol” qəzetində redaktor vəzifəsində fəaliyyətə başlayır. “Döyüşən şəhər”, “Gizli Bakı”, “Qılınc və qələm” kimi bir çox əsərləri yaradıcılığının məhsuludur. Ordubadi ədəbiyyatımıza bir çox tərcümə töhfələri bəxş edib. Demyan Bedninin “Zeynətin andı”, “Mərkəzi küçə”, Rasininin “Sevilya bərbəri”, Puşkinin “Boriz Qodunov” və sairə əsərləri təcrübə edib.
Ədibin Böyük Vətən müharibəsindən sonrakı dövrlərdə yaradıcılığına nəzər salsaq “Təzə adamlar”, “Böyük tikintidə”, “Sumqayıt” əsərlərini vurğulaya bilərik.
- M. S. Ordubadi musiqi sahəsinə də xüsusi diqqət ayırırdı. Bu haqda nələri vurğulaya bilərsiz?
- Ədibin milli Azərbaycan səhnə sənətinin inkişafında xidmətləri böyükdür. Azərbaycan teatrında hazırlanan ilk dram əsərlərinin müəlliflərindən biri olub. “Dinçilər”, “Sabotajçılar”, “Cəmiyyət əqvamı” və digər pyesləri Bakı tənqid-təbliğ teatrı səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyuldu.
Azərbaycanın ilk operalarından olan inqilab mövzusunda yazılmış “Nərgiz” operasını qeyd etmək olar. Opera görkəmli bəstəkar Müslüm Maqomayevlə birgə yaranan zəhmətin bəhrəsi olub. Daha sonra Üzeyir Hacıbəyovun “Koroğlu” operasının, Əfrasiyab Bədəlbəylinin “Nizami” operasının, Fikrət Əmirovun “Ürək çalarlar” musiqili komediyasının, Səid Rüstəmovun “Beş manatlıq gəlin” musiqili komediyasının liberetto mətnlərinin müəllifidir.
- M. S. Ordubadinin yaradıcılığının Azərbaycan gəncliyinə, Azərbaycan cəmiyyətinə təsirini necə səciyyələndirərdiz?
- Ordubadinin yaradıcılığında əsas qayəsi vətənpərvərlik ruhlu, maarifçilik olduğu üçün gənclərə böyük örnəkdir. Bir nüansı xüsusi qeyd etmək istəyirəm ki, təəssüflər olsun, M. S. Ordubadinin əsərləri dərsliklərdən çıxarılıb. M. S. Ordubadi Azərbaycan ədəbiyyatının təməl daşlarından biridir. Cəmiyyətimizin yüksək inkişafı üçün gənclərin mütəmadi olaraq M. S. Ordubadi yaradıcılığına müraciəti zəruridir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info