ATİ məzunlarının sayı min nəfərə çatır
Tarix: 12.07.2014 | Saat: 01:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm İnstitutunda” Məzun-2014” adlı V buraxılış mərasimi olub. Tədbirdə çıxış edən ATİ-nin rektoru, tarix elmləri doktoru, professor C.Cəfərov bildirdi ki, insanın həyatında yadda qalan, unudulmayan elə günlər var ki, o dönəmləri yenidən yaşamaq- yaşatmaq insana xoş gəlir:
“Növbəti məzun törənimiz həyəcan və sevincin qovuşduğu günlərdən biridir. Bu günü, anları bizlərə bəxş edənlər sırasında heç vaxt haqqını ödəyə bilməyəcəyimiz valideynlərimiz, müəllimlərimiz, bir də Azərbaycan dövləti və ona rəhbərlik edənlərdir. Bu gün ölkə həyatının hansı sahəsinə baxsaq, orada ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin böyük imzasını görə bilərik. Ulu öndər bütün fəaliyyəti boyunca məhz cəmiyyət həyatını sabahlara uğurla aparacaq elmə, təhsilə xüsusi diqqət verib. O cümlədən, turizm sahəsində də Azərbaycanın yeni üfüqlərini açıb, mühüm, tarixi töhfələr verib. Bu gün turizm sahəsində icra olunan əsas layihələrin böyük əksəriyyəti ümummilli liderin hələ sovet dövründə təsdiq etdiyi Xəzərin qərb sahillərində turizmin uzunmüddətli inkişaf strategiyasına daxildir. Hər zaman olduğu kimi bu dahi şəxsiyyəti böyük ehtiram hissi ilə anırıq. Ulu öndər Heydər Əliyevin qeyri-neft sektorun rolunun ölkə iqtisadiyyatında artırılması strategiyası Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi turizm sahəsində də uğurla inkişaf etdirilir. Turizmə olan diqqət və qayğı qəbul edilmiş qərarlarda, dövlət inkişaf proqramlarında, son illərdə bu sahədə görülmüş konkret işlərdə öz əksini tapıb. Nəticələr də özünü göstərməkdədir”. Rektor bildirdi ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanda 2011-ci ilin“Turizm ili” elan edilməsi turizm sənayesinin inkişafının dövlətimizin strateji maraqlarının tərkib hissəsi olduğunu bir daha təsdiqləyib: “Bu qərarın heç şübhəsiz, ölkəmizdə turizmin inkişafı üçün böyük işlərin görülməsində müstəsna rolu var. Azərbaycan turizm sənayesinin inkişaf etdirilməsi, qonaqpərvərlik, turizm, səyahət və istirahət sahəsində ixtisaslı kadrlara olan ehtiyacı ödəmək üçün mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi üçün 8 il öncə ölkəmizdə yeni təhsil müəssisəsi - Azərbaycan Turizm İnstitutu yaradılıb. Bu illər ərzində ATİ bir sıra uğurlara öz imzasını atıb. Qabaqcıl universitetlərin müasir təhsil proqramlarını, tədris vəsaitlərini uğurla tətbiq edən ATİ elmi-pedaqoji ictimaiyyətlə yanaşı, Azərbaycan dövlətinin və xalqımızın da etimadını qazana bilib. Ciddi təhsil sistemi ilə fərqlənən institutumuza müxtəlif ölkələrdən müəllim və tələbələrin gəlməsi ATİ-də tədrisin keyfiyyətcə artım dinamikası üzrə əldə olunan uğurların bariz sübutudur. Başlıca məqsədi dünyanın nüfuzlu ali təhsil ocaqları sırasında qərarlaşmaq olan ATİ fəaliyyət müddəti ərzində daim qabaqcıl təhsil texnologiyalarını tətbiq etməklə bir çox vacib yenilikləri həyata keçirib. Azərbaycandakı dövlət ali məktəbləri arasında ilk dəfə olaraq ATİ-də 2008-2016-cı illəri əhatə edən strateji plan qəbul olunub. ATİ Avropa Kredit Transfer Sistemini (AKTS) ölkəmizdə bütünlüklə tətbiq edən ilk dövlət ali təhsil müəssisəsidir”. Bildirildi ki, 2006-cı ildən etibarən tətbiq edilən kreditli tədris sistemi, tədris proqramından geri qalan tələbələrin növbəti ildə digər tələbələrlə paralel oxuya və ya təhsil müddətini daha tez başa vura bilmələri üçün yay təhsil proqramları, keyfiyyəti idarəetmə sisteminin tətbiqi bu yeniliklərin, sadəcə, bir qismidir. Ötən 8 il ərzində ATİ-nin müxtəlif qurumlarla, ali təhsil müəssisələri və beynəlxalq təşkilatlarla əlaqələri genişlənib, bir sıra struktur dəyişiklikləri həyata keçirilib, institutun tanıdılması prosesində mühüm irəliləyişlər olub. 2006-cı ildə 200 tələbə, bir fakültə, 2 kafedra, 3 ixtisasla tədris prosesinə başlayan ATİ hazırda 3 fakültə, 10 kafedra, 11 bakalavr ixtisasında 1463 tələbə ilə kadr hazırlığını həyata keçirir. 2010/2011-ci tədris ilindən isə ATİ-də magistratura pilləsi fəaliyyətə başlayıb və hazırda 15 ixtisas üzrə 138 tələbə - magistr təhsil alır. Eyni samanda ATİ-də doktorantura proqramı üzrə 55 və ikinci ali təhsildə 27 nəfərdən çox sənaye nümayəndəsi yenidən ixtisaslaşır. 2011-ci ildən ATİ nəzdində yaradılan Bakı Turizm Peşə Məktəbində 12 peşə üzrə 460 şagird təhsil alır. Növbəti tədris ilində ATİ-yə bakalavr üzrə 410, magistratura proqramı üzrə isə 55 nəfərin qəbulu nəzərdə tutulub. ATİ-nin beynəlxalq standartlara cavab verən ali məktəb kimi tanınması üçün 8 ildir ki, sistemli iş aparılır. Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə bakalavr və magistratura səviyyələri üzrə imzalanan müqaviləyə əsasən ölkədə ilk və yeganə ikili diplom beynəlxalq proqramı uğurla öz fəaliyyətini davam etdirir. Hazırda proqramda 100-dən çox bakalavr, 40-dan çox magistr təhsil alır. İndiyədək 93 nəfər bakalavr bu proqramın məzunudur. Proqramın bundan sonra da davam etdirilməsi nəzərdə tutulur. Tələbələrin ictimai həyatda geniş fəaliyyətlərini dəstəkləmək üçün institutda Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və TGT-nin nəzdində 8 fərqli istiqamətli maraq klubu fəaliyyət göstərir. Məhz bu işin nəticəsidir ki, İntellekt oyun klubu - Nərimanov rayon birincisi, Futbol komandası - Nərimanov rayon çempionatının ikincisi, Debat klubu - Bakı Dövlət Forumu Yaz 2013-cü ilin ən fəal komandası, Universal komandamız - Daxili Debat turnirinin qalibi olub. AMEAST komandamız - İdman dırmanması yarışında ikinci yeri tutub. Ağamir Ağamirov - Nərimanov rayonun ilin ən fəal gənci seçilib. Rəşad Hüseynzadə - “Mən Azərbaycanlıyam” intellektual bilik yarışmasında ikinci, Azadə Musabəyli - İdman dırmanması üzrə “Ümid” yarışmasının bouldering növü üzrə birinci yerə sahibləniblər. Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən təsis olunan aylıq təqaüd alanlar sırasında ATİ-nin tələbəsi Səmayə İbrahimovanın da adı var. Daha bir tələbəmiz- Kifayət Məmmədova isə ATGTİ-nin fəxri fərmanını alıb.
Ölkəmizdə ilk dəfə ATİ-nin tədris proqramında nəzərdə tutulan 20 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr təkcə Azərbaycanda deyil, Türkiyə, Şimali Kipr və İsrailin nüfuzlu turizm müəssisələrində təcrübə keçirlər. Hazırda ATİ-nin 170 -dən çox tələbəsi ölkəmizdə, 19 nəfər Türkiyədə, 24 nəfər İsraildə, 10 nəfər Şimali Kipr Türk Cümhuriyyətində praktikadadır, 1 tələbə isə Almaniyada praktikanı uğurla başa vurub.
Sənayenin təxirəsalınmaz ehtiyaclarını təmin etmək və bacarıqlı xidmət personalı hazırlamaq məqsədilə ATİ Təlim Mərkəzində beynəlxalq təcrübə əsasında fasiləsiz qısamüddətli ön büro, bələdçi hazırlığı və turagent və turoperator fəaliyyəti üzrə kurslar təşkil olunur. İndiyədək 100 nəfərdən çox iştirakçı bu kursların müdavimi sertifikatını alıb. Qarşıdakı illərdə animatorluq, yeyəcək-içəcək və otaq-mərtəbə xidmətləri üzrə kursların təşkili nəzərdə tutulub.
İnstitutun beynəlxalq təhsil sisteminə inteqrasiyasını səciyyələndirən xüsusiyyətlərdən əsasları - dünyanın turizm təmayüllü elmi müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqavilələrinin imzalanması və bunun əsasında həyata keçirilən tələbə və təcrübə mübadilələri, beynəlxalq layihə və proqramlarda iştirak, eləcə də nüfuzlu təşkilatlara üzvlük istiqamətində fəaliyyətdir. ATİ Avropa İttifaqının Erasmus-Mundus Xarici Əməkdaşlıq Proqramı çərçivəsində Yunanıstan, Fransa, Bolqarıstan, İtaliya, Litva, Portuqaliya, Niderland və digər ölkələrin universitetləri ilə əməkdaşlıq edir. Nazırda ATİ Avropa İttifaqının 3 TEMPUS layihəsində tərəfdaş ali məktəb kimi yaxından iştirak edir. Bundan başqa, institut Almaniyanın Yade TEU, Şimali Kipr Türk Cumhuriyyətinin Girne Amerika, Doğu Akdeniz,Yakın Doğu, Türkiyənin Atatürk, Ordu, Beykənt, Nevşehir, Uşak universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayıb. Ötən illər ərzində ATİ-nin bir neçə müəllim və tələbəsi bu proqramlardan yararlanaraq xaricdə təhsil və təcrübə keçiblər. İnstitutumuz yarandığı gündən indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə faydalı əlaqələr qurub.
ATİ-nin Dünya Turizm Təşkilatına (DDT) “qoşulmuş üzv” kimi təsdiq olunması və DDT-nin Bilik Şəbəkəsinə üzv seçilməsi bizləri daha səmərəli fəaliyyət göstərməyə səfərbər edib. Təşkilata üzvlük Azərbaycan Turizm İnstitutuna Dünya Turizm Təşkilatı tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə, proqramlarda və bir sıra layihələrdə assosiativ üzv kimi Azərbaycanı təmsil etmək hüququ verir. Eyni zamanda, bu tanınma ATİ-nin ümumi fəaliyyət proqramında da öz əksini tapıb, turizm sektoru üçün yüksək ixtisaslı kadr hazırlığının təmin edilməsi istiqamətində gərgin fəaliyyətimizə yeni ruh, yeni önəm verib. ATİ kollektivi bu qurumun keyfiyyət sertifikatını almaq üçün ciddi hazırlıq işləri görür.
Rektorun sözlərinə görə, ali təhsil müəssisəsi olaraq, əldə etdikləri nailiyyətlər ölkə rəhbəri İlham Əliyevin, mədəniyyət və turizm naziri, həm də müəllim həmkarımız Əbülfəs Qarayevin diqqət və qayğısı, nazirliyin, digər dövlət və özəl strukturların instituta səmimi münasibəti, ATİ kollektivinin birgə və məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olub: “Əgər bu gün ATİ-nin bakalavr və magistr pilləsi üzrə 221 nəfər tələbəsi məzun adını qazana bilibsə, bu məhz bizlərə və sizlərə göstərilən böyük etimad və qayğının nəticəsidir. Qeyd edək ki, hazırda ATİ məzunlarının ümumi sayı 962 nəfərdir. Onlardan 33 nəfəri magistartura məzunu, 93 nəfəri ikili diplom sahibidir. Bu ilki məzunlardan 21 nəfəri eyni zamanda Avstryanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alıb”. C.Cəfərov öz çıxışının sonunda bildirib ki, ATİ məzunlarının işlədiyi müəssisələrdən xoş soraqlar eşidirik: “Bu bizi sevindirir. Sizlərə də ölkəmizin gələcəyi üçün müasir, bilikli mütəxəssis, layiqli vətəndaş olmağı arzu edirik! Min bir zəhmətlə böyüdüb boya-başa çatdırdığınız və 4 il əvvəl ATİ-yə etibar etdiyiniz övladlarınız bu gün artıq ali təhsil və bacarıqlara sahib, ürəkləri Vətən sevgisi ilə Azərbaycanımızın xidmətindədirlər. Onlarla fəxr etməyə haqqınız var. Bu gün dünənlə yaşamırıq. Bu gün isə sabah tarix olacaq. Gəlin bilik və səylərimizi birləşdirib daha yüksək uğurlar əldə edək. O zaman cəmiyyətə daha savadlı, daha yararlı vətəndaş ola bilərik. Bu düşüncə ilə sizi böyük həyat məktəbinə yola salırıq. Yolunuz hər zaman istək və məqsədlərinizə açıq olsun!”
Beşinci buraxılış Məzun törənində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxış və tövsiyəsi məzunlar tərəfindən alqışlara səbəb olub. 2013/2014-cü tədris ilinin bakalavr və magistr məzunlarına rəmzi diplomlar Avstriyanın İMC Krems Universiteti ilə ATİ- nin birgə icra etdiyi beynəlxalq proqram üzrə bitirən məzunlarına diplomlar təqdim olunub. Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin rektoru xanım Eva Vernerin təbrik- nitqindən sonra 2013/2014-cü tədris ili məzunlarından ixtisas, fakültə və institut birincilərinə plaketlər, ATİ-nin “Tələbə Fəxri Kitabı” 2013-2014-cü tədris ili üzrə institut birincisinə təqdim edildi. Məzun törənində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, mədəniyyət və turizm nazirinin müavinləri Vaqif Əliyev, Sevda Məmmədəliyeva və Nazim Səmədov, digər ali məktəblərin rektorları, diplomatlar, millət vəkilləri, nüfuzlu otel və turizm sənayesi müəssisələrinin məsul əməkdaşları iştirak ediblər. Günün proqramına uyğun məzunlar üçün böyük konsert proqramı təşkil olunub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info