“Qırğızıstanda diasporumuza yüksək səviyyədə münasibət var”
Tarix: 12.07.2014 | Saat: 01:45:00 | E-mail | Çapa göndər


Nüsrət Məmmədov: “Gənclər mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı, Azərbaycanda gedən prosesləri öyrənmək, istəyirlər”
Müsahibimiz Nüsrət Məmmədov 1957-ci ildə Şəki rayonunda anadan olub. 1975-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1977-ci il hərbi xidməti başa vurub Qazaxıstanın Çimkənd vilayətinə gedib. 1980-ci ilin may ayına kimi Çimkənddə yaşayıb və təsərrüfatın müxtəlif sahələrində çalışıb. 1980-ci ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki Pedaqoji İnstitutun Filologiya fakültəsinə qəbul olub. 1990-cı ildə Qırğızıstan Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. 1996-cı ildə həmin universiteti müvəffəqiyyətlə başa vurub. N. Məmmədov hazırda diaspor sahəsində aktiv fəaliyyət göstərir və “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun prezidenti olaraq bu işi uğurla icra edir.

-Rəsmi Qırğızıstan hökuməti tərəfindən diasporumuza necə münasibət göstərilir?
- Bildiyiniz kimi Qırğızıstan demokratik bir dövlətdir. Demokratik dövlətin atributu olan hakimiyyətin hər 3 qolu işləyir. Qırğızıstanda diasporumuza yüksək səviyyədə münasibət var. Məsələn, biz fond olaraq hakimiyyətdən ulu öndərimiz Heydər Əliyevin adını əbədiləşdirmək üçün torpaq sahəsinin ayrılmasını, həmin torpaq sahəsində ulu öndərin adını daşıyacaq parkın salınmasını, onun abidəsinin ucaldılmasını xahiş etmişdik. Xahişimizi nəzərə alan dövlət tərəfindən şəhərin ən mənzərəli yerində parkın salınması üçün torpaq sahəsi ayrıldı. Məncə, bu, hakimiyyətin diasporumuza yüksək münasibətini göstərən amildir.
- Qırğızıstanda diasporumuzun nəsilləri arasında əlaqə hansı formadadır?
- Qırğızıstanda bir neçə Azərbaycan diasporu var ki, biz onlarla sıx əlaqədə çalışırıq. Məsələn, “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” olaraq biz Qırğızıstan Azərbaycanlıları Konqresi, Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi, “Xəzər” İssık-Kul Azərbaycanlıları İctimai Birliyi, “Sodrujestvo” bölgə milli etnik diasporlar şurası ilə sıx əməkdaşlığımız var.
Qeyd edim ki, biz Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıqda işləyirik. Yaxşı olardı ki, komitənin səlahiyyətləri artırılsın.
- Qırğızıstanın ictimai-siyasi işlərində diaspor təşkilatı olaraq fəallıq göstərə bilirsinizmi?
- Məsələn, bu yaxınlarda, biz ulu öndərin 91 illiyi ilə əlaqədar Bayalinov adına Respublika Uşaq kitabxanasında böyük bir tədbir keçidik. Həmin tədbirdə Qırğızıstanın mədəniyyət və informasiya naziri K. Taliyeva ilə yanaşı bir çox tanınmışlar da iştirak etdilər. Kitabxanaya nəşr etdirdiyimiz kitablar da hədiyyə etdik. Tədbirdə çıxış edən nazir K. Taliyeva fondun Qırğızıstanın ictimai-siyasi həyatındakı böyük rolundan danışdı. Bütün QHT-ləri, “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” na bənzəməsini tövsiyə etdi.
İki il bundan əvvəl “Həyat” hotelində “Prezident İlham Əliyev” üçcildliyinin təqdimatını keçirmişdik. Onda Azərbaycanın Qırğızıstandakı səfiri vəzifəsini, səfirliyin müşaviri İlqar Cabbarov aparırdı. Tədbiri səfirliklə birlikdə keçirirdik. Bir neçə nazirin, Qırğızıstanın ən tanınmışlarının, Rusiyanın, Amerikanın və bir sıra dövlətlərin səfirliyinin müşavirləri iştirak edirdilər. Tədbir, respublika KİV-lərində də geniş işıqlandırılmışdı. Təqdimatdan bir gün sonra Azərbaycanın Qırğızıstandakı səfir əvəzi İlqar Cabbarov mənə zəng edərək dedi ki, kitaba böyük maraq var, o kitablardan 100 komplekt verə bilərsinizmi? Cavabında dedim ki, biz kitabları məhz oxunması üçün nəşr etdirmişik. Maşın göndərin problem yoxdur, nə qədər lazımdır kitab verək. Onlar maşın göndərdilər, kitablardan 100 komplekt səfirliyə verdim. Səfirlik də öz növbəsində bütün maraqlananlara kitabları payladı. Yeri gəlmişkən, İlqar Cabbarov çox gözəl bir insandır, peşəkar diplomatdır. Öz Vətənini, xalqını, Prezidentini sevən bir adamdır. Biz onunla bir neçə tədbir keçirmişik. Mən görürdüm o, bu tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün necə can yandırır.
-Siz yaşlı diaspor nümayəndələrindən hesab olunursuz. Gənc diaspor üzvləri ilə öz təcrübənizi hansı formada bölüşürsüz?
- Rəhbəri olduğum fondun nəzdində gənclər təşkilatı var. “Təcrübənizi hansı formada bölüşdürürsünüz” deyəndə gənclərimiz fondun fəaliyyətində bilavasitə iştirak edirlər. Fondun tam fəaliyyəti onların təcrübələridir - desək yanılmarıq.
-Ümumiyyətlə, gənclərin diaspor işinə marağı necədir?
- Gənclərimizin diaspor işinə marağı olduqca yüksəkdir. Gənclərimizin çoxu burada həyata göz açanlardır. Onlar mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı, Azərbaycanda gedən prosesləri öyrənmək, bilmək istəyirlər. Bir neçə dəfə gənclərimizdən Azərbaycanın bayrağını, nəşr etdirdiyimiz kitabların onlara verilməsini xahiş ediblər. Əlbəttə, biz onların xahişlərinə biganə qalmamışıq.
-Qırğızıstanda diaspor olaraq ölkəmizi necə təbliğ edirsiz?
- Bizim əsas məqsədimiz Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, Azərbaycanda gedən ictimai-siyasi prosesləri, ulu öndərimizin irsini, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətini təbliğ etməkdir. Bu istiqamətlərdə 59 kitab nəşr etdirib pulsuz yaymışıq, bir çox tədbirlər keçirmişik. Keçən ilin fevral ayında Vahid Mustafayevin müəllifi olduğu “Xoca” filminin geniş şəkildə təqdimatını keçirdik. Bir çox kanallar filmi göstərdilər. Tamaşaçı kütləsində film böyük rəğbətlə qarşılandı. Bunu nəzərə alaraq filmi qırğız dilində dublyaj etdirdik.
Belə bir hadisəni xatırlatmaq istəyirəm. 2009-cu ildə xalq diplomatiyası çərçivəsində Qırğızıstan Parlamentinin o vaxtkı deputatlarının Azərbaycana səfərini təşkil etmişdik. Nümayəndə heyətinə Qırğızıstan parlamentinin birinci vitse-spikeri Çolpon Bayekova başçılıq edirdi. Mart ayının 13-də bizi Prezident İlham Əliyev qəbul etdi. Görüş zamanı Çolpon Bayekova Prezident İlham Əliyevə dedi: “Biz Azərbaycanın başına gətirilən faciələr haqqında bu kitablardan məlumat almışıq”. Məncə, bizim fəaliyyətimizə bundan yüksək qiymətin verilməsinə ehtiyac yoxdur.
Onu da xatırladım ki, avqust ayının birinci ongünlüyündə “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” Bakıda “Azərbaycan, Qırğızıstan, Rusiya, Qazaxıstan, Moldova və İsrail arasında mədəni əlaqələrin inkişafı” adlı beynəlxalq forum keçirəcək. Qeyd edək ki, forumda RF ictimai Palatasının katibi, Kurçatov mərkəzinin Prezidenti, akademik Yevgeniy Velixovun, Qazaxıstandan Muxtar Şaxanovun, Qırğızıstandan İlgiz Aytmatovun başçılıq edəcəyi nüfuzlu nümayəndə heyətləri iştirak edəcək. Xatırladaq ki, forumda, digər tanınmış şəxslərlə yanaşı, deputatların, nazirlərin də iştirakı gözlənir. Həmçinin forum çərçivəsində Muxtar Şaxanovun fondun sifarişi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş «Həqiqət formulu və məhəbbətin Everest zirvəsi» kitabının təqdimatı, fondun sifarişi ilə RF OOO «AMATUS» kinostudiyasının lentə aldığı «Çingiz Aytmatov- sivilizasiyaların dialoqu» sənədli filminin çəkilmiş hissəsi nümayiş etdiriləcək. Muxtar Şaxanovun «Həqiqət formulu və məhəbbətin Everest zirvəsi» adlı əsərinin böyük bir hissəsi mərhum Prezident Heydər Əliyevə həsr olunub.
“Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun sifarişi ilə RF OOO «AMATUS» kinostudiyasının lentə aldığı «Çingiz Aytmatov- sivilizasiyaların dialoqu» sənədli filmində 2008-ci ildə Bişkekdə ulu öndərin 85 illiyi ilə əlaqədar fond tərəfindən keçirilən tədbirdə Çingiz Aytmatovun çıxışı öz əksini tapıb. Bundan başqa, 2008-ci il Qırğızıstanda Çingiz Aytmatov ili elan olunmuşdu. Tale elə gətirdi ki, Çingiz Aytmatovun yubileyi təkcə Azərbaycanda fondun təşəbbüsü və maliyyə dəstəyi ilə qeyd olundu. Fevral ayının 25-də Prezident İlham Əliyev Çingiz Aytmatovu fondun sədri ilə birlikdə qəbul etdi və “Dostluq” ordeni ilə təltif edildi. Həmin görüntülər də filmdə öz əksini tapıb.
- Bu işləri görərkən sizə qarşı ermənilər tərəfdən hər hansı maneələr olurmu?
- Bilirsiniz, erməninin erməni olduğunu, onun bizə düşmən olduğunu bilirik. Ona görə də onlardan özümüzü qorumaq bir o qədər də çətin deyil.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info