“Braziliya Olimpiadasında da hakimlərimiz ölkəmizi layiqincə təmsil edəcəklər”
Tarix: 15.07.2014 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Müsahibimiz Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim, “Tərəqqi” medallı, Əməkdar məşqçi Əjdər
Cəfərovdur:

- Əjdər müəllim, Azərbaycan, Bakı - 2015 Avropa Oyunlarına hazırlaşır. Bununla əlaqədar Azərbaycan Güləş Federasiyası və Azərbaycan güləşçiləri möhtəşəm tədbirə necə hazırlaşır?
- Bildiyimiz kimi, Avropa Oyunları Bakıda ilk dəfə keçiriləcək. Qeyd edə bilərik ki, bu oyunlar Avropa tarixində ilk dəfə keçirilir. Tarixdə Asiya Oyunları, Pan-Amerika Oyunları, Afrika Oyunları keçirilib. Lakin Avropa Oyunları təşkil olunmayıb. Şübhəsiz ki, ilk dəfə olaraq Azərbaycan buna təşəbbüs göstərdi. Demək olar ki, hazırlıq işləri yekunlaşmaq üzrədir. İşlər yüksək səviyyədə görülür. Həmçinin, bütün idman növlərində olduğu kimi Güləş Federasiyasında da bu yarışlara diqqət yetirilir. İdmançılarımızın ən yüksək dərəcədə çıxış etmələri üçün federasiyamız tərəfindən hər bir şərait yaradılır. Bu da öz növbəsində federasiyamızın prezidenti cənab Fazil Məmmədovun birbaşa diqqəti və nəzarəti altında həyata keçirilir. Möhtəşəm oyunda iştirak edəcək məşqçilər və idmançılar federasiya tərəfindən müəyyən olunub və rəhbərlik tərəfindən diqqət və qayğıda saxlanılır. Ümid edirəm ki, Avropa Oyunlarında güləşçilərimiz ölkəmizi layiqincə təmsil edərək, yüksək dərəcəli medallar əldə edəcəklər.
Onu da qeyd edim ki, Dünya Güləş Federasiyasında çəki dərəcəsində müəyyən dəyişikliklər baş verdiyi üçün bu oyunlarda da yeni çəki dərəcələri tətbiq ediləcək.
- İdman sahəsində Azərbaycan güləşi hər zaman ön sıralarda yer alıb. Güləşimizin bugünkü inkişafı barədə nə deyə bilərsiniz?
- Təbii ki, tarix boyu güləşçilərimiz olub. Statistikaya nəzər salsaq, 2007-ci ilə qədər idmançılarımız müəyyən turnirlərdə iştirak edərək medallar qazanıblar. 2007-ci ildən 2014-cü ilə kimi qazanılan medallar isə statistikaya görə, Azərbaycanın güləş tarixində qazanılan medalların sayını birə-beş artırıb. Bu günə qədər əldə edilən uğurların nəticəsində həm federasiyamızın prezidenti Fazil Məmmədov, həmçinin, birinci vitse-prezident Namiq Əliyev tərəfindən göstərilən diqqət və qayğı idmançılarımıza təsir göstərib. Əlbəttə ki, bizim qazandığımız uğurların və əldə etdiyimiz nəticələrin ən başlıca səbəbkarı Milli Olimpiya Komitəsinin prezidenti, ölkə başçımız İlham Əliyev və onun idmana, xüsusilə güləşə göstərdiyi qayğıdır. Günü-gündən artan, yüksək templə inkişaf edən nəticələrimiz, inşallah, bundan sonra da öz bəhrəsini verəcək.
- Beynəlxalq arenada Azərbaycan güləşi hansı mövqedə dayanıb və nüfuzunu necə səciyyələndirə bilərsiniz?
- Beynəlxalq arenada Azərbaycan güləşi hər zaman ilk üçlükdə yer alıb. İstər Avropa, istərsə də Dünya çempionatlarında Azərbaycanın bütün növ güləş komandaları daim öz sözünü deyib. Qazanılan nailiyyətlər, eləcə də federasiyamızın artan nüfuzu idmansevənlərin də diqqətindən yayınmır. Dünya Güləş Federasiyası ilə Azərbaycan Güləş Federasiyası arasında sıx, qarşılıqlı əməkdaşlıq mövcuddur. Federasiyamızın birinci vitse-prezidenti Namiq Əliyevin FİLA İcraiyyə Komitəsinin üzvü olması bu əməkdaşlığın davamlı və daim yüksək səviyyədə olmasına sübutdur. Bu gün dünya ölkələri Azərbaycan komandaları ilə birgə təlim-məşq toplantıları keçirmək istəyirlər. Bununla bağlı bizə müraciətlər olunur ki, idmançılarımızla təlim-məşq prosesləri keçirsinlər. Bu da öz növbəsində Azərbaycan güləşinin hansı nüfuza malik olmasının bir göstəricisidir.
- Güləşin Olimpiya idman növlərinin sırasından çıxarılması məsələsi birdəfəlik həll olundumu?
- Güləş, 2016-2020-2024-cü il Olimpiya Oyunlarına 100 faiz daxil edilib. Bu barədə heç bir problem yoxdur. Çünki Olimpiya Oyunlarında daima güləş olub. Olimpiya oyunları yarandığı tarixdən birinci idman növü olub. Bundan sonra da öz mövqeyini qoruyub saxlayacaq. İstər dünya ictimaiyyəti, istərsə də idmansevərlər Beynəlxalq Olimpiya Komitəsindən güləşin Olimpiya Oyunlarının proqramında saxlanılmasını tələb edib. Bütün dünyada geniş kampaniyalar həyata keçirildi. Güləş ölkəsi olaraq biz də bu kampaniyalara dəstək verdik, həm ölkəmizdə, həm də beynəlxalq səviyyəli aksiyalar həyata keçirdik. Çox sevindirici məqamdır ki, keçirilən aksiyalar, kampaniyalar öz bəhrəsini verdi və güləş idman növü Olimpiya Oyunlarının proqramında saxlanıldı.
- Azərbaycanda yeni nəsil güləşçilərin yetişməsi üçün hansı şəraitlər yaradılır?
- Azərbaycan Güləş Federasiyası yeni nəsil güləşçilərin yetişməsinə xüsusi diqqət ayırır. Federasiya prezidenti Fazil Məmmədov tərəfindən "Yeniyetmə və gənc güləşçilərin inkişaf Proqramı" nı təsdiq edilib. Proqrama uyğun olaraq mütəmadi qaydada kiçik yaşlı yeniyetmələrin yarışlarını keçirdirik. Daha sonra yığma komandanın baş məşqçiləri vasitəsilə regionlarımızda perspektivli, xüsusi istedadı olan idmançılar seçilərək Bakı şəhərinə ezam olunur. Yığma komandanın tərkibində təlim-məşq toplantısına cəlb edilir, hansı idmançı özünü yaxşı göstərirsə, o, artıq yığma komandanın heyətinə cəlb olunur. Bununla da ölkəmizi beynəlxalq yarışlarda təmsil edir.
Bildiyiniz kimi, federasiyamızın regionlar üzrə fəaliyyət göstərən 7 nümayəndəliyi var. Nümayəndəliklər öz-özlüyündə bir neçə şəhər və rayonlarımızı birləşdirirlər. Həmin şəhər və rayonlarımızda güləşin inkişafını, idman zallarının açılmasını yüksək səviyyədə təşkil edirlər. Bu da öz növbəsində regionlarda yeniyetmə idmançılar arasında seçim etməkdə və gələcək olimpiya çempionlarının yetişdirilməsində müstəsna əhəmiyyət kəsb edir. Bütün bu işlər isə federasiya rəhbəri tərəfindən daim nəzarətdə saxlanılır.
- Olimpiya Oyunlarında yarışları idarə edəcək hakimlərimizin sayı artacaqmı? Bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?
- Əlbəttə, niyə də olmasın. Qeyd edim ki, bizim artıq hakimlər kollegiyasının 30 beynəlxalq dərəcəli hakimi var. Xüsusilə vurğulayım ki, Azərbaycan müstəqillik qazandıqdan sonra 2007-ci ilə qədər beynəlxalq dərəcəli hakimlərimizin sayı cəmi 11 nəfər idi. Lakin bu gün artıq bu say 30-a çatıb. Bizim yüksək kateqoriyalı hakimlərimiz var. Bu hakimlərin hazırlanması və daim öz üzərlərində çalışması üçün Federasiyanın Hakimlər Kollegiyası fəaliyyət göstərir. İnanıram ki, Avropa Oyunlarında güləş yarışlarını idarə edəcək hakimlərimizin sayı da artacaq.
Onu da qeyd edim ki, bu ilin avqust ayında Çinin Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin II Yay Olimpiya Oyunlarına bir gənc hakimimiz lisenziya qazanıb. Ədaləti qoruyanlar arasında ölkəmizi təmsil edəcək. Mötəbər beynəlxalq yarışlarda ölkəmizi təmsil edən hakimlərin kəmiyyət və keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması məqsədilə federasiya rəhbərliyi tərəfindən Hakimlər Kollegiyasında xüsusi tapşırıqlar verilib. Fikrimcə, 2016-cı ildə Braziliyada keçiriləcək Olimpiya Oyunlarında da hakimlərimiz ölkəmizi layiqincə təmsil edəcəklər.
- Güləş üzrə beynəlxalq müsabiqələrin keçirilməsi gözlənilirmi?
- 25-27 iyul 2014-cü il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə "Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Bu yarışda 40 ölkənin iştirakı gözlənilir və artıq 34 ölkə öz təsdiqini verib. Bu yarış FİLA-nın təqvim planında Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlardan biridir. Artıq ölkəmizdə VII dəfə keçirilən və ənənə halını alan bu yarışımız 2016-cı ilə qədər FİLA tərəfindən müqavilə vasitəsilə ölkəmizə həvalə edilib. Deyərdim ki, bu yarışma Olimpiya Oyunları səviyyəsində yüksək dərəcədə təşkil olunur.
Fürsətdən istifadə edib, bütün güləş həvəskarlarını 25-27 iyul tarixində "Sərhədçi" İdman Olimpiya Mərkəzinə dəvət edirəm. Gəlib, idmançılarımıza dəstək olsunlar. Açılış mərasimi 25 iyul saat 17:00-da keçiriləcək. İnanıram ki, çox maraqlı görüşlərimiz olacaq.
- Azərbaycan güləşini gələcəkdə necə görürsünüz?
- Azərbaycan güləşinin gələcəyini çox parlaq görürəm. Çünki bu sahədə federasiyamız tərəfindən fundamental işlər görülüb. Bu işlərin nəticəsində çox güclü ehtiyat qüvvəmiz var. Bu ehtiyat qüvvələr yaxın 5-10 il ərzində parlaq nəticələr bəxş edəcəklər. Əlbəttə ki, idmançıların üzərinə də böyük yük düşür. Hər bir idmançı nə qədər məsuliyyətli, nə qədər nizam-intizamlı, nə qədər əzmkar olsa, nəticəsi də bir o qədər yüksək olacaq. İnanıram ki, bizim gördüyümüz işlər, hələ uzun müddət öz uğurlu nəticəsini göstərəcək.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İsmayıl Kazımov: “Dildə məcburiliyə köklənən qaydalar mütləq gözlənilməlidir”
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info