İstehlak mallarında saxtalaşdırma ictimaiyyəti narahat edən problemə çevrilib
Tarix: 16.07.2014 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


İstehlakçı kimi hər birimizin hüquqlarının müxtəlif formalarda pozulması ehtimalı hələ də mövcuddur. Geyim əşyaları, ərzaq məhsulları aldığımız zaman aldanmaqdan heç birimiz sığortalanmamışıq. Narahatlıq doğuran məqamlardan biri istehlak bazarına daxil olan məhsulların bir qismində keyfiyyət baxımından problemlərin mövcud olmasıdır. Belə ki, bəzi sahibkarlıq subyektləri tərəfindən bazara saxtalaşdırılmış və keyfiyyətsiz mallar çıxarılır və bununla da istehlakçıların hüquqları pozulur. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən aldığımız məlumatda bildirilir ki, əksər hallarda istehlakçı düşdüyü vəziyyətin fərqinə yalnız aldığı məhsulu evə gətirdikdən sonra varır. Malların saxtalaşdırılması bu gün dünya üçün yenilik olmasa da, saxtalaşdırma variantları və üsulları getdikcə “müasirləşir”: “Mövcud qanunvericiliyə görə hər bir istehlakçı malları və xidmətləri seçərkən sərbəstdir və ticarət obyekti alıcıya lazımi keyfiyyətdə və təhlükəsizliyi təmin olunmuş mallar və xidmətlər təklif etməyə borcludur. Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarında da əhalinin təhlükəsiz mallarla təmin edilməsi xüsusi vurğulanaraq hökumətin əsas hədəflərindən birinə çevrilmişdir”.
Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı alıcılara təklif edilən bir sıra ərzaq məhsulunun standartlara uyğun gəlmədiyi, həmçinin onların qida tərkibinin insan sağlamlığı üçün təhlükəli olduğu müəyyənləşib. Bəzi ərzaq məhsullarının isə adi əmtəə görünüşü olmadan realizə olunması hallarına rast gəlinir. Daha acınacaqlı mənzərə isə qeyri-ərzaq malları bazarında hökm sürür. Bu sahədə qanun pozuntuları əsasən tanınmış əmtəə nişanlarının təqlidi və saxta malların buraxılması, istehlakçıların çaşdırılması formasında baş verir. Bu kimi hallardan sığortalanmaq üçün istehlakçılara saxtalaşdırmanın növləri haqda məlumat vermək fikrimizcə yerinə düşər.
Saxtalaşdırma alqı-satqı zamanı istehlakçıları aldatmaq məqsədilə istifadə edilən hərəkətdir. Saxtakarlıq əsasən mal və məhsulların müxtəlif ucuz əvəzləyicilərin əlavə edilməsi, növünün dəyişdirilməsi, ölçüdə və çəkidə aldatma, əmtəə nişanlarının və malların xarici tərtibatının təqlidi, istehlakçıların çaşdırılması formasında həyata keçirilir.
Məhsullara əlavələr edilməsi o vaxt saxtakarlıq hesab olunur ki, həmin əlavələr məhsulun hazırlanma reseptində nəzərdə tutulmayıb və ya həmin əlavənin istifadəsi qadağan olunur. Saxta malları bəzən əvəzləyicilərlə və ya qüsurlu mallarla dəyişik salırlar. Lakin əvəzləyici mallar və subməhsullar lazımi qaydada markalanarsa onlar saxta mal kimi qəbul olunmurlar. Belə halda malın adı və tərkibi göstərilir və istehlakçı aldığı mal haqqında düzgün məlumat almaq imkanına malik olur.
İstər ərzaq, istərsə də qeyri-ərzaq mallarının əsasən bir və ya bir neçə xüsusiyyəti saxtalaşdırılmaya məruz qalır. Bununla əlaqədar saxtalaşdırmanı aşağıdakı növlərə bölmək olar: Çeşid saxtakarlığı, keyfiyyət saxtakarlığı, kəmiyyət saxtakarlığı, qiymət saxtakarlığı, məlumat saxtakarlığı, texnologiya saxtakarlığı.
Göstərilən hər bir saxtakarlıq növünün də özünəməxsus xarakterik saxtalaşdırma üsulları var.
Çeşid saxtakarlığı - bir və ya bir neçə əsas əlaməti saxlamaqla malı tam və ya qismən başqa növə və ya ada malik başqa əvəzləyici ilə saxtalaşdırmaqdır. Çeşid saxtakarlığında vasitə kimi qida və qeyri-qida əvəzedicilərdən (oxşarlar, imitatorlar) istifadə olunur.
Buna misal olaraq spirtli içkilərin, pivə, kvas və.s şəffaf maye qida məhsullarının saxtalaşdırılmasını göstərmək olar. Bu məhsulların saxtalaşdırılmasında ən cox yayılmış əvəzedici kimi sudan istifadə olunur. Bundan başqa tərkibinə sintetik yeyinti boyaları, turşular və ətirvericilər əlavə edilərək müxtəlif saxta şirələr və içkilər də istehsal olunur. Kərə yağını marqarinlə və digər ucuz yağlarla əvəz edilməsi də ən çox yayılmış saxtakarlıq üsullarındandır. Tikinti materiallarının buraxılması və satışında da bu növ saxtakarlıqlardan geniş istifadə edilir.
İstehlakçı olaraq hər biriniz bu kimi hallardan sığortalanmaq üçün mal alarkən onların keyfiyyətini təsdiq edən sənədlələrə, markalanmanın düzgünlüyünə, saxlanma rejimlərinə, diqqət edin. Eyni zamanda bilin ki, ticarət obyekti müştəriyə onu maraqlandıran malın qiyməti, istehsal tarixi, saxlanma müddəti, çəkisi, istehlak xüsusiyyəti (ərzaq məhsulları barədə həmçinin onun tərkibi, kaloriliyi, sağlamlıq üçün zərərli olan maddələrin mövcudluğu haqqında) alınma şərtləri, maldan istifadə üsulları və qaydaları, onların müddətləri, saxlanma şərtləri və təhlükəsiz istifadə edilməsi haqqında dürüst məlumatlar verməlidir.
Keyfiyyət saxtakarlığı - alıcılıq xüsusiyyətlərini itirmiş ərzaq mallarına bəzi yeyinti və qeyri-yeyinti əvəzedicilərini əlavə etməklə, onların orqanoleptik xüsusiyyətlərini yaxşılaşdırmaq məqsədi ilə həyata keçirilir. Bu növ saxtalaşdırmada vasitə kimi, eyni çeşidə malik olan aşağı növlü məhsullardan istifadə olunur. Məhsulun növünün dəyişdirilməsi də keyfiyyət saxtakarlığına aid edilir. Məsələn birinci növ malın əla növ adı ilə satılması ciddi keyfiyyət saxtakarlığı hesab olunur.
Kəmiyyət saxtakarlığı - məhsulların kütlə, həcm, uzunluq və s. parametrləri müvafiq normalardan gözəçarpan dərəcədə kənarlaşdıqda baş verir. Praktikada bu növ saxtakarlıq “ölçüdə və çəkidə aldatma” adlanır. Bu saxtakarlığın həyata keçirilməsində əsas vasitə kimi dəqiq olmayan saxta ölçü cihazlardan, düzgün olmayan ölçü üsullarından, malın qabının kütləsini nəzərə almadan tara ilə satılmasından, malın kütləsini ölçən zaman onun altına başqa yüklərin yerləşdirilməsindən və s. istifadə olunur. Bu növ saxtakarlıqdan qaçmaq üçün diqqətli olmağımız yetər.
Alış-veriş edərkən ilk növbədə hər bir istehlakçı ticarət obyektinə daxil olarkən ticarət zalının ümumi mənzərəsinə, obyektin sanitar vəziyyətinə, səliqə-səhmanına, malların vitrinlərdə düzülüşünə diqqət yetirməlidir. Mövcud qanunvericilikdə istehlakçının aldığı malın çəkisi, ölçüsü, miqdarı haqqında tam və düzgün məlumat almaq hüququ təsbit edilmişdir. İstehlakçının bu sahədəki hüquqlarını təmin etmək məqsədilə satıcı (icraçı) müştəriyə aldığı malın çəkisinin və ölçüsünün düzgün olduğunu müəyyən etmək üçün ticarət və ya xidmət zalında görünən yerdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində metroloji yoxlamadan keçirilmiş nəzarət tərəziləri və başqa ölçü avadanlıqları yerləşdirilməlidir.
Qiymət saxtakarlığı - aşağı keyfiyyətli malları yüksək keyfiyyətli mal qiymətinə və yaxud kiçik ölçülü malları iri ölçülü mal qiymətinə satmaq yolu ilə həyata keçirilir. Qiymət saxtakarlığı ən çox istifadə olunan saxtakarlıq növlərindən biridir. Belə ki, qiymət saxtakarlığı başqa növ saxtakarlıqlarla bir araya gətirilərək həyata keçirilir. Məsələn aşağı keyfiyyətli malın daha yüksək növ qiymətinə satılması həm keyfiyyət, həm də qiymət saxtakarlığına yol verilməsini şərtləndirir. Bu cür hallarla rastlaşarkən mövcud qanunvericilik çərçivəsində istehlakçı hüquqlarınızın müdafiəsində əzmkar olun.
Məlumat saxtakarlığı - mal haqqında təhrif olunmuş və ya qeyri-dəqiq məlumatlarla istehlakçıların aldadılmasıdır. Markalanma və reklam məlumat saxtakarlığının əsas vasitələridir. Bu növ saxtakarlıqla üzləşdikdə itkilərin ödənilməsini tələb etmək hüququnuz var və ticarət obyekti onu ödəməyə borcludur.
Keyfiyyətli və məqsədinizə uyğun mal almaq üçün malın etiketinə diqqət yetirin. Malın etiketində istehlakçını maraqlandıran aşağıdakı məlumatlar - malın adı, istehsalçının adı və ünvanı, istehsal olunduğu ölkə, tərkibi, istehsal tarixi, saxlanma müddəti, saxlanma şərtləri və şəraiti, xalis çəkisi, qida dəyərliliyi, qiyməti, inqrediyentlərin adları, malın istifadə qaydaları, məhsulun hazırlanmasında istinad olunan normativ-texniki sənəd, standart və sertifikatlaşma haqqında məlumatlar və s. əksini tapmalıdır.
Texnoloji saxtakarlıq - istehsalatın texnoloji proses dövrlərində malların saxtalaşdırılmasıdır. Məsələn, spirtli içkilərin hazırlanmasında texniki spirtdən istifadə edilməsi nəticəsində istehlakçıların sağlamlığı ciddi təhlükə altına alınır və bu ciddi qanun pozuntusu hesab edilir. İstehklakçıların sağlamlığına və təhlükəsizliyinə mənfi təsir göstərən, zəhərlənmə və ya yoluxma hallarına səbəb olan bütün bu kimi hallar texnoloji saxtakarlıq hesab olunur. Ona görə də istehlakçılar malların dəyər xüsusiyyətlərinə, qidalılığına, təhlükəsizlik göstəricilərinə, markalanmasına, tərkibinə və s. ciddi fikir verməlidir.
İstehlak bazarını qeyd olunan nöqsanlardan qurtarmaq, hüquqlarınızı qorumaq üçün hər bir istehlakçı ticarət obyektinə daxil olarkən ticarət zalının ümumi mənzərəsinə, obyektin sanitar vəziyyətinə, səliqə-səhmanına, malların saxlanma şəraiti və rejiminə, vitrinlərdə düzülüşünə, vizual görünüşünə diqqət yetirməlidir. Nəzərə alın ki, inzibati üsullarla bütün satış obyektlərinə nəzarət etmək kifayyət qədər mürəkkəb bir məsələdir. Bu səbəbdən də alış-veriş edərkən diqqətli olun və şübhələndiyiniz malları almayın. Ticatət obyektlərində satıcılar tərəfindən aldanıldıqda isə dərhal İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verməyiniz xahiş olunur.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info