“Xaricdə təhsil alan gənclərin çoxluğu nə qədər təcrübəli kadrlara sahib olacağımızdan xəbər verir”
Tarix: 17.07.2014 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Ruslan Əliyev: “60-dan çox azərbaycanlının təhsil aldığı Qazaxıstan universitetində təhsil alacağam”

Uzun müddətdir ki, Azərbaycandan kənarda ali təhsilini davam etdirən gənclərimizin fəaliyyətini işıqlandırır, onların uğur və nailiyyətlərini cəmiyyətə çatdırmağa çalışırıq. Bütün bunlar isə təbii ki, bir çox gənc oxucularımız tərəfindən də diqqətlə izlənilir. Elə bu səbəbdəndir ki, dəfələrlə xaricdə təhsil alan gənclərimizin başqa bir ölkədə ali təhsil almağın perspektivləri barədə qeydləri bu uğura nail olmayan gənclər tərəfindən böyük marağa səbəb olub. Belə gənclərdən biri də xaricdə təhsil almağa qərar verən və önümüzdəki tədris ilində Qazaxıstanda ali təhsil alacaq gənc yazar Ruslan Əliyevdir. Ruslan Əliyevin xaricdə təhsil və ümumilikdə gəncliyə dair fikirlərini oxuculara təqdim edirik.
-Özünüz barədə məlumat verərdiniz.
-Mən Ruslan Dost Əli (Əliyev) 1993-cü ildə Bərdə rayonunun Xanərəb kəndində doğulmuşam. 2010-cu ildə Xanərəb kənd tam orta məktəbini bitirmişəm. Hazırda ali təhsilimi xaricdə davam etdirməyi düşünürəm. Kiçik yaşlarımdan ədəbiyyata, poeziyaya marağım olsa da, on səkkiz yaşımdan şeirlər yazmağa başlamışam. Elə o vaxtdan bəri müxtəlif qəzetlərdə, internet portallarında, ədəbiyyat yönümlü jurnallarda yazılarım dərc olunmağa başlayıb. 2011-ci ildə Heydər Əliyev adına “Zirvədən-Zirvəyə” fəxri diplomuna layiq görülmüşəm. Hazırda Gənc Ədiblər məktəbinin və Dünya Gənc Türk Yazarlar Birliyinin(DGTYB) üzvüyəm.
-Demək olarmı ki, xaricdə təhsil üçün gənclərimizə münbit şəraitin yaradılması sizi başqa bir ölkədə ali təhsil almağa meyilləndirib?
-Tam haqlısınız. Hazırda ölkədə xaricdə təhsil almaq istəyən gənclərimiz üçün münbit şərait yaradılıb. Ümumiyyətlə, təbii ki, ali təhsil almaq, tələbə olmaq, bəlli bir savada yiyələnmək, vətəninə, millətinə layiqli övlad olmaq və xidmət etmək hər bir gəncin arzusudur. Nədənsə orta məktəbi bitirdiyim vaxt, bəzi səbəblər üzündən ali təhsil almağı düşünmədim. Sonradan bu məsələdə peşman olduğumun fərqinə vardım. Bir neçə ay bundan əvvəl perspektivli universitetlərdən biri barədə məlumatlı oldum. Bu, 1991-ci ildə Qazaxıstanın Türkistan şəhərində bu ölkənin böyük elm adamı Ahmet Yesevi adına Ahmet Yesevi Uluslararası Kazak-Türk Universitetidir. Hazırda həmin universitetdə 60-dan çox azərbaycanlı tələbə təhsil alır. Beləcə məndə də, DGTYB-nin xətti ilə həmin universitetdə təhsil almaq istəyi yarandı. Belə bir çoxsaylı azərbaycanlının təhsil aldığı universitetdə ali təhsil alacam. Bir neçə gün öncə hazırda Azərbaycanda olan, həmin universitetin iki nümayəndəsi ilə də görüşüm oldu. Onlara bu universitetdə təhsil almaq istədiyimi söyləyib, lazımi sənədləri təqdim etdim. Artıq yeni dərs ilindən Qazaxıstanda təhsil almağım üçün qarşımda heç bir maneə yoxdur.
-Sizə xaricdə təhsil nə qazandıracaq?
-Xaricdə təhsil almağımın bir səbəbi də orada bir neçə dil öyrənmək, bununla yanaşı oxuduğum universitetin universitetdə verilən elmlərin sirlərinə yiyələnmək, həmin ölkənin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq, eyni zamanda ədəbiyyatını oxumaq, yazıçılarını, şairlərini tanımaq və Azərbaycan ədəbiyyatını orada daha da tanıtmaq, xüsusən gənc yazarlarımızı təbliğ etmək, bu yöndə müştərək işlər görmək, inkişaf etməkdir. Bütün bunlara nə qədər nail ola biləcəyimi 2014-2020 il aralığındakı zaman göstərəcək. Zənnimcə, bütün bu istiqamətlərdə xaricdə təhsil mənə çox şey qazandıracaq. Bütün bunlar təkcə bizlərə deyil, vətənimizə də çox şeylər qazandırır.
Bəli, son illər azərbaycanlı gənclərin xarici universitetlərdə tələbə olmaq, təhsil almaq istəyi ötən illərlə müqayisədə nəzərəçarpacaq qədər artıb. Düşünürəm ki, bu, bilavasitə ölkəmizin xeyrinədir və təqdirəlayiqdir. Belə gənclərin əksəriyyətinin hazırda xaricdə dövlətin dəstəyi ilə təhsil aldığını qeyd etsək, xaricdə təhsilin nə qədər əhəmiyyətli olduğunun fərqinə varmış olarıq. Xaricdə təhsil alan gənclərin çoxluğu gələcəkdə Azərbaycanın nə qədər perspektivli, təcrübəli kadrlara sahib olacağından xəbər verir.
-İctimai işlərdə necə, fəallıq göstərirsinizmi?
-Əlbəttə. Hər zaman çalışmışam ki, müxtəlif tədbirlərdə, görüşlərdə fəal iştirak edim. Üzv olduğum DGTYB-nin bütün tədbirlərində, eyni zamanda başqa siyasi-iqtisadi, sosial, ədəbi-bədii yönümlü tədbirlərdə bacardığım qədər iştirak edirəm. Elə bu yaxınlarda “Rəvan” Gənclərə Dəstək Təşkilatının önəmli bir layihəsi olan, müharibə dövründə fədakarlıqlar göstərmiş qəhrəman qadınlarımızın tanıtımına, təbliğinə həsr olunmuş tədbirində iştirak etdim. Onu da qeyd edim ki, rayonlarda, ucqar kəndlərdə yaşayan, istedadlı, yaradıcı gənc yazarlardan ibarət bir neçə toplu, almanax kitabların ərsəyə gəlməsində təşkilatçılığı öz üzərimə götürmüşəm. Qazaxıstana gedəcəyim vaxta qədər belə 1-2 toplunun da işıq üzü görməsi üçün artıq yığım işlərinə başlamışam.
-Gəncliyimizin hazırkı durumu sizi qane edirmi?
-Azərbaycan gəncliyi sürətlə inkişaf etməkdədir. Dövlət tərəfindən gənclərə qayğının, diqqətin hər il daha da artması bir gənc olaraq məni də sevindirir. Gənclər arasında müxtəlif sahələrdə müsabiqələrin təşkil olunması, gənclərin bir çox sahələrdə müxtəlif diplomlarla təltif olunması, 20-21 yaşlı yazarların AYB-yə üzv olması, Prezident təqaüdlərinin verilməsi, gənclərin kitabların dərci, kitab müəlliflərinin oxucularla görüşünün keçirilməsi və s. bunlar hamısı gəncliyin inkişafı, uğuru deyilmi? Ötən il dekabr ayının 11-də Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə DGTYB-nin təşkil etdiyi “ Bölgələrarası Gənc Yazarların Bakı Görüşü ” adlı müsabiqə adından da göründüyü kimi, sırf gənclər üçün düzənlənmişdi. Hətta birinci yerin qalibinə xüsusi pul mükafatı da verildi. Bütün bunlar Azərbaycan gəncliyinin hazırkı durumunun bariz nümunəsidir. Yəni nə qədər gənclərə dövlət böyük qayğı göstərirsə, gəncliyimizin durumu da o qədər yüksək səviyyədə olur. Azərbaycan nadir ölkələrdəndir ki, burada gənclərə xüsusi dövlət qayğısı var və bütün bu diqqət və qayğı təbii ki, biz gəncləri də yaradıcılıq və digər işlərdə ruhlandırır. Artıq 90-cı illərdə olduğu kimi, gənclərimiz küçələrdə, kafe və çayxanalarda kütləvi şəkildə vaxt keçirib gələcəyini məhv etmir. Əksinə, bugünkü gənclik vaxtını səmərəli keçirmək üçün idmana, təhsilə və yaradıcılıq işlərinə böyük diqqət ayırır və heç şübhəsiz ki, ölkədə yaradılan şərait buna zəmin yaradıb.
- Bəs, aktiv gənc kimi həmyaşıdlarınıza hansı məsləhətləri verərdiniz?
- Əlbəttə ki, səmərəli işlərlə məşğul olmağı. Elə sosial şəbəkələrdən də səmərəli şəkildə, az vaxt itirərək daha çox oxumaq, maksimum məlumatlanmaq lazımdır. Bunlara məsləhət deməzdim, amma Vətənə layiqli oğul olmalarını, hər zaman damarlarından türk qanı axdığına görə qürur duymalarını, Babəkin, Koroğlunun, Nəbinin kökündən gəldiklərini unutmamalarını, bir olmalarını, ürəklərinin Qarabağ intiqamı ilə döyünməsini, bayrağımızı daim zirvələrdə dalğalandırmağını, bu şərəfə nail olmalarını özüm də daxil olmaqla bütün Azərbaycan gənclərinə arzulayıram. Hər birimizə uğur olsun!
-Qarşıdakı illərdə hansı planlarınız var?
- Hələ gəncəm. Potensialımdan maksimum istifadə edib enerjimi səmərəli işlərə sərf etməyi düşünürəm. Beş il boyunca Qazaxıstanda təhsil alıb, yenidən vətənə dönməyi, xalqıma xidmət etmək, ölkəmin inkişafında bəlli bir rol oynamaq, öz işimi qurmaq, yararlı bir vətəndaş olmağı düşünürəm. Sizə və redaksiya rəhbərliyinə də xüsusi təşəkkürümü çatdırıram ki, ölkədə gənclərə xüsusi yer ayıran media orqanlarından biri olmağa qərar vermisiniz. Bu işdə sizlərə uğurlar və düşünürəm ki, belə diqqətiniz gənclər tərəfindən də cavabsız qalmamalı və onların uğurları sıralanmalıdır ki, sizlər də daha böyük diqqətlə bu uğurları işıqlandırasınız.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info