İyulun 20-də II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçiriləcək
Tarix: 19.07.2014 | Saat: 02:07:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 20-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə keçirdiyi mətbuat konfrasında bildirib ki, imtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 54 binada keçiriləcək: “İmtahanların idarə olunmasına 238 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2589 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanın gedişini işıqlandırmaq üçün 50-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib”.
E. Nağızadə qeyd etdi ki, imtahanda 31326 abituriyentin iştirakı nəzərdə tutulur: “Onlardan 15562 abituriyent II qrup üzrə, 15764 abituriyent III qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 28178 nəfəri Azərbaycan bölməsinin, 3148 nəfəri isə rus bölməsinin məzunudur”. Abituriyentlərin 13824 nəfəri oğlanlar, 17502 nəfəri isə qızlardır. 24 nəfər ali təhsil müəssisələrinin, 1620 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunlarıdır. 158 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1990-cı ildən, ən gənci isə 1997-ci ildəndir. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 12-dən etibarən TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və “ Facebook” səhifəsində yerləşdiriləcək. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər. Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaqdır. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

I və IV qrup üzrə yüksək bal toplayanların sayı ötən illə müqayisədə artıb
E.Nağızadə bildirdi ki, bu il ali və orta ixtisas məktəblərinə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 1525 nəfər, IV ixtisas qrupunda 403 nəfər 600-dən çox bal toplayıb. O qeyd etdi ki, bu il I qrup üzrə 1525 nəfər, IV qrup üzrə 930 nəfər abituriyent 500-dən çox bal toplayıb: “Bu il hər iki qrup üzrə yüksək bal toplayanların sayı ötən illə müqayisədə artıb. Ötən il I qrup üzrə 1179 nəfər 500-dən çox, 367 nəfər 600-dən çox , IV qrup üzrə 973 nəfər 500-dən çox, 403 nəfər 600-dən çox nəticə göstərib”. E. Nağızadə bildirdi ki, bu il ali məktəblərin I və IV ixtisas qrupu üzrə müsabiqə vəziyyətinin çətin olmayacağı gözlənilir: “Bu il I ixtisas qrupu üzrə qəbul planı ötən ilə nisbətən təxminən 3,93 faiz artıb. Bu il I qrup üzrə ali məktəblərə 12 052 plan yeri ayrılıb, müsabiqədə isə 12 319 nəfər iştirak edir. Bu, o deməkdir ki, 1 plan yeri uğrunda 1 nəfər mübarizə aparacaq. IV qrup üzrə isə qəbul planında cüzi - cəmi 32 plan yeri artıb və 4482 yer ayrılıb”.

Ali məktəblərə rus və Azərbaycan dili üzrə müsabiqə birgə aparılmayacaq
E.Nağızadə onu da qeyd etdi ki, builki dəyişikliyə əsasən əksər ali məktəblərin plan yerlərinə rus və Azərbaycan dili üzrə müsabiqə birgə aparılmayacaq. O bildirdi ki, bəzən abituriyentlər müsabiqə balları ilə keçid ballarını səhv salırlar: “Onlar elə düşünürlər ki, müsabiqə balını keçdimsə, deməli ali məktəbə qəbul ola bilərəm. Təbii ki, bu, səhv fikirdir”. E. Nağızadənin sözlərinə görə, bəzi hallarda abituriyentlər yazdıqları ali təhsil müəssisəsini sonradan istəmirlər və orada təhsil almaq fikrindən daşınırlar: “Təbii ki, onların qəbul olduqları müəssisələrdə təhsil almaq istəyənlər var. Buna görə də, abituriyentlər ixtisas seçərkən diqqətli olmalıdırlar”.

Ali hərbi məktəblərə kursant
qəbulu başlayır


Bildirildi ki, 2014/2015-ci tədris ili üçün Azərbaycan ali hərbi məktəblərinə kursant qəbulu üçün müsabiqə elan edilib. Müsabiqədə 2014-cü ildə mülki ali məktəblərin I və II ixtisas qrupları üzrə qəbul imtahanlarında 150 və daha yüksək bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Ali hərbi məktəblərinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana ilə təmin olunur, ayda 100 AZN məbləğində təqaüd alırlar. Təhsil müddətində fərqlənən kursantlar aylıq məvacibdən əlavə fərdi təqaüdlə də təmin olunurlar. Hərbi məktəbləri bitirən məzunlara hərbi ixtisaslarla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir. Müsabiqədə iştirak etmək istəyənlər iyulun 21-dən 30-dək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə müraciət edə bilərlər.

Abituriyentlərin Gülhanə Hərbi Tibb Akademiyasına daxil olması üçün müraciətlərin qəbuluna başlanılıb
Azərbaycanlı abituriyentlərin Gülhanə Hərbi Tibb Akademiyasının Ali tibb fakültəsinə tələbə qəbulu üçün keçirilən müsabiqədə iştirak üçün müraciətlərinin qəbuluna başlanılıb. TQDK-nın məlumatına görə, Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, Azərbaycan Müdafiə Nazirliyinin xətti ilə 2014/2015- ci tədris ili üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali tibb fakültəsinə tələbə qəbulu elan edilib. Müsabiqədə 2014-cü ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.
Müsabiqə əsasında 10 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Müdafiə Nazirliyinə göndəriləcək. Müdafiə Nazirliyində keçiriləcək müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstərici əldə etmiş 2 nəfər namizəd Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali tibb fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Müsabiqədə iştirak etmək istəyənlər iyulun 18-dən 25-dək TQDK-ya müraciət edə bilərlər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info