“Vətənə ehtiyac duyulan kadr kimi dönmək istəyirəm”
Tarix: 21.07.2014 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Rəhim Məmmədli: “Türkiyə nə qədər qardaş ölkə olsa da, burada da Azərbaycanı, bayrağımızı tanımayanlar var”

İlbəil sayı artan xaricdə təhsil alan gənclərimizin yaşadıqları ölkələrdəki fəaliyyəti də maraq doğurur. Onların bir çoxu təhsil almaqla kifayətlənməyərək, ictimai diaspor işlərində də aktivlik göstərirlər. Belə gənclərdən biri də Türkiyədə uğurlu ali təhsil alan və kifayət qədər aktivlik göstərən Rəhim Məmmədlidir. Bu öncül tələbəmizlə olan müsahibəni oxuculara təqdim edirik.
-Özünüz barədə məlumat verərdiniz.
-Mən - Məmmədli Rəhim 1992-ci ildə Naxçıvanın Xincab kəndində doğulmuşam. Orta təhsilimdən sonra Qafqaz Universitetinin Dünya iqtisadiyyatı bölümünə qəbul oldum. 1 il Qafqaz Universitetində oxuduqdan sonra Türkiyəyə sənədlərimi göndərdim və Antalya Akdəniz Universitetinin İqtisadi-idari bilimlər fakültəsinin maliyyə bölümünü qazandım. Hazırda 4-cü kursda oxuyuram.
- Xaricdə təhsil almağın hansı üstünlüyü və özəllikləri var?
- Xaricdə təhsilin üstünlüyü çoxdur. Amma əgər getdiyin ölkənin təhsili aşağı səviyyədədirsə, bunun heç bir üstünlüyü olmayacaq. Türkiyədə təhsilin hansı səviyyədə olduğu hər kəsə bəllidir. Burada müəllimə də böyük hörmətlə yanaşılır və eyni zamanda müəllimlər də öz işlərinin öhdəsindən uğurla gəlirlər, öz peşələrini sevirlər. Mən də 8-ci sinifdən Türkiyədə oxumağın xəyallarını qururdum. Şükürlər olsun ki, bu xəyalım gerçəkləşib.
- Türkiyə elə bir ölkədir ki, burada gənclərə böyük önəm verilir və tələbələr ictimai işlərdə çox aktiv olurlar. Siz necə, təhsil almaqla yanaşı bu cür işlərdə fəallıq göstərə bilirsinizmi?
-İctimai işlərdə də aktiv olmağa çalışıram. Akdeniz Universitetinin “Türk Dünyasından Gələn Öyrəncilər” təmsilçisiyəm. Eyni zamanda AZEDER Akdeniz bölgə təmsilçisiyəm. Tədbirlər, toplantılar çox olur. Ümumiyyətlə, tədbirləri tələbələrimizlə birlikdə özümüz təşkil edirik. Düzdür, say çoxluğuna baxmayaraq tələbələrimizin aktivliyi məni o qədər də qane etmir. Amma təbii ki, təxminən 40 faiz tələbəmiz aktivliyi ilə seçilir. Türkiyədəki durumu və bizim üçün yaradılan imkanları, şəraiti nəzərə alsaq, bu faiz 100 olmalıdır. Həmçinin bu aktivlik faizini ona görə yüksəltməliyik ki, insan 19-25 yaş arası gərək maksimum dərəcədə fəal olsun. Tələbələrimizin də hamısı bu yaşda olduğu üçün onların bir hissəsini passiv görmək istəməzdim. Amma inanıram ki, bu, belə davam etməyəcək və tələbələrimizin 100 faizi fəal olacaq.
- Bəzən deyirlər ki, Türkiyədə diasporumuzun olmasına belə ehtiyac yoxdur. Ora bizim üçün ikinci vətən sayılırsa, öz vətənində diaspora nə ehtiyac? Siz necə düşünürsünüz?
-Bəli, bu fikirlərdə həqiqət var. Mən də Türkiyədə diaspor yoxdur deyə düşünürəm. Çünki 4 ildir buradayam və elə bir şeylə qarşılaşmamışam da. Amma keçən il qurulan AZEDER həqiqətən çox böyük uğurlara imza atdı və tələbələrin istədiyi kimi fəal, tam tələbə anlayışında bir dərnək oldu. Mən də, buradakı tələbələrimiz də AZEDER-dən maksimum istifadə edərək özümüzü inkişaf etdirməliyik. Türkiyə nə qədər qardaş ölkə olsa da, burada da Azərbaycanı, bayrağımızı tanımayanlar var. Biz - burada təhsil alan gənclər diaspor olmasa belə, öz hərəkətlərimizlə, təhsil həyatımızdakı uğurlarımızla Azərbaycanımızı layiqincə təmsil etməli və bununla yanaşı, meydanlarda, konfranslarda da səsimizi duydurmalıyıq.
Məni bir aktiv azərbaycanlı gənc kimi bir məsələ də narahat edir. Türkiyədə təhsil alan azərbaycanlı tələbələrimizin ən böyük çatışmazlığı ana dillərində danışmağa üstünlük verməmələridir.
-Bəs konkret olaraq hansı istiqamətlərdə tədbirlər təşkil etdiyinizi deyə bilərsinizmi?
-Əlbəttə, sadalaya bilərəm. Ən böyük yaralarımızdan sayılan və hələ də ətraflı təbliğata ehtiyac duyulan Xocalı üçün konfranslar, yürüşlər təşkil edirik, Azərbaycan gecələri adlı tədbirlər qururuq, milli mətbəximizi, adət-ənənələrimizi, çalğı alətlərimizi, mahnılarımızı, şeirlərimizi tanıtmağa çalışırıq. Bütün bu işlərlə qürur duyuruq. Bir şeyi də unutmamaq lazımdır ki, bu tədbirlərdə aktiv olan gənclərimiz çox dəyərli insanlardılar. Xaricdə təhsil alan gənclərin hər biri bir Azərbaycan bayrağıdır. Bu bənzətmə təsadüfi deyil. Rəmzi mənası var və bayrağı ləkələməməli, yerə düşürməməliyik.
-Maliyyə sahəsinin sirlərini öyrənirsiniz. Azərbaycan iqtisadiyyatının hazırkı durumunu necə dəyərləndirərdiniz?
-Oxuduğum bölüm maliyyə bölümüdür. Amma master zamanı bölümümü siyasətə dəyişdirərək siyasət yolunda irəliləməyi planlayıram. Düzü, istər maliyyəçi, istərsə də siyasətçi olaraq hazırda Azərbaycana dönməyi düşünmürəm. Azərbaycana yalnız özümü tam inkişaf etdirdikdən sonra Vətənimə, millətimə yararlı biri olaraq dönmək istəyirəm. Məncə, axtarılan ehtiyac duyulan kadr olaraq dönmək daha yaxşı olar.
- Dörd ildir Türkiyədəsiniz. Azərbaycan gəncləri ilə Türkiyə gəncləri arasında müqayisələr aparmısınızmı?
- Türkiyə gəncləri daha çox araşdırmaçıdırlar. Yəni hər bir şəxs istənilən mövzuda səninlə mübahisə də edə bilər və əsas da siyasət mövzusunda. Bizim gənclərin də ictimai-siyasi aktivliyinin artması onları daha çox inkişaf etdirər və təbii ki, bu da yenə universitetlərdə alınan təhsildən asılıdır. Yaxşı təhsil verilərsə, gənclər özləri bu barədə düşünəcək, araşdıracaq və gələcək deyilən bu gənclər Azərbaycanı daha yüksəklərə daşıyacaq. Bu amillər isə xaricdə təhsil alan gənclərin çoxunda var. Hər biri araşdırmalar edir, istənilən mövzuda biliyi var və dünyagörüşü daha inkişaf edib. İnanıram ki, Türkiyədə təhsil alan gənclər AZEDER-in sayəsində istər təcrübələrini, istər seminarlarında özlərini daha çox inkişaf etdirəcəklər.
-Xaricdə təhsil alan gənclərin sayı ilbəil artır. Bu barədə fikirləriniz nələrdən ibarətdir?
-Xaricdə təhsil alan gənclərin sayının artması, əlbəttə, məni qürurlandırır. Çünki gənclərimiz daha çox şey görüb götürürlər və gələcəyimiz əmin əllərdədir. Xaricdə təhsil almaq istəyən gənclərə məsləhətim o olardı ki, əgər məqsədiniz, hədəfiniz böyükdürsə, yaxşı hazırlaşaraq xaricdə təhsil almağa haqq qazanın.
-Özünüzün gələcək planlarınız nələrdən ibarətdir?
-Əlbəttə çox böyük hədəflərim var. Amma ilkin olaraq universiteti bitirib magistraturaya başlamaq və daha sonra Avropada siyasətlə bağlı təcrübələr toplamaqdan sonra Azərbaycana lazımlı bir kadr kimi, siyasətçi kimi dönmək istəyirəm.
- Son olaraq bizə arzunuz və ya təklifiniz varmı?
- Əvvəlcə hamınıza, bütün kollektivinizə təşəkkürümü bildirirəm və uğurlarınızın davamını arzulayıram. Qəzetiniz isə tanınmış bir media orqanıdır və bildiyim qədərilə artıq bir neçə ildir ki, gündəlik qəzet olaraq nəşr edilir. Uğurlar arzulayıram hər birinizə. Bu cür müsahibələr və rubrikalar isə sizin mətbuat orqanının səviyyəsindən xəbər verir. Təklifim isə gənclərimizi fəallığa istiqamətləndirəcək xəbərlərin, müsahibələrin sayının artırılmasıdır.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info