“Azərbaycanda ifadə və söz azadlığı yüksək səviyyədədir”
Tarix: 22.07.2014 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


“Azərbaycanda internetin sürətli inkişafını ölkə mediasının inkişafının yeni bir mərhələsi kimi dəyərləndirirəm”
Müsahibimiz Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlidir:

- Müşfiq müəllim, 139 illik Azərbaycan mətbuatını peşəkarlıq baxımından necə səciyyələndirə bilərsiniz?
- Peşəkarlıq problemi Azərbaycan mediasının daimi aktual mövzularındandır. Uzun müddətdir ki, həm ümumilkdə Azərbaycan mediasının, həm də jurnalistlərin peşəkarlığının arzu edilən səviyyədə olmaması barədə müzakirələr aparılır, problemin aradan qaldırılması yönündə çoxsaylı təkliflər səsləndirilir. Bizim, Jurnalistlər Həmkarlar İttifaqı olaraq məsələyə bir qədər fərqli münasibətimiz olub. Biz peşəkarlıq probleminin mövcudluğu baxımından ümumi şəkildə deyilənləri qəbul etsək də, problemin yaranmasına və ya problemin aradan qaldırılmasına yönəlik təkliflərə fərqli yanaşmışıq. “Azərbaycanda peşəkar jurnalistlər yoxdur” ifadəsinin həmişə əleyhinə olmuşuq. Hər zaman iddia etmişik ki, Azərbaycanda kifayət qədər həm peşəkar, həm də vətənpərvər jurnalistlər var. Sadəcə, peşəkar jurnalistlərin peşəkar səviyyədə saxlanılması, onlara peşəkar münasibət göstərilməsi problemi var Azərbaycanda. Beynəlxalq Jurnalistlər Federasiyasının belə bir şüarı var: “layiqli jurnalistika layiqli iş mühitindən başlayır”. Azərbaycan jurnalistikasının peşəkarlıq problemindən danışanlar, nədənsə, məsələnin ikinci tərəfini, yəni peşəkar jurnalistlərə peşəkar fəaliyyət göstərə biləcəkləri şəraitin yaradılması prinsipini “yaddan çıxarırdılar”. Yüzlərlə peşəkar jurnalist medianı tərk edərək, dolanışıq üçün fərqli sahələrə transfer edirdilər. Fikrimizi isbat etmək üçün 2007-ci ildə bir siyahı hazırlamışdıq. O siyahıda 120 nəfərə qədər peşəkar jurnalistin adı qeyd edilmişdi, hansılar ki, media sahəsini tərk edib başqa istiqamətlərə üz tutmuşdular; yaxud, çalışdıqları redaksiyalarda, “söz sahibi deyildilər”. Bir yandan siyasiləşmə, fikrini azad ifadə edə bilmək problemi, digər tərəfdən aşağı əməkhaqqı və sair amillər peşəkar jurnalistlərin bu sahəni tərk etməsinə səbəb olurdu. Təbii ki, onların yerini qeyri-peşə sahibləri və ya qeyri-peşəkarlar tuturdular. Şükürlər olsun ki, bu gün durum əksinə dəyişir. Azərbaycan mediasının 139 illiyi ərəfəsində ən ciddi nailiyyətlərindən biri olaraq onu göstərə bilərik ki, bu gün Azərbaycan mediası işini peşəkar jurnalistlərlə və peşəkar formada qurmaq imkanı əldə edib. Zaman-zaman medianı tərk etmiş peşəkar jurnalistlərin geri qayıdışı, öz bacarıqlarını media sferasında sərf etmək tendensiyası yaranıb ki, bu da günümüzün böyük uğuru kimi dəyərləndirilə bilər...
- Peşəkar jurnalistlərin media sahəsini tərk etmələri və indi yenidən geri qayıtmaları prosesində, yəqin ki, ümumi bir səbəb var...
- Azərbaycan dövləti və dövlət başçısı söz və ifadə azadlığının, o cümlədən medianın inkişafı üçün aydın, düşünülmüş proqrama malikdir. Zaman-zaman medianın inkişafı üçün sistemli addımlar atılıb; 1998-ci ildə senzuranın ləğvi, 2001-ci ildə medianın fəaliyyətini tənzimləyən dövlət qurumunun ləğv edilməsi və medianın özünütənzimləmə mexanizmlərinin yaranmasına qərar verilməsi, nəhayət, cənab Prezidentin 2008-ci ildə KİV-in inkişafı üzrə Dövlət Konsepsiyasını imzalaması, 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasına sərəncam verilməsi medianın durumu ilə bağlı vəziyyəti köklü şəkildə dəyişdi. Atılan addımlar öz nəticəsini verir, KİV-in sosial-iqtisadi problemləri sürətlə aradan qalxır. Təbii ki, sosial-iqtisadi durum inkişaf edirsə, bu, medianın siyasiləşməsi amilini də aradan qaldırır və jurnalistlərin azad ifadə imkanlarını stimullaşdırmış olur. Yəni, bu gün jurnalistlərin həm sosial durumları sürətlə dəyişir, həm də ifadə azadlıqları artıb. Təbii ki, bu da medianı bu səbəblərdən tərk etmiş peşəkar jurnalistlərin geri qayıdışına şərait yaradır. Hesab edirəm ki, bu cür proseslər davam edərsə, peşəkarlıqla bağlı olan problemlər çox sürətlə öz həllini tapacaq.
Bir nüansı da qeyd etmək istəyirəm ki, Azərbaycanda KİV-redaksiyaları ilə yanaşı, eyni zamanda jurnalist təşkilatlarının da inisitutlaşması, ixtisaslaşması mərhələsi gedir. Azərbaycanda kifayət qədər güclü olan, beynəlxalq media məkanına inteqrasiya etmiş çoxsaylı jurnalist təşkilatlarımız var. KİV Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası kimi donor təşkilatlar jurnalistika sahəsində ixtisaslaşmış QHT-lərin də fəaliyyət imkanlarının artmasına yardım göstəriblər. Bu gün Azərbaycanın jurnalistika sahəsindəki QHT-ləri ən nüfuzlu beynəlxalq təşkilatlarla partnyorluq, bərabərtərəfli əməkdaşlıq etmək imkanı qazanıblar. Biz bu gün uğurla deyə bilərik ki, Azərbaycanın jurnalist təşkilatları BMT, YUNESCO, ATƏT kimi təşkilatlarda üzvlük əldə ediblər və onlarla əməkdaşlıq edirlər. Onlar dünyada jurnalistika ilə bağlı ən müasir təcrübələri öyrənərək Azərbaycana gətirə bilirlər. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı və təşkilatçılığı ilə jurnalistlərin xarici ölkələrə, xüsusən Türkiyəyə təcrübə mübadiləsi üçün göndərilmələri də medianın inkişafına, peşəkarlıq problemlərinin aradan qaldırılmasına ciddi yardım göstərib.
Qısaca desək, Azərbaycan mətbuatının 139-cu ilində jurnalistikanın peşəkar olması üçün bütün mexanizmlər qurulub - həm qanunvericilik baxımından, həm maddiyyat baxımından. Mən bu günümüzün uğurunu belə görürəm.
- Peşəkarlıqla yanaşı, jurnalistikanın inkişafı baxımından digər hansı məqamları göstərə bilərdiniz...
- Bu barədə bir çox məsələləri qeyd etmək olar. Mən xüsusi olaraq alternativ informasiya mənbələrinin gündəmə gəlməsini və strukturlaşmasını göstərmək istərdim. İnternet-media resursları cəmiyyətimizə çox sürətlə daxil olur. 10 il bundan əvvəl əsas aparıcı kütləvi informasiya vasitəsi kimi birinci televiziyanın, daha sonra qəzetlərin adını çəkirdik. Ancaq bu gün internet media cəmiyyətimizdə aparıcı rol oynayır. İnternetin inkişafında isə Azərbaycan dünyanın ən qabaqcıl sıralarında yer alıb. Artıq Azərbaycanda internet istifadəçilərinin sayı 70%-i keçib. Bu 70%-i niyə tez-tez vurğulayırıq? Bu artıq dünya standartı deməkdir. Dünyanın ən inkişaf etmiş ölkələrində belə əhalinin internet istifadəçilərinin sayı 80% yaxındır. Azərbaycanda isə 70%-i keçib, deməli 80%-ə yaxındır. Bunun özü böyük göstəricidir.
İnternetin inkişafı internet-media resurslarının da inkişafına səbəb olub. Bilirsiniz ki, Azərbaycanda internet istifadəsində heç bir məhdudiyyət yoxdur. Qanunvericilik baxımından burada tam sərbəstlik öz əksini tapıb. İnternet texnoloji baxımdan bütün əhali üçün əlçatımlıdır. İnternet bir texnologiya olaraq, məlumatın operativ çatdırılması üçün çox yaxşı bir məkandır. Bu baxımdan Azərbaycanda internetin sürətli inkişafını Azərbaycan mediasının inkişafının yeni bir mərhələsi kimi dəyərləndirirəm.
- “Söz azadlığı”nın durumunu necə qiymətləndirərdiniz?
- Bu gün Azərbaycanda söz və ifadə azadlığı üçün həm qanunvericilik bazası formalaşıb, həm də bu qanundan istifadə etmək üçün bütün maddi- texnoloji imkanlar formalaşdırılıb. Azərbaycan bu gün informasiya texnologiyaları tətbiqi sahəsində öncül ölkələrdən biridir. Jurnalistlərin fəaliyyəti sərbəstdir. Biz uğurla danışa bilərik ki, Azərbaycanda ifadə azadlığı, söz azadlığı yüksək səviyyədədir.
Azərbaycan dövləti möhkəmləndikcə, qanunlarımızın normal işlənməsi təmin olunduqca, söz azadlığını xaos kimi dəyərləndirənlər, qanunların çərçivələrinə sığmayanlar jurnalistikanı tərk etməli olurlar. Sözün həqiqi mənasında azad söz anlayışını dərk edənlər jurnalistika sahəsində oturuşurlar ki, bu da uğurlarımızdan biridir.
- Mətbuatımızın gələcək uğurlarını necə görürsünüz?
- Azərbaycan mediasının gələcəyini çox parlaq görürəm. Mən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü olmaqla yanaşı, həm də Jurnalistlərin Həmkarlar İttifaqının sədri qismində xüsusi imici ilə tanınan dörd nüfuzlu beynəlxalq jurnalist təşkilatnın üzvlüyündə təmsil olunuram. Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi, Avropa Jurnalistləri Federasiyası və Avropa Etik Jurnalistika Şəbəkəsi ilə sıx, intensiv əlaqədəyəm. Bu baxımdan, jurnalistika ilə bağlı həm ölkə içində, həm də beynəlxalq səviyyədə cərəyan edən proseslərin tam kursundayam.
Bu baxımdan deyə bilərəm ki, əgər yaranmış vəziyyətdən ağılla, məsuliyyətlə, vicdanla istifadə edə bilsək, Azərbayacan media məkanı beynəlxalq informasiya məkanının tam hüquqlu, layiqli üzvü olacaq. Azərbaycanda peşəkar jurnalistlərin yetişməsi üçün məktəblər var, KİV qurumlarının azad, sərbəst fəaliyyət göstərməsi üçün qanunvericilik bazası var, dövlətimiz başqa ölkələrdən fərqli olaraq medianın inkişafı üçün çox ciddi dəstək verir. Məlumdur ki, Azərbaycan uzun müddət sosialist sisteminə daxil olan bir ölkə olub. Bu gün keçmiş sosialist sistemli ölkələrin çoxunda, xüsusən qonşu dövlətlərdə, məsələn, Rusiyada, Belarusda, Orta Asiya dövlətlərində və s. media üzərində hələ də dövlət tənzimləyici qurumları fəaliyyət göstərir ki, bu da müasirlikdən çox uzaqdır. Başqa bir sıra ölkələrdə isə dövlət nəzarət mexanizmləri zahirən ləğv edilsə də, uğurlu özünütənzimlə mexanizmləri qurulub formalaşdırıla bilməyib. Lakin Azərbaycanda bu problemlər çoxdan öz həllini tapıb. Bütün bunlara əsaslanaraq biz deyə bilərik ki, Azərbaycanda medianın inkişafı üçün bütün lazımi mühit yaradılıb. Hesab edirik ki, Azərbaycan jurnalistləri yaranan durumdan layiqincə istifadə edib, öncüllüyü ələ almaqla dünyanın inkişaf etmiş ölkələri ilə rəqabət aparmaq imkanı qazanacaqlar.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info