Yeni sement zavodunun açılışı oldu (Yenilənib)
Tarix: 22.07.2014 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Bakının Qaradağ rayonunun ərazisində yerləşən “Norm” sement zavodunun açılışında iştirak edib. Zavod ümumilikdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və rəqabətqabiliyyətli məhsul istehsal etmək baxımından mühüm əhəmiyyətə malikdir. Müəssisədə inşaat işlərini Çinin “CNBM” korporasiyasının “CTİEC” tikinti şirkəti həyata keçirib. Zavodun tikintisi ilə yanaşı, müəssisənin yerləşdiyi ərazidə əsaslı infrastruktur yaradılıb, üçmərtəbəli inzibati bina, yeməkxana və tibb məntəqəsi tikilib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlət başçısına müəssisədə görülən işlər barədə məlumat verib.
Qeyd edilib ki, “Norm” sement zavodu nəinki Azərbaycan, ümumilikdə Cənubi Qafqazda sement istehsalı ilə məşğul olan ən böyük müəssisədir. Zavodun konsepsiyası işlənib hazırlanarkən onun uzun illər boyu məhsuldar və səmərəli istismarını təmin etmək məqsədilə müasir avadanlıq və texnologiyalardan istifadə edilib. Dünya miqyasında zəngin təcrübəyə malik mütəxəssislər və məsləhətçilərin iştirakı ilə bu sahədə ən son innovasiyalar araşdırılıb və mühəndis-layihələndirmə işləri nəticəsində zavodun iqtisadi səmərəliliyi təsdiqlənib.
Müəssisədə əsas istehsal nöqtələrində quraşdırılan kameralar vasitəsilə bütün prosesə mərkəzdən nəzarət olunur. İstehsal xətti boyu xüsusi avadanlığın tətbiqi və işıqlandırıcı cihazların örtüklə təmin edilməsi səs və işıq kimi təsirlərin qarşısının alınmasını təmin edir. Texnoloji avadanlığın soyudulması üçün istifadə edilən texniki su zavodda quraşdırılmış qurğularda təmizlənərək təkrar istifadə olunur ki, bu da suya qənaəti təmin edir. Bu müəssisənin işə düşməsi həm də yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir. Hazırda müəssisədə 350 nəfər çalışır. Daha 150 nəfər isə xammal yataqlarında və digər köməkçi sahələrdə işlə təmin olunub.
Bildirilib ki, zavodun laboratoriyaları ən yüksək standartlara cavab verir. Burada dünyanın tanınmış şirkətlərinin avadanlığı quraşdırılıb. Sement-beton laboratoriyasında yaradılan şərait xammalın və məhsulun keyfiyyətini araşdırmağa hərtərəfli imkan verir. Zavodda quraşdırılmış əsas texnoloji avadanlıq Avropanın bu sahədə ixtisaslaşmış və dünyada böyük nüfuza malik qabaqcıl şirkətlərinin istehsalıdır. Bu, yüksək keyfiyyətli məhsul əldə etməyə imkan verir.
Müəssisənin idarəetmə mərkəzində Prezident İlham Əliyevə ölkənin sement bazarındakı ümumi vəziyyət və zavod haqqında məlumat verilib.
Qeyd edilib ki, ötən il Azərbaycanda sement satışının həcmi 4,3 milyon ton təşkil edib ki, bunun da 40 faizi yerli istehsalçı olan “Holcim Azərbaycan”ın payına düşür. Tələbatın digər hissəsi isə idxal və klinkerdən istehsal edilən sement hesabına ödənilib. Proqnozlara görə, ölkədə sement istehsalı artmaqda davam edəcək və ilin sonunadək daxili tələbat tamamilə yerli istehsal hesabına ödəniləcək. İllik gücü 2 milyon ton olan “Norm” zavodunun fəaliyyətə başlaması ilə yerli sement istehsalının həcmi 5,2 milyon tona çatacaq. “Norm” sement zavodunun istehsal gücü gündə 5 min ton klinker və ildə 2 milyon ton sement təşkil edir. Müəssisənin istehsal gücünü 4 milyon tona çatdırmağa imkan var. Zavodda neft sənayesi üçün Azərbaycanda indiyədək istehsal olunmayan və xaricdən idxal edilən “API” standartlarına uyğun quyu-tamponaj sementi də istehsal ediləcək. Hazırda zavodda üç çeşiddə sement istehsalı planlaşdırılır. Yaxın gələcəkdə isə məhsulun çeşidinin artırılması nəzərdə tutulur. Əsas xammal Qaradağda əldə edilir, qatqı materialları isə Şəmkir, Goranboy, Ağstafa və Tovuz rayonlarından gətirilir. Burada istehsal zamanı “quru üsul” texnologiyasından istifadə edilir. Sement istehsalında bu müasir texnologiyanın üstünlüyü ondan ibarətdir ki, məhsulun yüksək keyfiyyəti tam təmin edilir. Bu texnologiyanın tətbiqi sayəsində xammalın üyüdülməsində sudan istifadə edilmir və demək olar ki, istehsal prosesində iki dəfəyə yaxın az yanacaq istifadə olunur. Bu isə öz növbəsində məhsulun maya dəyərini aşağı salır. Bundan əlavə, bu üsul sobadan çıxan qazların və tozun həcminin kəskin azalmasını təmin edir ki, bu da öz növbəsində sobanın məhsuldarlığını artırır. Xammalın üyüdülməsi üçün zavodda qurutma və üyütmə məhsuldarlığı yüksək olan, enerjiyə maksimum qənaət edən dəyirman da quraşdırılıb. Zavoddakı texnoloji proseslər avtomatlaşdırılıb və insan müdaxiləsi demək olar ki, minimuma endirilib. Burada fiber-optik kabellər vasitəsilə bütün parametrlər üzrə məlumatlar idarəetmə mərkəzinə ötürülür. Müəssisədəki müasir avtomatlaşdırılmış idarəetmə sistemi sayəsində texnoloji proseslərə və fiziki-mexaniki sınaqlara nəzarət etməklə yanaşı, parametrlərin avtomatik tənzimlənməsinə, həmçinin qurğuların məsafədən idarə olunmasına imkan yaranır.
Prezident İlham Əliyev zavodu işə salıb. Zavodun qabaqcıl avadanlıq və texnologiyalarla təchiz olunması onun yüksək məhsuldarlığını və istismar zamanı ekoloji standartlara cavab verməsini təmin edir. Zavodun yaradılması prosesində ətraf mühitin mühafizəsi məsələsinə xüsusi diqqət yetirilib. Bu məqsədlə müəssisənin istehsal xətti boyu müasir toz süzgəcləri quraşdırılıb. Bu avadanlıq qazın tərkibində tozun miqdarının az olmasını təmin edir ki, bu da dünyada qəbul olunan standartların tələblərinə cavab verir. Əsas toz mənbələrində havanın keyfiyyəti, həmçinin sobadan və xammal dəyirmanından atmosferə atılan qazların miqdarı isə xüsusi optik cihazlar vasitəsilə mütəmadi nəzarətdə saxlanılır. Bildirilib ki, “Norm” şirkətinin beynəlxalq əlaqələri də genişdir. Şirkət Almaniya Sement İstehsalçıları Assosiasiyası ilə sıx əməkdaşlıq edir. Assosiasiya mütəxəssisləri tərəfindən zavodda texnoloji prosesin monitorinqi aparılır. Hazır məhsul və xammal nümunələri Assosiasiyanın Düsseldorfdakı laboratoriyasında mütəmadi sınaqdan keçirilir. Zavodda istehsal olunan bütün məhsullara Almaniya Sement İstehsalçıları Assosiasiyasının sertifikatı verilib. Bundan əlavə, “Norm” şirkəti Avropa Sement Tədqiqatları Akademiyasının həqiqi üzvüdür. Beləliklə, qeyri-neft sektorunda həcminə görə ən iri layihələr sırasında olan və təxminən 350 milyon dollara başa gələn “Norm” sement zavodu Azərbaycan iqtisadiyyatının daha da qüdrətlənməsinə töhfəsini verəcək. Zavodun fəaliyyəti ilə tanışlıqdan sonra dövlət başçısı kollektivlə görüşüb. Prezident deyib ki, “Norm” sement zavodu ən müasir standartlara cavab verir. Bu zavodun fəaliyyətə başlaması sement istehsalında bütün hədəflərimizə çatmaq üçün bizə imkan yaradır: “Çünki bizim əsas məqsədimiz ondan ibarət idi ki, bu sahədə idxaldan asılılığımızı aradan götürək və nəinki özümüzü tam şəkildə təmin edək, eyni zamanda, kifayət qədər böyük ixrac potensialının yaradılması da bizim hədəfimiz idi.
Zavodun inşasına 350 milyon dollar sərmayə qoyulmuşdur. Bu, son illər ərzində Azərbaycanda tikilən ən böyük sement zavodudur. Bu zavodun fəaliyyətə başlaması, eyni zamanda, 500 yeni iş yerinin yaradılmasına imkan verir. Əslində zavodun yaradılmasında Azərbaycanda iqtisadi sahədə və sənaye sahəsində bütün dövlət siyasəti öz əksini tapır. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycanda yerli istehsal genişlənsin, idxalı əvəzləyən istehsal yaradılsın. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Bildiyiniz kimi, bu il Azərbaycanda “Sənaye ili” elan edilib və sənaye istehsalının yaradılması, genişləndirilməsi bizim əsas məqsədimizdir.
Yəni, dövlət siyasətimizin bütün istiqamətləri bu zavodda demək olar ki, öz əksini tapıb. Çox şadam ki, hazırda Azərbaycanda bir neçə sement zavodu fəaliyyət göstərir. Yadımdadır, bir neçə il bundan əvvəl sadəcə olaraq, yalnız Qaradağ sement zavodu işləyirdi. O da ekoloji normalara uyğun deyildi. Orada böyük yenidənqurma işləri aparılmışdır və ötən dövrdə “Holcim” zavodunun fəaliyyətə başlamasını qeyd etmişik. Qazaxda, Naxçıvanda, Sumqayıtda sement zavodları vardır. Hazırda bu zavodun - ən böyük “Norm” zavodunun fəaliyyətə başlaması Azərbaycanda sement istehsalını 5 milyon tona çatdırır, bəlkə ondan da bir qədər çox. Tələbat isə 4,5 milyon tondur. Yəni, biz artıq fikirləşməliyik ki, ilk növbədə, daxili bazarımızı qoruyaq. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyi təklifləri hazırlayır. Çünki artıq bu zavodun fəaliyyətə başlamasından sonra xaricdən sementin gətirilməsi məqsədəuyğun deyil. Eyni zamanda, biz öz sementimizlə, ixrac məhsulumuzla yeni bazarlara çıxmalıyıq. Əslində bizim ixrac potensialımızın gücləndirilməsi artıq təmin edilir. Nəzərə alsaq ki, bu zavodda istehsalı artırmaq üçün imkanlar var, hesab edirəm, gələcəkdə yeni bazarlara çıxdıqca Azərbaycanın bütün sement zavodları öz fəaliyyətlərini genişləndirə bilər”. Prezident deyib ki, zavodun tikintisində baş podratçı kimi Çin şirkəti olub və bu da Azərbaycanın iqtisadi sahədə beynəlxalq əlaqələrinin güclü olduğunu göstərir: “Bizim tərəfdaşlarımız arasında Avropa, Asiya şirkətləri yer tutur və bu gün Azərbaycanda fəaliyyət göstərmək, işləmək üçün bizə çoxlu müraciətlər daxil olur”. Dövlət başçısı deyib ki, bu gün ölkəmizdə enerji təhlükəsizliyi 100 faiz səviyyəsində təmin edilib: “Azərbaycanda nəqliyyat təhlükəsizliyi təmin edilir və son vaxtlar icra edilən və icrada olan layihələr - Bakı-Tbilisi-Qars dəmir yolu, Gəmiqayırma zavodu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, digər layihələr nəqliyyat təhlükəsizliyimizi tam təmin edəcəkdir. Coğrafi vəziyyətimiz elədir ki, əgər biz müasir infrastrukturla bu coğrafi üstünlükləri zənginləşdirsək Azərbaycan ərazisindən böyük həcmdə yüklərin keçirilməsi mümkün olacaqdır.
Ərzaq təhlükəsizliyi təmin edilir. Biz yaxın zamanlarda özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin edəcəyik. Hazırda Azərbaycanda inşaat materiallarının istehsalı istiqamətində böyük işlər görülür. Sement sahəsində biz bunu artıq tam şəkildə təmin etmişik, böyük metallurgiya kompleksinin tikintisi artıq başlamışdır.
Qaradağ rayonunda və digər bölgələrdə bir çox sənaye müəssisələri fəaliyyət göstərir. Bir sözlə, özümüzü 100 faiz təmin etməliyik və xarici bazarlara keyfiyyətli məhsulla çıxırıq və çıxmalıyıq. Belə olan halda ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin ediləcək, iş yerlərinin yaradılması prosesi davam etdiriləcək və ölkəmizdə qeyri-neft sektoru daha da böyük paya malik olacaqdır. Hazırda ümumi daxili məhsulumuzda qeyri-neft sektoru 55 faiz təşkil edir”. Sonra dövlətimizin başçısı müəssisənin tikinti işlərini aparan Çin şirkətinin nümayəndələri ilə söhbət edib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info