Markalanma mal haqqında ilkin məlumat mənbəyi olmalıdır
Tarix: 22.07.2014 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Beynəlxalq təcrübədə markalanma istehlakçının görmək istədiyi və istehsalçının yarada biləcəyi məlumat kimi qiymətləndirilir. Markalanma həmçinin istehsalçı müəssisənin imicinin formalaşdırılması və reklamı baxımından da əhəmiyyətli vasitələrdən sayılır və məhsulun keyfiyyətinə inamı artırır. Onun düzgün və dolğun şəkildə tətbiqinə ciddi və profesional yanaşma istehsalçıların məhsullarının realizəsi zamanı bazarda üstünlük əldə etməsinə imkanlar yaradır. Məhz bu mövqedən çıxış edərək faktiki mərhələdə markalanmanın istehsalçılar üçün nə dərəcədə əhəmiyyətli olduğunu görmək olar. Digər tərəfdən isə istehlakçıların aldığı malın, məhsulun keyfiyyətinə və təhlükəsizliyinə əmin olmaq baxımından markalanmaya xüsusi diqqət yetirməsi bu məsələnin aktuallığını artırır.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlərin nəticələrinin təhlili göstərir ki, istehlakçı hüquqlarının ən çox pozulduğu sahələrdən biri məhz malların düzgün markalanmamaqdır. İstehlak bazarında aparılan nəzarət tədbirləri zamanı bəzi ərzaq mallarının üzərində onun istehsalçısı, istehsal tarixi, saxlanma müddəti, saxlanma şəraiti, istifadə qaydaları, tərkibi barədə məlumatların tam şəkildə yazılmadığı hallara rast gəlinir ki, bunlar ciddi qanun pozuntularıdır.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsində birmənalı olaraq göstərilib ki, Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərində istehsal və ya ticarət markası olmalıdır. Malın üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Ölkəyə idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Markalamada yazılar aydın şəkildə, mürəkkəb terminalogiyadan istifadə edilmədən, başa düşülən şəkildə tərtib edilməlidir. Bu yazılar diqqəti çəkən, asan oxunan və uzun müddət silinməyən olmalıdır.
Bu işdə istehsalçıların və satıcıların üzərinə bir sıra vəzifələr düşür. Belə ki, hər bir istehsalçı istehsal etdiyi malın keyfiyyətində özü maraqlı olmalı və istehsal prosesini dövlət standartlarına uyğunlaşdırmalıdır. Zəruriliyə cavab verməyən mal və məhsulların realizəsinə qanunvericiliklə yol verilmir. İstehsalçı və idxalçı olaraq hər bir sahibkar bu məsələlərə diqqət yetirməli və həm dövlətin, həm də istehlakçıların maraqlarına xidmət etməlidir. İstehlakçılara onları maraqlandıran malın qiyməti, istehlak xassələri, tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı barədə zəruri və düzgün məlumatların verilməsi vacib amillərdəndir. Bütün bu sadalananlar isə malların düzgün markalanması zərurətini ortaya çıxarır. Ona görə də markalanma ilə bağlı zəruri tələbləri iştirakçıların diqqətinə çatdırılması vacib məsələlərdəndir.
Markalama mal yarlığında və ya onun tarasında yerləşdirilmiş informasiya olmaqla istehlakçılara bu və ya digər mal və onun xüsusiyyətləri haqqında məlumatın çatdırılması məqsədi daşıyır. Başqa sözlə markalanma məhsulun, prosesin, xidmətin xarakteri, tərkibi, xüsusiyyətləri haqqında kompleks məlumatları əks etdirən müşayiətedici sənəd, məlumat mənbəyi, emosional stimulyator və identifikator funksiyasını daşıyır. Etiket, yarlıq, emblem, nişan, simvol və s. markalamanın formalarıdır. Markalamadan istehsal, daşınma, saxlanma və satış proseslərində istifadə olunur və müvafiq mətn simvollar, qrafik təsvirlər, şifrələnmiş informasiyalar şəklində mallara və onun qablarına (taralara) həmin malların eyniləşdirilməsi məqsədilə vurulur. Hər hansı malın markalanması standart və texniki şərtlər vasitəsilə normalaşdırılır.
Mallar anbardan qəbul edilərkən hər bir sahibkar onların düzgün etiketləndiyinə, mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlərin olub-olmadığına, yeyinti məhsullarında üzərində saxlanma və yararlılıq müddətlərinin göstərilib-göstərilmədiyinə diqqət etməli və müvafiq tədbirlər həyata keçirməlidir. Qanunvericiliyə görə yeyinti məhsulları müvafiq normativ sənədlərə və ticarət qaydalarına uyğun olaraq etiketlənməli və müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan yeyinti məhsullarına “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsinə yol verilmir.
Malın markası istehlakçı üçün aydın, kifayətləndirici və dəqiq məlumatları əks etdirməlidir. Xüsusi tələblərdə isə həmin məlumatların əyaniliyi, verilən mətnlərin dəqiqliyi, doğruluğu, işarələrin atmosfer və digər təsirlərə qarşı davamlılığı əksini tapmalıdır.
“Yeyinti məhsulları haqqında” qanuna əsasən malların markalanmasına aşağıdakı tələblər qoyulur: məhsulun adı, istehsalçının ünvanı, əlaqə məlumatları; məhsulun istehlak xüsusiyyətləri, (tərkibi, kütləsi, növü, ölçüləri, qidalılıq dəyəri, enerji dəyəri, saxlanma şəraiti, hazırlanma üsulu və s.); həmin məhsulun hazırlanması və uyğunluq standartları; məhsulun, malın istehsal və yararlılıq müddəti.
Bu o deməkdir ki, ölkə ərazisində istehsal və realizə olunan malların etiketində qeyd olunan məlumatlar əksini tapmalıdır. Bu da öz növbəsində istehlakçılara mal haqqında ən zəruri və vacib informasiyanı almağa imkan yaradır.
İstehsalçı malın üzərində müvafiq standartlara sənədə uyğun olaraq istehlakçını maraqlandıran malın adı, istehsalçının adı və ünvanı, mənşəyi və istehsal olunduğu ölkə, tərkibi, ticarət nişanı, istehsal tarixi, saxlanma şəraiti və müddəti, xalis çəkisi, qida dəyərliliyi, malın işlədilməsi və təhlükəsiz istifadə edilməsi qaydaları, malın hazırlanmasında istinad olunan texniki-normantiv hüquqi, sertifikatlaşdırma və s. haqqında məlumatları yerləşdirməlidir.
Kimyəvi və bioloji preparatlarla işlənmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazıları və nişanları olmalıdır. Müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş yeyinti məhsullarına əmtəə nişanları və ştrix kodlar vurula bilər. Əmtəə nişanlarının və ştrixli kodların istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq dövlət standartları ilə müəyyən olunub.
Qeyri-ərzaq mallarının üzərində isə aşağıdakı məlumatlar əks etdirməlidir. Məhsulun və istehsalçı ölkənin adı, istehsalçı firma, təyinatı (istifadə sahəsi), əsas texniki göstəriciləri, ölkə qanunvericiliyinə uyğunluğu barədə bilgilər və s.
Hər bir istehlakçı bilməlidir ki, mal və məhsulların markasında qeyd olunan məlumatlar açıq mətnlə ifadə edilə bilmədiyindən əksər hallarda istehsalçılar beynəlxalq təsnifat sisteminə uyğun olan və dünyanın əksər ölkələrində qəbul olunan şərti işarələrdən, nişanlardan istifadə edirlər. Bu nişanlar əsasən dörd qrupa ayrılır.
-Malların ekoloji təhlükəsizliyinə təminat verən nişanlar;
-Təhlükəsizliyin və keyfiyyətin müvafiq standartlara uyğunluğunu təsdiq edən nişanlar;
-Malların tərkibi haqqında məlumat bildirən nişanlar;
-İstifadə qaydaları haqqında məlumat verən işarələr və s.
Məhz bu nişanlar istehlakçıya mal çoxluğu şəraitində düzgün seçim etməyə, mallardan təyinatı üzrə istifadə etməyə köməklik göstərir.
İstifadəsi hər hansı bir təhlükə doğura biləcək malların üzərində müvafiq xəbərdarlıq işarəsi qoyulmalıdır. Markalama qapalı, oxunmayan, digər mətn və qrafik təsvirlərlə örtülmüş ola bilməz. Əgər satıcı qüsurlu və ya istifadədə olmuş mal satırsa mütləq onun yanında müvafiq məlumat yerləşdirilməlidir.
Sonda onu da istehlakçıların nəzərinə çatdırmaq istəyirik ki, satıcı malın xüsusiyyətləri ilə bağlı yazılı informasiyanı istehlakçıya verməkdən başqa, onun tələbi ilə daha geniş və əlavə informasiyanı şifahi şəkildə verməyi bacarmalı, beynəlxalq şərti işarələrin mənasını bilməlidir. Çox vaxt satıcılar xüsusi təlim və təhsil keçmədikləri üçün bunun öhdəsindən gələ bilmirlər. Unutmayın ki, satıcının dürüst və ətraflı informasiya verə bilməməsi nəticəsində bu maldan düzgün istifadə edə bilməyən və bunun nəticəsində zərər çəkən istehlakçıya dəymiş zərəri satıcı ödəməlidir.
Bir çox ərzaq və sənaye malları (məsələn, kosmetika, məişət kimyası və s.) ancaq müəyyən müddət çərçivəsində istifadə edilə bilər. Bunun üçün istehsalçı tərəfindən malın üzərinə müvafiq məlumatlar yerləşdirilir. Belə işarələr imkan verir ki, siz malın saxlanma şəraitindən asılı olaraq hansı müddətdə öz müsbət keyfiyyətini və xüsusiyyətini saxladığını biləsiniz.
İstehlakçı olaraq hər birimiz malın üzərində yuxarıda qeyd etdiyimiz məlumatların göstərilməsinə və saxlanma müddətinin ötmədiyinə xüsusi diqqət yetirməliyik. Müvafiq qaydada etiketlənməmiş malları almaqdan çəkinin və bu cür mallara rast gəldikdə dərhal 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verin.

Hazırladı: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info