“Astraxanda Bakını çox yaxşı tanıyırlar”
Tarix: 22.07.2014 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Samirə Allahverdizadə: “Orada insanlar kitab oxumağı sevirlər. Hətta avtobusda, metroda, yolda gedəndə görürsən ki, hamı kitab oxuyur”

“Palitra”nın xaricdə təhsil alan tələbələrlə bağlı layihəsi çərçivəsində növbəti müsahibi Astraxan Dövlət Universitetinin tələbəsi Samirə Allahverdizadədir:

-Mən 1992-ci ildə anadan olmuşam, Bakıdakı 177 saylı orta məktəbdə təhsil almışam. Orta məktəbdə yaxşı oxumuşam. Bütün fənlərdən beş almışam. Məktəbi bitirdikdən sonra xaricdə təhsil almaq üçün imtahan verdim. Birincisi burada 400-dən aşağı bal toplamamalısan. Həmçinin həmin ali məktəbin özlərinin təşkil etdiyi imtahandan keçəsən, sonra orada imtahan verəsən. Xaricdə təhsil almaqla bağlı valideynlərimlə də məsləhətləşdim. Onlar da razılıq verdikdən sonra gedib orada` digər bir imtahan, inşa yazdım. Bir də ingilis dilindən imtahan verdim və bütün bunlardan keçdikdən sonra Jurnalistika fakültəsinə qəbul oldum. Hazırda da Astraxan Dövlət Universitetində Beynəlxalq jurnalistika fakültəsində təhsil alıram. Birinci kursu bitirdim. Hər zaman humanitar fənlərə böyük həvəsim olub. Bizim ailəmiz əvvəllər Rusiyada yaşayıb. Mən Bakıda rus bölməsində təhsil almışam. Xaricdə ona görə təhsil almaq istəyirdim ki, orada Azərbaycanı təmsil edim. Orada oxumaq çox çətindir. Müəllimlər çox tələbkardırlar. Dərsi çox yaxşı keçirlər. Azərbaycan universitetlərində tələbələr hər semestr 6-7 imtahan verirlər. Ancaq orada 14 imtahan veririk. Qiyabi olanda çalışmaq daha da çətindir. Orada tələbə ilə müəllim arasında başqa heç bir münasibət ola bilməz. Yəni, ancaq biliyə əsaslanır. Hər şey çox ciddidir. Dərs vəsaitlərinə gəldikdə isə hər biri kitabxanada var. İnternet vəsaitlərini də tələbələr pulsuz əldə edə bilirlər. Ümumiyyətlə, tələbələrə bir çox sahələrdə güzəştlər var. Məsələn, şəkil çəkdirəndə, tələbə bileti alanda və s. Müəllimlər çox yaxşı dərs keçirlər. Orada xoşuma gələn odur ki, hər dərsin öz korpusu var. Orada əgər dərsə gəlmədinsə, mütləq sağlamlıq kağızı gətirməlisən. İndiyədək mən heç bir dərsi buraxmamışam. Mən qiyabi oxuduğuma görə, ildə üç dəfə bir ay müddətinə gedirəm. Burada hələ ki, heç bir fəaliyyətlə məşğul olmuram. Ancaq dərslərimi oxuyuram. Çünki çətindir. Orada bir imtahanı verə bilmədinsə, onu öyrənənədək dəfələrlə imtahan verəcəksən. Kulturologiya, tarix, politologiya və bir çox dərslər keçirik.

“Bir istəyim də odur ki, radioda çalışım. Ancaq istərdim ki, daha çox problemli məsələlər qabardılsın. Bu gün bəzi radio kanallarında mənasız verilişlərə daha çox rast gəlmək olur”

Hazırda mən I kurs olduğuma görə, ancaq nəzəriyyə keçirəm. Ancaq II kursdan başqa cür olacaq. Əslində praktikanı xarici ölkələrdə keçirlər. Valideynlərim deyir ki, Azərbaycanda keçsəm daha yaxşıdır. Orada təhsil alan azərbaycanlı tələbə vardı ki, o Almaniyada praktika keçmişdi. Universitetdə baxırlar ki, tələbənin hansı sahəyə bacarığı varsa, o istiqamətə yönəldirlər. Çox istəsəm praktikaya başqa xarici ölkəyə də gedə bilərəm, çünki orada imkanlar genişdir, daha çox təcrübə toplaya bilərəm. Bizim universitetdə hər bir tələbənin gələcəyini düşünürlər. Xarici dillərdən ingilis, rus dillərini bilirəm.
- Bu gün gənclər boş vaxtlarında sosial şəbəkələrdən daha çox istifadə edirlər. Siz boş vaxtlarınızı nəyə sərf edirsiniz?
- Mən boş vaxtlarımda əvvəllər tennislə məşğul olurdum. Hazırda ancaq dərs oxuyuram. Sosial şəbəkələr ancaq vaxt itkisidir. Məncə orada heç bir müsbət şey qazanmaq olmaz. Mənim ətrafımda olan tanışlarım, rəfiqələrim demək olar günün 90 faizini sosial şəbəkələrdə keçirir. Bir əlində yemək yeyərkən, bir əlində telefon olur. Onlarda alışqanlıq yaranıb. Çölə çıxmaq istəmirlər və bütün gününü sosial şəbəkələrdə keçirirlər. Real həyatdan uzaqlaşırlar. Onları artıq sosial şəbəkədən ayırmaq da mümkün deyil.
- Tələbə yoldaşlarının Bakı barədə məlumatları necədir?
- Tələbə yoldaşlarımın demək olar ki, hamısı rusdur. Yalnız bir müsəlman qız təhsil alır. Onlar Bakını çox yaxşı tanıyır. “Bakı çox gözəl şəhərdir” - deyirlər. Ümumiyyətlə, İslam dini onlara maraqlı gəlir. Çoxlu suallar verirlər. Onlar elə düşünürlər ki, Bakıda qadınların hüququ yoxdur, sözü keçmir. Ancaq mən onlara başa salıram ki, yox, bu heç də belə deyil. Elə bilirlər ki, ölkəmizdə hələ də qədimdəki kimidir. Astraxan Bakıdan fərqli olaraq soyuq şəhərdir, heç nə görmək olmur. Onlara deyirəm ki, Azərbaycanda başqa cürdür. Hər gün Günəş işıq saçır. Azərbaycanda insanlar mehribandırlar. Şəndirlər, amma orada insanlar da soyuqdurlar. Orada azərbaycanlılar çoxdur. Hamısı sıx şəkildə bir-birinə bağlıdır.
Azərbaycanın iqlimi, mədəniyyəti, yeməkləri haqqında danışıram. Hətta qardaşımla birgə Azərbaycanla bağlı şəkilli təqdimat hazırlamışdım.
- Gənc kimi orada gənclərin təhsilə marağını necə qiymətləndirirsən?
- Təhsil aldığım universitetdə azərbaycanlı tələbələrlə əlaqə saxlaya bilmirəm. Oradakı tələbə yoldaşlarımın əksəriyyətinin demək olar ki, II, III təhsilidir. Müxtəlif ixtisaslar, ingilis dili, xoreoqrafiya müəllimi, mühəndis və s. üzrə təhsil alırlar. Onlar yaşca məndən böyükdürlər. Maraqlı odur ki, orada yaşından asılı olmayaraq hər kəs oxumağa həvəslidir. Xarici tələbələr də çoxdur. Məsələn, Türkmənistan və digər ölkələrdən olan tələbələr var. Orada çox sayda tələbələrin təhsil almasının səbəbi odur ki, universitetin prestiji var. Həm də yaranma tarixinə görə də daha qədimdir. Ancaq, təhsil ödənişlidir. Bəzən deyirlər ki, xaricdə oxumaq asandır, mən deyərdim ki, əksinə, çox çətindir. Qəbul imtahanı da çətindir. Oraya yerli tələbələr qəbul olmadıqda ağlayırlar. İmtahan prosesi testlə deyil. Semestrdə imtahan bilet üsulu ilə aparılır. Deyirlər ki, test, biliyi daha yaxşı müəyyənləşdirmir. Bütün proqramı oxuyuruq. Müəllimə mütləq danışmalısan. Universitetdə dərslərdə telefonlar mütləq yığışdırılır və dərs vaxtı telefondan istifadə etməyə qətiyyən icazə vermirlər. Tələbələrin də müəllimlərə qarşı hörmətləri var. Ümumiyyətlə, orada insanlar kitab oxumağı sevirlər. Hətta avtobusda, metroda, yolda gedəndə görürsən ki, hamı kitab oxuyur. Ancaq onu da deyim ki, əsasən yaşlılar, orta nəsil daha çox oxuyur.
-Gələcəkdə ixtisasın üzrə çalışmaq istərdinmi?
- Uşaq vaxtı şeirlər yazırdım. Deyirdim böyüyəndə Puşkin olacam. Ancaq indi xaricdə çalışmaq istərdim. Rusiyada çalışmaq çətindir. Amma istək olandan sonra alınar. Siyasət sahəsində çalışmaq istərdim. Hazırda əsas məqsədim yaxşı oxumaqdır. Peşələri qadınlar kişilər arasında bölmək düzgün deyil. Hər ikisi bərabərhüquqludur. Orada Jurnalistika fakültəsi çox qiymətləndirilir. Bütün fakültələrdən üstün tuturlar. Jurnalistlərə də çox hörmət var. Sözün həqiqi mənasında jurnalistikanı “dördüncü hakimiyyət” adlandırırlar.
Bir istəyim də odur ki, radioda çalışım. Ancaq istərdim ki, daha çox problemli məsələlər qabardılsın. Bu gün bəzi radio kanallarında mənasız verilişlərə daha çox rast gəlmək olur.
-Başqa ölkədə təhsil almaq hansısa problemlər yaradırmı?
- Xarici tələbələrə bir qədər fərq qoyurlar. Amma görəndə rus dilində normal danışırsan, onu dəyərləndirirlər. Orada deyəndə ki, Azərbaycanda rus bölümü var, onlar təəccüblənirlər. Ancaq bəziləri elə bilir ki, bizdə dövlət dili rus dilidir. Mən deyirəm ki, yox, bizim ölkəmizdə dövlət dili Azərbaycan dilidir. Orada Qazaxıstandan olan tələbə deyir ki, onlarda həm rus, həm də qazax dilidir. Mən deyirəm ki, əksinə, biz hazırda öz milli himnimizi oxuyuruq, başqasının tarixini yox, öz tariximizi oxuyuruq. Məncə önəmli olan budur. Ümumiyyətlə, gənclərin xaricdə təhsil alması çox yaxşıdır. Xarici ölkələrdə Azərbaycan barədə bəlkə də fərqli düşüncə formalaşıb, amma indi görürlər ki, bu belə deyil.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info