“Hazırda heç bir arxeoloji qazıntılarda ixtisaslaşmış mütəxəssis iştirak etmir”
Tarix: 24.07.2014 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Müsahibimiz Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Hətəm oğlu Məmmədovdur:
- Kərəm müəllim, bu gün Azərbaycan tarixinin öyrənilməsində antropologiya elmi hansı rolu oynayır?
- Antropologiya sözü yunan mənşəli olub, hərfi mənası “insan haqqında elm” deməkdir. Bu termini ilk dəfə işlətmiş Aristotel, bu söz altında daha çox insanın ruhi təbiətinin öyrənilməsini nəzərdə tuturdu. Antropologiya sözünün insanın fiziki quruluşuna tətbiq olunmasına Maqnus Xundt tərəfindən yazılmış, 1501-ci ildə Leypsiqdə latın dilində nəşr olunmuş “İnsanın ləyaqət, təbiət və xüsusiyyətlərinin antropologiyası və insan bədəninin elementlərinin hissələri və üzvləri haqqında” əsərində rast gəlinir.
Antropologiyanın özü üç hissəyə ayrılır:
1. İnsanın morfologiyası
2. İnsanın mənşəyi haqqında təlim və ya antropogenez
3. İrqşünaslıq və ya etnik antropologiya
Morfologiya antropologiyanın insan orqanizminin bütün sistemlərinin və bütövlükdə bədəndəki dəyişkənliklərin qanunauyğunluqlarını öyrənən sahəsinə deyilir. O, müəyyən mənada insanın normal və müqayisəli anatomiyası ilə sıx bağlıdır. Lakin bütövlükdə bədənin və orqanların tipik quruluşunu öyrənən anatomiyadan fərqli olaraq , insanın morfologiyası insan bədənindəki ayrı-ayrı strukturların quruluşundakı əlaqəni, onların müxtəlif variantlarını, normal və patoloji dəyişkənliklərin hədlərini müəyyənləşdirir. Yəni əgər normal anatomiya insanın ümumiləşdirici şəklini öyrənərək, “orta” insanın cəmi xüsusiyyətlərini verirsə, morfologiya əsas diqqətini bu “orta həddən” yayınmalara, onların səbəblərini müəyyənləşdirməyə yönəldir. Qəbul olunmuş qaydaya görə insanın morfologiyası özü iki sahəyə - merologiya (qədim yunan dilində meros - hissə deməkdir) və somatologiyaya (qədim yunan dilində somatos - bədən deməkdir) bölünür.
Merologiya insanın orqan və toxumalarının çeşidlərini, onlar arasındakı qarşılıqlı bağlılığı öyrənir. Merologiyanın bəzi bölmələri çox genişdir. Məsələn , həm antropogenez, həm də irqşünaslıqda mühüm rol oynayan əlamətlərdən biri - insan kəlləsinin ölçülərinin hesablanması (kraniometriya) , sümüklərin uzunluqlarının ölçülməsi ilə məşğul olan osteometriya bu qəbildəndir.
Somatologiya bütövlükdə insan bədəninin dəyişkənliyini öyrənir. Onun tədqiqat dairəsinə bədənin çəkisi, forması, ölçüləri, antropologiyada “konstitusial habitus” adlanan bədən quruluşu, fiziki inkişaf , bədənin əsas komponentləri, yəni ondakı sümük , əzələ, yağ toxumalarının , ağırlıq mərkəzinin müəyyən edilməsi və s . daxildir. Somatoloji tədqiqatlardan təbabətdə və geyim istehsalında geniş şəkildə istifadə olunur. Məsələn, bəzi xəstəliklərin müəyyən edilməsində “konstitusial habitus” və orqanizmin fiziki vəziyyət durumu mühüm rol oynayır. Digər tərəfdən somatologiya insan bədəninin standartlarını, ölçülər kombinasiyasını müəyyənləşdirməklə ayaqqabı, geyim, əlcək, çarpayı və sairə kimi şeylər istehsalında mühüm əhəmiyyət kəsb edir.
Antropologiyanın II böyük bölümü olan Antropogenez, qazıntılar zamanı aşkar edilən insan qalıqlarının tədqiqi ilə məşğuldur. Avropa və bəzi ABŞ antropoloqları “antropogenez” yerinə daha çox “paleoantropologiya”, ya da “insanın paleontologiyası” terminlərini işlədirlər. III və IV dövrlərin geologiyası, ali əsəb fəaliyyətinin fiziologiyası, qədim daş dövrünün arxeologiyası, psixologiya bu bölmə üçün yardımçı rolunu oynayırlar.
Antropogenezdən fərqli olaraq antropologiyanın III böyük bölümü olan irqşünaslıq insan bədəninin quruluşundakı dəyişkənliklər zamanı deyil, məkan çərçivəsində öyrənir. Yəni irqlərin təsnifatı, Yer kürəsində məskunlaşmaları, irqlərin yaranma səbəbləri və irqi tiplərin dəyişmə qanunauyğunluqları ilə yanaşı sırf tarixi məsələlərin öyrənilməsi xalqların mənşəyi və qarşılıqlı qohumluqları, qədim zamanlarda onların uzaq yerlərə köçləri və sairə kimi məsələlər irqşünaslığın tədqiqat sahəsinə daxildir. Çox vaxt irqşünaslıqla yanaşı eyni mənada etnik antropologiya termini də işlədilir. Lakin əslində etnik antropologiya irqşünaslığın bir bölməsi olub, dünya xalqlarının antropoloji tərkibini və etnogenez problemlərini araşdırır.
Azərbaycanda antropologiya elmi o qədər də qədim ənənəyə malik deyil. Bizim antropoloji tədqiqatlara cəlb olunmamız ilk dəfə XIX yüzilliyin sonlarından başlayır. Bizim xalqın antropologiyasını Pantyuxov, İvanov, heç bir dəfə də olsun Azərbaycanda olmayan Fişer, Luşan kimi alimlər araşdırıb.
Sovet hakimiyyəti qurulduqdan sonra keçən əsrin 20-ci illərinin sonlarında azərbaycanlıları Anserova və Yarxo araşdırdı. Nəhayət, II Dünya müharibəsindən sonra Qafqaz xalqlarını araşdırmaq üçün böyük bir ekspedisiya yaradıldı. Çox təəssüf ki, o da yarımçıq qaldı. Çünki o ekspedisiyaya başçılıq edəcək Muğanlinski qəzaya düşür və Moskvadan dəvət olunan Debets də Moskvaya qayıdır. Sonradan Debets yazırdı ki, kimsə bu işə qəsdən mane oldu. Niyə qəsdən mane olunub, bunun da təbii ki, səbəbləri var. Çünki antropoloji tədqiqatlar erməniləri və gürcüləri Qafqazın aborigenləri elan etmiş sovet doktrinası ilə uyğun gəlmirdi.
- Arxeoloji qazıntılar zamanı antropologiyaya xüsusi diqqət ayrılırmı?
- Bir cümlə ilə onu qeyd edim ki, çox təəssüf ki, ayrılmır. Hazırda heç bir arxeoloji qazıntılarda ixtisaslaşmış mütəxəssis iştirak etmir.
- Səbəb?
- Birinci səbəb budur ki, indiyə qədər mütəxəssislərimiz yox idi. Sevindirici haldır ki, bu il artıq antropologiya ixtisası üzrə Bakı Dövlət Universitetinin Tarix fakültəsində 15 nəfər mütəxəssis yetişdi. Belə desək, bunlar bizim ilk qaranquşlarımızdır. Çox təəssüf ki, onlar bu sahəyə cəlb edilmir.
Arxeologiya elə bir elmdir ki, tapılan saxsı qabın yanında onu düzəldən insanın skeleti də tapılır.
- Cənubi Qafqazda yaşayan xalqların antropoloji tipi haqqında nələri deyə bilərsiniz?
- Bu gün Cənubi Qafqazın etnik mənzərəsinə baxsaq, buradakı xalqları linqvistik baxımdan üç böyük qola ayırmaq olar. Türk xalqları, İrandilli xalqlar və Qafqazdilli xalqlar. Türk xalqları dedikdə, daha çox azərbaycanlılar nəzərdə tutulur. Çox təəssüf ki, II Dünya müharibəsi illərində Ahısqa türkləri öz dədə-baba yurdlarından zorla köçürüldü.
Antropoloji cəhətdən daha yaxşı tədqiq olunmuş Qafqaz xalqları dörd irqi tipə aid olunurlar :
1. Xəzər dənizi (Kaspi) tipi
2. Assiroid tipi
3. Kavkasion tipi
4. Qara dəniz (Pont) tipi
Əsasən Azərbaycan türklərinin aid edildikləri Kaspi antropoloji tipinin ağ irq daxilində yeri ilə bağlı həm Qərb, həm də rus-sovet antropoloqları arasında müəyyən fikir ayrılığı vardır.
XX yüzilliyin ən görkəmli antropoloqlarından olan Fişer 1923-cü ildə Azərbaycan türklərini və türkmənləri oriental (şərq) irqə daxil edib.
Bu müəlliflərin işlətdikləri terminlərin özlərində də müəyyən ziddiyyət vardır. Belə ki, ayrı-ayrı təsnifatlarda işlənən “şərq”, “şərqi Aralıq dənizi”, “Xorasan” və “Kaspi” terminləri sovet antropologiya elmində çox vaxt sinonim kimi səslənirdi. V.V. Bunak və eləcə də digər antropoloqlar tərəfindən təklif edilmiş bu terminlər etnik deyil, daha çox coğrafi təsnifata əsaslanır. Eyni zamanda bu terminlər adıgedən antropoloji tipin müəyyən məkan daxilində yayılmasında göstərici rolunu oynayır. İstənilən halda bu terminlərin mühüm ümumiləşdirici cəhəti, adından asılı olmayaraq, bu qrupun Xəzər dənizinin həm şərq, həm də qərb sahillərində yaşayan, eyni kökdən-oğuzlardan törəyən Azərbaycan türklərini və türkmənləri özündə birləşdirməsidir. Bir hissəsi indiki İran İslam Respublikasının, bir hissəsi Əfqanıstanın, az hissəsi isə Türkmənistan Respublikasının tərkibində olan tarixi-coğrafi Xorasan vilayətinin özü də bu xalqların ümumi əcdadı olan oğuzların Böyük Səlcuq İmperatorluğunun özülünü qoyduqları bir bölgədir. Bunları nəzərə alaraq, eyni antropoloji irqi əlamətlər kompleksinə və etnik mənşəyə sahib olan xalqların mənsub olduqları irq tipini Oğuz tipi adlandırmaq daha düzgündür. Orta əsr ərəb tarixçiləri öz müasirləri olan oğuzların Xilafətdə yaşayan digər xalqlardan öz uzunbaşlılıqları, yəni dolixokranlılıqları ilə seçildiklərini xüsusi olaraq vurğulayırlar. X yüzillikdə də oğuzlar Mavərənnəhr və Farsistanın braxikefal əhalisindən başlarının uzunluğuna görə seçilirdilər.
Assiroid irqinə kolx, iber variantları ilə yanaşı, Rusiya işğalından sonra bölgəyə köçürülmüş aysorular və ermənilər aid olunurlar. Q. Debets Qafqaza yerləşdirilmiş ermənilərin antropoloji cəhətdən müxtəlif olmalarını onların müxtəlif ölkələrdən köçürülmələri ilə əlaqələndirir.
Gürcü antropoloqları kavkasion irqini Qafqazın ən qədim antropoloji tipi “elan etmələrinə” baxmayaraq, paleoantropoloji tapıntıların heç birində bu fikir öz təsdiqini tapmır. Q. Debets kavkasion irqinin mənşəyini Şərqi Avropa düzənliyinin və ondan şimaldakı bölgələrin sarışın, enli sifət və digər göstəricilərə malik olmuş qədim əhalisi ilə bağlayır.
Şərqi Avropa xalqlarının antropoloji təsnifatına həsr olunmuş əsərində V. Ş. Levinə əsaslanan V. V. Bunak Şimali Qafqaz əhalisi tərkibində ayırdığı antropoloji tipə Pont adını vermişdir. Bolqarıstan antropoloqu K. Dronçilov oxşar əlamətlər kompleksinin bolqarlara da xas olduğunu qeyd edib.
Pont tipi Aralıq dənizi irqinə aid edilir. Aralıq dənizi irqinə daxil edilən başqa qollardan Pont tipi daha açıq rəngli piqmentasiyası ilə seçilir. V. V. Bunak soyköklərində qədim bulqar tayfalarının iştirak etdikləri Volqa türklərini - tatarlar, çuvaşlar və başqaları - Pont tipinin şimal qoluna aid edir. T. I. Alekseeva tərəfindən tərtib edilmiş antropoloji xəritələr toplusundan aydın olur ki, Şimali Pont tipinin yayılma bölgəsi ilə, erkən orta əsrlərdən XIII yüzilliyə qədər mövcud olmuş Volqa Bulqarıstanı dövlətinin ərazisi üst-üstə düşüb və indiki Orta Volqa - İdil çayı boyu Kama hövzəsini əhatə edir. Həm Dunay, həm də Volqa bulqarlarının mənsub olduqları irqin elə “bulqar” tipi adlandırılması daha düzgündür.
V.V. Bunak Şimali Qafqaz xalqlarının mənsub olduqları antropoloji tiplərin, o cümlədən Pont (bulqar) tipinin mənşəyi ilə bağlı yazırdı : “Çox güman ki, hələ neolit dövründə Ön Asiyadan Qara dəniz sahillərinə, oradan da Şimali Qafqaza daxil olmuş qədim tayfalar Pont tipinə mənsub idilər”. Hazırda Qafqazdan kənarda yaşayan və Pont (bulqar) tipinə mənsub olan Ukrayna, Rumıniya, Bolqarıstan, Volqaboyu əhalisinin antropologiyası haqqında xeyli materiallar toplanıb. Pont tipinə mənsub əhalinin antropoloji görünüşü - həm kəllə göstəricisi, həm almacıq sümüklər arasında məsafə və s. əlamətlərə görə Qafqazda mövcud olan qədim tarixə malik olmayan irqi tiplərdən- kavkasion, assiroidlərdən (armenoid) daha çox Oğuz tipinə uyğun gəlir. Bu antropoloji tiplərin iki qohum türk xalqlarına - Volqa bulqarları və Oğuzlara məxsusluğu, bir çox alimlərin bu xalqlar arasındakı qohumluğunu təkcə bu xalqların əcdadlarının türkləşdirilməsi nəticəsində türk dillərində danışmaları ilə deyil, həm də genetik baxımdan bir kökdən törədiklərini söyləməyə imkan verir. Paleoantropoloji tapıntılarla yanaşı yazılı qaynaqlar da qədim türkləri monqoloid «elan» edən alimlərin yanıldığını da sübut edir.
- Azərbaycan xalqının antropoloji xüsusiyyətləri haqqında hansı araşdırmalarınız olub?
- Mənim istər elmi işim, istərsə də namizədlik işim “İslamaqədərki Azərbaycanda dini inanclar” dır. Hazırkı doktorluq işim “Borçalı orta əsrlərdə” dir. Lakin bununla yanaşı antropoloji araşdırmalarımı da aparıram. Türkmənistanda, Macarıstanda, İran İslam Respublikasında müxtəlif dillərdə elmi məqalələrim çap olunur.
Elmi məqalələrimdə antropoloji xüsusiyyətlərimiz araşdırmalarımla şərh edilir. Elmi araşdırmalarımda bugünkü Azərbaycan türklərinin, yəni, oğuz irqinin tarixi köklərinin mezolit dövrünə gedib çıxdığını qeyd etmişəm. Bu, indiki Qobustan ərazisindən aşkar edilib. Bu kompleksin xüsusiliyi uzun baş, yəni dolixokefallıq deyildir, ensiz sifət, ensiz burun olmasıdır. Monqoloid irqinə xas olan gözlərdə epikantusa Azərbaycan türklərində rast gəlinmir.
Qeyd edim ki, bu yaxınlarda Tehranda Azərbaycan türklərinin antropologiyası adlı serial şəklində dörd məqaləmiz çap olunub. Bu günə qədər İranda türklərdən söhbət gedəndə bizim kökümüzün İran mənşəli olduğu və guya səlcuqların hakimiyyəti dövründə dilimizin dəyişildiyi deyilirdi. Lakin biz o məqalədə bir daha sübut etdik ki, heç kim heç kəsin dilini dəyişməyib. Bu antropoloji tip indiki İran ərazisində ən azı eradan əvvəl IV minillikdən yaşayır.
- Azərbaycan antropologiya elminin bu günə qədər tədqiq olunmayan bölməsi qalıb?
- Mən deyərdim ki, tədqiq olunan bölməsi varmı? Təbii ki, yoxdur. Ümidsizliyə də qapılmaq düzgün deyil. Bu il 15 nəfər antropologiya ixtisası üzrə təhsilini başa vurdu. Onlardan 5 nəfəri həm xarici ölkələrdə, həm Azərbaycanda ixtisas üzrə magistraturaya qəbul oldu. Çox güman ki, 2-3 ildən sonra Azərbaycanın öz antropologiya məktəbi olacaq. Antropologiya dedikdə, təkcə Fizionomiya şöbəsi deyil, bir çox qolları olan sosial, mədəni, dini, hüquqi, struktur sahələri öyrənilir. İnşallah bu sahələr üzrə Azərbaycan öz mütəxəssislərini yetişdirməlidir.
- Azərbaycan etnoqrafiyası bu günə kimi dəqiq öyrənilibmi?
- Heç nəyin dəqiq öyrənilməsi mümkün deyil. Yunan filosoflarından biri belə bir fikir söyləyib: “Əgər bilmədiklərimi ayağımın altına yığsalar, başım səmaya dəyərdi”. Təbii ki, heç bir elm axıra kimi öyrənilməyib.
- Müasir dövrdə tarixçilər antropologiya elminə necə yanaşırlar?
- Deyərdim ki, artıq oyanma prosesi var. Bu günə kimi tarixçilərimiz linqvistikaya üstünlük verirdilər. Lakin tarix bunu sevmir. Antropologiya elmi də belədir. Əgər sən burdakı qədimliyini sübut etmək istəyirsənsə, əcdadın antropologiyası ilə indiki əhalinin antropologiyasını müqayisə edirsən.
Neçə illərdir ki, gürcü və erməni antropoloqları buna görə çalışırlar. Ancaq heç nə əldə edə bilmirlər.
Bir nüansı da qeyd edim ki, ermənilər çox gülünc bir vasitəyə əl atırlar. Dermotoqlifit göstəricilər göstərir ki, ermənilər Qafqazın ən qədim əhalisidir. Qeyri-mütəxəssis buna kənardan baxanda deyə bilər ki, sübut olunubsa, deməli düzdür. Ancaq bilmirlər ki, dermotoqlifika nədir. Dermotoqlifika barmaq naxışlarıdır. Skeletdə barmaq naxışı olmur. Barmaq naxışı skeletdə olmadığı halda ermənilərin burada qədimdən yaşadığını necə sübut etmək olar? Bu da görünür ki, növbəti hay-haraydır.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info