Gülnar Məmmədova: “Vətənimi başqa ölkələrdə daha yaxşı təmsil etmək üçün xaricdə təhsili seçdim”
Tarix: 24.07.2014 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Məmmədova Gülnardır. Gülnar xanım Türkiyədə ali təhsil alır və bu ölkədə ictimai tədbirlərdə kifayət qədər aktivlik göstərməklə yanaşı, tələbələrimiz arasında koordinasiya qurmağı ilə də seçilir. Bu maraqlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.
- Özünüz barədə məlumat verərdiniz.
- Mən, Məmmədova Gülnar, 14 avqust 1994-cü ildə Göyçay şəhərində anadan olmuşam. Orta təhsilimi 4-cü sinfə kimi Göyçay şəhərində 5 nömrəli orta məktəbdə almışam, sonradan isə təhsilimi Bakı şəhəri Nərimanov rayonu Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında davam etdirdim. Orta məktəbdə təhsilimə xüsusi önəm vermişəm, amma bəzi ictimai tədbirlərdə də aktiv olmağa çalışmışam. Ali təhsilimi isə Türkiyə Eskişehir Anadolu Universitetində davam etdirirəm. Hazırda Halkla ilişkilər fakültəsinin 3-cü kurs tələbəsiyəm.
- Hansı maraq və ya hədəflər sizi başqa bir ölkədə ali təhsil almağa daşıdı?
- Düzü, maraqlar çoxdur. Yəni, təcrübə toplamaq, yeni həyat tərzi keçirmək, yeni təhsil sistemi və s. Ümumiyyətlə, bir çox gəncin başqa ölkədə yaşamaq, təhsil almaq kimi xəyalları var. Mənim də belə böyük xəyallarım, istəyim olub və məşhur bir məsəldə deyildiyi kimi -“Niyyətin hara, mənzilin ora” fikirləri real oldu. Nə üçün bizim ölkə deyil də, başqa ölkəni seçdim? Azərbaycanı yəni, Vətənimi başqa ölkələrdə daha yaxşı təmsil etmək və daha yaxşı layihələrə imza atmaq üçün. Türkiyədə təhsil almaq qərarına gəldim və istəyim bununla gücləndi. Bu addımımda yalnız ailəm, yəni anam dəstəkçim oldu. Çünki, yalnız anama söz vermişəm ki, hər zaman səsimi yüksəklərdən duyacaqsan.
- Artıq arzunuzu reallaşdırmısınız. Bəs, oxuduğunuz ali təhsil ocağı necə, sizi qane edirmi?
-Əlbəttə seçimimdə yanılmamışam. Buradakı təhsil sistemi mükəmməl olduğu kimi, ali təhsil ocaqları da əladır. Təhsil aldığım Anadolu Universiteti Türkiyədə tələbə sayına və təhsilinə görə, 3-cü yer almış universitetlərdən biridir. Seçdiyim Halkla ilişkiler fakültəsinə görə, Anadolu Universiteti Türkiyədə bu sahədə 1-ci yeri alıb. Tələbə sayı isə 2 milyona yaxındır.
-Universitetinizin uğurlarından ağız dolusu danışdınız. Bəs özünüzün necə, təhsildən başqa ictimai işlərdə fəallığınız, uğurlarınız olurmu?
-Təbii. Bir məsələni deyim ki, biz azərbaycanlı gənclər digər ölkələrin gənclərindən bir sıra müsbət xarakter və keyfiyyətlərlə seçilirik. Keyfiyyət deyəndə, yəni məcazi mənada bunu nəzərdə tutdum. Həqiqətən də, gənclər aktiv olmalı, elm, savad, xeyir gətirən məsələlər istiqamətinə yön almalıdırlar. Çox təəssüf ki, bu gün dünyada belə hallar az müşahidə olunur. Gənclər daha çox əyləncələrə vaxt ayırır, zehni işlərə baş qoşmur, ictimai işlərdən uzaq dururlar. Əksər ölkələrin gəncləri enerjilərini, dediyim kimi əyləncəyə sərf edirlər. Amma bizim gənclər qürurlu haldır ki, elmə çox vaxt ayırmaqları ilə yanaşı, ictimai, diaspor işlərinə də diqqət yönəldirlər. Bu, çox fərəhli haldır. Mən də belə gəncliyin sırasında olmağa çalışıram. Zənnimcə, artıq bunu bacarmışam da. Sualınıza konkret cavab olaraq deyə bilərəm ki, Türkiyədə kifayət qədər ictimai işlərdə aktivlik göstərirəm və buna misal olaraq AZEDER-in Eskişehir təmsilçisi olduğumu deyə bilərəm. Bu təşkilat bir ildir ki, fəaliyyət göstərir və kifayət qədər işlər görürlər. Bunlar arasında tələbələrə təqaüdlər vermək, onların problemləri ilə maraqlanmaq, başqa ölkələrə tələbələri təcrübə toplamaq üçün göndərmək və s. var. Eskişehirdə oxuduğum bu illər ərzində Eskişehir Azərbaycanlılar Dərnəyində də fəaliyyətlərim olub. Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin də (TUMİB) Türkiyədəki tək təmsilçisiyəm. Bundan əlavə “Yüz ilin yalanı” adlı layihənin Türkiyədəki rəhbəriyəm. Yəni, bu layihə böyük əhatəlidir və kifayət qədər tədbirlərin keçirilməsi planlaşdırılır. Layihə ermənilərin yalançı soyqırımının ifşasını nəzərdə tutub. Çünki bilirsiniz ki, üzümüzə gələn il onlar bu “soyqırımın” yubileyinə hazırlaşırlar. Biz də onlara cavab tədbirləri planlaşdırırıq. Düşünürəm ki, kifayət qədər tutarlı tədbirlərlə onların gənclərinə layiqli cavab verəcəyik.
-Məsuliyyətli bir layihə və işdir. Bəs, bu cür tədbirlərdə Türkiyədə oxuyan azərbaycanlılar sizə dəstək olurlarmı?
-Bəli, bu işdə narazılıq etməyə haqqım yoxdur. Məncə sayları az deyil aktiv tələbələrin. Ən əsası da milli məsələlərlə bağlı istənilən çağırışa müsbət reaksiya verirlər və tədbirlərimizə qatılırlar. Ümid edirəm bu layihə gerçəkləşdikcə, gənclərimiz daha aktiv olacaqlar. Bir daha qeyd edim ki, aktivlik bizim gəncliyə genetik keçib. Ona görə də çalışdıqları, oxuduqları sahədən əlavə gənclərimiz aktiv olurlar. Əgər bir universitetə gəlib desəniz ki, Qarabağla bağlı tədbir planlaşdırırıq, o zaman hər bir azərbaycanlı gənc bizə qoşulur. Bu, əladır. Bu, onun göstəricisidir ki, biz hələ də istiqanlı millət olmaqla yanaşı, bir-birimizə dayaq olmağı və yaxın tariximizi təbliğ etməyi bacarırıq.
-Türkiyədəki gəncliyimizi xarakterizə etdiniz. Bəs, ümumilikdə Azərbaycan gəncliyini necə xarakterizə edərdiniz?
-Azərbaycan gəncliyi elə bir mərhələdədir ki, hazırda bizim gənclər kifayət qədər inkişaf etmək üçün potensiala malikdirlər. Bundan başqa, öz üzərində işləmək istəyən gənclər seçdiyi sahə üzrə-idman, təhsil, peşə, və s. yaradılan şəraitdən də istifadə etməyi bacarmalıdırlar. Hazırda isə ölkədə hər bir gəncin istirahəti, elmlə, idmanla məşğul olması üçün kifayət qədər şərait yaradılıb. Gənclər evləri, Olimpiya kompleksləri, keçirilən kifayət qədər idman tədbirləri, saysız-hesabsız ictimai tədbirlərin olması o deməkdir ki, artıq gənclərimiz 90-cı illərdə olduğu kimi, enerjilərini çayxanalarda vaxt keçirməyə sərf etmirlər. Gəncliyimizi xarakterizə edərkən, bir məqama da toxunmaq istərdim ki, bu gün xaricdə təhsil almağa inanılmaz dərəcədə maraq artıb. Təhsil naziri də qeyd etdi ki, sırf dövlət proqramı əsasında artıq 3000-dən çox tələbə xaricdə oxuyacaq. Bu, bilirsinizmi nə deməkdir? Balaca bir ölkə üçün böyük nailiyyət və gələcəkdə perspektivli təcrübəli kadrlarla dolu olan və sağlam rəqabətin çoxaldığı bir ölkə deməkdir. Ölkədə də təhsilin səviyyəsi yüksəkdir. Amma gəlin etiraf edək ki, xaricdə təhsil gənclərimizə daha çox şey verir.
-Gələcəklə bağlı hansı planlarınız var?
-Planlar çoxdur. Plan deyəndə, gənclər üçün görüləcək işlərin ağıllı və düşünülmüş şəkildə qurulmasını nəzərdə tuturuq. Mən, əgər sabah bir iş qurmaq istəyirəmsə, bunun üçün sağlam şəkildə düşünməliyəm. Sağlam düşüncə üçünsə yuxarıda qeyd etdiyim kimi, sağlam həyat tərzi keçirmək lazımdır. Şükürlər olsun ki, mən də sağlam düşüncəyə malikəm. Konkret olaraq fikrimi əsaslandırsam deyərəm ki, ilk planlaşdırdığım məsələ öz təşkilatımı qurmaqdır. Təşkilat və ya topluluq quraraq layihələrimi daha yaxşı şəkildə reallaşdırmaq istəyirəm. Bunu, inşallah bu il reallaşdırmaq istəyirəm.
-Sonda bizə arzu, istəyiniz və ya təklifiniz varmı?
-Arzum çoxdur. Bugünlərdə mətbuat gününü qeyd etdiniz. Həqiqətən də Azərbaycan mətbuatı hər şeyin ən yaxşısına layiqdir. Xüsusilə də, gənclərə böyük önəm verən “Palitra”. İstəyim isə budur ki, gələcəkdə daha böyük layihələr həyata keçirəsiniz. Xaricdə təhsil alan gənclərimizə verdiyiniz önəmi isə xüsusi qeyd edərdim.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info