“Bayrağın Şirvanşahlara aid olması təsdiqlənib”
Tarix: 30.07.2014 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Rəna Rzayeva: “Sarayın əvvəllər ziyarətçilər üçün qapalı olmuş aşağı mərtəbəsində Bayıl qəsrinə aid ekspozisiya
hazırlanıb”

Müsahibimiz Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rəna xanım Rzayevadır:

- Rəna xanım, Şirvanşahlar sarayı haqqında nə deyə bilərsiniz?
- Qeyd edim ki, orta əsr sənətkarlarımızın bədii təxəyyülünün məhsulu olan misilsiz memarlıq şedevri Şirvanşahlar sarayı qürur duyduğumuz milli bəşəri dəyərlərimizdəndir. Paytaxtımızın tarixi özəyində, ən uca təpədə yerləşən sarayımız xalqımızın dövlətçilik rəmzidir. Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilib. Sonradan Nazirlər Sovetinin 03.01.1964-cü il tarixli, 3 saylı sərəncamı ilə qoruğun bazasında Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyi yaradılıb. Bu illər ərzində qoruq-muzey milyonlarla ziyarətçi qəbul edib, xalqımızın köklü tarixini, zəngin mədəniyyətini əzm və ləyaqətlə təbliğ edib. 1974-cü ildə Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyi keçmiş sovetlər ittifaqı miqyasında II, 1976-cı ildə isə I dərəcəli muzeylər səviyyəsinə qalxıb. Daha sonra Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyi Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 08.02.1994-cü il tarixli, 33 saylı əmri ilə respublika əhəmiyyətli aparıcı muzeylər kateqoriyasına aid edilib. Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna əlavə edilib. 2009, 2011 və 2012-ci illərdə qoruq-muzey 3 dəfə 160 ölkənin 7 mindən çox şirkət və müəssisələri arasından yüksək xidmət və keyfiyyətə görə “Keyfiyyət və Mükəmməllik üçün Möhtəşəm Beş Qitə Mükafatı” ilə təltif edilib. Qoruq-muzey min illik tarixə malik Şirvanşahlar dövlətinin memarlığını, tarix və mədəniyyətini təbliğ edir, bu dövlətin qüdrətli hökmdarlarının bənzərsiz iqamətgahını-Şirvanşahlar sarayını qoruyur və dünyaya tanıtdırır.
-Təmirdən sonra ekspozisiyalara yeni eksponatlar daxil edilibmi?
- Bildiyiniz kimi, yerli və xarici mütəxəssislərin birgə səyləri nəticəsində Şirvanşahlar Sarayında yeni ekspozisiyalar qurulub tamamlanıb. Bu ilin mart ayının 17-də isə ekspozisiyaların açılışı olub. Bu ekspozisiyalarda 500-ə qədər fond əşyası nümayiş edilir. Lakin onlar orta əsrlərə deyil, XIX-XX əsrlərin əvvəllərinə aiddir. Bu əşyalardan XIX əsrin əvvəllərinə qədər məişətin bir çox sahələrində istifadə edildiyinə görə, ekspozisiyalarda yer almaları məqsədəuyğun hesab edilib. Təəssüflə qeyd etməliyəm ki, saray müxəlləfatı qorunub saxlanmayıb. Tarixi ədəbiyyatdan məlumdur ki, orta əsrlərdə baş vermiş savaşlar nəticəsində Şirvanşahlar dövlətinin ayrı-ayrı saraylarının qiymətli əşyaları, habelə bu sarayların zəngin kitabxanaları da qarət edilərək aparılıb.
-Təmir zamanı sarayın ekspozisiyalarında hansı müasir texnonogiyalardan istifadə olunub?
- Muzeylərin tərtibatı işlərində ixtisaslaşmış Avstriyanın “Artex” şirkəti xarici partnyorumuz olaraq, təmir zamanı qabaqcıl dünya standartlarına cavab verən, müasir texnologiyalarla təmin edilmiş ekspozisiyaların tərtibatı işlərini həyata keçirib. Məsələn, yaşayış binasındakı video proyeksiya vaxtilə saray şairinin təsvir etdiyi kimi, səhər şəfəqinin rənglərində olmuş günbəzin kaşı plitələrlə bəzənmiş görüntüsünü verir və gözəl assosiasiya yaradır. Animasiyalı orta əsr miniatürü qədim musiqi aləti olan udun müşayiəti ilə zəngin saray həyatını təsəvvürümüzdə canlandırır. Nümayiş edilən digər video təqdimatlar isə sarayın I mərtəbəsində qulluqçuların gündəlik güzəranını, saray dəftərxanasındakı xəttatların gördüyü işi təqdim edir. Qədim musiqi alətlərinin audio təqdimatı, interyer elementləri - analogiyalara əsasən düzəldilmiş kaşı plitələri, xüsusən də Şirvanşahların taxtının həcmli animasiyalı modeli orta əsr sarayını ilkin görkəmində müəyyən qədər təsəvvür etməyə imkan verir. Əvvəllər bələdçilərin sözlə yaratdıqları xəyali təsəvvür, indi müasir texnologiyalarla müəyyən qədər reallaşdırılıb. Ən əsası odur ki, bu ekspozisiyalar sarayın ilkin təyinatına uyğun qurulmağa doğru atılmış başlanğıc addımlardandır.
- Şirvanşahlar Sarayı Kompleksi daxilində yeni arxeoloji qazıntılar aparılırmı?
- Xeyir, hal-hazırda yeni arxeoloji qazıntılar aparılmır. Arxeoloji qazıntılar XX əsrin 20-ci illərindən başlayaraq, 1932-1933-cü, 1937-1938-ci, 1944-1946-cı illərdə aparılıb. Sonuncu dəfə 2005-2006-cı illərdə saray məscidinin restavrasiyası zamanı abidənin girişi önündəki ərazidə qəbirlər aşkar edilib. Apardığımız araşdırmalar zamanı bu məzarlardan birində 18-ci il soyqırımı zamanı mənfur ermənilərlə sülh danışığına getmiş, lakin xaincəsinə güllələnmiş görkəmli ziyalı, ilahiyyatçı alim, axund Hacı Mir Mövsüm Hacı Mir Qasım oğlu Qasımzadənin dəfn edildiyi aşkarlanıb. “1918-ci il soyqırımının əks-sədası” adlı məqaləmizdə bu haqda ətraflı məlumat verilib.
- Sarayın tarixi haqqında elmi araşdırmalar aparılırmı?
- Qoruq-muzeyimizin elmi personalı həm Şirvanşahlar dövləti, həm də Şirvanşahlar sarayı ilə bağlı elmi-tədqiqat işləri aparır. Şirvanşahlar sarayının orta əsrlərdə qarət edilib aparılmış varidatının aşkarlanıb üzə çıxarılması əsas məqsədlərimizdən biridir. Şirvanşahlar dövlətinin həm XV, həm də XII əsr bayraqları ilə bağlı maraqlı tədqiqatlarımız var. Yaxın vaxtlarda dərc edəcəyimiz məqalələrlə tədqiqat işlərimizi geniş ictimaiyyətə çatdıracağıq. Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin müdiriyyəti saray kompleksinin ilkin təyinata uyğun ekspozisiyalarının qurulması, saray varidatının aşkar edilməsi məqsədi ilə qardaş Türkiyə Respublikasının muzeyləri ilə əlaqələr qurub, araşdırma işləri aparıb. Uzun illər idi ki, Şirvanşahların bayraqlarının harada olması ilə maraqlanır, onun izinə düşməyə çalışırdıq. Müxtəlif vaxtlarda apardığımız araşdırmalar heç bir nəticə verməmişdi. İki şahın dövründə saray şairi olmuş Bədr Şirvaninin “Divan” ından bizə, yalnız o məlum idi ki, Şirvanşahların bayrağı qızılı rəngdə olub:
Şərq şahına bax,
Qərb şahının üstünə
yerimək üçün
Almazdan qılınc,
qızıldan qalxan, ləldən
dəbilqə düzəldib.
Qızılı bayraq ucaldıb,
almaz qılıncını sıyırıb...
Araşdırmalar zamanı türk mütəxəssisləri tərəfindən orta əsr Azərbaycan dövlətlərindən birinə aid olduğu yəqin edilmiş bir döyüş bayrağı bizdə böyük maraq doğurmuşdu. Bayraq qızılı rəngli xara qumaşdandır, ucu üçkünc şəklindədir. Bayrağın CD versiyası Şərq dillərini bilən bir sıra alim və mütəxəssislərimiz: Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru Məşədixanım Nemətova, AMEA-nın Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri, filologiya elmləri namizədi Məsihağa Məhəmmədi, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, eləcə də Bakıda fəaliyyət göstərən Qafqaz Universitetinin əməkdaşı, türk alimi, doktor Mehmet Rıxtım və digər alimlər tərəfindən araşdırılıb. Orta əsr Şərq dövlətlərinin bayraqları nəzərdən keçirilib, həm epiqrafik, həm də ornamentlər baxımından müqayisə edilib. Alim və mütəxəssislərin bayrağa dair rəyləri, uzun araşdırmaların nəticələri Azərbaycan Milli Elmlər Akademiyasının A. A. Bakıxanov adına Tarix İnstitutuna təqdim edilib. Bayrağın Şirvanşahlara aid olması həmin institutun rəhbərliyi tərəfindən rəsmi şəkildə təsdiqlənib.
-Şəhərimizə gələn turistlərin saraya ziyarəti zamanı hansı imkanlar yaradılır?
- Azərbaycan muzeylərinin təbliğat işində ilk olan, “İpad Mini” bazasında hazırlanmış, 5 dildə olan multimedia bələdçilərinin turistlərin istifadəsinə təqdim edilməsi, həmçinin sarayın əvvəllər ziyarətçilər üçün qapalı olmuş aşağı mərtəbəsində Bayıl qəsrinə aid ekspozisiya hazırlanması böyük uğurlarımızdandır. Bundan əlavə, qeyd etməliyəm ki, respublikamızın digər muzeylərindən fərqli olaraq, muzey baxıcılarımız, abidə mühafizlərimiz də bələdçiləri əvəz edə biləcək qədər məlumatlıdırlar. Ayrıca təlim məşğələlərindən keçərək imtahanla qiymətləndirilmiş muzey baxıcılarımız, abidə mühafizlərimiz ziyarətçilərin çox olduğu vaxtlarda, habelə digər məqamlarda turistlərin suallarını çətinlik çəkmədən cavablandıra bilirlər.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info