Gənclərdən Leyla Yunusa etiraz
Tarix: 01.08.2014 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Ramiz Əliyev: “Azərbaycan dövləti hər addımı ilə sübut edir ki, heç kəs ölkəmizə ziyan vura bilməz”

Samir Orucov: “Leyla Yunusun aqibəti digər vətən xainlərinə yaxşı dərs olacaq”

Nail Əhməd: “Vətənə xəyanət heç bir ölkədə bağışlanmır”

Artıq uzun müddətdir ki, Leyla Yunus adlı “hüquq müdafiəçisinin” əməlləri və yaratdığı “şou” haqqında məsələlər gündəmi zəbt etmişdi. Artıq bu şouya son qoyuldu və onun gördüyü qaranlıq işlərlə bağlı layiqli cəza alacağı dəqiqləşdi. Bununla bağlı Baş Prokurorluq və MTN də xüsusi məlumat yaydı. Məsələnin ən diqqətçəkən tərəfi isə Leyla Yunusun Vətənə xəyanət etməsinin, ermənilərlə iş birliyinə getməsinin təsdiq olunmasından sonra belə? müxalifətin və digər qüvvələrin hələ də onu müdafiə etməsidir. Ümumilikdə isə Vətənə xəyanət hər zaman qınanıb və buna heç cür haqq qazandırmaq mümkün deyil. Bu olaya cəmiyyətimizin müxtəlif zümrələri reaksiya veriblər. Xaricdə təhsil alan və ölkə gündəmini sıx izləyən gənclərimiz isə Leyla Yunusla bağlı olaya və ümumilikdə başqa ölkələrin xüsusi xidmət orqanlarına düşmən tərəfə işləməyə çox mənfi yanaşdıqlarını deyirlər. Onlar yaşadıqları ölkələrdə belə olaylara ağır cəzaların verildiyini, hətta bir çox hallarda ömürlük həbs cəzalarının belə tətbiq olunduğunu söyləyirlər. Bəzi Avropa ölkələrində isə hüquq müdafiəçisinin və ya hansısa bir aktiv şəxsin Vətənə xəyanət etməsi üzə çıxandan sonra onun yaxın ətrafını da ciddi nəzarətə götürürlər.
Bir daha xatırladaq ki, Leyla Yunus və Arif Yunus fəaliyyətinin bütün dövrlərində antimilli, antiazərbaycan mövqeyi ilə tanınıb. Maraqlı fakt isə ondan ibarətdir ki, Leyla Yunus hər zaman etiraf edib ki, onun təşkilatı, həmçinin, özü və əri illərdir ermənilərlə işbirliyindədir, müttəfiqdirlər. Məhz bu cür faktlar bir daha sübut etdi ki, nə Leyla Yunusda, nə də Arif Yunusda milli təəssübkeşlik, milli mənafe, milli maraq prinsipləri haqqında təsəvvür var. Lakin bunlara baxmayaraq, Leyla Yunus Azərbaycan vətəndaşıdır və ölkədə yaradılmış demokratik mühitdən sui-istifadə edərək, satqınlıqla məşğul oldu.
Gənclərimiz də bu olaylarla bağlı yaranmış maskaların artıq yırtıldığını düşünürlər.
Politoloq Ramiz Əliyev Leyla Yunusun həbsində siyasi çalarlar axtaranların anormal adamlar olduğunu düşünür. O, vətənə xəyanətin bağışlanmaz olduğunu deyərək bu cür hallarda ağır cəzaların verildiyini söylədi: “Leyla Yunus və onun kimi insanlar Azərbaycan üçün qara bir ləkədir. Belə şəxslərin həbs olunması belə azdır. Hətta bir qədər irəli gedib deyərdim ki, bir çox ölkələrin qanunlarında edam cəzası mövcuddur və vətənə, xalqa, dövlətə xəyanətdə günahları sübut olunan üzdən iraqları bağışlamırlar, cismən də məhv edib ölüm hökmü ilə cəzalandırırlar! Ancaq nə edək ki, bizdə 1998-ci ildən ölüm hökmü ləğv olunub. Buna görə də ən ağır cəza ilə cəzalanmalıdır ki, Leyla Yunus və onunla əlbir olanlar, bir daha kimsə bu ölkədə yaşayıb düşmənlərimizə kəşfiyyatçılıq etməsinlər. Əslində mən hesab etmirəm ki, Leyla Yunus bu sahədə təkdir, onun bu məsələlərlə bağlı əməkdaşlıq etdiyi vətən xainləri hələ də azadlıqdadırlar. Onların da cinayət məsuliyyətinə cəlb olunması lazımdır. Yəqin hüquq-mühafizə orqanları bu məsələ ilə məşğuldur və onların diqqətindən bu cür anlar yayına bilməz. Azərbaycan dövləti hər addımı ilə sübut edir ki, heç kəs öz çirkin niyyətləri ilə ölkəmizə və dövlətimizə qarşı xarici düşmənlərimizlə əlbir olub ziyan vura bilməz. Vurmaq istəsə belə, bacarmaz. Bu cür insanları anlamaq olmur ki, bunların maraqları və əldə etmək istədikləri nədir axı? Düşmənlərimizə və erməni lobbisinə xidmət edincə, elə dövlətimizə, xalqımıza xidmət edib Xocalı soyqırımını xaricdə təbliğ et, Azərbaycan həqiqətlərini dünyaya çatdır, qaçqın və məcburi köçkünlərimizin yaşam həyatını, vətən həsrətini dünyaya çatdır, hüquqlarını qoru. Daha niyə şərəfsizlik edib dövlətinə, xalqına, vətəninə xəyanət edirsən? Qısası, onun istənilən formada cəzalanması düzgün addım olacaq, amma ağır cəza daha məqsədəuyğun olardı”.
Türkiyənin Burdur şəhərində yerləşən Mehmet Akif Ersoy Universitetində ali təhsilini davam etdirən Samir Orucov deyir ki, bu gün ölkədə gedən iqtisadi inkişafı və dövlətimizin güclənməsini istəməyən qüvvələr var ki, onlar da Leyla yunuskimilərdən məharətlə istifadə edirlər: “Çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, xarici ölkələrdə yaşayıb təhsil ala-ala ölkəmizin inkişafı və uğurlarımız barədə əcnəbilərə ağız dolusu danışanda onlar siyasi qalmaqallar kimi bizdən belə olayları da soruşurlar. Bu da təsadüfdən yaranmır. Çünki sözügedən şəxs hüquq müdafiəçisi kimi fəaliyyət göstərib, amma əslində məqsəd və məramı fərqli olub ki, bundan da bəzi mənfur qüvvələr öz xeyirlərinə istifadə etdilər. Ona görə də onun barədə adi istintaqa çağırış olan kimi bəzi əcnəbi saytlar qalmaqal şəklində təqdim edirlər. Amma artıq hər kəsə bəlli oldu ki, bu, Vətənə xəyanətlə bağlıdır və heç bir haqsızlıqdan söhbət gedə bilməz. Əlbəttə, biz gənclər bu kimi şəxsləri qınayırıq. Biz də QHT-lərdə fəaliyyət göstəririk, müxtəlif hüquq müdafiəçiləri ilə işbirliklərimiz olur. Biz axı belə şəxslərdən çox şey öyrənməliyik, təcrübələr toplamalıyıq, onlar bizə nümunə olmalıdır. Leyla yunuskimilər necə nümunə olacaqdı bizə? Bu gün haqlı olaraq aidiyyəti dövlət qurumları onu nəzarətə götürdülər və həbs qərarını alqışlayıram. Bu bir daha başqa ölkələrə işləyən və adını hüquq müdafiəçisi, siyasətçi və s. qoyanlara dərs olar. Azərbaycan artıq 15 il əvvəlki Azərbaycan deyil. Ölkə başçımızın da dəfələrlə qeyd etdiyi kimi, biz müstəqil siyasət yürüdürük və heç bir qərar hansısa ölkənin təzyiqi ilə verilmir. Ona görə də bu “hüquq müdafiəçisi”nin həbsi ilə bağlı hər hansı təzyiq havaya sovrulacaq. Birdə ki, axı bu bizim daxili işimizdir və ortada konkret faktlar var. Niyə də qanun burada susmalıdır? Ona görə də qanunun dilləndiyi bir vaxtda Leyla Yunusun susması və cəzasını alması daha haqlı görünəcək”.
Polşada Azərbaycan diasporunun rəhbəri və Lodz Dövlət Universitetində ali təhsil alan Nail Əhməd gənclərin vətənpərvərlik ruhunda böyüməsində dövlətə, Vətənə xəyanət edənlərə cəzaların verilməsinin böyük rolunun olduğunu düşünür. O, ümumilikdə bu tip halların baş verdiyi ölkələrdə günahkarların ağır cəzalar aldığını deyir: “Nəinki Leyla Yunus və ona yaxın olan arzuolunmaz şəxslər, eləcə də bəzi qüvvələr var ki, Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq, beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni ediblər. Konkret olaraq onun ittiham olunduğu məsələyə gəldikdə isə heç şübhəsiz ki, bu cür olaylardan sonra günahkar bilinən şəxs cəzasını çəkməlidir. Vətənə xəyanət heç bir ölkədə bağışlanmır. Burada hansısa demokratiyadan, insan hüquqlarından, nə bilim güzəşt, əfv və s. kimi humanist dəyərlərdən danışmaq gülünc olar. Bir də ki, bir məqamı qeyd edim ki, dünyaya demokratiya dərsi deməyə çalışana ABŞ-ın özündə belə, başqa ölkələrə işləyən şəxslərə ağır cəzalar verirlər. Bu məsələ müzakirə olunmamalıdır. Ümumilikdə isə Ermənistanın Azərbaycana nələri yaşatdığı və hələ də bu ölkənin nə üçün bizə düşmən ölkə olduğunu hətta bağçadakı azyaşlı uşaqlar da bilir. Bəs, görəsən yaşlı bir insan sayılacaq bu cütlük bunu bilə-bilə hansı məqsədlərlə onların vətəndaşları ilə işbirliyinə gediblər? Ümumiyyətlə, buna ehtiyac var idimi? Hər şey üzə çıxandan sonra isə qışqır-bağır salmaq, ölkədən bir gecənin içində uzunmüddətli viza əldə edərək qaçmağa cəhd etməyə nə ad vermək olardı axı? Çox təəssüf ki, başqa bir ölkədə oturub ölkə gündəmini izləyəndə belə cılız şəxslərə ayrılmış xəbərlərə də rast gəlirik. Dövlətimiz güclüdür, düşünürəm ki, nəinki Leyla Yunus olayında, ümumilikdə istənilən Vətən xəyanət edən şəxslərlə bağlı məsələlərdə layiqli, düzgün və biz gənclərdə vətənpərvərlik hissini möhkəmlədəcək qərarlar verəcək”.
Sonda onu da qeyd edək ki, bir müddət öncə siyasi şou yaratmağa cəhd edib, diqqəti öz əməllərindən yayındırmağa çalışan Leyla yunuskimilər gözlərini geniş açmalıdırlar. Vətənə xəyanəti Azərbaycan xalqı heç vaxt bağışlamayıb, nəinki qanunlarımız.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info