Əsərlərimdə insan obrazlarına və həyat mövzusuna xüsusi diqqət yetirirəm
Tarix: 04.08.2014 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Elşən Sərxanoğlu: “Sənətşünas, rəssamın əsərlərinə müəyyən qədər fikir söyləyə bilər, amma rəssam qədər əsərin tam təsnifatını aça bilməz”
Müsahibimiz rəssam Elşən Sərxanoğludur:

- Elşən müəllim, hər bir rəssamın öz dəst-xətti və rənglərə xüsusi yanaşmaları var. Bununla yanaşı, hər bir sənətşünasın rəssam yaradıcılığına fərdi fikirləri olur. Sənətşünasların sizin əsərlərinizə münasibəti necədir?
- Çox gözəl sualdır. Əlbəttə ki, sənətşünas da fərddir. Onun da xüsusi fikirləri, müstəqil baxışı və həyata fəlsəfi münasibəti var. Ona görə onlar bir qədər sənətə daha maraqlı fikir yürüdə bilir və sənətə daha yaxın ola bilirlər. Hər bir halda sənətşünas belə, rəssamın əsərini tam şəkildə açmaq, qiymət vermək iqtidarında deyil. Şübhəsiz ki, rəssam da fərddir. Onun da müstəqil fikirləri və həyata baxış nöqtəsi var. Rəssam həyata baxış nöqtəsini əsərində öz tamaşaçısına diktə etməyə çalışır. Əlbəttə ki, sənətşünasın da rəng haqqında, xətt haqqında, kompozisiya qurumu haqqında anlayışı olduğu üçün onun imkanları daha çoxdur.
Bu baxımdan sənətşünas, rəssamın əsərlərinə müəyyən qədər fikir söyləyə bilər, amma rəssam qədər əsərin tam təsnifatını aça bilməz.
- Xüsusi bir fikrinizi cəmiyyətə aydın şəkildə əsərinizlə çatdıra bilmisinizmi?
- Ümumiyyətlə, rəssam hisslərini, düşüncələrini tabloya köçürür. Həyatdan götürülmüş hər bir hadisəyə yaradıcı insanın münasibəti və sonda demək istədiyi söz, fəlsəfi nəticə ilə bildirilir. Yaradıcı insanın müxtəlif üslubda yazma manerası olduğu üçün hər bir rəssam da öz üslubu ilə fərqlənir.
Mən öz müstəvimdən çıxış edib deyə bilərəm ki, fikir müxtəlif hallarda yarana bilər. Yəni, hər hansı bir hadisə mənə təsir etdiyi zaman o hadisəyə qarşı münasibətimdən əsər yarana bilər. Yaxud, heç nəyin şahidi olmasam belə sadəcə düşüncələrimin məhsulundan əsər yarada bilərəm. Yenə də bu həyatdır və yaradıcı insan olaraq öz baxışımızla çıxış etməyi bacarırıq.
Yaradıcı insan hər zaman təlqin edir. Bəs təlqin nədir? Təlqin odur ki, yaradıcı insan gördüyü prizmanı tamaşaçıya “belə et”, yaxud “belə etmə” fikrini təlqin edir.
Məsələn, hər hansı bir hadisənin doğruluğu dini prinsiplərə əsasən düzgündürsə, rəssam öz əsərində cəmiyyətə çatdırır. Bu, yaradıcılığın əsas inkişaf prinsiplərindən biridir. Yəni, bir işin yaranma halları bu proses zamanı baş verir.
-Əsərlərinizi adlandırmamağınızın əsas səbəbi nədir?
- Bəli. Məndən soruşurlar ki, əsərlərinizi niyə adlandırmırsınız? Düşünürəm ki, əgər rəssam əsərini adlandırırsa, o zaman tamaşaçını nə haqda düşündürməyə vadar edirik. Ad artıq diktə edir ki, bu haqda düşün. Ancaq adsız sənət əsəri tamaşaçıya sərbəstlik bəxş edir. O, hər bir halda fikirləşərək bir qənaətə gələ bilər. Biz artıq düşüncələri adla çərçivələndirmirik. Ad isə tamaşaçı düşüncələrini bir istiqamətə yönəldir. Tamaşaçı da sadəcə ad ətrafında düşünür və kənara çıxmır. Ancaq əsərin adı olmadığı zaman tamaşaçı daha geniş düşüncələrə malik olur.
- Siz pəncərədən görünən Bakı mənzərəsi əsərinizdə hansı duyğularınızı çatdırmaq istəmisiniz?
- Bu əsər məndə bədahətən yarandı. Pəncərədən baxdığımız zaman Bakının unudulmaz mənzərəsi gözümüzün önündə canlanır. Uzaqdan görünən binalar yeni və müasir Bakıya, Qız Qalası və İçərişəhərin evləri isə qədim Bakıya olan duyğularımı anladır. Əsasən də pəncərədən baxdığımız zaman müasir Bakı ilə qədim Bakının üz-üzə dayandığını görürük.
-Müasir dövrdə rəssamlıqda fikirlərin çatdırılması çətinlik yaradırmı?
- Ümumiyyətlə, fikrin çatdırılması çətin deyil. Yaradıcı insan hər bir vasitə ilə fikrini cəmiyyətə çatdıra bilər. İncəsənət sahəsində istər şeirlə, istər musiqi ilə istər hərəkətlə və əsasən də rənglə ola bilər. İncəsənət sahəsində yaşayan insanların şansları daha qabarıqdır. Allah onlara ifadə etmək bacarığı verib. Mən də özümü xoşbəxt hesab edirəm ki, Allah mənə bu bacarığı verib. Rənglə öz fikirlərimi ifadə edə bilirəm. Çünki hər insan buna malik deyil. Danışaraq fikrini ifadə edə bilərsən, lakin hər hansı bir hadisəyə münasibətini fəlsəfi nəticə ilə bildirmək tək-tək insanlara qismət olur. Mən Allaha çox şükür edirəm ki, bu imkanları mənim üçün yaradıb.
Yaradıcı insan üçün fikir ifadə etmək çətin deyil. Lakin daha dolğun və daha bəşəri çatdırmaq istedaddan asılıdır. Bu hər insana xas olan əlamət deyil. Dar düşüncə və çərçivələrlə çatdırılan fikir aydın olmur.
Ədəbi dünyamıza baxsaq, dahi Nizami Gəncəvinin, Məhəmməd Füzulinin əsərləri daha qlobal və daha bəşəridir. Məsələn, yaradıcılıqda belə bir deyim var: “Kasad insanlar kiçik-kiçik qəlblər düzəltməklə məşğuldur”. Bütün ətrafda olan hadisələri o qəlbə daxil etməklə məşğuldurlar. Daha mütəfəkkir düşünən yaradıcılar qəlbləri sındırır və bütün ətrafda olan hadisələrində qəlbsiz də gözəl olduğunu təqdim edirlər. Bu daha maraqlı yanaşmadır.
- Gənc Tamaşaçılar Teatrında quruluşçu rəssam olaraq çalışırsınız. Burada rəssamlığın hansı sərhədləri var?
- Bu da yaradıcılığımın və sənətimin bir qoludur. Quruluşçu rəssam yaradıcılığımın bir hissəsi olduğu üçün burada da çalışmaq mənə maraqlıdır. Burada daha başqa müstəvidən baxmaq lazımdır. Yəni, tamaşaya rejissor tərəfindən quruluş verilir və o quruluşa da rəssam tərtibat verir. Hadisələrin hansı məkanda, hansı dövrdə, iştirakçıların hansı geyimdə olduğunu rəssam ayırd edir. Təbii ki, burada da rəssam öz münasibətini bildirir. Əlbəttə ki, rejissor da, bəstəkar da, rəssam da, aktyor da ürəklə çalışarsa, istədiyini əldə edər.
Mən öz adımdan çıxış edib onu deyə bilərəm ki, istəklə və sevgi ilə bu sahədə çalışıram. Çünki tamaşaçı çalışmalarımla tamaşada mənim simamı, daxili dünyamı görür, düşüncələrimlə bölüşür, dünyaya baxışımı görür. Mən çox çalışıram ki, baxdığım müstəvi mənə gözəl görünürsə və düşündürürsə, onu tamaşaçıya təqdim etməyə çalışım. Mənim baxdığım səmtdən tamaşaçı da baxıb münasibətini bildirsin.
Əsərlərimdə insan obrazlarına və həyat mövzusuna xüsusi diqqət yetirirəm.
-Rəssamlığın insan həyatına təsirini necə ifadə edərdiniz?
- Rəssamlığın insan həyatında rolu böyükdür. Bunu hər bir yaradıcı insan təsdiq edə bilər. Mən buna daha fəlsəfi yanaşmaq istərdim. Allah-təala insanı yaradaraq, hər birinə müxtəlif istedad bəxş edib. Bəxş etdiyi istedadla hər insanın boynuna bir missiya qoyur. Düşünürəm ki, Allah-təala bu işi diktə edirsə, bu biz insanlara bir lütfdür.
Zövqün, həyata baxışın, düşüncə tərzinin formalaşmasında rəssam münasibəti var. Yəni, rəssamın yaratdığı əsərlər insanın həyatında böyük təsir yaradır.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info