“Oxuduğum universitetə təhsillə yanaşı, həm də bir mədəniyyət brendi demək olar”
Tarix: 05.08.2014 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Elvin Əjdərli: “Azərbaycanlı tələbələr Türkiyədə ən güclü diaspora sahibdirlər”

Müsahibimiz qardaş ölkə olan Türkiyədə ali təhsil alan Elvin Əjdərlidir. Elvin gənc yaşlarından yalnız təhsilinə deyil, ictimai işlərə də böyük diqqət ayırıb. Bu, onun Türkiyədəki fəaliyyətindən də hiss olunur. Bu aktiv gəncimizin fəaliyyət və uğurları barədə daha ətraflı müsahibəmizdə tanış olun.
-Özünüz barədə məlumat verərdiniz.
-Mən, Əjdərli Elvin 3 avqust 1994-cü ildə Yevlax şəhərində, ziyalı ailəsində anadan olmuşam. Orta təhsilimi 9-cu sinfə qədər Bakı şəhəri Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 saylı tam orta məktəbdə almışam. Sonradan isə valideynlərimin işi ilə əlaqədar Yevlax rayonu Nizami adına 7 saylı tam orta məktəbində davam etdirmişəm. Hazırda ali təhsilimi qardaş Türkiyə Respublikasının Eskişehir Osmanqazi Universitetində İdarəetmə fakültəsində davam etdirirəm. Türkiyə Azərbaycan Qardaşlıq Platformasının təsisçisi və sədriyəm.
- Artıq başqa bir ölkədə ali təhsil alırsınız. Buna nail olmaq sizə asan başa gəldi, ya çətin?
- Asan uğur əldə olunmur. Təsadüfdən də arzu yaranmır. Həm də təsadüfdən heç nə baş vermir. Atalarımızın bir sözü var - “niyyətin hara, mənzilin ora”. Mənim də uşaqlıqdan xəyallarım o olub ki, xarici ölkədə təhsilimi davam etdirim və orada da ölkəmizin milli-mənəvi dəyərlərini təbliğ edim. Bu gün Allaha şükürlər olsun ki, niyyətimə də, “mənzil”imə də çatmışam. Bu arzuma çatmaqda mənə dəstək verənlər də çox olub. Sağ olsun valideynlərim ki, bu niyyətimə çatmaqda əsas rol oynadılar. Mənim bu yaşacan hər bir əziyyətimi çəkən, məni oxudan onlar olublar və təbii ki, universitetə hazırlaşarkən əziyyət çəkmiş müəllimlərimi də unuda bilmərəm. Onların da mənə dəstəkləri çox olub. Özəlliklə mən ingilis dili fənni üzrə müəlliməmə çox şey borcluyam ki, sözün əsl mənasında mənim üçün ikinci ana olub. Hər dəfə onun yanına gedəndə mənə “Elvin sənə inanıram, sən istədiyin universitetə qəbul olacaqsan, oğlum, rahat ol!” deyərdi.
-Bir qədər də oxuduğunuz ali məktəb barədə söz açardınız. Təhsil, tədrisin səviyyəsi sizi qane edirdimi?
- Oxuduğum ali məktəb sözün əsl mənasında mənə çox şey öyrədir. Bura mükəmməl təhsil ocağıdır və mən fəxr edirəm ki, belə bir universitetdə təhsil alıram. Eskişehir Osmangazi Universiteti deyəndə mənim ağlıma ən dəyərli varlıq gəlir. İnanın ki, bura uşaqlıq xəyallarımı yerinə yetirmək üçün mənim potensialımı bir ayna kimi mənə göstərən bir yerdir. Müəllimlərimizlə, rektorumuzla o qədər səmimiyik ki, bunu ölkəmizdə kimə desəm, inanmır. Həqiqətən də mən elə hesab edirəm ki, Eskişehir Osmangazi Universitetinə təhsillə yanaşı, həm də bir mədəniyyət brendi demək olar.
- İctimai diaspor işlərində necə aktivsinizmi?
- Zənnimcə, xaricdə yaşayan hər bir azərbaycanlı özü özlüyündə bir diaspordur. Mən də öz növbəmdə üstümə düşən vəzifəmi yerinə yetirməyə çalışıram. Mən həmçinin ümummilli liderimiz Heydər Əliyevin təsis etdiyi Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal gəncləri sırasındayam. Bu özü mənə böyük fəxrdir ki, ulu öndərimizin qoyub getdiyi uğurlu siyasəti hazırda davam etdirən cənab Prezidentimiz İlham Əliyevə dəstək verən, onunla eyni yolda addımlayan gənclərin içərisindəyəm. Türkiyəyə getdiyim ilk gündən etibarən ətrafıma öz milli-mənəvi dəyərlərimizi təbliğ etməyə çalışırdım. 2012-ci ildə Türkiyə Azərbaycan Qardaşlıq Platformasını təsis etdim və ilk tədbirimiz xalqımızın unudulmaz, sağalmayan yarası olan Xocalı soyqırımını Eskişehir ictimaiyyətinə və Eskişehirdə təhsil alan digər xaricdən gələn tələbə və müəllimlərə çatdırmaq oldu. Bundan əlavə hər il milli-mənəvi dəyərlərimiz olan bayramlarımızı, matəm günlərimizi orada qeyd edirik. Sağ olsun Türkiyədəki səfirliyimiz və İstanbul Baş Konsulluğumuz ki, bizə dəstək verirlər. Bundan əlavə bir az təvazökarlıqdan uzaq olsa da deyim ki, oxuduğum ali təhsil ocağında da müəyyən mənada tarix yaza bilmişəm. Yəni universitet tarixində ilk azərbaycanlı və eyni zamanda ilk xarici tələbəyəm ki, universitetin tələbə-gənclər təşkilatında həm azərbaycanlı tələbələrin, həm də universitetdə təhsil alan 550-dən çox tələbənin təmsilçisi seçilmişəm. Eyni zamanda qardaş Türkiyənin Ədalət və İnkişaf Partiyasının Eskişehir gənclər birliyinin universitet təşkilatının xarici əlaqələr üzrə müavini və fakültə gənclər təşkilatına sədrlik edirəm.
-Kifayət qədər aktiv gənc olduğunuz bəlli oldu. Bəs digər azərbaycanlı tələbələr necə, aktivdirlərmi?
- Azərbaycanlı tələbələr demək olar ki, yeganə xaricilərdir ki, Türkiyədə ən güclü diaspora sahibdirlər. Bizim tələbələrimiz orada çox aktivdirlər. Vətəndən uzaqda olmalarına baxmayaraq, Vətənimizdəki hər bir uğuru, kədəri orada təbliğ edirlər. Elə azərbaycanlı tələbələr olaraq qurduğumuz Türkiyə Azərbaycan Qardaşlıq Platforması buna bir nümunədir. Ölkəmizdə prezident seçkiləri olarkən istər Yeni Azərbaycan Partiyasından olan gənclərimiz, istərsə də partiya sıralarında olmayan gənclərimiz birmənalı şəkildə qurduğumuz Türkiyə Azərbaycan Qardaşlıq Platforması sayəsində orada yaşayan azərbaycanlı ailələrə və səsvermə hüququ olan hər bir Azərbaycan Respublikasının vətəndaşına cənab Prezidentimiz İlham Əliyevin təbliğat və təşviqat kampaniyasını, onun siyasi missiyasını aşılayırdı. Yəni orada yaşayan gənclərimiz, hər kəs ölkəmizin milli-mənəvi dəyərlərini qorumaq üçün hər dəqiqə çalışırlar.
-Aktiv gənc kimi Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
-Mən sadəcə onu deyə bilərəm ki, Azərbaycan gəncliyi günü- gündən daha da maariflənir və güclənir. Hazırda bizim gənclər kifayət qədər inkişaf etmək üçün potensiala malikdirlər. Öz üzərində işləmək istəyən hər bir gənc seçdiyi sahə üzrə-idman, təhsil, peşə, və s. yaradılan şəraitdən də istifadə etməyi bacarmalıdır. Hazırda isə ölkədə hər bir gəncin istirahəti, elmlə, idmanla məşğul olması üçün kifayət qədər şərait yaradılıb. Gənclər evləri, Olimpiya kompleksləri, keçirilən kifayət qədər idman tədbirləri, saysız-hesabsız ictimai tədbirlərin olması o deməkdir ki, artıq gənclərimiz enerjilərini lazımsız məkanlarda əyləncələrə sərf etmirlər. Ən azından onu deyə bilərəm ki, valideynlərimin danışıqlarından yadımda bunlar qalıb-bizim bugünkü şəraitimiz onların vaxtında olmayıb. Bu şəraitlərin də başlıca səbəbkarı ulu öndərimizin gənclərə verdiyi dəstək olub ki, 1996-cı ilin məhz 2 fevralında ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasında Azərbaycan gənclərinin I forumu keçirildi. Məncə, hər şey bundan sonra geniş vüsət aldı. Forum ölkədə gənclər hərəkatının vüsət almasına təkan da verdi. Məhz həmin günün əhəmiyyətini nəzərə alaraq, 2 fevral tarixi Gənclər Günü kimi elan edilərək Azərbaycan tarixinə yazıldı. Bu gün də bu qızıl qaydanı - gənclərə olan diqqəti möhtərəm Prezidentimiz davam etdirir. Bütün gənclərimiz üçün son illərdə yaradılan hər bir şəraitin altında onun imzası və tapşırığı var. Mən bunun üçün cənab Prezidentə minnətdaram.
- Hiss olunur ki, siyasi məsələlərlə bağlı daha çox istiqamət almısınız. Sizdə siyasətə olan bu maraq haradandır?
-Bilirsiniz ki, hər bir güclü kişinin arxasında güclü bir qadın var. Çalışıram mən də gənc yaşımdan güclü olum. Mənə uşaqlıqdan heç vaxt yatanda nağıl danışılmayıb. Anam məni yatızdırarkən həmişə bir valideyn kimi övladını gələcəkdə görmək istədiyi mövqedən danışardı. Ümumilikdə ailə tərbiyəsindən çox şey asılıdır. Mən bunun üçün anama çox minnətdaram və hər bir ana özəl və dəyərlidir, hamısının qarşısında baş əyirəm. Amma mənim anam həm mənim dostum olub həm də anam. O, mükəmməl bir tərbiyəçi mükəmməl bir həkim və anadır. Mən onunla fəxr edirəm. Zənnimcə, onun məni müəyyən qaydalarla düzgün istiqamətdə böyütməsi siyasətə olan marağımı artırıb.
-Gələcək planlarınız barədə də söz açardınız.
-Sadəcə bunu demək istərdim ki, bir saniyə sonra nələrin baş verəcəyini bilmədiyimiz üçün gələcəkdən danışmaq məncə əsassız olar. Amma təbii ki, hər bir gənc kimi mənim də arzularım, planlarım var. Onu da inşallah reallaşdıranda, vaxtı çatanda biləcəksiniz. Söz verirəm bir gün sözün həqiqi mənasında millətin vəkili olub, ali qanunverici orqanda təmsil olunanda, mandat sahibi olsam, ilk müsahibəmi sizə verəcəyəm. Məncə bu sualınıza en gözəl cavab oldu
- Sonda bizə arzu, istək və ya təklifiniz varmı?
-Sizə bu xoş müsahibəyə görə təşəkkür edirəm və inşallah, daha böyük layihələrə start verərsiniz. Gənclərə bu qədər dəyər verən bir qəzet olaraq hər bir gəncin ürəyində silinməyən xoş xatirələrlə dolu müsahibələriniz olsun. Təşəkkürlər bir daha!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info