Azərbaycan regional təhlükəsizlik üçün aktiv fəaliyyət göstərir
Tarix: 06.08.2014 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


AMEA İnsan Hüquqları İnstitutu, Xarici İşlər Nazirliyi və Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “NATO-nun 2014-cü il Uels sammiti: proqnozlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbiri giriş sözü ilə İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva və Rumıniyanın Azərbaycandakı səfiri Daniell Kristian Çiobanu açıblar. Onlar Azərbaycanın beynəlxalq təşkilatlara getdikcə genişlənməkdə olan inteqrasiyasından söz açıb, Azərbaycan-NATO əlaqələrinin əhəmiyyətindən, Cənubi Qafqaz, geostrateji məkanında yerləşən dövlətlərin təhlükəsizlik problemlərindən və bu regionun Şimali Atlantika təşkilatı üçün oynadığı roldan bəhs ediblər. Qeyd edilib ki, Azərbaycan NATO ilə əlaqələri yüksək qiymətləndirir və bu, xüsusilə, təşkilatın Çikaqo sammitindən sonra yeni imkanların yaranması baxımından, daha da prioritet istiqamət təşkil edir. Konfransın “Qlobal təhlükəsizlik problemlərinin həllində Cənubi Qafqazın rolu” adlanan ilk bölməsində qloballaşma ilə əlaqədar olaraq təhlükəsizlik sektorunda islahatlar aparılmasından söhbət açılıb və Azərbaycanın NATO ilə bugünkü əməkdaşlığından və gələcək perspektivlərdən bəhs edilib.
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq NATO-nun Uels sammiti üçün prioritetlər mövzusunda çıxış edib. Daxili İşlər Nazirliyi Polis Akademiyasının polkovnik-leytenantı Vasif Nəcəfov NATO-ya üzv dövlətlərə və onun tərəfdaşlarına olan yeni çağırışların və təhdidlərin qarşısının alınmasında Azərbaycanın rolu, o cümlədən Cənubi Qafqazda terrorizmlə mübarizənin təmin olunması məsələləri, yəni Azərbaycan - NATO münasibətlərində siyasi, enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə, eyni zamanda Əfqanıstanla bağlı əməliyyatlarda Azərbaycanın öz töhfələrini verməsindən söz açıb. İnsan Hüquqları İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Nəsibovun məruzəsində isə beynəlxalq təhlükəsizliyin yeni təhdidləri fonunda NATO-nun rolunun müəyyən olunması məsələlərinə toxunulub. Daha sonra Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami NATO-nun Uels sammitinin perspektivləri barədə çıxış edib.

Uilyam Lahue:
“NATO Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir”

Konfransın “NATO-Azərbaycan əməkdaşlığı: ötən 20 ilin nəticələri və perspektivlər” adlı ikinci bölməsi NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Uilyam Lahuenin məruzəsi ilə başlayıb. O, NATO ilə Azərbaycanın bugünkü əməkdaşlığından və gələcək perspektivlərdən söz açıb. U.Lahue onu da bildirib ki, NATO son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahatdır. U. Lahue NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyib və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə tərəfdar olduqlarını vurğulayıb. O bildirib ki, münaqişədə gərginliyin yaranması tək Azərbaycan və Ermənistan üçün deyil, bütün regionun sabitliyi üçün təhlükədir və hər iki tərəf bu gərginliyi aradan qaldırmaq üçün tədbirlər görməlidir. Uilyam Lahue onu da deyib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov avqustun 7-8 də Brüsselə NATO-nun mənzil qərargahına səfər edəcək. Onun sözlərinə görə, A.Əzimov NATO-nun qərargahında danışıqlar aparacaq və həmin danışıqlarda tərəflər arasında yenilənmiş sənədin detalları müzakirə ediləcək. Sənəd Azərbaycan və NATO arasında İPAP üzrə əməkdaşlığın yenilənmiş mərhələsi olacaq.
Müdafiə Nazirliyinin Hərbi strategiya və müdafiə planlaşdırılması idarəsinin rəisi polkovnik Elman Səmədov da çıxış edib. Bu bölmədə həmçinin AMEA İnsan Hüquqları İnstitutunun baş elmi işçisi Vaqif Dadaşzadə “NATO və Rusiya: postsovet məkanında ziddiyyətli əməkdaşlıq” məsələlərindən bəhs edib. Müzakirələr zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlığın bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini bildiriblər.

“Azərbaycan 20 il əvvəlki
ölkə deyil”


Konfransın sonunda İnsan Hüquqları İnstitutunun direktoru A.Mustafayeva Azərbaycanın hazırda NATO ilə sıx əməkdaşlıq etdiyini, regional təhlükəsizliyin dəstəklənməsi üçün tərəfdaşlıq potensialının və şərtlərinin yaradılması istiqamətində aktiv və məhsuldar fəaliyyət göstərdiyini vurğulayıb.
Millət vəkili onu da bildirib ki, Ukrayna hadisələrində separatçılara, onlara dəstək verən ölkəyə sanksiyalar tətbiq olunur, ancaq Azərbaycana 20 ildən artıqdır təcavüz edən işğalçı Ermənistana nəinki sanksiya tətbiq edilmir, ona bəzi ölkələr tərəfindən yardım edilir. A.Mustafayeva deyib ki, bu onu göstərir ki, dünyada beynəlxalq hüquq yoxdur, güc, maraqlar, oyunçular var, amma yaddan çıxarırlar ki, bu maraqların, oyunların arxasında insan taleləri dayanır. Millət vəkili əlavə edib ki, Azərbaycan 20 il əvvəlki ölkə deyil. Azərbaycanın təbii sərvətləri, geostrateji mövqeyi ilə hər zaman maraq kəsb etdiyini vurğulayan A.Mustafayeva, ölkəmizin böyük yolun ortasında keçid yox, birləşdirici amil olduğunu əlavə edib. Onun sözlərinə görə, Azərbaycan daha fərqli bir münasibətə layiqdir. A.Mustafayeva vurğulayıb ki, elə beynəlxalq təşkilatlar var ki, yalnız mandatları çərçivəsində fəaliyyət göstəririlər: "NATO da belə təşkilatdır. Biz NATO-dan siyasi dəstək gözləyirik və ümid edirik ki, bu qurumda bizi başa düşəcəklər. Azərbaycan ötən illərdə özünü yaxşı bir tərəfdaş kimi göstərib".

“NATO Azərbaycanın İSAF
əməliyyatlarına verdiyi dəstəyi çox yüksək qiymətləndirir”

Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çiobanu çıxışı zamanı bildirib ki, “Azərbaycan NATO üçün çox mühüm və yüksək dəyər verilən tərəfdaşdır”. Səfir bildirib ki, NATO ilə Azərbaycan arasında əlaqələr ötən illərdə güclü inkişaf edib. O, tərəflərin demokratiya, institusional və müdafiə sahəsində islahatlarla bağlı fəal əməkdaşlıq etdiyini söyləyib. K. Çiobanu qeyd edib ki, NATO həmçinin silahlı qüvvələrin təlimi və modernləşdirilməsi sahəsində Azərbaycana köməklik göstərir: “Azərbaycanın Əfqanıstanda İSAF əməliyyatlarına dəstəyi və beynəlxalq antiterror kampaniyasına mühüm töhfə verməsi NATO üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın İSAF əməliyyatlarına verdiyi maliyyə və hərbi dəstək Azərbaycanın NATO ilə praktik əməkdaşlığının və regionda təhlükəsizliyin təmin olunması ilə bağlı ciddi fəaliyyətinin göstəricisidir. NATO bunu çox yüksək qiymətləndirir”.
Diplomat əlavə edib ki, Azərbaycan və NATO arasında sıx əməkdaşlıq Qara dəniz və Xəzər dənizi regionunda sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir: “NATO və Avropa Birliyinin bir üzvü olaraq Rumıniya Azərbaycanın Avropa və avroatlantik institutlarla əlaqələrinin genişlənməsinə aktiv dəstək verməyə hazırdır”. Tədbirdə Prezident Administrasiyasının məsul işçiləri, Milli Məclisin deputatları, Fövqəladə Hallar, Müdafiə, Milli Təhlükəsizlik, Müdafiə Sənayesi, Sənaye və Energetika, Daxili İşlər və digər nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info