Komitə elektron xidmətlərin sayını 4-dən 22-yə çatdırıb
Tarix: 06.08.2014 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Bütün bu yeniliklər son illərdə daşınmaz əmlakın qeydiyyatının artmasına yüksək təsir edib

Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəffaflıq və operativlik, korrupsiya ilə mübarizə, ictimai agahlıq və aşkarlıq, sosial məmnunluq kimi prinsiplər ölkəmizin sosial-iqtisadi inkişafının prioritetləri elan edilib. Aparılan sosial siyasətin mahiyyətini insan amilinin hər şeydən önə çəkilməsi, onun rifahının və maddi-mənəvi inkişafının yüksək təmin olunması, maddi kapitalın insan kapitalına çevrilməsi təşkil edir. Ölkə başçısı qeyd olunan prinsiplərin reallaşması məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarının, sosial xidmətlərdə innovativ və operativ üsulların tətbiqi, bu xidmətlərin əhaliyə rahat şəkildə çatdırılması, bürokratik meyillərin və hüquqi maneələrin tamamilə aradan getməsi, xidmətlərdə vaxt aparan proseduraların maksimum sadələşdirilməsi kimi tələbləri önə çəkib. Bu səbəbdən, ölkə Prezidenti tərəfindən bu məsələlər daim diqqət mərkəzindədir, bununla əlaqədar olaraq, dövlət orqanlarına mütəmadi şəkildə tapşırıqlar və göstərişlər verilir, belə tapşırıqların icrası nəzarətdə saxlanılır.
Əmlak Məsələləri Dövlət Komitəsi də, dövlət orqanı kimi, qarşıya qoyulan tələbləri yerinə yetirməklə ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdə davam edir.
Ölkə başçısının tapşırıq və göstərişlərinin icrası məqsədilə, komitə tərəfindən dövlət əmlakının özəlləşdirilməsi, xüsusi mülkiyyətin dövlət qeydiyyatı, daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahələrində müntəzəm tədbirlər həyata keçirilir. Komitədən bildirilib ki, göstərilən xidmətlərdə şəffaflıq, rahatlıq, əlçatanlıq, vətəndaş məmnunluğu, ictimai agahlıq və maarifləndirmə kimi məsələlər komitənin fəaliyyətində mühüm prinsiplər kimi daim önə çəkilir.
Məhz bu prinsipləri rəhbər tutmaqla, komitə son illərdə fəaliyyət sahələri üzrə mühüm nəticələr əldə edib və böyük uğurlar qazanıb. Bu uğurların əsas təminatı komitə tərəfindən müasir texnologiyaların və yanaşmaların, internet vasitələrin və elektron alətlərin, xidmətlərdə yenilikçi üsul və metodların tətbiqi, hüquqi təkmilləşdirmə və proseduraların sadələşdirilməsi istiqamətində atılmış addımlar olub. Belə addımlar vətəndaş-məmur ünsiyyətinin maksimum azalması, bu ünsiyyətin tədricən elektron müstəviyə keçməsi, əhalinin xidmətlərdən daha rahat və optimal faydalanması ilə nəticələnib.
Təkcə bunu qeyd etmək yerinə düşər ki, son 2 ildə komitə tərəfindən istifadəyə verilən elektron xidmətlər fəaliyyətdə şəffaflığın daha yüksək səviyyəyə qalxmasına, vətəndaş-məmur ünsiyyətinin əhəmiyyətli dərəcədə azalmasına və vaxta böyük qənaət olunmasına gətirib çıxarıb. Bu elektron xidmətlər dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, xüsusi mülkiyyətin dövlət qeydiyyatı sahələrini əhatə edir. Bu isə komitənin fəaliyyət sferasının əksər hissəsinin elektronlaşması deməkdir. Qısa vaxt ərzində komitə elektron xidmətlərin sayını 4-dən 22-yə çatdırıb. Ötən il komitənin göstərdiyi elektron xidmətləri vahid virtual məkanda cəmləyən ayrıca “e-emdk.gov.az” portalı istifadəyə verilib. Bu xidmətlərin sayı və keyfiyyət dərəcəsi artırılmaqdadır və bu ilin sonuna komitə yeni elektron xidmətləri istifadəyə verməyi nəzərdə tutur.
Elektron xidmətlər vasitəsilə vətəndaşlar birbaşa öz evlərindən, heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün internet vasitəsi ilə müraciət edə bilirlər. Banklar və digər müştərilər ipoteka və lizinq əməliyyatlarını dövlət qeydiyyatına alırlar. Bundan ötrü artıq nümayəndə və ya müştərinin ərazi idarələrinə getməsinə ehtiyac qalmayıb. Bu xidmətlər vasitəsilə indiyədək 77 000-dən çox müraciət daxil olub və qanunvericiliyə uyğun olaraq təmin edilib. Bu rəqəmin özü vətəndaşların və hüquqi şəxslərin elektron xidmətlərə marağının və bu xidmətlərdən optimal faydalanmalarının əyani sübutudur.
Səmərəli elektron əmlak idarəçiliyi və qeydiyyat sistemini formalaşdırmağı qarşısına məqsəd qoyan komitə xüsusi mülkiyyətin dövlət qeydiyyatı sahəsində də əhəmiyyətli nəticələr əldə edib. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business” hesabatında Azərbaycan ötən il daşınmaz əmlakın qeydiyyatına görə 13-cü yeri tutub. Qeyd edək ki, bu hesabat 10 müxtəlif göstərici üzrə dünyanın 189 ölkəsini əhatə edir. 189 dövlət içində 13-cü yerdə qərarlaşmaq Azərbaycanın ölkə olaraq böyük uğurudur. Hesabat Azərbaycanı ön sıralarda göstərməyinin arqumenti kimi daşınmaz əmlakın qeydiyyatında proseduraların kifayət qədər sadələşdirilməsi, qeydiyyat sisteminin modernləşdirilməsini önə çəkir. Hesabatda bildirilir ki, Azərbaycanda əmlakın qeydiyyatı üçün 4 prosedura tələb olunur ki, buna da 11 gün müddət sərf edilir. Reytinqə görə, bu göstərici ən yaxşı göstəricilərdən biri hesab olunur. Müqayisə üçün bildirək ki, əmlakın qeydiyyatına görə, qonşu ölkələrdən Rusiya 17-ci, Türkiyə 50-ci, İran 168-ci yerdə göstərilib.
Ümumiyyətlə, daşınmaz əmlakın qeydiyyatı sahəsində komitənin ən böyük uğurları proseduraların sadələşməsi, onlayn xidmətlərin istifadəyə verilməsi və mobil ofislər vasitəsilə qeydiyyat xidmətlərinin əhaliyə rahat və çevik şəkildə çatdırılmasıdır. 2007-ci ildən bəri Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində mühüm işlər görülüb. Qaydaların sadələşməsi ilə qeydiyyat müddətləri də kifayət qədər qısalıb. Əgər mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışların verilməsi 2005-2009-cu illərdə 30-20 gün, 2010-2012-ci illərdə isə 18-14 gün arasında dəyişirdisə, 2013-cü ildən etibarən bu müddət 7 günə, əmlak barədə digər arayışların verilməsi isə 1 günə endirilib. Bundan əlavə, ictimai agahlıq və maarifləndirmə məqsədilə, layihə çərçivəsində daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində Bakı və regionlarda hüquqi maarifləndirmə seminarları, təlimləri keçirilir.
Müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompyuter şəbəkəsi yaradılıb. İki onlayn xidmət istifadəyə verilib. Bunlardan biri daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslara onlayn şəkildə verilməsidir. Bu da vaxta böyük qənaət olunması deməkdir. Digəri isə, daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların internet vasitəsilə verilməsi ilə bağlıdır. Belə ki, bu xidmət sayəsində mülkiyyətçilər heç bir yerə getmədən internet vasitəsilə rahat və çevik şəkildə sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış ola bilir. Bu xidmətin istifadəyə verilməsi təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar, və digər daşınmaz əmlak sahibləri üçün də xüsusilə faydalıdır.
Bakı şəhərinin bütün rayonları və respublikanın bütün bölgələri üzrə günün tələblərinə cavab verən müasir ərazi qeydiyyat idarələri vətəndaşlara xidmət göstərir. Belə idarələrdə fəaliyyət müasir əsaslarla qurulub və modern idarəetmə sistemi tətbiq edilir. Əsas məqsəd isə daşınmaz əmlakın qeydiyyatında vətəndaşlara keyfiyyətli, şəffaf, və rahat xidmətlərin göstərilməsi ilə sosial məmnunluğu artırmaqdır. Daşınmaz əmlakın qeydiyyatı sahəsinin sürətli inkişafı sayəsində vətəndaşların daşınmaz əmlakın qeydiyyatına maraqları ilbəil yüksəlir. Qeydiyyat prosesinin sadələşdirilməsi, ərazi idarələrində xidmət şəraitinin yüksəldilməsi, o cümlədən komitə tərəfindən həyata keçirilən maarifləndirmə və agahlıq tədbirləri qeydiyyat prosesini stimullaşdırır.
Bütün bu yeniliklər son illərdə daşınmaz əmlakının qeydiyyatının artmasına yüksək təsir edib. Belə ki, ötən il indiyədək maksimum qeydiyyat sayı – 178 minə yaxın daşınmaz əmlak qeydə alınıb. Bu ilin 6 ayı ərzində isə bu rəqəm 98 min olub, bu ilin sonunda qeydiyyat sayında yeni rekord say proqnozlaşdırılır.
Komitənin göstərdiyi xidmətlərdə həyata keçirdiyi növbəti innovasiya mobil ofis xidmətlərinin istifadəyə verilməsidir. Mobil ofislər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər xüsusi sosial təbəqədən olan insanların (əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlar) ünvanına çatdırılır. Əsas məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın artırılması və sosial amillərin gücləndirilməsidir. Daxil olan müraciətlər əsasında indiyədək Bakı və regionlarda mobil ofislər vasitəsilə 4600-dən çox vətəndaşa qeydiyyat xidmətləri göstərilib.
Son illərdəki nailiyyətlər onu göstərir ki, Əmlak Məsələləri Dövlət Komitəsi prioritet elan etdiyi şəffaflıq, rahatlıq və sosial məmnunluq prinsiplərini həyata keçirməkdə ardıcıl və məqsədyönlüdür. Komitənin sürətlə tətbiq etdiyi müasir texnologiyalar, innovativ metod və vasitələr, müasirləşdirmə və təkmilləşdirmə tədbirləri gələcəkdə mükəmməl elektron əmlak idarəçiliyi və qeydiyyat sistemini formalaşdırmasına, daha yüksək səviyyədə rahat və çevik xidmətlər göstərməsinə səbəb olacaq.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info