“Uğurlu gənclər siyasəti gənclərimizin mənəvi inkişafının qarantıdır”
Tarix: 07.08.2014 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Mahmud Sadıqov: “Bu gün qabiliyyətinə güvənən gənclər, eləcə də gənclər təşkilatlarına hər bir şərait yaradılıb”
Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və humanitar həyatında böyük rola malik olan potensial qüvvə kimi öncül sahələrdən birini tutur. Bu kontekstdən müstəqil dövlətimizdə uğurlu gənclər siyasəti həyata keçirilməkdədir. Gənclər siyasətinin nəticəsidir ki, bu gün güclü intellektual, vətənpərvər düşüncəyə malik böyük bir gənclər ordusu formalaşıb. Gənclərimizin inkişafı üçün şaxəli şəkildə və mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilməkdədir.
Elmi, qabiliyyəti olan gənclərə dövlətimiz tərəfindən müxtəlif şərait yaradılıb. Bu baxımdan yaradılan Prezident yanında Elmin İnkişafı Fondu qrant müsabiqələri ilə gənclərin elmi potensialının üzə çıxarılmasına yardım edir. “2013-2023-cü illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da gənclərimizin potensialının dünyada mövcud olan çağırışlara uyğun inkişafını təmin edərək həmin potensialın Azərbaycanın milli mənafelərinə uyğun istifadə etməkdən ibarətdir. Gənclərin ictimai işlərdə fəal olmaları üçün yaradılmış gənclər təşkilatları, asudə vaxtlarının xoş keçirilməsi üçün təşkil olunan düşərgələr, elmi dünya görüşlərini inkişaf etdirmək üçün beynəlxalq və yerli konfranslar, seminarlar, görüşlər, simpoizumlar və s. bu kimi tədbirlər uğurlu gənclər siyasətinin göstəricisidir. Gənclərimizin intellektual səviyyələrinin daha da yüksəldilməsi üçün dövlətimiz tərəfindən yaradılmış xaricdə təhsil imkanları gənclər siyasətinin ən bariz nümunəsidir. Bu gün öz fəaliyyəti ilə seçilən gənclərimiz var ki, onlardan biri də Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, ATGTİ-nin Tarix İşci Qrupunun rəhbəri, Qarabağ Mərkəzinin sədr müavini Mahmud Sadıqovdur:
- Fəal gənc tələbə olaraq ölkədə həyata keçirilən gənclər siyasəti ilə bağlı nə deyərdiniz?
- Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın əsas sektorlarında gənclərin təmsil olunması məhz uğurlu gənclər siyasətinin bariz nümunəsidir. Bu gün, uğurlu və önəmli gənclər siyasəti özünün bəhrəsini verməkdədir və bu da, Azərbaycan gəncliyinin inkişafında dahi liderin xidmətlərinin bariz ifadəsidir. Artıq gənclərimizin dünyanın ən aparıcı universitetlərində təhsil alması qürurverici bir haldır. Gəncliyimizin inkişafı və onun çiçəklənməsi üçün ölkə başçısı tərəfindən bir neçə dövlət proqramları qəbul edilib. Bu proqramlara misal olaraq “Azərbaycan gəncliyi 2005-2009-cu illəri” və “Azərbaycan gəncliyi 2011-2015-ci illəri” əhatə edən iki mühüm və əhəmiyyətli proqramları göstərmək olar. Həmçinin, 2011-ci ildə yaradılmış Gənclər Fondu, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin ən parlaq və bariz nümunəsidir.
Gənclərimizin mənəvi keyfiyyəti və əxlaqda tərbiyə əsasında böyüdülməsi gələcəyimizin etibarlı əllərdə olacağının bariz nümunəsidir. Çünki gənclər gələcək deməkdir. Gənclər yeni tükənməz enerjidir. Bu enerjinin məqsədə uyğun sahələrə yönəldilməsi hər bir dövlətin, toplumun ən ali məqsədidir. Ölkəmizdə yaradılmış gənclər təşkilatları bu cür mənəvi keyfiyyətlərin yüksəldilməsində bir sıra tədbirlər həyata keçirirlər. Respublikamız öz müstəqilliyini əldə etdikdən sonra bir çox gənclər təşkilatları yaradıldı. Bu gün bunların rəsmi qeydiyyatdan keçənlərinin sayı 200-dən, qeyri-rəsmi isə 400-dən çoxdur. Belə ki, təşkilatçılıq, idarəçilik və s. kimi biliklərə praktiki cəhətdən yiyələnmələrində bu təşkilatların rolu danılmazdır. Öz layihələrinin həyata keçirilməsində, geniş intellektual mühitə adaptasiya olunmasında, regionlarımız və xarici ölkələrə səfərlərdə iştirak etməsində bu təşkilatlar gənclərə dəstək olan ən yaxın qurumlardır.
- Bu gün tələbələrin ətrafında cəmləşdiyi ATGTİ-nin üzvü kimi siz bu təşkilatın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan və Qafqazın ən böyük tələbə təşkilatı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır (ATGTİ). ATGTİ öz ətrafında böyük bir tələbə ordusu cəmləşdirib. Bu təşkilat mütəmadi olaraq tədbirlər həyata keçirir və tələbələri mütəmadi olaraq öz ətrafında birləşdirir. ATGTİ respublikanın ən nəhəng təşkilatı olması ilə yanaşı, böyük layihələrə də imza atmaqda davam edir. Qısa bir zaman kəsiyində ATGTİ böyük bir idarəetmə sturukturu formalaşdırmaqla özünün “ATGTİ ailəsi”ni yaradıb. “ATGTİ ailəsi” ətrafında cəmləşmiş yüksək intellekt biliyə, təşkilati və idarəetmə qabiliyyətinə yiyələnmiş və mənəvi-əxlaqi, vətənpərvər gəncləri cəmləşdirib. Təşkilat indiyədək 500-dən çox layihə həyata keçirib. ATGTİ yerli tədbirlərlə yanaşı, beynəlxalq tədbirlərin keçirilməsində də öz töhfələrini verib. Hər bir təhsil ocaqlarında Tələbə Gənclər Təşkilatı(TGT) fəaliyyət göstərir. Hər bir düşünən, yaradıcı, uzaq görən gənclər ətrafda yaradılmış bütün xeyirli, səmərəli imkanlardan maksiumum istifadə etməyə çalışmalıdır. Bu imkanlardan bəhrələnən və öz imkanlarını genişləndirməyə çalışan gənclər gələcəkdə böyük uğurlara imza ata bilərlər. Bir gənc kimi məni də daim ictimai işlərlə məşğul olmaq cəlb edib. Hələ orta məktəbdən bu sahəyə tükənməz həvəsim olub və bu fəaliyyətimin nəticəsində məktəbdə tanınırdım. Universitetə daxil olduqdan sonra da bu həvəs məni buraxmadı. İlkin olaraq Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Həmkarlar İttifaqı Komitəsində qrup nümayəndəsi üzrə vəzifədə çalışmağa başladım. Bir neçə ay bu yeni vəzifəmdə çalışdım və yeni-yeni təcrübələr əldə etdim. Artıq qazandığım təcrübələr, ixtisasımdan əlavə oxuduğum tarixi, siyasi və bədii yönümlü kitablardan əldə etdiyim bilik əsasında qrup nümayəndəlik vəzifəmi böyütməyi fikirləşirdim. Akademiyamızda fəaliyyət göstərən TGT-yə keçdim və sədrimiz Həbibə Sadıqlı tərəfindən TGT-nin Elm və Təhsil Departementinin direktoru vəzifəsinə təyin edildim. Bir gün Azərbaycanın ilk sərhədçi generalı olan Mustafa Nəsirovun həyat və yaradıcılığına həsr edilmiş kitabın 2-ci cildinin təqdimetmə mərasimi keçirilirdi. Həmin tədbirdə Rəşad Zeynalov adlı bir fəal, vətənpərvər gənclə tanış oldum. Söhbət əsnasında ATGTİ-nin Qarabağ mərkəzinin sədri olduğunu və “Qarabağ” adlı bir jurnalı çap etdirmək istədiyini vurğuladı. Mən də bu jurnalın yazılmasında hətta müəlliflik edə biləcəyimi vurğuladım. Rəşad bəy bu təklifimdən razı qalaraq məni ATGTİ-yə dəvət etdi. Qarabağ mərkəzində fəaliyyət göstərməklə yanaşı, ATGTİ-nin Elm və Təhsil Departamentində konfranslar üzrə baş koordinator vəzifəsi də qazandım.
2013-cü ildə “OPEK ölkələrinin dünya iqtisadiyyatında rolu və yeri” mövzusunda konfrans həyata keçirdik. Konfrans olduqca uğurlu keçdi və tələbələr tərəfindən maraqla qarşılandı. Bu ilk həyata keçirdiyimiz tədbir idi və uğurlu keçməsi bizləri sevindirdi. Bir müddətdən sonra isə 2013-cü ilin 4 oktyabr tarixində “Menecmentin müasir meyilləri” mövzusunda seminarımız baş tutdu. Bu seminar da uğurlu keçməklə, tələbələrin maraq obyektinə çevrilib. Daha bir uğurlu tədbirimiz 13 noyabr 2013-cü ildə ADPU-nun akt zalında “İnsan kapitalının formalaşdırılmasının fəlsəfi-pisxoloji mexanizmləri” mövzusunda ikinci konfransımız baş tutdu. Konfransımız ADPU-nun professor-müəllim və tələbə heyəti tərəfindən yüksək qarşılandı. Qarabağ Mərkəzinin sədrliyi Vəliağa Vəlizadəyə keçdikdən sonra mən də sədrin birinci müavini seçildim. Sədr müavini keçdikdən sonra Elm və Təhsil Departamentindəki fəaliyyətimi başa vurdum. Yeni vəzifəyə keçdikdən sonra yeni tədbirlərin baş tutmasını planlaşdırırdıq.
- Tarix İşci Qrupuna rəhbərlik etdiyiniz dövrdə hansı tədbirlər həyata keçirmisiniz?
- 1 mart 2014-cü il tarixində ATGTİ-nin Tarix İşci Qrupunun təşkilatçılığı ilə tanınmış yazar Varis Yolçuyevlə ATGTİ-nin akt zalında görüş keçirilib. Görüşün keçirilməsinin əsas məqsədi gəncləri müasir Azərbaycan ədəbiyyatı, yazarı ilə yaxından tanış etmək, gənclərə bədii kitabların oxunmasını aşılamaq və onların asudə vaxtlarını yaxşı təşkil etməkdir. Bundan başqa 11 mart tarixində Virtual Qarabağ Mərkəzində ATGTİ-nin Qarabağ Mərkəzinin və Tarix İşci Qrupunun birgə layihəsi əsasında “Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı” mövzusunda seminar, 18 martda isəVirtual Qarabağ Mərkəzində tanınmış dramaturq Əli Əmirli və şair, publisist və iqtisadçı alim Ağasəf İmranla görüş keçirilib. Bu tədbirlərin keçirilməsində dövlətimizin yaratdığı şəraitə görə çox sevinirəm. Öz adımdan və ətrafımda olan bəzi fəal, vətənpərvər gənclər adından dövlətimizə və onun başında duran Prezidentimiz İlham Əliyevə öz dərin təşəkkürümüzü bildiririk. Sözün əsl mənasında ATGTİ-də biliyinə, qabiliyyətinə güvənən gənclər üçün əsl şərait yaradılıb. Təkcə bu təşkilatda deyil, digər təşkilatlarda da dövlətimizin qayğısı nəticəsində yüksək səviyyədə şərait formalaşdırılıb. Ümidvaram ki, dövlətimizin qayğısı nəticəsində yaradılmış bu təşkilatlarda fəaliyyət göstərən gənclər ölkəmizin gələcəkdə inkişafının, çiçəklənməsinin və güclənməsinin təşkilatları olacaqlar.
- Sizin fəaliyyət göstərdiyiniz GTİB gənclərə vətənpərvərlik ruhunun aşılanması istiqamətində hansı tədbirlər həyata keçirir?
- Fəaliyyət göstərdiyim ən doğma təşkilatlardan biri də Gənclərin Töhfəsi İctimai Birliyidir (GTİB). GTİB davamlı olaraq vətənpərvərlik yönümündə əvəzolunmaz tədbirlər həyata keçirir. Təşkilat 2009-cu ilin 13 dekabr tarixində təsis edilib. Təşkilatın sədri Asim Vəliyevdir. GTİB qısa bir zaman müddətində savadlı, intellektual və təşkilati qabiliyyətə yiyələnmiş gəncləri öz ətrafında cəmləşdirib. Bu təşkilatla tanışlığım 2013-cü ilin 18 iyun tarixində Azərbaycanın Milli Qurtuluş gününə həsr edilmiş Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Quba ekskursiyasında baş tutub. 2013-cü ilin 25-29 iyul tarixində GTİB, BŞGİBİ və Təxris Olunmuş Hərbiçilərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclər Ali Baş Komandanın Əmrinə Hər an Hazırdır” devizi adı altında gənclərin IV hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunub. Düşərgə Şamaxı rayonu Pirqulu istirahət düşərgəsində baş tutub. Düşərgədə iştirak etməklə yanaşı, “Azərbaycanın daxili və xarici siyasəti” mövzusunda tələbələrə təlim keçdim. Bu təlimim ilk təlim idi və olduqca uğurlu həyata keçdi. 2013-cü ilin 11-15 noyabr tarixində BTİB və BŞGİBİ-nin birgə “Gənclər Ali Baş Komandanın Əmrinə Hər an Hazırdır” devizi adı altında gənclərin V hərbi-vətənpərvərlik düşərgəsi təşkil olundu. Düşərgə Qusar rayonunda təşkil edildi. Düşərgədə də iştirak etməklə yanaşı, “Azərbaycan tarixində dövlət yaratmış gənc liderlər” mövzusunda təlim keçdim. Bu təlim də digərləri kimi uğurlu baş tutub. 23 fevral 2014-cü ildə GTİB-nin təşkilatçılığı və Gənclər Fondunun maliyyə dəstəyi ilə “QİÇS-ə SƏN də YOX de” layihəsi həyata keçirildi. 16-23 aprel tarixində GİN-in maliyyə dəstəyi, GTİB-nin təşkilati dəstəyi ilə “Gənclər Ali Baş Komandanın Əmrinə Hər an Hazırdır” devizi adı altında gənclərin VI hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunub. Düşərgə Şüvəlanda təşkil edildi. Düşərgədə “Azərbaycan xalqının formalaşması və azərbaycançılığın müasir problemləri” mövzusunda təlim keçdim. Bu gün gənclərimizin müxtəlif təşkilatlarda fəaliyyət göstərməsinə baxmayaraq, hamımız azərbaycançılıq, vətənpərvərlik ideyası ilə yaşayırıq. Gənclərimiz istər təhsildə, istər ictimai işlərdə bunu nümayiş etdirir və bu, daim belə olacaq. Bir gənc kimi mən də Vətən naminə hər zaman fəaliyyətimdə bunu göstərməyə hazıram.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info